Məhkəmə qərarları › İş №2-1(112)-12061/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12061/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12061/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı nümayəndəsi X5, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7, üçüncü şəxs qismində göstərilmiş X12 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X18 üçüncü şəxs qismində göstərilməklə “qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı (bundan sonra mətndə “Azneft” İB) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı X18 üçüncü şəxs qismində göstərilməklə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanında, 39 T 413860.5800; 4472476.6598 coğrafi koordinatlarda yerləşən “Azneft” İB-nin neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış torpaq sahəsinin 0,3 hadan ibarət bir hissəsinə dair X13 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının (xx.xx.2022-ci il tarixli, **********54 reyestr və ********** qeydiyyat nömrəli çıxarış) ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azneft” İB neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanında, 39 T 413860.5800; 4472476.6598 coğrafi koordinatlarda yerləşən 0,3 ha-dan ibarət bir hissəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz olaraq vətəndaş X13 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, xx.xx.2022-ci il tarixli, **********54 reyestr və ********** saylı çıxarış verilmişdir. Sözügedən torpaq sahəsində vətəndaş X19 tərəfindən tikinti işləri aparılmış və hal-hazırda tikinti işləri davam etdirilir. X13 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və “Azneft” İB-nin istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuşdur. Göründüyü kimi, məqsədli təyinatı və “Azneft” İB-nin daimi istifadəsində olması nəzərə alınmadan həmin torpaq sahəsi yaşayış sahəsi kimi qanunsuz olaraq vətəndaşın mülkiyyətinə verilmişdir. “Azneft” İB-nin istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına əsas olmuş ikin hüquqi aktlar barədə (əvvəlki və hazırkı mülkiyyətçilərə dair torpaq sahəsinin ayrılması barədə verilmiş sərəncam, qərar və digər sənədlərin nömrəsi, tarixi və hansı orqan tərəfindən verilməsi) müvafiq məlumatların “Azneft” İB-yə verilməsini DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən əsassız olaraq xahişiləri təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxs qismində göstərilmiş şəxs X15 təqdim edilərək, cavabdehdən və üçüncü şəxs qismində göstərilmiş şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti(etiraz) məhkəməyə daxil olmamışdır. Üçüncü şəxs qismində göstərilmiş X12 nümayəndəsi və vəkili Vəkil tərəfindən təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, ləğv edilməsi tələb olunan qeydiyyatın aid olduğu torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 280 saylı Qərarı ilə X1, bunun əsasında sonuncunun mülkiyyət hüququ qeydiyyata alınaraq JN-10544H, KOD 00600066 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmiş, daha sonra xx.xx.2019-cu il tarixli, 4Ə-1399 reyestr nömrəli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi əsasında həmin torpaq sahəsi X11 bağışlanmış, bunun əsasında sonuncunun mülkiyyət hüquqları qeydiyyata alınaraq ona xx.xx.2019-cu il tarixli, **********54 reyestr, ********** qeydiyyat nömrəli Çıxarış verilmiş, daha sonra isə xx.xx.2022-ci il tarixli, 4Ə-517 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsi X3, sonuncunun mülkiyyət hüquqları da qeydiyyata alınaraq ona xx.xx.2022-ci il tarixli, **********54 reyestr, ********** qeydiyyat nömrəli çıxarış verilmiş və həmin torpaq sahəsində 208.5 kv.metr ölçüdə fərdi yaşayış evi inşa edildikdən sonra isə sonuncuya xx.xx.2023-cü il tarixli, **********5-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılması və təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X14 məhkəmə iclasında izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs qismində göstərilmiş X12 nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd olunanları müdafiə edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Məhkəmə iddia ərizəsini və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Məhkəmənin müvafiq sorğusu əsasında DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********748 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdiim olunmuş: “Torpağın mülkiyyətə verilməsinə dair” JN-10544H №-li, (KOD ********) şəhadətnamənin surətindən müəyyən olunur ki, Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 13 yanvar 2004-cü il tarixli 280 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün 0,03 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın Bağışlanmasına” dair müqavilənin surətindən müəyyən olunur ki, X6 ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsini X11 bağışlamışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən müəyyən olunur ki, Bakı şəhəri 24 saylı DNK, alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsinə (4ə-517, xx.xx.2022) əsasən X13 adına Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən 0,03 ha torpaq sahəsinə dair plan və ölçü tərtib olunmuşdur. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” 568991 №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 908 nömrəli reyestr kitabının 86021 nömrəli vərəqində X9 adına qeydə alınmışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” 568991 №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəsi ilə X13 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 208,5 kv.m olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 643 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində X13 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İddiaçının hazırki iddia tələbi ilə bağlı müraciətinə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavab verilməmişdir. İPM Məcəllənin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İddiaçı (hazırki iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onun müraciətinə rəsmi qaydada cavab verilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki; - Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 17-ci bəndində göstərilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə hesab edir ki, hazırda iddiaçı tərəfindən irəli sürülmüş tələb təbiətinə görə daha çox mülki xarakterli münasibətlərdən irəli gəldiyindən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və bu halda hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15.3-cü bəndində göstərilmişdir ki, bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İddiaçıya izah olunur ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğvi ilə bağlı onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədləri mübahisələndirilməklə ümumi yurisdiksiyalı məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X18 üçüncü şəxs qismində göstərilməklə “qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar