Məhkəmə qərarları › İş №2-1(112)-12061/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12061/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12061/2024 18.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdehnə qarşı “maddi yardımın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İdiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “maddi yardımın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Cavabdeh ilə X5 arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqaviləyə əsasən X5 uzun müddətdir istifadəsində olan xx.xx.2018-ci il tarixdə 635 nömrə ilə 64 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 1 ünvanında yerləşən özünə məxsus olan fərdi yaşayış sahəsindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı 46476 (qırx altı min dörd yüz yetmiş altı) manat məbləğində kompensasiyaya görə Bakı şəhəri Cavabdeh xeyrinə imtina etmişdir. Bakı şəhəri Cavabdeh ilə X5 arasında 30 noyabr 2021-ci il tarixli razılaşmaya əsasən X5, ünvan 1 yaşayış obyekti dövlət ehtiyacları üçün alınmış və həmin obyektə görə X3 notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 46 476 (qırx altı min dörd yüz yetmiş altı) manat məbləğində kompensasiya ödənilmişdir. Bakı şəhəri Cavabdeh yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə X3 ödənilmiş kompensasiya məbləğinə əlavə olaraq bu razılaşmanın predmetinə dair öz aralarında imzalanmış razılaşma protokolu ilə müəyyən edilmiş qaydada hesablanan 12 340 (on iki min üç yüz qırx) manat məbləğində maddi yardımın ödənilməsi və həmin vəsaitin 7 (yeddi) gün müddətində müvafiq notariat ofisinin müvəkkil bankda olan depozit hesabında X2 adına köçürülməsi nəzərdə tutulmuşdur. 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2023-cü ildə ölmüşdür. Qanun üzrə vərəsəlik hüquqi haqqında Şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçıdur (bundan sonra – iddiaçı) və o, miras əmlakdan tam hissədə pay almalıdır. İddiaçı maddi yardımın ona ödənilməsi tələbi ilə bağlı Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…Azərbaycan Respublikası Mərkəzi X4 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən "xxxx" ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasıınn 2-3(103)-42/2023 nömrəli 18 may 2023-cü il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və X1 adıçəkilən Bankın ləğvedicisi təyin edilmişdir. Həmçinin “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "xxxx" ASC-də sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən edilib. Eyni zamanda kompensasiyaların ödənilməsi 19 iyun 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcəyi bildirilmişdir. Bu səbəbdən Yasamal rayonu ərazisində daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması, kompensasiya və maddi yardımların ödənilməsi məqsədilə Cavabdehnə məxsus "xxxx" ASC-nin tranzit hesabında olan vəsaitin fəaliyyət göstərən banklardan birinə köçürülməsi barədə müraciət olunmuşdur. Bundan sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən Rayon İcra Hakimiyyətinin məktubuna cavab olaraq ləğv edilmiş "xxxx" ASC-nin tranzit hesabında olan Cavabdehnə məxsus vəsaitin növbəlilik prinsipi qaydasında fəaliyyət göstərən banklardan birinə köçürüləcəyi bildirilmişdir. Eyni zamanda bildiririk ki, X2 vərəsəsi olduğunuzdan və mərhum H.Y.Nağıyev Rayon İcra Hakimiyyəti ilə alqı-satqı müqaviləsi bağlandığından və ona ayrılmış maddi yardımın alması barədə rəsmi məlumat olmadığından "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən mərhum H.Y.Nağıyevin maddi yardımın almaması barədə rəsmi arayış təqdim edildiyi təqdirdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv edilmiş "xxxx" ASC-nin tranzit hesabında olan vəsait Cavabdehnə ayrıldığı zaman həmin maddi yardım Sizə ödəniləcəkdir”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, mərhum X2 adına köçürülmüş maddi yardımın vərəsəsi kimi ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əmisi X5 vəfat etmişdir. Adına "xxxx" ASC-də əmlakın sökülməsi ilə bağlı kompensasiya ödənilmişdir. "xxxx" ASC Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-42/2023 saylı, 18 may 2023-cü il tarixli qərarı ilə müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi təyin edilmişdir. Hazırda maddi kompensasiya Cavabdeh tərəfindən ödənilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmənin iclasında iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizələri onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati kompensasiya tələbi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddialar ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mərhum əmisi X3 məxsus olmuş, cavabdehlə mərhumun arasında notarial qaydada bağlanmış müqailəv əsasında 46476 manat kompensasiya iddiaçının əmisinə ödənilmişdir. Cavabdehlə iddiaçının əmisi arasında həmçinin yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə ödənilmiş kompensasiya məbləğinə əlavə olaraq bu razılaşmanın predmetinə dair öz aralarında imzalanmış razılaşma protokolu ilə müəyyən edilmiş qaydada hesablanan 12340 manat məbləğində maddi yardımın ödənilməsi və həmin vəsaitin 7 (yeddi) gün müddətində müvafiq notariat ofisinin müvəkkil bankda olan depozit hesabında X2 adına köçürülməsi barədə xx.xx.2021-ci il tarixli razılaşma əldə edilmişdir. Lakin həmin məbləğ iddiaçının əmisinə ödənilməmişdir. X5 xx.xx.2023-cü ildə vəfat etmişdir. İddiaçı onun qanun üzrə vərəsəsidir. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı cavabdeh tərəfindən əmisinə ödənilməli olan maddi yardımın ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, qeyd edildiyi kimi, iddiaçının mərhum əmisinə məxsus fərdi yaşayış evinin alınmasına görə evin dəyəri olan 46476 manat kompensasiyanın ödənilməsi mübahisəsizdir. Cavabdeh həmin evin alınmasına görə yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi nəzərdə tutulmuş 12340 manat maddi yardımı iddiaçının əmisinə ödəməmişdir. Cavabdehin bu məbləği ödəməməsinin əsası kimi o hala istinad edir ki, Yasamal rayonu ərazisində daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması, kompensasiya və maddi yardımların ödənilməsi məqsədilə Cavabdehnə məxsus "xxxx" ASC-nin tranzit hesabında olan vəsaitin fəaliyyət göstərən banklardan birinə köçürülməsi barədə müraciət olunmuşdur. Bundan sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən məktuba cavab olaraq ləğv edilmiş "xxxx" ASC-nin tranzit hesabında olan Cavabdehnə məxsus vəsaitin növbəlilik prinsipi qaydasında fəaliyyət göstərən banklardan birinə köçürüləcəyi bildirilmişdir. Mərhum H.Y.Nağıyev Rayon İcra Hakimiyyəti ilə alqı-satqı müqaviləsi bağlandığından və ona ayrılmış maddi yardımın alması barədə rəsmi məlumat olmadığından "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən mərhum H.Y.Nağıyevin maddi yardımın almaması barədə rəsmi arayış təqdim edildiyi təqdirdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv edilmiş "xxxx" ASC-nin tranzit hesabında olan vəsait Cavabdehnə ayrıldığı zaman həmin maddi yardım ödəniləcəkdir. Məhkəmə qeyd edir ki, cavabdehin madi yardımın ödənilməməsi ilə bağlı hərəkəti əsassızdır. Belə ki, cavabdehlə iddiaçının mərhum əmsinin arasında maddi yardımın ödənilməsi ilə bağlı müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. İddiaçının əmisi isə, xx.xx.2023-cü ildə vəfat etmişdir. Müqavilənin bağlanmasından 2 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh maddi yardımı ödəməmiş və nəticədən iddiaçının əmisinə maddi ziyan vurmuşdur. Məhkəmə cavabdehin həmin məbləğin qaytarılmasını "xxxx" ASC-nin ləğv edilməsi ilə əlaqələndirilməsi barədə dəlilini də əsassız hesab edir. Belə ki, "xxxx" ASC-nin tranzit hesabında olan vəsait Cavabdehnə ayrılıbayrılmaması iddiaçının mərhum əmisinə vaxtında ödənilməli olan maddi yardımın ödənilməməsi üçün əsas təşkil etmir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya Əmanətlərin Sığortalanması Fondunun 8 oktyabr 2024-cü il tarixli cavab məktubuna əsasən Cavabdeh 2 537 889,20 (iki milyon beş yüz otuz yeddi min səkkiz yüz səksən doqquz manat 20 qəpik) manat məbləğində kreditor tələbi xx.xx.2023-cü il tarixdə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.1-ci maddəsinə uyğun olaraq Bankın ləğvedicisi tərəfindən mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş məbləğdə təminatsız kreditor tələb kimi qeydə alınmış və qəbul edilmiş tələblər siyahısına daxil edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin qəbul və etiraz edilmiş tələblərinin reyestri tərəflərindən tərtib edilərək təsdiq edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmiş və Məhkəmənin 07 dekabr 2023-cü il tarixli, 2-3(103)-42/2023 nömrəli qərardadı ilə sözügedən reyestr təsdiq edilmişdir. Həmin vəsait kreditor tələbi kimi qeydə alındığından hər hansı banka köçürülmə həyata keçirilməmişdir. Sözügedən tələb həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlilik qaydasında ödəniləcəkdir. Qanunvericilikdə ləğv prosesində olan bankın ödəniş növbəliliyi üzrə icra ediləcək öhdəliklərinin müddəti müəyyənləşdirilməmişdir. Sözügedən tələb təminatsız kreditor tələbi kimi qeydə alınmışdır. Eyni zamanda hazırda ləğv prosesində olan "xxxx" ASC üzrə qanunvericiliyə müvafiq olaraq fiziki şəxslərin əmanətlərinin sığortalanması üzrə Fondun reqres hüquqlarından irəli gələn tələblərin icrası davam etməkdədir. Qanunun 87-ci maddəsinə əsasən, bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürür. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, ləğv prosesində olan "xxxx" ASC-də X2 adına tələb mövcud olmadığından ona və yaxud vərəsələrinə hər hansı ödəniş tərəflərindən həyata keçirilməmişdir. Göründüyü kimi, "xxxx" ASC-də olan Cavabdeh vəsaiti kreditor tələbi kimi qeydə alınmış və həmin məbləğiin hər hansı banka köçürülməsi nəzərdə tutulmamışdır. X7” ASC-də X2 adına tələb mövcud olmadığı müəəyyən edilmişdir. Cavabdeh isə imtina məktubunda həmin vəsaitin başqa banka köçürüləcəyi təqdirdə maddi yardımın ödəniləcəyini bildirmiş və nəticədə iddiaçının mərhum əmisinə maddi ziyan vurmuşdur. Odur ki, ddiaçının mərhum əmisinə ödənilməli olan 12340 manat pulun ödənilməsi iş materiallarına əsasən sübut edilmir və cavabdeh də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı əmisinin Qanun üzrə vərəsəsi olmaqla ona çatası maddi yardımı almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcələləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması başa düşülür. Hüququ pozulmuş şəxsin əmlakının zədələnməsi nəticəsində ona dəymiş real ziyan zədələnmiş əmlakın bərpasına, yəni ilkin vəziyyətin bərpasına sərf edilmiş xərc miqdarında müəyyən edilir. Əgər əmlakın öz əvvəlki vəziyyətini bərpa etmək mümkün olmazsa, zərərçəkmiş şəxs həmin əmlakdan məhrum olunmuş hesab edilməli və dəymiş real zərər əmlakın tam dəyəri ilə ölçülməlidir. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxararaq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: Zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. X3 ödənilməli olan 12340 manat maddi yardımın İddiaçı verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar