Məhkəmə qərarları › İş №2-1(112)-12068/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12068/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12068/2022 21.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1956-cı il tarixdə doğulmuşdur. O, 7 mart 1978-ci il tarixdən 12 iyun 1981-ci il tarixədək, yəni 3 il 3 ay, 8 gün “Azərsənayetikinti” SC- nin 2 saylı müəssisəsində izolyasiyaçı vəzifəsində işləmişdir. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının **********520 kodu üzrə güzəştli pensiya şərtlərlə pensiya hüququ yaranmışdır. Bu barədə arayış da mövcuddur. İddiaçı 13 iyun 1988-ci il tarixdən 18 yanvar 1996-cı il tarixədək “Xəzər” Gənclərin X1 baş iş icraçısı vəzifəsində, 1 dekabr 2014- cü il tarixdən 1 aprel 2017-ci il tarixədək “Xəzər” GETYM-in tikintisində iş icrası vəzifəsində işləmişdir. Bu vəzifələr isə, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının XXVİİ bölməsinin “b” bəndində sadalanan güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Qeyd olunanlardan da görünür ki, iddiaçı 1978-ci ildən 2017-ci ilədək müxtəlif işlərdə işləmiş, stajının kifayət qədər hissəsini zərərli iş şəraitində həyata keçirmişdir. Bu səbəbdən də stajının bir hissəsinin AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş vəzifələrdə işləmişdir. Stajının digər hissəsi isə, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının XXVİİ bölməsinin “b” bəndinə əsasən 1 nömrəli siyahıda sadalanan güzəştli vəzifələrdə işləmişdir. O, 4 mart 2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı ərizə ilə DSNF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh 17 mart 2020-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdehin məktubunu gec əldə etmişdir. O, hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də cavabdehin imtinası qanunsuz hesab edilməli və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, həmin dövrdən indiyədək ödənilməmiş pensiya məbləği ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 25, 38-ci maddələrinə, İPM-in 2.2.3, 14.2, 52, 68-ci maddələrinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1, 9.8, 31, 37.7-ci maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13- cü maddəsinin “b” bəndinə, 17, 67, 69-cu maddələrinə əsaslanaraq, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinasının qanunsuz sayılması və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ciil tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. aR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər yarım bölməsinin b) bəndinə əsasən iş icraçıları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 4 noyabr 1974-cü il tarixli əmək kitabçasında qeyd olunan 3 fevral 2005-ci il tarixdən 3 sentyabr 2006-cı il tarixədək və 1 aprel 2017-ci il tarixdən 3 sentyabr 2018-ci il tarixədək olan dövrlər ərzində müvafiq olaraq “Xəzər” GETYM-də işlədiyi baş iş icraçısı və mühəndis vəzifələri AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il taxirli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanlara əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur.

4. İddia tələbi iddiaçının ərizəsi əsasında “iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərq məbləğinin ödənilməsi” kimi dəyişdirilmişdir.

5. İş materiallarında olan “Xəzər” GETYM-nin 10 yanvar 2020-ci il tarixli 03 nömrəli arayışında aşağıdakılar qeyd olunur: -İddiaçı həqiqətən 3 fevral 2005-ci il tarixdən 3 sentyabr 2006-cı il tarixədək “Xəzər” GETYM-də baş iş icraçısı vəzifəsində, 9 mart 2006-cı il tarixdən 22 iyun 2007-ci il tarixədək həmin qurumda iş icraçısı vəzifəsində, 1 dekabr 2014- cü il tarixdən 1 aprel 2017-ci il tarixədək Mərkəzin tikintisində iş icraçısı vəzifəsində işləmişdir. Göstərilən vəzifə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda sadaıanan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” istehsalatında güzəştli şərtlərlə pensiya almaq hüququ verir.

6. İş materiallarında olan “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsinin 09/16 saylı arayışında aşağıdakılar qeyd olunur -İddiaçı həqiqətən 7 mart 1978-ci il tarixdən 12 iyun 1981- ci il tarixədək “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsində izolyasiyaçı vəzifəsində işləmişdir. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının 22900000-12520 şifri (kodu) üzrə ona güzəştli şərtilə pensiya təyin olunması hüququ verilir. Öz hesabına məzuniyyətdə olmamışdır. Qeyd: Azərbaycan Respublikası Prezidentinin 16 iyul 1998-ci il tarixli 851 nömrəli sərəncamı ilə “Azərsənayetikinti” SC-nin tərkibinə daxil edilmiş, “Sənayekommunaltikinti” Birliyinin bütün filialları 3 nömrəli Sumqayıt filialına birləşdirilmişdir. 2 sentyabr 1999-cu il tarixli 09/1 saylı əmrə əsasən “Sənayekommunaltikinti” Birliyinin 3 nömrəli Filialı “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsi adlandırılmışdır.

7. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə (işin əvvəlki nömrəsi 2-1(112)-2002/2021) iddia qismən təmin edilsin. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə” müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmuşdur.

8. Bakı Apellyasiya Məhkəmənin hazırıkı iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə (iş nömrə 2-1(103)-2059/2021) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2002/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2059/2021 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin qərarı onunla əsaslandırılmışdır ki: -İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası məhkəmə tərəfindən “İnzibati icraat haqqında” Qanunun müddəaları baxımından formal mülahizələrə əsaslanan imtina kimi qiymətləndirilmişdir. Məhkəmə eyni zamanda inzibati orqanın qərarının iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina ilə bağlı olduğuna, iddiaçının tələbinin isə hazırda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşdan təyin olunmasından ibarət olduğuna, 60 yaşdan iddiaçıya əmək pensiyasının təyin olunmasının inzibati orqan tərəfindən araşdırılmadığına istinad edərək, qeyd olunan halların cavabdeh tərəfindən inzibati icraat çərçivəsində yoxlanılmasını daha məqsədəuyğun hesab etmişdir. Bu baxımdan məhkəmə tərəfindən cavabdehin üzərinə iddiaçının müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi qoyulmuşdur. - Lakin məhkəmə həmin mövqeyində haqlı sayıla bilməz. Konkret mübahisəyə münasibətdə qeyd etmək lazımdır ki, inzibati orqan tərəfindən natamam inzibati icraatın aparılması və belə icraat nəticəsində formal qərarın qəbul edilməsi heç də bütün hallarda məhkəməni işin faktiki hallarını araşdırmaq və müəyyən etmək, bu məqsədlə yuxarıda istinad olunan normaların müddəalarına uyğun olaraq əlavə sübutlar toplamaq, müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları əldə etmək vəzifəsindən azad etmir və etməməlidir. İnzibati orqan tərəfindən qərarın işin faktiki hallarını yetərli səviyyədə araşdırmadan qəbul olunduğunu hesab edən məhkəmə, hər bir halda qərar qəbul etməzdən əvvəl tam araşdırma aparmağa borcludur. Bu obyektiv araşdırma prinsipinin tələblərindən irəli gəlir. Bu qaydadan kənara çıxmağa yalnız o hallarda yol verilir ki, məhkəmə icraatı çərçivəsində zəruri araşdırmaları məhkəmə özü həyata keçirmək iqtidarında olmasın. -Bununla bağlı nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan normaların tələbinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Lakin hazırkı mübahisəyə münasibətdə məhkəmə tərəfindən yuxarıda istinad olunan normalarda təsbit olunmuş tələblərə əməl olunmamışdır. -Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində tələb olunan araşdırmanın həyata keçirilməsi mümkün olmadığı təqdirdə, məhkəmə inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla iddiaçının müraciətinə yenidən baxılması öhdəliyi qoymaqda haqlı sayıla bilər. Lakin məhkəmə icraatı çərçivəsində zəruri araşdırmaları həyata keçirmək iqtidarında olmadığını məhkəmə öz qərarında hər hansı şəkildə əsaslandırmamışdır. - Bu baxımdan inzibati orqanın qərarının iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina ilə bağlı olması, iddiaçının məhkəmə icraatının gedişində iddiasını dəqiqləşdirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşdan təyin olunmasını tələb etməsi, mübahisə ilə bağlı hazırkı işin iddiaçıya 60 yaşdan əmək pensiyasının təyin olunmasının araşdırılması üçün cavabdehə göndərilməsinə haqq qazandıra bilməz. - Halbuki, iş üzrə materiallardan iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı dispozisiya şərtlərinin mövcudluğunun məhkəmə tərəfindən məhkəmə icraatı çərçivəsində yoxlanılmasının mümkün olduğu görünür. Başqa sözlə, məhkəmə iş üzrə materiallar əsasında şəxsin yaşını, ümumi və güzəştli iş stajını yoxlamaq və müəyyən etmək, habelə məhkəmə icraatı çərçivəsində bu halların müəyyən edilməsi məqsədilə zəruri sübütları toplamaq iqtidarında olmuşdur. Bunu birinci instansiya məhkəməsinin öz qərarının əsaslandırma hissəsində gəldiyi qənaətlər də təsdiq edir (məsələn, məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 aydan artıq iş stajının olması nəzərə alınmaqla yenidən baxılmalı və müvafiq qərar qəbul edilməlidir).

10. Ali Məhkəmənin qeyd edilən mövqeyinə uyğun olaraq təkrar apellyasiya baxışı zamanı Bakı Apellyasiya məhkəməsinin Bakı Apellyasiya Məhkəmənin hazırıkı iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə (iş nömrə 2-1(103)-2059/2021) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1121/2022 saylı xx.xx.2021ci il tarixli qərarı ləğv edilmiş; İddiaçı cavabdeh zərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərq məbləğinin ödənilməsi” tələbinə dair iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

11. Şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iddiaçı iddia tələbini müdafiə etdi.

12. Şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının 38 ilə yaxın müddətdə ümumi iş stajı olduğundan pensiya kapitalı ilə bağlı mübahisə yoxdur, zəruri pensiya kapitalı formalaşıb, bununla belə hesab olunur ki, iddiaçının zərərli işlərdə stajı yetərsiz olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməməlidir.

II. İddianın növü və mümkünlüyü

13. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

16. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

17. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2020-ci ildə müraciət etmişdir.

18. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixə stajı iddiaçının ümumi stajı 38 ildən çoxdur.

19. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki: - İddiaçı xx.xx.2005-xx.xx.2006-cı il tarixədək “Xəzər” GETYM-də baş iş icraçısı vəzifəsində, xx.xx.2006-xx.xx.2007-ci il tarixədək həmin qurumda iş icraçısı vəzifəsində, xx.xx.2014-xx.xx.2017-ci il tarixədək Mərkəzin tikintisində iş icraçısı vəzifəsində işləmişdir. -İddiaçı xx.xx.1978-xx.xx.1981-ci il tarixədək “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsində izolyasiyaçı vəzifəsində işləmişdir. - Əmək kitabçasındakı 12-ci sıradakı qeydə əsasən iddiaçı Azərbaycan SSR STN 2 saylı trestin 28№-li Tİ xx.xx.1981-xx.xx.1986-cı illərdə briqadir-izolyasiyaçı vəzifəsində işləyib. - Əmək kitabçasındakı 16-cı sıradakı qeydə əsasən ştat cədvəlinə uyğun olaraq xx.xx.1986-xx.xx.1988-ci illərdə 1№-li sahədə usta vəzifəsində işləyib. Azərbaycan SSR Ali Sovetinin 560 nömrəli xx.xx.1986-cı il tarixli qərarı ilə Azərbaycan SSR Sənaye tikinti nazirliyinin adı Azərbaycan SSR Tikinti nazirliyinə dəyişdirilib.

20. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1978-xx.xx.1981-ci illərdə izolyasiyaçı, xx.xx.1981-xx.xx.1986-cı illərdə briqadir-izolyasiyaçı vəzifəsində işlədiyi dövr (cəmi 8 il 5 ay 23 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndində 22900000-12520 şifri (kodu) üzrə izolyasiyaçılar vəzifəsinə uyğundur. Məhkəmə qeyd edilən qənaətə gələrkən hesab edir ki, cavabdeh qurum izolyasiyaçı və briqadirizolyasiyaçı vəzifələri arasında fərqin nədən ibarət olduğunu əsaslandırmadan həmin briqadir-izolyasiyaçı vəzifəsinin əmək şəraiti zərərli və ağır olan işlərə aid olmadığı qənaətinə gəlmişdir. Halbuki Azərbaycan dilinin izahlı lüğətində briqadir sözü briqada rəhbəri, başçı mənasını verir. Odur ki, briqadir-izolyasiyaçı mahiyyətinə görə izolyasiyaçılar briqadasına rəhbərlik edən şəxsdir və izolyasiyaçı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərə aid edildiyi təqdirdə, həmin yanaşma briqadir-izolyasiyaçı vəzifəsinə də şamil olunmalıdır.

21. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1986-xx.xx.1988-ci illərdə usta vəzifəsində işlədiyi dövr (cəmi 1 il 6 ay 14 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndində 2290000b—23419 şifri (kodu) üzrə yeni tikinti və quraşdırma işlərinin ustaları vəzifəsinə uyğundur.

22. İddiaçının xx.xx.2005-xx.xx.2007; xx.xx.2014-xx.xx.2016-cı illərdə iş icraçısı, baş iş icrası vəzifələrində işlədiyi vəzifə (cəmi 3 il 11 ay 10 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndində 2290000b—24441 şifri (kodu) üzrə iş icraçıları, daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda 29-cu bənddə Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulan iş icraçısı vəzifəsinə uyğundur.

23. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixlərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə olan stajı cəmi 13 il 11 ay 17 gündür (22900000-12520 şifri (kodu) üzrə cəmi 8 il 5 ay 23 gün olmaqla xx.xx.1978-xx.xx.1981-ci illərdə izolyasiyaçı, xx.xx.1981-xx.xx.1986-cı illərdə briqadir-izolyasiyaçı vəzifəsində; 2290000b—23419 şifri (kodu) üzrə 1 il 6 ay 14 gün olmaqla xx.xx.1986-xx.xx.1988-ci illərdə usta vəzifəsində; 2290000b—24441 şifri (kodu) üzrə və daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda 29-cu bənddə Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinə əsasən 3 il 11 ay 10 gün olmaqla xx.xx.2005-xx.xx.2007; xx.xx.2014-xx.xx.2016-cı illərdə iş icraçısı, baş iş icrası vəzifələrində).

24. İddiaçının pensiya kapitalı ilə bağlı mübahisə yoxdur. Bununla belə, məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyası həmin tələbi istisna etmişdir və qeyd edilən hal əmək pensiyaçısının hüquqi vəziyyətini yüngülləşdirən haldır. Bununla bağlı məhkəmə əlavə araşdırmanın və əsaslandırmanın aparılmasına prosessual qənaət prinsipindən irəli gələrək zərurət görmür.

25. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

27. Nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2016-cı il tarixdən yaranmasına baxmayaraq, xx.xx.2020-ci il tarixə qədər pensiya təyinatı üçün müraciət etmədiyindən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə qədər olan dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirmişdir.

28. İddiaçı qeyd edilən dövrdə məhkəməyə müraciət etməməsinin səbəblərini əsaslandırmamışdır, eləcə də müraciətin həmin xx.xx.2020-ci il tarixədək edilməsinin iddiaçının iradəsindən asılı olmayan hallara görə mümkün olmadığına dair sübutlar yoxdur.

29. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il üçün pensiya fərqi iddiaçıya ödənilməli (xx.xx.2017ci tarixdən hesablanmalı), pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

30. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2017-ci tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar