Məhkəmə qərarları › İş №2-1(112)-12070/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12070/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12070/2023 13.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pulun geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pulun geri qaytarılması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək 5606,93 manat məbləğin əvəzləşdirilməsinin qanunsuz hesab edilərək həmin məbləğin geri qaytarılmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd edir ki, 5606,93 manat pul vəsaiti artıq ödənilmiş 11077,05 manatdan çıxılaraq büdcəyə bərpa edilib. 2022-ci ilin sentyabr ayından hər ay 408,45 manat olmaqla ödəniləcək pensiya ondan kəsilmişdir. Həmin məbləğin ödənilməsi tələb edilsə də müraciətinin təminindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazının məzmununu onunla bağlıdır ki, iddiaçıya ödənilməli olan 5606,93 (5198,48+408,45) manat pul vəsaiti artıq ödənilmiş110077,05 (3498,92+3953,01+ 1617,48+2007,64) manatdan çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 5470,12 manat ödəmə isə qanunvericiliyin yeni tələblərinə əsasən borc məbləği kimi nəzərə alınmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: 22 may 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya ödənilməli olan 5606,93 (5198,48+408,45) manat pul vəsaiti artıq ödənilmiş110077,05 (3498,92+3953,01+ 1617,48+2007,64) manatdan çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 5470,12 manat ödəmə isə qanunvericiliyin yeni tələblərinə əsasən borc məbləği kimi nəzərə alınmamışdır. Əmək pensiyasının yenidən hesablanması haqqında 28 aprel 2023-cü il tarixli qərardan görünür ki, 23 dekabr 2008-ci il tarixdə təyin edilmiş pensiyanın məbləği yenidən hesablanaraq 371,32 manat təşkil etmişdir. Məhkəmə ilkin olaraq onun qeyd edilməsini zəruri hesab edir ki, mübahisənin mahiyyətindən də aydın olduğu kimi hazırkı inzibati mübahisə artıq ödənilmiş pensiya məbləğindən ödənilməli olan pensiya məbləğinin əvəzləşdirilməsinin qanunsuz hesab edilib-edilməməsi ilə bağlıdır. İş materiallarından da göründüyü kimi iddiaçıya müxtəlif dövrlər üzrə 110077,05 manat məbləğində artıq ödəmə aparılmışdır ki, cavabdeh əyani şöbədə təhsil alınma ilə əlaqədar təqdim edilmiş arayışa uyğun olaraq 5198,48 manat pensiya məbləği, eləcə də “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3173 nömrəli 04 mart 2022-ci il tarixli Sərəncamına əsasən 408,45 manat məbləğində maddi yardım, yəni ümumilikdə 5606,93 manat pul məbləğini iddiaçıya ödəmək əvəzinə həmin məbləği 110077,05 manat artıq ödəmədən çıxaraq büdcəyə bərpa etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin əvəzləşdirmə ilə bağlı hərəkətləri qanunsuz və əssassız olmuş pensiya və inzibati icraatla bağlı qanunvericiliyin tələbləri pozulmaqla əvəzləşdirmə aparılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbindən görünür ki, Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Lakin, iş üzrə pensiya işində belə bir razılıq mövcud olmamış, eləcə də razılıq olmadığı halda məhkəmə qaydasında tutulma ilə bağlı tədbirlərin cavabdeh tərəfindən görülməsi də müəyyən edilməmiş, pensiya işində hər hansı məhkəmə qərarı mövcud olmamışdır. Nəzərə alınmalıdır ki, Qanunun 39.1-ci maddəsində qeyd edilən artıq ödənilmiş əmək pensiyasının tutulması dedikdə, həmin məbləğin büdcəyə bərpasına yönəlmiş bütün tədbirlərin, eləcə də əvəzləşdirmə institutunun tətbiqi də başa düşülməlidir. Başqa sözlə, pensiya orqanı pensiya alan şəxsin razılığı olmadığı təqdirdə təkcə əvəzləşdirmə aparılmasına münasibətdə də məhkəməyə müraciət etmək öhdəliyi daşımışdır ki, iş materiallarından göründüyü kimi həmin əvəzləşdirmə məhkəmə qərarı olmadan, yazılı razılıq alınmadan həyata keçirildiyindən qanunsuz və əsassızdır. Lakin, məhkəmə prosessual qənaət prinsipi baxımından göstərilən formada əvəzləşmənin qanunsuz və əsassızlığını iddia irəli sürülmədən də hazırkı mübahisə çərçivəsində qiymətləndirmək səlahiyyətindədir. Belə ki, iddia ərizəsindən görününür ki, mübahisə əvəzləşmənin qanunsuz hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, 39.1-ci madddənin tələblərindən əlavə, məhkəmə cavabdeh tərəfindən əvəzləşmənin ümumilikdə qanunsuz hesab edilməsinə səbəb ola biləcək digər hallara və qanunvericiliyin tələblərinə istinad etməyə haqlıdır. Bu baxımından qeyd edilməsi zəruridir ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Həmin Qanunun: 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İş materialları ilə də müəyyən edilir ki, iddiaçıya edilmiş artıq ödəməyə münasibətdə etimad hüququ qorunmaqdadır. Belə ki, həmin artıq ödənilməsinin aparılmasında 67.6-cı maddədə göstərilən hallardan hər hansı biri mövcud olmamış, artıq ödəməyə münasibətdə rüşvət, hədə-qorxu və ya aldatma həyata keçirilməmiş, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim edilməmiş, pensiyanın artıq ödənilməsinə münasibətdə qanunsuz mövcud olduğu bilinməmiş, bilinməli olmamışdır. İş materiallarından da göründüyü kimi artıq ödəmənin mövcud olması iddiaçının müraciəti ilə bağlı cavabdehin apardığı araşdırma nəticəsində müəyyən edilmişdir ki, ödəmənin artıq aparılması cavabdehin əməkdaşları tərəfindən aparılmış səhv hesablama ilə əlaqədar olmaqla iddiaçının təqsiri sferasından kənar olmuşdur. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Beləliklə istər “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə əsasən cavabdehin əvəzləşdirmə ilə bağlı tədbirlərinin iddiaçının yazılı razılığı və ya məhkəmə qərarı olmadan aparmasına münasibətdə, istərsə də “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsi ilə təsbit edilmiş etimad hüququnun pozulmaqla həyata keçirilməsinə münasibətdə qanunsuzluğu hazırkı iddianın qanunu və əsaslı olmasına dəlalət edir. Odur ki, cavabdehin artıq ödəməsi onun təqsir sferasına aid hesab edildiyi nəzərə alınmaqla ödənilməli məbləğin ödənilməsindən imtinaya yönələn bütün tədbir qanunsuz hesab edilməli olduğundan, büdcəyə həmin məbləğin bərpası da iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 5606,93 manat (5198,48+408,45) pul məbləğin artıq ödənilmiş 110077,05 manatdan çıxılaraq büdcəyə bərpa edilməsi ilə bağlı əvəzləşdirmə qanunsuz hesab edilərək həmin 5606,93 manat məbləğin İddiaçı geri qaytarılması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar