Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12072/2022 30.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanılmış və işin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi, eyni zamanda iddiaçıya mübahisənin ərazi aidiyyətinə münasibət bildirməsi üçün məktub göndərilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Sonradan iddiaçı məhkəməyə əlavə ərizə ilə müraciət edərək iddia ərizəsində adının texniki səhv olaraq “İddiaçı” kimi qeyd etdiyini və həmin adın “X2” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə protokol qaydasında həmin düzəlişi nəzərə almışdır. Məhkəmə İPM-in 62.3-cü maddəsini rəhbər tutaraq hazırlıq icraatı iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək mübahisənin ərazi aidiyyəti məsələsini müzakirə etməyi zəruri hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 işin aidiyyəti üzrə Şirvan İnzibati məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə olmaqla tələb inzibati orqanla hərbi qulluqçu arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlıdır. Qanunverici bu növ iddialar üzrə məhkəmə aidiyyətini müəyyən edərkən birinci növbədə bunu xidməti yaşayış sahəsi ilə, daha sonra isə iddiaçının yaşayış yerindən asılı etmişdir. Bu isə vətəndaşların məhkəməyə müraciət imkanlarının əlçatanlığı ilə bağlıdır. Mövcud iddia üzrə iddiaçının xidməti yaşayış sahəsi olmadığından məhkəmə hesab edir ki, hazırkı iş üzrə ərazi aidiyyəti məsələsi iddiaçının yaşayış yeri üzrə müəyyən edilməlidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı işə iddiaçının yaşayış yeri üzrə baxılması, həmçinin İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin tələbindən də irəli gəlir. Belə ki, qeyd edilən maddənin tələbinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə 9 iyul 2021-ci il tarixli 365-VİQD nömrəli Qanunla əlavə edilmiş və 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş redaksiyasına əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı iddia - müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi məcburetmə haqqında iddiaya uyğun olmaqla, cavabdeh Müdafiə Nazirliyinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmənin ərazi aidiyyəti məsələsi iddiaçının şəxsiyyət vəsiqəsində göstərilmiş qeydiyyat ünvanı üzrə müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş İmişli RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı, 09081997 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X1 yaşayış yeri İmişli rayonunun Sarıxanlı kəndidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə İmişli rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir (18.10) İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 8.1.3, 8.1.2, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-12072/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12072/2022
30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver