Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1208/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diaqnostik qiymətləndirmədə iştirakına mane olan hərəkətlərin qanunsuz hesab olunması və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diaqnostik qiymətləndirmədə iştirakına mane olan hərəkətlərin qanunsuz hesab olunması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri X4 xxxxi Kolleci tərəfindən ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə verilmiş AZ seriyalı 005056 nömrəli Diplom blankının dövlət nümunəli olmaması əsası ilə diaqnostik qiymətləndirilmədə iştirakına mane olan hərəkətlərin qanunsuz sayılması, Diplomun dövlət nümunəli hesab olunaraq, onun ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakını təmin etmək barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri X4 xxxxi Kolleci tərəfindən ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə verilmiş AZ seriyalı 005056 nömrəli Diplom blankının dövlət nümunəli olmaması əsası ilə diaqnostik qiymətləndirmədə iştirakına mane olan hərəkətlərin qanunsuz sayılması, Diplomun dövlət nümunəli hesab olunaraq, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmada onun iştirakını təmin etmək barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1994-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri X4 xxxxi Kollecinə qəbul olunmuş, 1996-cı ildə Kollecin ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə tam kursu bitirmiş və ona AZ seriyalı 005056 nömrəli Diplom verilmişdir. 2008-ci ildən o, Salyan rayonu Kolanı kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlamış və hazırda da həmin məktəbdə işləyir. Lakin 2019-cu ildə Salyan rayon Təhsil şöbəsi üzrə keçirilmiş müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirakına buraxılmamışdır. Bununla əlaqədar Salyan rayon Təhsil şöbəsinə müraciət etdikdə ona səbəb kimi 1996-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri X4 xxxxi Kolleci tərəfindən verilmiş AZ seriyalı 005056 nömrəli diplomun blankının nümunəli təhsil sənədi olmadığı göstərilmişdir. Bu məsələ ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etdikdə isə 26.12.2019-cu il tarixli 09-09-157710 saylı məktubunda bildirilmişdir ki, mövcud qaydalara əsasən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədi dövlət nümunəli olan şəxslərin iştirakına icazə verilir. Gəncə şəhəri X4 xxxxi Kolleci tərəfindən adına yazılmış AZ seriyalı 005056 nömrəli təhsil haqqında sənəd-Diplom blankının dövlət nümunəli təhsil sənədi olmadığına görə onun diaqnostik qiymətləndirilməsində iştirakı mövcud qaydalara ziddir. Halbuki o, Diplomu 2008-ci ildə işə qəbul olunanda təqdim etmiş və Salyan rayonu kənd tam orta məktəbində işlədiyi müddət ərzində həmin diplomun qanuniliyi heç bir orqan, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən mübahisələndirilməmişdir. Gəncə şəhəri X4 xxxxi Kolleci AR Nazirlər Kabinetinin 09 sentyabr 1993-cü il tarixli 487 saylı qərarı ilə orta ixtisas təhsil müəssisəsi statusu ilə qeydiyyata alınmış və onun fəaliyyəti qanuni olmuşdur. O, diplom aldıqdan 4 il sonra Azərbaycan Respublikası Prerzidentinin 2000-ci il 13 iyun tarixli 349 saylı Fərmanının 10-cu hissəsinə əsasən X8 Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri X4 xxxxi Kollecinin bazasında Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı açılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddia ərizəsinə dair yazılı etirazə məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. - Gəncə şəhəri X4 xxxxi Kolleci tərəfindən verilmiş 005056 saylı, 08 iyul 1996-ci tarixli diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, iddiaçı X6 1994-cü ildə Gəncə şəhəri X4 xxxxi Kollecinə daxil olmuş və həmin kollecin ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə tam kursu 1996-cı ildə bitirmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Salyan rayon Təhsil şöbəsinin 21 noyabr 2019-cu il tarixli, 546 saylı məktubunun surətindən görünür ki, vəkil sorğusuna baxılmış və cavab olaraq bildirilmişdir ki, İddiaçı 15.09.2008-ci il tarixdən rayonun Kolanı kənd ümumi orta məktəbində müəllim işləyir və diplom dövlət nümunəli sayılmadığından müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına buraxılmamışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 dekabr 2019-cu il tarixli, 09-09- 1577/10 saylı məktubundan görünür ki, Salyan rayonu Kolanı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi İddiaçı müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakına şərait yaradılması barədə məktubuna baxılmış və cavab olaraq bildirilmişdir ki, mövcud qaydalara əsasən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədi dövlət nümunəli olan şəxslərin iştirakına icazə verilir.Gəncə şəhəri X4 xxxxi Kolleci tərəfindən İddiaçı adına yazılmış AZ seriyalı 005056 nömrəli təhsil haqqında sənəd dövlət nümunəli olmadığına görə onun diaqnostik qiymətləndirilmədə iştirakı mövcud qaydalara ziddir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Salyan rayon Təhsil şöbəsi Kolanı kənd ümumi orta məktəbi tərəfindən verilmiş 15 №-li, 17 fevral 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 15 sentyabr 2008-ci il tarixdən hal-hazıra kimi Kolanı kənd ümumi orta məktəbində müəllim işləyir. İşdə olan iddiaçının əmək kitabçasının surətindən görünür ki, iddiaçı: - 08.01.2007-ci il tarixdə pedaqoji orta təhsilli sinif müəllimi ixtisası üzrə yuxarı Xalac-1 kənd orta məktəbinə müəllim təyin edilmiş, 15.09.2008-ci ildə işdən azad edilmiş; 15.09.2008-ci il tarixdən hal-hazıra kimi Kolanı kənd ümumi orta məktəbində ixtisası üzrə sinif müəllimi işləyir. İş materiallarından göründüyü kimi, iddiaçı 1994-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri X4 xxxxi Kollecinə daxil olmuş, 1996-cı ildə buraxılış imtahanlarını müvəffəqiyyətlə veridiyi üçün kollecin tələbəciliyindən azad edilmişdir. Elmimetodiki şuranın qərarı ilə Səmədova (İbrahimova) Vüsalə Qulu qızına 08 iyul 1996-cı il tarixdə AZ 005056 nömrəli diplom verilmişdir. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan iddiaçının adına verilmiş diplomun dövlət nümunəli olmaması səbəbi ilə həmin diplomun həqiqiliyini şübhə altına alaraq iddiaçının artıq əldə etdiyi hüquqdan istifadə etməsinə maneə yaratmışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdeh inzibati orqana və məhkəməyə müraciət etdiyi zaman, təhsilverənlərin bilik və bacarıqlarının yoxlanılması məqsədi ilə keçirilən diaqnostik qiymətləndirmə Təhsil Nazirliyinin 04.08.2017-ci il tarixli, 236/1 nömrəli əmrilə təsdiq edilmiş qaydaları əsasında həyata keçirilirdi. Lakin, “Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 04 oktyabr 2019-cu il tarixli, F-595 saylı əmri ilə 04.08.2017-ci il tarixli, 236/1 nömrəli əmrilə təsdiq edilmiş qaydaların qüvvədən düşmüş hesab olunması əmr edilmişdir. Hazırda təhselvərənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlıqlarının yoxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası əsasında həyata keçirilir. Bu səbəbdən məhkəmə tərəfindən cavabdehin imtinasının qanuni olub-olmamasına qiymət verilən zaman həm əvvəlki, həmçinin də, hazırda qüvvədə olan təhselvərənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlıqlarının yoxlanılmasını tənzimləyən normativ hüquqi aktların tələbləri əsasında iddiaçının diaqnostik qiymətləndirilməyə və sertifikatlaşdırmaya buraxılan şəxslərin kateqoriyasına aid olması halı müəyyənləşdirilməlidir. İddiaçının təhsil aldığı Gəncə şəhəri X4 Kolleci Gəncə şəhərində fəaliyyət göstərmiş keçmiş orta-ixtisas təhsili müəssisəsi olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 sentyabr 1993-cü il tarixli 487 nömrəli qərarı ilə Azərbaycan Respublikası “xxxx” Şirkətinin Gəncə Məişət xxxxi Texnikumunun təsərrüfat hesablı Gəncə Məişət xxxxi Kolleci orta ixtisas təhsili müəssisəsi statusu ilə qeydə alınması haqqında “xxxx” Şirkətinin təklifi qəbul edilmişdir. “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli, 349 nömrəli Fərmanının 10-cu hissəsinə əsasən məktəbəqədər təhsil müəssisələri və ümumi təhsil müəssisələrinin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin əlavə təhsilini təmin etmək məqsədi ilə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında Azərbaycan Müəllimlər İnstitutu yaradılmış, İnstitutun ayrı-ayrı bölgələrdə, o cümlədən X8 Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri X4 Kollecinin bazasında Gəncə filialı açılmışdır. Təhsil Nazirliyinin 2013-cü ildə filialda apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdur. Qeyd edilən pozuntu hallarına yol verdiyinə görə təhsil nazirinin müvafiq əmri ilə filiailın direktoru vəzifəsindən azad edilmiş və aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilmişdir. Bundan sonra “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli 284 nömrəli Fərmanına əsasən 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanın 10-cu hissəsindən “Gəncə (X8 Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri X4 Kollecinin bazasında),” sözləri çıxarılmaqla Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmış, tələbələr köçürülmüşdür. Göründüyü kimi, Gəncə Məişət xxxxi Kolleci orta ixtisas təhsili müəssisəsi statusu ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 sentyabr 1993-cü il tarixli 487 saylı qərarı ilə qeydə alındığına görə fəaliyyəti qanunsuz olmamışdır. Həmin Kollec iddiaçı diplom alandan 3 il sonra, yəni Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli, 349 nömrəli Fərmanı əsasında ləğv edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçının təhsil aldığı Gəncə şəhəri X4 xxxxi Kolleci həmin vaxt qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmış və qanuni əsaslarla fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında tədris müəssisələrinin qeydiyyatdan keçirilməsi haqqında” 04.02.1992-ci il tarixli, 69 nömrəli Qərarı ilə Respublikada fəaliyyət göstərən dövlət və qeyri-dövlət mülkiyyətinə mənsub olan bütün tədris müəssisələri – ali, orta ixtisas, texniki peşə və ümumtəhsil orta məktəbləri, liseylər, kolleclər, gimnaziyalar və onların müvafiq filialları, məktəbəqədər tərbiyə və məktəbdənkənar müəssisələr, menecer məktəbləri, müxtəlif hazırlıq, təkmilləşdirmə və ixtisasartırma kurslarının Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tərəfindən 1992-ci il martın 1-dən başlayaraq qeydiyyata alınması qərara alınmış, qeydiyyata alınmış tədris müəssisələrinin akkreditasiyası və onların tədris-metodiki təminatı respublika Xalq Təhsili Nazirliyinə həvalə edilmiş. Xalq Təhsili Nazirliyinə tapşırılmışdır ki, bir ay müddətinə “Tədris müəssisələrinin yaradılması, qeydiyyatdan keçirilməsi, akkreditasiyası və ləğv edilməsi qaydaları haqqında Əsasnamə” layihəsini hazırlasın və təsdiq üçün Nazirlər Kabinetinə təqdim etsin. Qərarla Respublika bank və maliyyə orqanlarına tapşırılmışdır ki, Xalq Təhsili Nazirliyində qeydiyyatdan keçməmiş tədris müəssisələri üçün hesab açmasınlar. Həmin dövrdə Nazirlər Kabinetinin 24.06.1992-ci il tarixli, 358 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası tədris və tədris-tərbiyə müəssisələrinin yaradılması, qeydə alınması, yenidən qurulması və ləğv edilməsi qaydası haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Qərarın 12-ci maddəsinə görə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada lisenziya ala bilər. İddiaçıya verilmiş diplom blankının nümunəli təhsil sənədi hesab edilməməsi ilə bağlı cavabdehin dəlillərinə gəldikdə isə məhkəmə qeyd edir ki, orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsi qaydasını tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” iddiaçı diplom alandan 13 il sonra qəbul edilmişdir. Həmin Qaydanın 2-ci hissəsində orta ixtisas təhsili pilləsində verilən diplomların növləri və təsviri, 3-cü və 4-cü hissəsində isə orta ixtisas təhsili haqqında diplomun hazırlanması, saxlanılması, doldurulması və verilməsi qaydaları müəyyən edilmişdir. Qaydanın 3.4-cü bəndində qeyd edilmişdir ki, diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün təhsil müəssisələrinin rəhbərləri məsuliyyət daşıyırlar. Hazırki işə şamil edilməsə də, sonradan qəbul edilmiş və cavabdeh inzibati orqanın istinad etdiyi qaydalara diplomun növü, təsviri və verilməsi ilə bağlı diplom alan şəxslərin məsuliyyətini müəyyən edən norma daxil edilməmişdir. Həmin dövrdə qüvvədə olmuş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun (7 oktyabr 1992-ci il, № 324) 8-ci maddəsində qeyd edilmişdir ki, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Həmin Qanunun təhsil müəssisələri adlanan 13-cü maddəsinə görə Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir.Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Dövlət bütün təhsil müəssisələrinin hüquqlarının müdafiəsinə təminat verir. Həmin Qanunun 18-ci maddəsində qeyd edilmişdir ki, orta ixtisas məktəbləri (texnikumlar, kolleclər və s.) orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. Həmin təhsil müəssisələri əsas və orta ümumi təhsil, peşə məktəbləri və peşə liseyləri bazasında fəaliyyət göstərməklə orta pillədən olan ixtisaslı mütəxəssislər hazırlayır, onları təkmilləşdirir və ixtisaslarını artırır. Əsas təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar. Ali məktəblərin nəzdində də müvafiq ixtisaslar üzrə texnikumlar, kolleclər fəaliyyət göstərə bilər. Orta ixtisas məktəblərini bitirənlərə “kiçik mütəxəssis” dərəcəsi verilir. Tədris prosesini dünya standartları səviyyəsində qurmuş qabaqcıl texnikumların maddi-texniki bazası və kadr potensialı əsasında müasir kolleclər şəbəkəsi yaradılır. Həmin Qanunun 30-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti təhsilin strategiyasını müəyyənləşdirir. Bu məqsədlə: Təhsil Qanununun, bu barədə müvafiq qanunvericilik aktlarının və sənədlərin icrasına nəzarət edir; təhsil sisteminin idarə olunmasının təşkilat strukturunu müəyyən edir; təhsilin mərkəzi dövlət idarə strukturlarını yaradır və onlara rəhbərlik edir; təhsil, müəssisələri, onların attestasiyası, akkreditasiyası və lisenziyalaşdırılması barədə dünya standartına müvafiq olan əsasnamələri təsdiq edir; təhsilin inkişafına dair dövlət, həmçinin beynəlxalq proqramlar hazırlayıb həyata keçirir; təhsilin inkişafını stimullaşdıran vergi siyasəti yeridir; yüksək ixtisaslı mütəxəssislərin attestasiyasının təşkil olunmasına rəhbərlik edir; təhsil sistemi işçiləri üçün fəxri adlar və mükafatların təsis olunması barədə məsələ qaldırır. Həmin Qanunun Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi adlanan 31-ci maddəsində göstərilmişdir ki, Xalq Təhsili Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid dövlət siyasəti hazırlanmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir; səlahiyyətinə müvafiq olaraq təhsil müəssisələrini yaradır, yenidən təşkil və ləğv edir; tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkil və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir. Tərbiyə və təhsil alanların hüquqları və vəzifələrindən bəhs edən Qanunun 47-ci maddəsinə görə tərbiyə və təhsil alanların vəzifələrinə daxildir: biliyini daim artırmaq və dərinləşdirmək, praktiki bacarığını, peşə-ixtisas hazırlığını təkmilləşdirmək və durmadan dərinləşdirmək-ümumi mədəni səviyyəsini yüksəltmək; təlim-tərbiyə müəssisəsinin nizamnaməsinə və daxili qaydalarına əməl etmək; təhsil qanunvericiliyinə, əxlaq və etika normalarına, təlim-tərbiyə prosesi ilə bağlı birgəyaşayış qaydalarına riayət etmək. Təhsil qanunvericiliyinin yuxarıda şərh edilən müddəalarından göründüyü kimi, Təhsil qanununun, bu barədə müvafiq qanunvericilik aktlarının və sənədlərin icrasına nəzarət etmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət edilməsinə nəzarət etmək vəzifəsi isə Təhsi Nazirliyinin üzərinə qoyulmuşdur. Məhkəmə cavabdehin iş üzrə göstərdiyi dəlillə razılaşmayaraq, qeyd edir ki, 26.12.2019-cu il tarixli, №09-09-1577/10 nömrəli məktubla iddiaçıya verilmiş cavabda onun diplom blankının dövlət nümunəli təhsil sənədi olmadığı qeyd olunsa da, bu sənədin qüvvədən düşmüş hesab olunması və ya etibarsız olmasına dair heç bir sübut iş üzrə təqdim edilməmişdir. İddiaçının təhsil aldığı müəssisənin hüquqi əsaslarla fəaliyyət göstərməsi ona əsas verir ki, alınan 005056 saylı diplom dövlət nümunəli təhsil sənədidir. Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları”nın 3-cü bəndinə görə, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri diaqnostik qiymətləndirməyə cəlb olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 1.2-ci bəndinə görə, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Həmin Qaydaların 1.4-cü bəndinə görə aşağdaki təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: hamilə qadınlar (1.4.1); uşağın üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) (1.4.2); ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində (1.4.3); azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər (1.4.4). Şərh olunan normativ hüquqi aktların müddəalarından görünür ki, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan təhselvərənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlıqlarının yoxlanılması məqsədilə keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinə (əvvəl) və hazırda olan sertifikatlaşdırmaya məhz diplom blankının dövlət nümunəli təhsil sənədi olmaması səbəbi ilə buraxılmaması, qanunvericilikdə nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, İddiaçı 2008-ci ildən işlədiyi Kolanı kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi də Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları”nın 3-cü bəndində diaqnostik qiymətləndirməyə cəlb olunan müəllimlərin kateqoriyasına aid olmasına baxmayaraq, cavabdeh inzibati orqanın Gəncə şəhəri X4 xxxxi Kolleci tərəfindən yazılmış 005056 saylı diplom blankının dövlət nümunəli təhsil sənədi olmaması səbəbi ilə iddiaçının 2019-cu ildə keçirilən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində buraxılmaması bununla bağlı qəbul edilmiş bütün normativ hüquq aktlarının yuxarıda geniş şərh edilən müddəalarına zidd hesab edildiyinə görə əssasız və qanunsuz olmuşdur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həm əvvəlki, həm də hazırda qüvvədə olan təhselvərənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlıqlarının yoxlanılmasını tənzimləyən normativ hüquqi aktlar əsasında, İddiaçı sertifikatlaşdırmaya buraxılan müəllimlərin kateqoriyasına aid olduğundan, onun Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmasına buraxılmaması üçün hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azad-lıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konven-siya-sının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyaya dair Protokolun 2-ci maddəsinə görə heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Gəncə şəhəri X4 xxxxi Kolleci tərəfindən ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə verilmiş AZ seriyalı 005056 nömrəli diplomun dövlət nümunəli hesab olunaraq, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmada İddiaçı iştirakını təmin etmək barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Gəncə şəhəri X4 xxxxi Kolleci tərəfindən ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə verilmiş AZ seriyalı 005056 nömrəli diplomun dövlət nümunəli hesab olunaraq, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmada İddiaçı iştirakını təmin etmək barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1208/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1208/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver