Məhkəmə qərarları › İş №2-1(112)-12090/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12090/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12090/2021 23.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakimi Aygün Abdulla qızı Abdullayevanın sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat olunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı avtomobillə bağlı qeydiyyat hərəkətlərinin aparılmasının cavabdehə həvalə edilməsi barədə iddiasına dair işə ünvan 1 ünvanda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhərində Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi Qeydiyyat İmtahan İdarəsinin 06.10.2021-ci il tarixli, 016-116796-1221 saylı qərarının ləğv edilməsi və “DAF FT XF 105” yük markalı, ELWGE56 qeydiyyat nişanlı, yəhərli-dartıcı tipli XLRTE47MS0E905993 şassi nömrəli, 2011-ci il buraxılışlı avtomobilin İddiaçı xeyrinə dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hacıqabul rayonu, Atbulaq kəndində qeydiyyatda olan İddiaçı tərəfindən Azərbaycan Respublikasına **********3475 saylı Gömrük Bəyannaməsi əsasında “DAF FT XF105” yük markalı, ELWGE56 qeydiyyat nişanlı, yəhərli-dartıcı tipli XLRTE47MS0E905993 şassi nömrəli, 2011-ci il buraxılışlı avtomobil gətirilmişdir. Qeyd edilən avtomobil qeydiyyat üçün Bakı şəhərində Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə təqdim edilmiş və orada avtomobilin texniki müayinəsi zamanı avtomobilin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması müəyyən edilmişdir. Həmin faktla bağlı toplanmış materiallar araşdırılma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinə göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd edilən avtomobil Azərbaycan Respublikasına gətirilənədək bir neçə ölkənin sərhədində yoxlamalardan keçmiş və şassi nömrəsində qeyri-qanuni hər hansı bir hal müəyyən edilməmişdir. Həmçinin, İddiaçı bu hal barəsində əvvəlcədən məlumatı olmamışdır. Qeyd edilənlər nəzərə alınmaqla, İddiaçı əməlində cinayət tərkibi olmadığından onun barəsində fakt üzrə 29 sentyabr 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, həmçinin həmin nəqliyyat vasitəsinin şassi nömrəsində olan nöqsanla qeydiyyata alınması məsələsinə baxılması Baş X1 İdarəsinə həvalə edilmiş və yaxud avtomobil üzərində mülkiyyət hüququnun tanınması məqsədilə məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilmişdir. Bakı şəhərində Daxili İşlər Nazirliyi BDYPİ Qeydiyyat İmtahan İdarəsi tərəfindən 06.10.2021-ci il tarixli, 016-********** saylı məktubla qeyd edilən nəqliyyat vasitəsinin qeydiyyata alınmasının qeyri-mümkün hesab edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərar aşağıda göstərilənlərə əsasən qanunsuz və əsassızdır: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 58-ci maddəsinə uyğun olaraq inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Lakin iddiaçıya təqdim edilmiş qərarın məzmununda ziddiyyətlər mövcuddur. Belə ki, imtina qərarının 4-cü abzasında İddiaçı əməlində 29 sentyabr 2021-ci il tarixli qərarla cinayət tərkibinin olmamasına istinad edilsə də, avtomobilin qeydiyyata alınması qeyri-mümkün hesab edildiyi bildirilmişdir; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır.Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. İnzibati orqan öz qərarında öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmçinin, inzibati orqan qəbul etdiyi aktı icraat zamanı tədqiq olunmuş fakt və sübutlarla əsaslandırmağa borcludur. Lakin, qeyd edilənlərin əksinə olaraq BDYPİ imtina haqqında qərar qəbul edərkən öz qərarını əsaslandırmamış, hər hansı qanuna və ya digər normativ hüquqi- akta istinad etməmiş, sadəcə şassi nömrəsinin kustar üsulla vurulmasına istinad edərək qeydiyyata almanı qeyri-mümkün hesab etmişdir. BDYPİ tərəfindən inzibati akt qəbul edilərkən onun əsaslandırlmaması və hər hansı normativ hüquqi akta istinad edilməməsi inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24-cü maddəsinin tələblərinin pozulduğunu göstərir. Belə ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Lakin, inzibati orqan bütün faktiki hallar tam hərtərəfli və obyektiv araşdırmadan hər hansı sübutlara istinad etmədən sadəcə “qeyri-mümkün hesab edilir” deməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin, cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 06 oktyabr 2021-ci il tarixli, 016-116796-1221 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 29.09.2021-ci il tarixli, 005-16500- 1221 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “DAF FT XF105” yük markal, ELWGE56 qeydiyyat nişanlı, yəhərli-dartıcı tipli, XLRTE47MS0E905993 şassi nömrəli, 2011-ci il buraxılışlı avtomobilin şassi nömrəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti ona göndərilməklə izah olunmuşdur ki, qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən yuxarı prokurora və məhkəmə nəzarətini həyata keçirən rayon məhkəməsinə şikayət vermək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinn 29.09.2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Hacıqabul rayonu Atbulaq kəndində qeydiyyatda olan İddiaçı məxsus olan “DAF FT XF105” yük markalı, ELWGE56 qeydiyyat nişanlı, yəhərli-dartıcı tipli, XLRTE47MS0E905993 şassi nömrəli, 2011-ci il buraxılışlı avtomobil qeydiyyat üçün 15 sentyabr 2021-ci il tarixdə BDYPİ-nə təqdim edilmiş və orada avtomobilin texniki müayinəsi keçirilən zamanı avtomobilin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması müəyyən edilmiş və bu səbəbdən də, qeydiyyat hərəkətləri aparılmamışdır. Qeyd edilən fakt üzrə toplanmış material araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinə göndərilmiş və material üzrə tərəfindən araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində qərara alınmışdır ki, İddiaçı əməlində cinayət tərkibi olmadığından onların barəsində bu fakt üzrə cinayət işi başlanması rədd edilmiş, “DAF FT XF105” yük markalı, ELWGE56 qeydiyyat nişanlı, yəhərli-dartıcı tipli, XLRTE47MS0E905993 şassi nömrəli, 2011-ci il buraxılışlı avtomobilin qeyd edilən nöqsanla qeydiyyata alınması məsələsi baxılması BDYPİ-nə həvalə edilsin və yaxud avtomobil üzərində mülkiyyət hüququnun tanınması məqsədi ilə mülki qaydada məhkəmə orqanına müraciət etmək hüquqları İddiaçı izah edilsin. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən iddiaçıya verilmiş 06.10.2021-ci il tarixli, 116796-1221 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, qeyd olunan “DAF FT XF105” markalı, ELWGE56 qeydiyyat nişanlı, yəhərli-dartıcı tipli, 2011-ci il buraxılışlı, XLRTE47MS0E905993 şassi nömrəli avtomobil Baş Dövlət Yol Pilisi İdarəsində texniki müayinədən keçirilməsi üçün təqdim olunduğu zaman avtomobilin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması şübhə doğurmuşdur. Fakt ilə əlaqədar Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində araşdırma aparılmış, “DAF FT XF105” markalı, ELWGE56 qeydiyyat nişanlı, yəhərli-dartıcı tipli, 2011-ci il buraxılışlı, XLRTE47MS0E905993 şassi nömrəli avtomobilin şassisi üzərində həkk edilmiş və şassi nömrəsini göstərən hərf və rəqəmləri şassi üzərində standart hərf və rəqəmlərdən istifadə edilməklə kustar üsulla vurulması müşahidə edilmişdir. Araşdırma nəticəsində 29 sentyabr 2021-ci ildə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin nəqliyyat vasitəsinin şassi nömrəsinin kustar üsulla vurulması, xahişinin yerinə yetirilməsi, DİN Baş X1 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində qeydiyyata alınması qeyri-mümkün hesab edilir. Odur ki, “DAF FT XF105” markalı, ELWGE56 qeydiyyat nişanlı, yəhərli-dartıcı tipli, 2011-ci il buraxılışlı, XLRTE47MS0E905993 şassi nömrəli avtomobilin mövcud şassi nömrəsi ilə qeydiyyata alınması üçün göstərilənlərə, eləcə də, məhkəmədə həmin avtomobil üzərində mülkiyyət hüququnun tanınması və müvafiq qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi məsələsinin baxılması üçün məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olumuşdur. İşdə olan digər sənədlərdən görünür ki, iddiaçı sözügedən nəqliyyat vasitəsinin gətirilməsi ilə bağlı gömrük bəyannaməsi təqdim etmiş, gömrük ödənişlərinin həyata keçirilməsini təmin etmişdir, avtonəqliyyat vasitəsi qanuni əsaslarla ölkəyə daxil edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. - XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsinin şassi nömrəsinin qeyri-zavod üsulu olmasını əsas gətirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hal avtomobilin qeydiyyata alınmasından imtina əsası kimi çıxış edə bilməz. Belə ki, şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması iddiaçının iradəsindən asılı olmamış, iddiaçı vicdanlı alıcı kimi qeyd olunan qüsurdan xəbərsiz olaraq avtonəqliyyat vasitəsini mülkiyyətinə keçirməyə çalışmışdır. Eyni zamanda əməldə iddiaçının təqsirinin müəyyən edilməməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfindən qəbul edilmiş cinayət işinin rədd edilməsi barədə qərarla da təsdiq edilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın özündə də avtonəqliyyat vasitəsinin qeydiyyata alınması məsələsi istisna edilməmiş, işin hallarından asılı olaraq avtonəqliyyat vasitəsinə mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmək hüququ da tərəfə izah edilmişdir. Eləcə də, iş materialları ilə də müəyyən olunur ki, iddiaçı ölkəyə avtonəqliyyat vasitəsinin gətirilməsi ilə bağlı gömrük ödənişlərinin həyata keçirməsini də, təmin etmiş, avtonqəliyyat vasitəsi qanuni əsaslarla ölkəyə daxil edilmişdir. Göründüyü kimi, avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmaması iddiaçının mülkiyyət hüququnu reallaşdırılmasına məhkəmə maneə kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “DAF FT XF 105” yük markalı, ELWGE56 qeydiyyat nişanlı, yəhərli-dartıcı tipli XLRTE47MS0E905993 şassi nömrəli, 2011-ci il buraxılışlı avtomobilin İddiaçı adına dövlət qeydiyyatına alınması öhdəliyi Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar