Məhkəmə qərarları › İş №2-1(112)-12091/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12091/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12091/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum akt qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum akt qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bərdə rayon Mirzəxanqaraqoyunlu kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 56 saylı, xx.xx.1995-cı il tarixli doğum haqqında akt qeydində əsasən X4 xx.xx.1995-ci il tarixdə Bərdə rayonu, Köbər kəndində doğulmuşdur. Bakı şəhəri Xətai rayon VVAQ tərəfindən tərtib edilmiş 34 saylı, xx.xx.1996-cı il tarixli doğum haqqında akt qeydinə əsasən X4 xx.xx.1995-ci il tarixdə Laçın rayonunda doğulmuşdur. AZ-T № 230904, xx.xx.2023-cü il tarixli “Doğum haqqında şəhadətnamə”yə əsasən X4 xx.xx.1995-ci ildə Laçın rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1996-cı ilin may ayının 07 günündə 34 № ilə qeyd edilmişdir. X2 Nur ilə xx.xx.2020-ci ildə Kınık/Türkiyə nüfus İdarəsində nikaha daxil olmuşlar, bundan sonra X1 İddiaçı kimi dəyişdirilmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən şəxsiyyət vəsiqəsi məlumatları üzrə çıxarışdan müəyyən edilir ki, İddiaçı xx.xx.1995-ci il tarixdə Laçın rayonunda doğulmuş, Laçın rayonu, Malıbəy ərazi dairəsi, Hüsülü kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək 34 saylı, xx.xx.1996-cı il tarixli doğum akt qeydinin ləğv edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “... Bərdə rayon, Mirzəxanqaraqoyunlu kənd icra nümayəndəliyi tərəfindən X3 adına tərtib edilmiş 56 saylı, xx.xx.1995-cı il tarixli doğum haqqında akt qeydində doğum yeri “Bərdə rayonu, Köbər kəndi, doğumu təsdiq edən sənəd “Bərdə rayonu doğum evinin xx.xx.1995-ci il tarixli, 928 saylı arayışı” yazıldığı halda, Cavabdeh tərəfindən tərtib edilmiş 34 saylı, xx.xx.1996-cı il tarixli doğum haqqında akt qeydində uşağın doğum yeri “Laçın rayonu”, doğumunu təsdiq edən sənəd Hövzə uşaq xəstəxanasının xx.xx.1995-ci il tarixli arayışı” qeyd edilmişdir. Hər iki doğum haqqında akt qeydində uşağın doğum yeri və doğumunu təsdiq edən sənədlər arasında ziddiyyət olduğundan ərizənizin icrası qeydiyyat şöbəsində mümkün deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq, yaşadığınız rayonun məhkəməsinə müraciət etməyiniz tövsiyə olunur”. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1996-cı il tarixli, 34 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1995-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Buna dair Bərdə rayon, Mirzəxanqaraqoyunlu kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1995-ci il tarixli, 56 saylı akt qeydi tərtib olunmuşdur. Akt qeydində doğum yeri “Bərdə rayonu, Köbər rayonu”, doğumu təsdiq edən sənəd hissəsində isə “Bərdə rayonu doğum evinin xx.xx.1995-ci il tarixli, 928 saylı arayışı” yazılmışdır. Halbuki bu günədək ona məxsus Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1996-cı il tarixli, 34 saylı doğum haqqında akt qeydi ilə təqdim edilmiş doğum haqqında şəhadətnamə əsasında bütün prosessual addımlar atır, sözügedən Bərdə rayon, Mirzəxanqaraqoyunlu kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1995-ci il tarixli, 56 saylı akt qeydinin olmasından məlumatlı olmamışdır. Sənədləşmə işləri apararkən ona aşkar olmuşdur ki, ona məxsus Bərdə rayon, Mirzəxanqaraqoyunlu kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1995-ci il tarixli, 56 saylı akt qeydi də vardır. Beləliklə, hal-hazırda ona məxsus iki doğum akt qeydi mövcuddur. Sözügedən iki doğum haqqında akt qeydinin olmasına görə o, bu gün bir çox hüquqi proseduru həyata keçirmək imkanından məhrum olmuşdur. Belə ki, hal-hazırda bu yanlışlıq ona sənədləşdirmə işləri aparılan zaman problem yaradır, maneələrlə qarşılaşmağına səbəb olur. Cavabdehin etirazları: Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq və məhkəmənin əsaslandırması: İşin faktiki hallarına görə Bərdə rayon Mirzəxanqaraqoyunlu kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 56 saylı, xx.xx.1995-cı il tarixli doğum haqqında akt qeydində əsasən iddiaçı xx.xx.1995-ci il tarixdə Bərdə rayonu, Köbər kəndində doğulmuşdur. Bakı şəhəri Xətai rayon VVAQ tərəfindən tərtib edilmiş 34 saylı, xx.xx.1996-cı il tarixli doğum haqqında akt qeydinə əsasən iddiaçı xx.xx.1995-ci il tarixdə Laçın rayonunda doğulmuşdur. İddiaçı Bakı şəhəri Xətai rayon VVAQ tərəfindən tərtib edilmiş xx.xx.1996-cı il tarixli, 34 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»

23. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya VVADQ orqanı və konsulluq idarələri tərəfindən icra edilir.

26. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində VVADQ orqanına və konsulluq idarələrinə verilir. VVADQ orqanı və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar tələb edə bilər.

28. Ərizə verən şəxsin daimi yaşayış yerində VVADQ orqanları və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, VVADQ orqanlarının və konsulluq idarələrinin rəyi tələb olunmur.

29. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi barəsində VVADQ orqanının və konsulluq idarələrinin toplanmış bütün materialları birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki VVADQ orqanına və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

30. VVADQ orqanları və konsulluq idarəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin ləğvi məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçının barəsində iki doğum akt qeydi vardır. Bu isə iddiaçının doğumu barədə qeyri-müəyyənlik yaratmaqla onun hüquqlarının həyata keçirilməsində çətinlik yaradır. Məhkəmə qeyd edir ki, iddiaçının barəsində hazırda mübahisələndirdiyi doğum akt qeydi həqiqəti əks etdirmir və ləğv edilməlidir. Belə ki, hazırda mübahisələndirilən Bakı şəhəri Xətai rayon VVAQ tərəfindən tərtib edilmiş 34 saylı, xx.xx.1996-cı il tarixli doğum haqqında akt qeydinə əsasən iddiaçı xx.xx.1995-ci il tarixdə Laçın rayonunda doğulmuşdur. Hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır ki, Laçın rayonu 1992-ci ilin may ayında erməni silahlı dəstələri tərəfindən işğal olunmuş və orada yaşayan Azərbaycan vətəndaşları məcburi köçkün düşmüşlər. Belə olan halda iddiaçının xx.xx.1995-ci il tarixdə Laçın rayonunda anadan olması mümkün deyildir. Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə görə, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və təmin edilməli, iddiaçının barəsində Bakı şəhəri Xətai rayon VVAQ tərəfindən tərtib edilmiş 34 saylı, xx.xx.1996-cı il tarixli doğum haqqında akt qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. X3 barəsində Bakı şəhəri Xətai rayon VVAQ şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1996-cı il tarixli, 34 saylı doğum haqqında akt qeydi ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar