Məhkəmə qərarları › İş №2-1(112)-12096/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12096/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12096/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı mənzillərdə edilmiş dəyişikliklərin əvvəlki vəziyyətinə qaytarılması və s. tələblərinə barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi 1b saylı binanın 48 və 52 saylı mənzillərindəki özbaşına edilmiş dəyişikliklərin, yəni təyinatı dəyişdirilmiş otaqların, qanunsuz çəkilmiş su və kanalizasiya xətlərinin ilkin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılması, asılı balkonlarda qapalı (şüşəbənd) şəraitdə icazəsiz quraşdırılmış real təhlükə (dayaqsız-asılı balkonların əlavə yüklənməsi) yaradan kombilərin ləğv edilməsi və sakinlərin inzibati məsuliyyət yaradan əməlləri barədə protokol tərtib edilməsini təmin edən hərəkətlərin icrasının cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə hazırlıq iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 1b saylı binanın 48 və 52 saylı mənzillərdəki özbaşına edilmiş dəyişikliklər, yəni təyinatı dəyişdirilmiş otaqların, qanunsuz çəkilmiş su və kanalizasiya xətlərinin ilkin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılması, asılı balkonlarda qapalı (şüşəbənd) şəraitdə icazəsiz quraşdırılmış real təhlükə (dayaqsız-asılı balkonların əlavə yüklənməsi) yaradan kombilərin ləğv edilməsi və sakinlərin inzibati məsuliyyət yaradan əməlləri barədə inzibati protokollar tərtib edilməsi vəzifəsinin Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Həmin tarixli məhkəmə iclasında ona İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım məktubu təqdim edilərək, cavabdeh olaraq Binəqədi rayon İcra Hakimiyyətinin əsl cavabdeh 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfat Birliyi ilə əvəz edilməsi, həmçinin iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciətin (poçt qəbzi və s.) olmasına dair müvafiq sübutların məhkəməyə təqdim edilməsinin zəruri olması izah olunmuşdur. Yəni, məhkəmənin qənaətinə görə iddiada göstərilmiş tələb əsl cavabdeh 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinə yönəlməli idi. Odur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bildirir ki, bu qərardaddan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi isə bu şikayəti təmin etməyərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadını dəyişdirmədən qüvvədən saxlamışdır. Qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 461 saylı, xx.xx.2022-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435 s nömrəli sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosialmədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov 1 B ünvanında yerləşən yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansına qəbul edilmiş və hal-hazırda həmin Birliyin balansındadır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi də, 2-1(103)-2660/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadla iddiasını mümkünsüz sayaraq tələbin əsl cavabdeh olan 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinə yönəldilməli olmasını bildirmişdir. O, Bakı Apellyasiya Məhkəməsinin bu qərardadından Ali Məhkəməyə kassasiya şikayəti verməyib. Həm birinci instansiya məhkəməsinin, həm də, apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd etdiyi qərardadlarına uyğun olaraq, xx.xx.2022-ci il tarixli ərizə ilə əsl cavabdeh olan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə müraciət etməklə, 1 b saylı binanın 48 və 52 saylı mənzillərindəki özbaşına edilmiş dəyişikliklərin, yəni təyinatı dəyişdirilmiş otaqların, qanunsuz çəkilmiş su və kanalizasiya xətlərinin ilkin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılmasının, asılı balkonlarda qapalı (şüşəbənd) şəraitdə icazəsiz quraşdırmış real təhlükə (dayaqsız-asılı balkonların əlavə yüklənməsi) yaradan kombilərin ləğv edilməsinin və sakinlərin inzibati məsuliyyət yaradan əməlləri barədə protokollar tərtib edilməsinin təmin edilməsini xahiş etmişdir. Onun bu müraciətinə isə xx.xx.2022-ci il tarixli imtina məktubu ilə cavab verilmişdir. Məhkəmə qərardadlarında səlahiyyətli inzibati orqan olaraq əsl cavabdeh kimi 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin olmasının qed edilməsinə baxmayaraq, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi, yəni əsl cavabdeh imtina məktubunda müraciəti üzrə inzibati tədbirlərin görülməsinin birliyin səlahiyyətləri xaricində olduğunu bəhanə gətirərək və tələbi üzrə yerinə yetirilməli olan bütün öhdəliklərin icrası, o cümlədən mülkiyyətçilərə qarşı protokol tərtib edən inzibati orqan olmadıqlarından mümkün olmamışdır. Bu artıq o deməkdir ki, cavabdeh 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi özünün səlahiyyətli inzibati orqan olmasını məhkəmənin mövqeyinə zidd olaraq inkar edir. Bu artıq məhkəmə tərəfindən qoyulmuş öhdəliyin icrasından imtina deməkdir. Halbuki, istər birinci instansiya məhkəməsinin, istərsə də, apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qərardadlarında qeyd edilir ki, iş üzrə əsl cavabdeh, yəni 1 b saylı binanın 48 və 52 saylı mənzillərindəki özbaşına edilmiş dəyişikliklər, yəni təyinatı dəyişdirilmiş otaqların, qanunsuz çəkilmiş su və kanalizasiya xətlərinin ilkin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılması, asılı balkonlarda qapalı (şüşəbənd) şəraitdə icazəsiz quraşdırılmış real təhlükə (dayaqsız-asılı balkonların əlavə yüklənməsi) yaradan kombilərin ləğv edilməsi və sakinlərin inzibati məsuliyyət yaradan əməlləri barədə inzibati protokollar tərtib edilməsi vəzifəsini daşıyan cavabdeh inzibati orqan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyidir. Məhkəmə qərardadlarında belə açıq qeydlər olmasına baxmayaraq, cavabdeh inzibati orqanın müraciəti üzrə öhdəliklərinin icrasından imtina etməsi artıq onun inzibati məhkəməyə müraciət etməsi üçün əsasdır. O, cavabdeh inzibati orqan olan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə inzibati aktın qəbul edilməsi, öhdəliklərinin icrası haqqında xahişi ilə müraciət etmiş, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi isə onun hüquqlarını və qanunla qorunan maraqlarını pozaraq (real təhlükə vəziyyətinin hələ də, qalması) məhkəmə qərarları ilə səlahiyyətləri daxilində olması müəyyən edilmiş öhdəliklərinin icrasından imtina etmişdir. Odur ki, onun hazırki iddiası mümkündür. İddianın mümkün sayılması həm də, məhkəmə qərarlarının preyudusiallığı prinsipinə zidd olardı. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbləri aşağıdakılardan ibarətdir:

1. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 1 b saylı binanın 48 və 52 saylı mənzillərindəki özbaşına inşa edilmiş dəyişikliklərin, yəni təyinatı dəyişdirilmiş otaqların ilkin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılması;

2. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 1 b saylı binanın 48 və 52 saylı mənzillərindəki su və kanalizasiya xətlərinin ilkin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılması;

3. Asılı balkonlarda qapalı (şüşəbənd) şəraitində icazəsiz quraşdırılmış real təhlükə (dayaqsız-asılı balkonların əlavə yüklənməsi) yaradan kombilərin ləğv edilməsi;

4. Sakinlərin inzibati məsuliyyət yaradan əməlləri barədə protokollar tərtib edilməsini təmin edən hərəkətlərin icrasının cavabdehə həvalə edilməsi. Məhkəmə iddiaçının 1-ci və 3-cü tələbinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11637/2021 saylkı, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər X3 və X6 qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti və qeyriləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “Mənzildə olan otaqların yerinin layihəyə uyğu bərpa edilməsi, qanunsuz çəkilmiş qaz xəttlərinin və quraşdırılmış istilik sisteminin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən binada baş verə biləcək yanğın və partlayış təhlükəsinin qarşısının alınması üçün həmin binada yerləşən 48 və 52 saylı mənzillərdə rəsmi icazə olmadan yeri özbaşına dəyişdirilmiş mətbəx və digər otağın, əlavə çəkilmiş daxili və xarici qaz xəttlərinin, qapalı məkanda qanunsuz olaraq quraşdırılmış kombilərin ləğv edilərək, sakinlərin öz vəsaiti hesabına layihədə nəzərdə tutulduğu kimi əvvəlki təhlükəsiz vəziyyətinin bərpa edilməsi barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini 2(001)-866/2021 saylı 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, ev 1B, 48 saylı mənzildə özbaşına (layihədən kənar və aidiyyəti səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili və xarici qaz xəttlərinin ləğv edilməsi, həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsinin cavabdeh X2 üzərinə qoyulması, cavabdeh X5 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, ev 1B, 52 saylı mənzildə özbaşına (layihədən kənar və aidiyyəti səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili və xarici qaz xəttlərinin ləğv edilməsi, həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsi cavabdeh X5 üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatınn dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər X1 və X4 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11637/2021 saylkı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-866/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mülki məhkəmə icraatında iddiaçının tələbinin təmin edilməyən hissələri, yəni hazırda inzibati məhkəmə icraatında irəli sürülmüş, yuxarıda göstərilmiş 1-ci və 3-cü iddia tələblərinə münasibətdə aşağıdakıları qeyd etmişdir: - “Mətbəxin yerinin dəyişməsi ilə bağlı əas problem, təhlükə və iddiaçının mənafeyini pozan hal məhz öbaşına qaz xəttinin çəkilməsidir. İstilik sistemi dedikdə isə yalnız kombi tipli avadanlığın özü başa düşülmür. Cavabdehlərin mənzillərində olan kombi tiploi avadanlıqların da fəaliyyəti hazırda özbaşına çəkilmiş qaz xətti hesabına təmin edilir. Bununla belə, özbaşına çəkilmiş qaz xəttinin ləğv edilməsi kombi tipli avadanlığın istismarını da, qeyri-mümkün edəcəkdir. Qaz xəttləri istisna olmaqla, kombi tipli avadanlığın olması, habelə mətbəxin yerinin dəyişməsi iddiaçının hər hansı qanunla qorunan hüququnu pozmur. Bu səbəbdən məhkəmə bu tələbləri əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Layihəyə uyğun qaz xətlərinin bərpa edilməsi isə kombi tipli avadanlığın fəaliyyətinin təmin edilməsi üçün layihəyə uyğun qaz xəttinin çəkilməsi zərurətini yaratmış olacaqdır ki, bu halda da, cavabdehlər həmin kombi tipli avadanlıqların istismarı üçün nəzərdə tutulmuş qaydalara riayət etmək məcburiyyətində qalacaqlar” - “İddiaçının hazırki iddia tələblərinin təmin edilməyən hissəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun subyektini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Bundan başqa kollegiya qeyd edir ki, cavabdehlərin mənzilində mətbəxin yerinin dəyişdirilməsinin iddiaçının hüquqlarının pozulması arasında səbəbli-əlaqə mövcud deyil. Belə ki, cavabdehlərin mənzilində mətbəxin yerinin dəyişdirilməsi nəticəsində iddiaçının hər-hansı hüququnun pozulması onun tərəfindən sübuta yetirilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbinin təmin edilməyən hissəsi ilə bağlı mübahisə predmetinə dair hər-hansı hüququ və həmin hüquqlarının pozulması müəyyən edilmədiyindən, onun qeyd olunan tələblə məhz cavabdehlərə qarşı məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüququ olmamışdır. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur.” Beləliklə işin hallarından göründüyü kimi, iddiaçının hazırki inzibati məhkəmə icraatında irəli sürülmüş 1-ci və 3-cü tələblərinə artıq mülki məhkəmə icraatında hüquqi qiymət verilərək, onun belə bir tələb irəli sürməsinə subyektiv hüququnun olması istisna edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iddiaçının digər tələblərinə yəni, 2-ci və 4-cü tələblərinə münasibətdə qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 1 b saylı binanın 48 və 52 saylı mənzillərindəki su və kanalizasiya xətlərinin ilkin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılması tələbi ilə bağlı iddiaçı həmin mənzilin mülkiyyəçilərinə qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaqla müvafiq hüquqi marağına nail ola bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. İşin hallarından görünür ki, iddiaçı ilə mənzilin mülkiyyətçiləri arasında su və kanalizasiya xətlərinin ilkin layihəyə uyğun quraşdırılması ilə bağlı mübahisə vardır və sözgedən mübahisə inzibati məhkəmə icraatının (ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salan mübahisə olmayıb) predmeti olmayıb, mülki məhkəmə icraatında araşdırılaraq hüquqi qiymət verilməli olan iddia tələbidir. İddia tələbinin “sakinlərin inzibati məsuliyyət yaradan əməlləri barədə protokollar tərtib edilməsini təmin edən hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci bəndinə əsasən bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Digər tərəfdən məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdeh 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati xəta haqqında qərar qəbul etmək səlahiyyəti mövcud deyildir. Məhkəmə eləcə də, iddiaçının iddia ərizəsində göstərdiyi, hazırki iş üzrə cavabdehliyi 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin daşımalı olması ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6151/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyaının 2-1(103)-2660/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadlarına istinad etsə də, sözügedən məhkəmə aktlarında iddianın mümkün sayılmamasının əsası kimi, yalnız müvafiq mənzillərin yerləşdiyi yaşayış binasının həmin inzibati iş üzrə cavabdeh qismində qoyulmuş Binəqədi rayon İcra Hakimiyyətinin balansında deyil, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmasına istinad edilməklə, iddianın binanın balansında olduğu aidiyyəti inzibati orqana qarşı irəli sürülməli olduğu göstərilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı iddia tələbi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar