Məhkəmə qərarları › İş №2-1(112)-12097/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12097/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12097/2025 13.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “qeyri-yaşayış sahəsi (qaraj) üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “qeyri-yaşayış sahəsi (qaraj) üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi (keçmiş Atatürk prospekti, 1981-ci məhəllə) 48a ünvanında yerləşən 20 kv.m. ölçülü, 32 nömrəli qaraj, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatının aparılması, bununla bağlı ona çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, 3-21/3-1-F- 110/2025 nömrəli əmri ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin fəaliyyətinə xitam verilməsini və funksiyalarının onun hüquq varisi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə verilməsi və iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmə iclasının qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını istədiyi obyekt ünvan 1 ünvanında inşa olunmuş yaşayış kompleksinin həyətində yerləşən keçmiş Nərimanov rayonu, Atatürk prospekti (İ.Dadaşov küçəsi), 1981ci məhəllədəki 48a saylı yeraltı qaraj ünvanındakı (yeraltı avtodayanacaq mərtəbəsində) 20 kv.m. ölçülü 32 nömrəli qaraj qeyri-yaşayış sahəsidir. Qaraj 2001-ci ildən iddiaçının sahibliyində və qanuni istifadəsindədir. Qeyd edir ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən yeraltı qaraj kompleksinin (yeraltı avtodayanacaq tikilisinin) inşası 1999-2002-ci il tarixlərində koopertiv yaşayış/qeyri-yaşayış tikintisi qaydasında "xxxx" MTK tərəfindən aparılmışdır. Tikilinin inşası Bakı ŞİH başçısının xx.xx.2021-ci il tarixli 4-3186/17 №-li məktubu ilə razılaşdırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 350 saylı sərəncamı ilə təsdiq edilmiş xx.xx.2002-ci il tarixli "Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının Aktı" ilə 48a saylı yeraltı qaraj (yeraltı avtodayanacaq tikilisi) istismara yararlı hesab edilmiş və istifadəyə verilmişdir. Mənzil Məcəlləsinin normalarına əsasən 2019-cu il tarixində "Kənan” MTK ləğv olunmuş və bunun bazasında binanın, eləcə də yeraltı qaraj kompleksinin istismarı, idarə edilməsi üçün və binaya xidmət edilməsindən ötrü eyni ünvanda "ünvan 4dayanacaq tikilisi) tərkib hissəsi olan "32" nömrəli 20 kv.m. ölçülü qaraj hissəsi (qeyri-yaşayış sahəsi) iddiaçıya məxsusdur. İddiaçı MTK-nın üzvü olmuşdur. Həmin qaraj hissəsinin (qeyriyaşayış sahəsinin) payın verildiyi zamanın kursu ilə 9.200.000 (doqquz milyon iki yüz min) manat məbləği təşkil edən pay hissəsi dəyəri tərəfindən tam olaraq ödənilmişdir və borcu yoxdur. Məlumat üçün bildirilir ki, "xxxx" Mənzil-Tikinti Kooperativi (bundan sonra "xxxx" MTK) Nərimanov rayonu, İ.Dadaşov küçəsində yerləşən, kompleks şəklində olan 48 və 50 saylı binaların tikintisini həyata keçirmək üçün qurulmuşdu. 2002-ci il tarixdə bina istismara verildikdən və sakinlər tərəfindən binanın tərkib hissələri olan mənzillər və qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqları əldə edildikdən sonra MTK faktiki olaraq öz fəaliyyətini başa vurmuşdu. Həmin tarixdən MTK yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi mülkiyyətində olan əmlakın idarə edilməsini, istismarını, bu əmlaka sahibliyin və ondan istifadənin təmin edilməsini həyata keçirirdi. 2020-ci ilin may ayının 6-da "xxxx" MTK rəsmi qaydada ləğv edilmiş, onun mövcudluğuna və fəaliyyətinə xitam verilmişdir. Nərimanov rayonu, İ.Dadaşov küçəsində yerləşən 48 və 50 saylı çoxmənzilli yaşayış binası kompleksi sakinlərinin bina kompleksini birgə idarə etmək və birgə idarəçilikdən irəli gələn məsələlərin birgə operativ həlli, bina sakinlərinə inzibatikommunal,idarəçilik xidmətlərinin göstərilməsi üçün "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (bundan sonra "xxxx" MMMC) qeyri-kommersiya hüquqi şəxsi qurulmuşdur. Mənzil Məcəlləsinin 112.2-ci maddəsinə əsasən, "Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir.". Bu o deməkdir ki, idarəçiliklə bağlı məsələlər, o cümlədən payların sənədləşdirilməsi ilə bağlı məsələlər çoxmənzilli binanın sahə mülkiyyətçiləri, bu mülkiyyətçilərin qurduqları/təsis etdikləri müvafiq qurumlar/hüquqi şəxslər vasitəsilə həyata keçirilməlidir. "xxxx" MMMC-nin 03 may 2025-ci il tarixli protokolunda qeyd edilmişdir ki, "1. İddiaçı Nasir oğlunun (müqavilədə "Əskərov" Ramin Nasir oğlu kimi qeyd edilib, bunlar eyni şəxsdirlər) "Kənan” MTK-nın üzvü və payçısı olması təsdiq edilsin. 2. "Kənan” MTK tərəfindən payçı İddiaçı qeyri-yaşayış sahəsinin - keçmiş Nərimanov rayonu, Atatürk prospekti (İ.Dadaşov küçəsi), 1981-ci məhəllədəki 48a saylı yeraltı qaraj ünvanında (yeraltı avtodayanacaq mərtəbəsində) yerləşən 20 kv.m.-lik qarajın ayrılması, "32” nömrəli həmin qaraj sahəsinə görə onun tərəfindən pay haqqının - 9.200.000 (doqquz milyon iki yüz min manat məbləği təşkil edən pay hissəsi dəyərinin tam ödənilməsi, qarajın onun şəxsi istifadəsinə verilməsi, 24 ildir ki, buraya mübahisəsiz sahiblik etməsi, hal-hazırda da istifadə və sahibliyində olması təsdiq edilsin. 3. Maliyyə arayışı, sxem və iclas protokolundan çıxarış, elacə də müqavilənin arxivdə saxlanılan əsli İddiaçı təqdim edilsin və ona qarajın rəsmiləşdirilməsi ilə bağlı müvafıq sənədləri daşınmaz əmlakın dövlət reyestri orqanına təqdim etməsi təklif edilsin”. Mənzil Məcəlləsinin 113-cü maddəsinə əsasən, 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil- tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri- yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Göründüyü kimi, Mənzil Məcəlləsinin 113.2-ci maddəsinin məzmununa görə, nəzərdə tutulmuş pay haqqının tam şəkildə ödənilməsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Göstərilənləri əsas tutaraq, iddiaçı 2025-ci ilin may ayının 14-də poçt vasitəsilə 1 saylı Bakı Ərazi İdarəsinə yazılı ərizələrlə müraciət edərək, sahiblik və istifadəsində olan, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 20 kv.m. ölçülü 32 nömrəli qaraj qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, ona müvafiq çıxarış və texniki pasport verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bir aydan çox vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı cavab verilməmişdir. Hazırda iddiaçı cavabdehin hərəkətsizliyi, hüququnun tanınmaması və müvafiq şəkildə qeydiyyata alınmaması üzündən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********55 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş istismara qəbul aktında sifarişçi kimi "xxxx" MTK göstərilsə də, maliyyə arayışı, müqavilə və protokoldan çıxarış "xxxx" MMMC tərəfindən verilmiş, qeyd olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının idarəetməsinin "xxxx" MTK-dan "xxxx" MMMC-yə keçidi ilə bağlı sənəd təqdim edilməmişdir. Bundan başqa, qeyri-yaşayış sahəsinin faktiki ölçüsü 18.8 kv.m-dir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Üçüncü şəxs "xxxx" MMMC tərəfindən məhkəməyə təqdim edilmiş yazılı vəsatətdə bildirilmişdir ki, iddiaçının qeydiyyatını istədiyi obyekt ünvan 1 ünvanında inşa olunmuş yaşayış kompleksinin həyətində yerləşən keçmiş Nərimanov rayonu, Atatürk prospekti(İ.Dadaşov küçəsi), 1981-ci məhəllədəki 48a saylı yeraltı qaraj ünvanındakı(yera//z avtodayanacaq mərtəbəsində) 20 kv.m. ölçülü 32 nömrəli qaraj qeyriyaşayış sahəsidir. Qaraj 2001-ci ildən onun sahibliyində və qanuni istifadəsindədir. Bildirilir ki, Bakı şəhəri, Nərimanov rayonu,İ.Dadaşov küçəsi(keçmiş Atatürk prospekti, 1981-ci məhəllə), 48a ünvanında yerləşən yeraltı qaraj kompleksinin (yeraltı avtodayanacaq tikilisinin) inşası 1999-2002-ci il tarixlərində koopertiv yaşayış/yeyri-yaşayış tikintisi qaydasında "Kənan” MTK tərəfindən aparılmışdır. Tikilinin inşası Bakı ŞİH başçısının xx.xx.2021-ci il tarixli 4-3186/17 N-li məktubu ilə razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 350 saylı sərəncamı ilə təsdiq edilmiş xx.xx.2002-ci il tarixli "Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının Aktı" ilə 48a saylı yeraltı qaraj(yeraltı avtodayanacaq tikilisi) istismara yararlı hesab edilmiş və istifadəyə verilmişdir. Mənzil Məcəlləsinin normalarına əsasına 2019-cu il tarixində "Kənan” MTK ləğv olunmuş və bunun bazasında binanın,eləcə də yeraltı qaraj kompleksinin istismarı, idarə edilməsi üçün və binaya xidmət edilməsi üçün eyni ünvanda “ünvan 7leksinin (yeraltı avtodayanacaq tikilisi) tərkib hissəsi olan 32 nömrəli, 20 kv.m ölçülü qaraj hissəi (qeyri-yaşayış sahəsi) İddiaçı məxsusdur. O, MTK-nın üzvü olmuşdur. Həmin qaraj hissəsinin payın verildiyi zamanın kursu ilə 9.200.000 (doqquz milyon iki yüz min) manat məbləği təşkil edən pay hissəsi dəyəri İddiaçı tərəfindən tam olaraq ödənilmişdir və onun "xxxx" MTK-ya borcu olmamışdır. Həmçinin, "xxxx" Mənzil-Tikinti Kooperativi Nərimanov rayonu, İ.Dadaşov küçəsində yerləşən, kompleks şəklində olan 48 və 50 saylı binaların tikintisini həyata keçirmək üçün qurulmuşdu. 2002-ci il tarixdə bina istismara verildikdən və sakinlər tərəfindən binanın tərkib hissələri olan mənzillər və qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqları əldə edildikdən sonra MTK faktiki olaraq öz fəaliyyətini başa vurmuşdu. Həmin tarixdən MTK yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi mülkiyyətində olan əmlakın idarə edilməsini, istismarını, bu əmlaka sahibliyin və ondan istifadənin təmin edilməsini həyata keçirirdi. 2020-ci ilin may ayının 6-da "xxxx" MTK rəsmi qaydada ləğv edilmiş, onun mövcudluğuna və fəaliyyətinə xitam verilmişdir. Nərimanov rayonu, İ.Dadaşov küçəsində yerləşən 48 və 50 saylı çoxmənzilli yaşayış binası kompleksi sakinlərinin bina kompleksinu birgə idarə etmək və birgə idarəçilikdən irəli gələn məsələlərin birgə operativ həlli, bina sakinlərinə inzibati-kommunal, idarəçilik xidmətlərinin göstərilməsi üçün "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (bundan sonra "xxxx" MMMC) qeyri-kommersiya hüquqi şəxsi qurulmuşdur. Mənzil Məcəlləsinin 112.2,-ci maddəsinə əsasən, "Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir.". Bu, o deməkdir ki, idarəçiliklə bağlı məsələlər,o cümlədən payların sənədləşdirilməsi ilə bağlı məsələlər çoxmənzilli binanın sahə mülkiyyətçiləri, bu mülkiyyətçilərin qurduqlan/təsis etdikləri müvafiq qurumlar/hüquqi şəxslər vasitəsilə həyata keçirilməlidir. Bununla bağlı olaraq, məsələyə "xxxx" MMMC-nin 03 may 2025-ci il tarixli iclasında baxılmış və aparılmış müzakirə nəticəsində qəbul edilmiş qərar müvafiq protokolla sənədləşdirilmiş, MMMC-nin adından İddiaçı maliyyə arayışı, sxem və iclas protokolundan çıxarış, eləcə də müqavilənin arxivdə saxlanılan əsli, həmçinin protokolun surəti təqdim edilmişdir və məlumata görə bu sənədlər də onun tərəfindən məhkəməyə təqdim edilmişdir. İşdə iştirakçı olan "xxxx" MMMC adından bildirilir ki, iddia tələbinin təmin edilməsinə etiraz edilmir. İddiaçı tərəf cavabdehin etirazına münasibətdə bildirmişdir ki, işdə iştirak edən 3-cü şəxs "xxxx" MMMC məhkəməyə yazılı müraciət edərək bildirmişdir ki, sözgedən qeyriyaşayış sahəsinin aidiyyəti inzibati orqanda – 1 saylı Bakı Ərazi İdarəsində iddiaçının adına rəsmiləşdirilməsinə və qeydiyyatının aparılmasına, həmçinin iddianın təmin olunmaqla hüququnun məhkəmə qaydasında tanınmasına etiraz etmir. İddiaçı qeyd edir ki, cavabdeh orqan müraciətini bir ay müddətində cavablandırmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etdikdən sonra ünvanına cavabdeh orqandan hüquqlarının qeydiyyatından imtinaya dair xx.xx.2025-ci il tarixli yazılı bildiriş daxil olmuşdur. Yazılı imtina bildirişinin dəlilləri ilə razı deyil, bu səbəbdən imtinanın dəlillərinin təkzibi ilə bağlı məhkəməyə yazılı etiraz təqdim etmək qərarına gəlmişdir. Cavabdeh orqan imtina bildirişində imtinanın dəlili olaraq qeyd etmişdir ki, “...təqdim edilmiş istismara qəbul aktında sifarişçi kimi "xxxx" MTK göstərilsə də, maliyyə arayışı, müqavilə və protokoldan çıxarış "xxxx" MMMC tərəfindən verilmiş, qeyd olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının idarəetməsinin "xxxx" MTK-dan "xxxx" MMMC-yə keçidi ilə bağlı sənəd təqdim edilməmişdir.” Bildirilir ki, qonşuluqda yerləşən, eyni hüquqi sənədlərə malik qaraj sahiblərinin hüquqlarının qeydiyyatı ilə bağlı artıq örnək hüquqi sənəd kimi istinad oluna biləcək məhkəmə qərarları vardır və bu qərarlar əsasında vahid inzibati təcrübə yaranmışdır. Belə ki, X1 oxşar iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3522/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 48A, zirzəmi mərtəbəsində (yeraltı avtodayanacaq tikilisində) yerləşən 23 kv. metr ölçülü 11 saylı qeyri- yaşayış sahəsinin (qaraj) uzərində Ağayev Səttar İslam oğlunun mülkiyyət huququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh orqan həmin qərardan şikayət etməmiş, qərar qüvvəyə minmiş və icra olunmuşdur. Eləcə də, qonşuluqda yaşayan X2 da qarajının qeydiyyatının aparılması ilə bağlı iddia tələbi üzrə oxşar məhkəmə aktı vardır. Cavabdeh orqan həmin qərardan da şikayət etməmiş, qərar qüvvəyə minmiş və icra olunmuşdur. Həmçinin, X3 oxşar iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-7719/2025 nömrəli qərarı ilə də iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev/bina ünvanında yerləşən 22 nömrəli qaraj (qeyri- yaşayış sahəsi) üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçı X7 oğlunun adına qeydiyyatının aparılması, bununla bağlı çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh orqan həmin qərardan da şikayət etməmiş, qərar qüvvəyə minmiş və icra mərhələsindədir. Göründüyü kimi eyni faktiki hallarla malik oxşar işlər üzrə artıq qəbul olunmuş və qüvvəyə minmiş məhkəmə qərarları vardır, bu qərarlar əsasında vahid inzibati praktika yaranmışdır. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1862/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)- 1842/2023 nömrəli, vahid məhkəmə təcrübəsini müəyyən edən qərarları içərisində olan 2- 1(102)-472/2023 nömrəli qərarlarında etimad hüququnun qorunması və bərabərlik prinsiplərinin tətbiqi baxımdan eyni hüquqi mövqe göstərilmişdir. İddiaçı hesab edir ki, eyni bina kompleksində yaşayan bəzi şəxslərə qaraj qeyri-yaşayış sahələri ilə bağlı çıxarış və texniki sənəd verilib digərlərinə verilməməsi bərabərlik hüququnun pozulmasıdır. Bu isə, həm Konstitusiyaya, həm mülki qanunvericiliyə və inzibati icraat haqqında qanunun normalarına, qanunvericiliklə müəyyən edilmiş bərabərlik prinsipinə, eləcə də vahid məhkəmə təcrübəsi ilə müəyyən edilmiş hüquqi mövqelərə ziddir. Yuxarıda göstərilənləri əsas tutaraq, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. İddianın əsaslılığı: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -"xxxx" MTK (podratçı) ilə X4 (sifarişçi) arasında bağlanmış, xx.xx.2001-ci il tarixli, 33 №-li müqavilənin surətindən görünür ki, sifarişçi podratçının Bakı şəhəri, Nərimanov rayonu ərazisində Atatürk pr., 1981-ci məhəllədə tikəcəyi kooperativ yaşayış binasından qaraj almaq üçün MTK-ya müraciət edir və tərəflər arasında müqavilə bağlanır, sifarişçi MTK-nın tikəcəyi yaşayış binasından alacağı qarajın ümumi dəyərinin Kooperativin Nizamnaməsinə uyğun və kooperativ üzvlərinin xx.xx.1999-cu il tarixli ümumi yığıncağının Qərarına əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 10-cu bəndinə əsasən qarajın ilkin dəyəri ******* (doqquz milyon iki yüz min) manat və ya 100 (bir yüz) ABŞ dolları müəyyən edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 350 saylı sərəncamı ilə təsdiq olunan xx.xx.2002-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktından görünür ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi (Atatürk pr.), 1981-ci məhəlləsindəki 48a saylı yeraltı qaraj və sağlamlıq mərkəzi binası istismara qəbul edilmişdir. -"xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis yığıncağının xx.xx.2018-ci il tarixli qərarı ilə "xxxx" MMMC təsis edilmiş, cəmiyyətin hüquqi ünvanı ünvan 10ənan” MTK-nın təsisçilərinin xx.xx.2019-cu il tarixli qərarı ilə Kooperativ ləğv edilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınaraq, 1119-MM6-0111 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. -"xxxx" MMMC üzvlərinin ümumi iclasının xx.xx.2025-ci il tarixli, 01/25 №-li protokolundan çıxarışa əsasən, İddiaçı (müqavilədə “Əskərov” Ramin Nəsir oğlu kimi qeyd edilib, bunlar eyni şəxslərdir) "xxxx" MTK-nın üzvü və payçısı olması, eyni zamanda, "xxxx" MTK tərəfindən payçı İddiaçı qeyri-yaşayış sahəsinin – keçmiş Nərimanov rayonu, Atatürk pr. (İ.Dadaşov küçəsi), 1981-ci məhəllədəki 48a saylı yeraltı qaraj ünvanında (yeraltı avtodayanacaq mərtəbəsində) yerləşən 20 kv.m-lik qarajın ayrılması, 32 nömrəli həmin qaraj sahəsinə görə onun tərəfindən pay haqqının – 9.200.000 manat məbləği təşkil edən pay hissəsi dəyərinin tam ödənilməsi, qarajın onun şəxsi istifadəsinə verilməsi, 24 ildir ki, buraya mübahisəsiz sahiblik etməsi, hal-hazırda da istifadə və sahibliyində olması təsdiq edilmişdir. -"xxxx" MMMC tərəfindən təsdiqlənmiş maliyyə arayışından görünür ki, İddiaçı ünvan 11 ünvanında yerləşən yeraltı qaraj kompleksinin 32 nömrəli, 20 kv.m hissəsinin payın verildiyi zamanın kursu ilə məbləği 9.200.000 manat təşkil etmiş, İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir, borcu yoxdur. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 350 saylı sərəncamı ilə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. -Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil Tikinti Kooperativi xx.xx.2020-ci il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından görünür ki, iddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən ünvan 12 ünvanında yerləşən 32 nömrəli qaraj iddiaçıya ayrılmış, sonuncu tərəfindən pay haqqı tam ödənilmiş və sahə 2001-ci ildən etibarən onun mübahisəsiz istifadəsində olmuşdur. "xxxx" MTK-nın ləğvindən sonra obyektin idarə edilməsi "xxxx" MMMC tərəfindən həyata keçirilmişdir. İddiaçı həmin qaraj üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin imtina cavabı almışdır. Cavabdehin imtina dəlilləri belə olmuşdur ki, təqdim edilmiş istismara qəbul aktında sifarişçi kimi "xxxx" MTK göstərilsə də, maliyyə arayışı, müqavilə və protokoldan çıxarış "xxxx" MMMC tərəfindən verilmiş, qeyd olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının idarəetməsinin "xxxx" MTK-dan "xxxx" MMMC-yə keçidi ilə bağlı sənəd təqdim edilməmişdir. Bundan başqa, qeyri-yaşayış sahəsinin faktiki ölçüsü 18.8 kv.m-dir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -8.0.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); -8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: -8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; -8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüququ münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatı həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yeni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113.1-ci madəsinə əsasən mənziltikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Sadalanan normaları hazırkı mübahisəyə tətbiq edərək məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli sahəyə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və imtina edilməsi əsasları qanunvericilikdə konkret göstərilmişdir. Hazırkı iş üzrə bağlanmış xx.xx.2001-ci il tarixli, 33 №-li müqavilə tərəflərin necə adlandırmasından asılı olmayaraq hüquqi təbiətinə görə podrat müqaviləsidir. İddiaçı həmin müqavilə üzrə müvafiq qeyriyaşayış sahəsinin hissəsinin pay haqqını tam şəkildə ödəmiş, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın tikintisi başa çatdırılmış və istismarına icazə verilmişdir. Həmin müqavilə hazırda da ləğv edilmədiyindən, etibarsız sayılmadığından qüvvədədir və bu inzibati işdə mötəbər sübut qismində qiymətləndirilir. Qeyd olunanlara əsasən, iddiaçı Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən əmlaka mülkiyyət hüququ əldə etmişdir. Odur ki, Mülki Məcəlləsinin 139-1 maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən həmin hüquq qeydiyyata alınmalıdır. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə qeyd edir ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan qeyri-yaşayış sahəsinin (qarajın) yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin hansı şəxsin ("xxxx" MTK, yaxud "xxxx" MMMC) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, iddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasını təsdiq edən sənəd qismində həm "xxxx" MTK ilə bağlanmış xx.xx.2001-ci il tarixli müqaviləni, həmçinin "xxxx" MTK-nın ləğvindən sonra binanın idarəçiliyi ilə bağlı səlahiyyətli olan "xxxx" MMMC tərəfindən verilmiş maliyyə arayışı, protokoldan çıxarışı təqdim etmişdir ki, bu sənədlərin hər biri iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsasdır. Cavabdehin ikinci dəlilinə münasibətdə qeyd edilir ki, məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndə-vəkili qeyri-yaşayış sahəsinin faktiki ölçüsü - 18.8 kv.m üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, müvafiq çıxarış və texniki pasportun verilməsinə etiraz etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı hazırkı iş üzrə iddiaçının mübahisəli qeyriyaşayış sahəsinə (qaraja) dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Məhkəmə onu da zəruri hesab edir ki, iddia olunan qaraj sahəsi ilə eyni ünvanda yerləşən və eyni MTK və MMMC tərəfindən verilmiş sənədlər əsasında formalaşmış digər qaraj sahələri cavabdeh tərəfindən ayrı-ayrı şəxslərin adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. Bu hal isə iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qeyd edilməlidir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası qanunazidd sayılmalı və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən, sahəsi 18.8 kv.metr olan 32 nömrəli qaraj sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar