Məhkəmə qərarları › İş №2-1(112)-12098/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12098/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12098/2025 25.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş X4 İdarəsi və Bakı şəhər Baş Polis İdarəsinə qarşı "arayışın verilməsi" iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzərinə 1990-1992- ci illərdə döyüş bölgəsinə ezam olunmağı və faktiki olaraq Şuşa və Laçın istiqamətlərində döyüş əməliyyatlarında iştirak etməyi barədə rəsmi arayış təqdim etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edlmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı, 1990-1992- ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsində xidmət edib. Həmin müddət ərzində dövlətin tapşırığı ilə döyüş bölgəsinə ezam edilmiş, Şuşa və Laçın istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Hazırda onun döyüşlərdə iştirak etməyi ilə bağlı arayış və ya təsdiqedici sənəd tələb olunduqda, aidiyyəti üzrə Daxili İşlər Nazirliyinin müvafiq qurumlarında bu bairədə heç bir məlumatın mövcud olmadığı bildirildi. Halbuki həmin dövürdə mənimlə birlikdə eyni istiqamətlərə ezam edilmiş xidmət yoldaşları olmuş və onlar bu faktı şahidliklə təsdiqləyə bilərlər. Bildirilmişdir ki, bu bölgələrdə döyüş əməliyyatlarında faktiki iştirak etmişdir. Bu ezamiyyə və iştirakım rəsmi qaydada sənətləşdirilməli olsa da, bu günə qədər Daxili İşlər Nazirliyinin arxiv və müvafiq qurumları tərəfindən bu barədə sənəd təqdim olunmur. Sorğular əsasında bildirilir ki, sistemdə və ya arxivdə onun döyüş bölgəsinə ezam olunmağı barədə məlumat yoxdur. Halbuki həmin dövürdə onunla eyni xidmətdə olmuş bir neçə şəxsin bu ezamiyyətdə iştirak etməsi və döyüş bölgələrində fəaliyyət göstərməsi faktı təsdiqləyə bilər. Halbuki bu xidmət və iştirakı ona müəyyən hüquqlar verir, o cümlədən, "Veteranlar haqqında"Azərbaycan Respublikası Qanununa əsasən döyüş iştirakçısı statusunun tanınması və digər sosial təminatlar. Mövcud hüququnu sübut edən təminatdır. Mövcud hüququnu sübut edən arayışın təqdim olunmaması onun bu hüquqlardan istifadəsinə mane olmur, bu isə Konstitusiya ilə təsbit olunmuş əsas hüquqlarının pozulması deməkdir.

3. Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1991, 1992,1993-cü illərdə döyüş bölgəsinə ezam olunmağına dair müvafiq sənədlərin təqdim edilməsi barədə ünvanladığı müraciətə baxılmışdır. Bildirilmişdir ki, qaldırdığı məsələ ilə bağlı DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmiş sorğuya cavab olaraq və arxiv şəxsi işinə keçirilmiş, baxış zamanı döyüş bölgəsinə ezam olunmağı barədə hər hansı bir sənəd aşkar edilməmişdir.

4. Məhkəmə iclasında tərəflər iştirak etməmişdir.

II. İddianın mümkünlüyü

5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş (Əlavə 1) Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında ƏSASNAMƏ:

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin ikinci-səkkizinci abzaslarında qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

7. Məhkəmə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, hazırkı iddia tələbi arayışın verilməsi ilə bağlıdır, iddiaçının hüquqi marağı “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi ilə bağlıdır

8. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, İddiaçı tərəfindən “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq orqana hər hansı rəsmi müraciət edilməsinə dair sübutlar mövcud deyil. Bu səbəbdən məhkəmə belə bir müraciətin olmamasını nəzərə alaraq əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilərək iddia tələbinin dəqiqləşdirilməsi üçün hüquqi yardım göstərilməsinə ehtiyac olmadığını hesab edir və prosessual qənaət prinsipinə əsaslanaraq bu istiqamətdə əlavə prosessual hərəkətlərin aparılmasını məqsədəuyğun saymır.

9. Odur ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi olaraq inzibati orqana (Müdafiə Nazirliyinə) “müharibə veteranı adı və vəsiqəsi” verilməsi üçün müraciət etməlidir.

10. Lakin istənilən halda məhkəmə hesab edir ki, hazırki iddia üzrə cavabdeh qurum iddiaçının vətəndaş müraciətini cavabsız qoymamış və müraciətini cavablandıraraq qaldırdığı məsələ ilə bağlı DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmiş sorğuya cavab olaraq və arxiv şəxsi işinə keçirilmiş, baxış zamanı döyüş bölgəsinə ezam olunmağı barədə hər hansı bir sənəd aşkar edilmədiyini bildirmişdir. Odur ki, iddiaçının qanunla qorunan maraqlarına cavabdeh qurum tərəfindən hər hansı müdaxilənin mövcudluğu əsaslandırılmamışdır.

11. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia tələbi üzrə iddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

13. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar