Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-121/2022 29.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçı Allahverdiyev İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Allahverdiyev İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Allahverdiyev İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Akademiyanın Şərəf Məhkəməsinin çıxardığı 11 yanvar 2018-ci il tarixli qərarı və onun əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən xidmətdən ehtiyata buraxılması haqqında 19 fevral 2018-ci il tarixli 0274/ş saylı əmrin, qeyri-qanuni və qərəzli olduğu üçün ləğv edilməsi, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “f” bəndinə əsasən (öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrindən təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) tərxis olunması üçün zabit kimi xidmətinin 10 ilinin tamam olması üçün çatışmayan 4 ay 20 günün bərpa olunması və öz ərizəsi ilə xidmətdən tərxis olunmasının təmin edilməsi ilə pozulmuş hüquqlarının bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Akademiyanın Şərəf Məhkəməsinin çıxardığı 11 yanvar 2018-ci il tarixli qərarı və onun əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən xidmətdən ehtiyata buraxılması haqqında 19 fevral 2018-ci il tarixli 0274/ş saylı əmrin, qeyri-qanuni və qərəzli olduğu üçün ləğv edilməsi və tutduğu vəzifəyə işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Allahverdiyev İddiaçı izahatında bildirdi ki, o, əmək fəaliyyətinə 2001-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müəllim kimi başlamışdır. Ali təhsillidir. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və X8 Siyasətin Fəlsəfəsi şöbəsinin dissertantıdır, ailəlidir, 2 azyaşlı övladı var. O, 2004-2006-cı illərdə zabit kimi cəbhə bölgəsində, düşmənlə bilavasitə təmas xəttində (Tərtər rayonunda yerləşən N saylı hərbi hissə) hərbi xidmətdə olmuşdur. 2006-2010-cu illərdə yenidən Ali Hərbi Məktəbdə müəllim kimi işini davam etdirmişdir. 2010-cu ildə o, Cavabdeh Akademiyasında Tədris şöbəsinin Metodiki bölməsinə böyük metodist hərbi vəzifəsinə zabit təyin edilmişdir. Eyni zamanda Akademiyada Konstitusiya və Hüququn əsasları, Peşə Etikası fənlərini saathesabı tədris etmiş, 2012-2015-ci illərdə X6 Elmi katib vəzifəsini də icra etmişdir. O, xidmət zamanı göstərdiyi nailiyyətlərə görə 2014-cü ildə işlədiyi şöbədə, bölmə rəisi vəzifəsinə irəli çəkilmişdir. Adlarını çəkdiyi bu ali təhsil müəsissələrində tədris prosesində təhsilin Baloniya və Avropa kredit sisteminə transfer prinsiplərinin Azərbaycan təhsilində kosmetik deyil, fundamental tətbiq olunmasını əsas götürmüşdür. Kredit sisteminin müasir təlim metodlarının tətbiqi ilə bağlı təqdimatlar hazırlamışdır. Xüsusi təyinatlı təhsil müəsisələrindəki təlim-tədrisin demokratiya, humanizm, fərdi yanaşma prinsiplərinə və kursantların şəxsiyyətinə hörmət meyarlarının əsas götürülməsinin vacib olduğunu təbliğ etmişdir. Gələcəkdə məmur olacaq tələbə və kursantlara hər zaman insan hüquqlarının qorunması prinsiplərini təbliğ etmiş və bu sahədə onları daim maarifləndirmişdir. Amma buna görə o, hər zaman rəhbərlik tərəfindən təzyiqlərə məruz qalmışdır. Onun 2010-cu ildən 2018-ci ilədək xidmət etdiyi dövrdə heç bir nöqsanı və qüsuru olmamışdır. Hər zaman nümunəvi zabit olmuşdur. Elmə olan marağına görə AMEA-nın Dokturanturasında müsabiqəyə təqdim etmək üçün ona Akademiya rəhbərliyi tərəfindən müsbət xasiyyətnamə də verilmişdir. Cavabdehndən ilk zabit olaraq “Hərbi Bilik” jurnalında (2016-6 sayı) “Azərbaycan Respublikasının Hərbi strategiyası və Milli təhlükəsizliyin təmin edilməsinin siyasi məsələləri” adlı məqaləsi dərc olunmuşdur. Bundan əlavə o, 7 elmi məqalə, 1 kitab və 1 proqram müəllifidir. Onun zabit kimi xidmət etdiyi 9 il 6 ay (1 il 6 ay 26 gün düşmənlə bilavasitə təmas xəttində, Tərtər rayonu N saylı hərbi hissəsi, N il N gün Cavabdeh Akademiyası) müddətində hər zaman məsuliyyətli olmuş, verilmiş əmr və göstərişləri sözsüz, müzakirəsiz və vaxtından əvvəl yerinə yetirmişdir. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə işlədiyi, düşmənlə bilavasitə təmas xəttində olduğu, həmçinin FHN-nin Akademiyasında xidmət etdiyi hər zaman tabeçiliyində olanlara qarşı hərbi intizamın tələblərinə ciddi riayət etmiş, bununla yanaşı, gündəlik xidmətində hərbi qulluqçuların şəxsiyyətinə hörmət, qayğı və humanizm prinsiplərini daim üstün tutmuşdur. Onun 2018-ci ilin oktyabr-noyabr aylarında səhhəti ilə ciddi problemlər yaranmağa başlamışdır. Bununla bağlı dəfələrlə evə təcili-tibbi yardım çağırılmışdır. O, Akademiya rəhbərliyinə bu barədə dəfələrlə müraciət etsə də, ona FHN-nin Tibb mərkəzində müayinədən keçmək üçün göndəriş verilməmişdir. Akademiya rəhbərliyi tərəfindən ona qarşı olan bu münasibət ona çox pis təsir göstərmiş, onu sarsıtmışdır, dekabr ayının 12-si və dekabr ayının 25-i tarixlərində 2 dəfə ardıcıl töhmətlər verilmişdir. Bu barədə o, sonradan xəbər tutmuşdur. Araşdırma və izahat töhmətlərdən 1 ay sonra aparılmışdır. Ondan bir neçə gün işə gəlməməsi ilə bağlı 10 fevral 2010-cu ildə izahat alınmışdır. İzahatda səhhətində problem olduğu üçün nə yazdığının fərqinə varmamışdır. O, izahatı təsir altında yazmışdır. Bu izahatda da ən çox guya onun intizamsız olması qabardılmışdır. Daha sonra onun xidmətdən uzaqlaşdırılması ilə bağlı tabeçiliyində olduğu Akademiyanın Tədris şöbəsinin rəisi tərəfindən Şərəf məhkəməsinə verilməsi üçün təcili olaraq Akademiyanın yuxarı rəhbərliyinə təqdimat verilmişdir. Həmin vaxt o, rəhbərliyə bildirmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “f” bəndinə əsasən (Öz arzusu ilə yalnız zabit heyəti vəzifələrindən təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) onun zabit kimi 10 il xidmətinin tamam olmasına 4-5 ay vaxt qalır. O, 4-5 aydan sonra özü ərizə yazıb ehtiyata tərxis ola bilər və xahiş etmişdir ki, buna görə onun əziyyətlə xidmət etdiyi bu qədər illəri ləkələməsinlər. Lakin onlar onun sözlərinə məhəl qoymamışlar. Həmin ərəfədə o, psixoloji gərgin vəziyyətdə idi. Öncə qeyd etdiyi kimi səhhətində problemlər var idi. Əsəb sarsıntısı keçirmişdir. Nəhayət 11 yanvar 2018-ci il tarixdə həmin dövrə qədər Akademiyada heç vaxt mövcud olmayan Şərəf Məhkəməsi tələsik yaradılmışdır. Həmin gün də onun məsələsi məhkəməyə çıxardılmışdır. Məhkəmədə əsəbləri yerində deyildi. O, məhkəmədəki çıxışlar və çıxarılan qərardan heç bir şey anlamamışdır. Həmin ərəfələrdə onun səhhətinə görə evə X11 gəlmişdir. Xüsusi təyinatlı hərbi təhsil müəsisəsi olan Cavabdeh Akademiyasının keçmiş rəisinin göstərişlərini yerinə yetirən Şərəf Məhkəməsinin qeyri-qanuni və ədalətsiz qərarı əsasında onun xidmətdən “xidməti uyğunsuzluqla” ehtiyata tərxis olunması nəticəsində hüquqları kobudcasına pozulmuşdur. Buna əsas olaraq onun bir neçə gün işə gəlməməsinin səbəbi fevral ayının 10-da araşdırılmışdır. Birinci töhmət isə ona 12 dekabr 2017-ci il tarixində intizam qaydasında verilmişdir. Bundan əvvəl ona heç bir şifahi və yazılı xəbərdarlıq olunmamışdır. Lakin onun hərbi qulluqçu kimi Şərəf Məhkəməsinə çıxarılması üçün bu, kifayət etmədiyindən xidməti vərəqəsinə töhmətləri saxta olaraq yazaraq əlavə etmişlər. Belə ki, 12 dekabr 2017-ci il (xidmətə vaxtında çıxmamağa görə) və 25 dekabr 2017-ci il tarixlərində (Funksional vəzifələrinin icrasına məsuliyyətsiz yanaşdığına görə) xidməti vərəqəsində sonradan qeyriqanuni yazılan, guya ona verilmiş töhmət və şiddətli töhmətlərlə bağlı Akademiyada heç bir təqrir və raport olmayıb. Hər iki töhmətlə bağlı heç bir araşdırma da aparılmamış, heç kim tərəfindən izahat vermək üçün çağırılmamışdır, onun yazılı izahatı da yoxdur. Ona göstərilən tarixlərdə nə şifahi, nə də yazılı şəkildə töhmət elan olunmamış və heç bir əmrlə tanış olub imzalamamışdır. Onun xidməti vərəqəsində qeyd edilən töhmətlərin heç birində şifahi sözü də qeyd edilməmişdir. Onun psixoloji gərginliyindən məharətlə istifadə edərək barəsində intizamsızlıq və işə məsuliyyətsizlik motivində yazılan təqdimatı, məsələ kimi Şərəf Məhkəməsinə çıxararaq müzakirə etmişlər və qərara alınmışdır ki, onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (Xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması ilə bağlı yuxarı rəhbərliyə təqdimat göndərilsin. O, buna etiraz etsə də, Şərəf Məhkəməsinin qərarına əsasən hazırlanmış təqdimat Nazirliyə göndərilmiş və o, xidməti uyğunsuzluqla 19 fevral 2018-ci il tarixli 0274/ş saylı əmrlə ehtiyata buraxılmışdır. Akademiya rəisinin müavininin rəhbərliyi ilə yaradılan Şərəf Məhkəməsinin tələsik seçilən sədri də, onun birbaşa rəisi olmuşdur. Hansı ki, onun vəzifəsindən uzaqlaşdırılması barədə Akademiyanın yuxarı rəhbərliyinə təqdimat da onun tərəfindən təşəbbüs göstərilib yazılmışdır. Cavabdeh Akademiyasında yaradılan Şərəf Məhkəməsinin onun barəsində çıxardığı qeyri-qanuni və qərəzli qərarı əsas götürməklə xidməti uyğunsuzluqla xidmətdən uzaqlaşdırılması ədalətsizlikdir. Bu hal da onun hüquqlarını ciddi olaraq pozmuş, onun zabit hərbi qulluqçu və eyni zamanda müəllim kimi nüfuzuna ciddi xələl gətirmişdir. Məhz bu ciddi səbəb hazırda onun hər hansı bir təhsil müəsisəsində əmək fəaliyyəti ilə məşğul olmasına maneçilik yaratmaqdadır. O, Akademiyadakı xidmət yerinə 2 gün gəlməmişdir. Bu hal ilk dəfə baş vermişdir və üzürlü səbəbdən idi. Sonradan buna görə onun Şərəf Məhkəməsinə verilməsi və xidməti uyğunsuzluqla xidmət yerindən uzaqlaşdırılması tamamilə qanunsuzdur. Azərbaycan Respublikasının Silahlı X1 44-cü bəndində göstərilmişdir ki, “Zabitlərin, gizirlərin, miçmanların və müddətdən artıq hərbi xidmət qulluqçularının nalayiq hərəkətlərinə hərbi qulluqçuların şərəf məhkəmələrində baxıla bilər. Hərbi qulluqçuların nalayiq hərəkətlərinin şərəf məhkəmələrində baxılması haqqındakı qərar tərkibində məhkəmələr yaradılmış hissələrin (idarələrin, müəsisələrin) komandirləri (rəisləri), həmçinin onların böyük rəisləri tərəfindən qəbul edilir”. Onun hərbi qulluqçu kimi bir neçə gün xidmət yerinə gəlməməsi, hətta işinə məsuliyyətsiz yanaşması nalayiq hərəkət deyil. Təhsil müəsisəsi olan FHN Akademiyasının daxili intizam qaydalarında belə, bu, “nalayiq hərəkət”, yaxud davranış kriteriyasına aid edilməmişdir. Onun iki gün işə gəlməməsinin nalayiq hərəkət kimi qiymətləndirilməsi qanunsuzdur və onun xidməti uyğunsuzluqla tərxis edilməsi, xidmətdəki əvvəlki davranışı, nailiyyətləri, törətdiyi hərəkətin ağırlığına və təqsirinin dərəcəsinə müvafiq deyildir. 12 dekabr və 25 dekabr 2017-ci il tarixlərində ona verilmiş şiddətli töhmət intizam cəzaları saxtadır və onun xidməti vərəqəsinə sonradan əlavə edilmişdir. Bu intizam cəzası şəxsən ona nə yazılı, nə də şifahi olaraq elan edilməmişdir. Töhmət şifahi verildikdə xidməti vərəqədə şifahi olması qeyd edilməlidir. O, əmrlərlə tanış olması ilə bağlı heç bir yerə imza etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, iddiaçı son zamanlar vəzifə borclarına məsuliyyətsiz yanaşaraq bir neçə dəfə xidmətə çıxmamış, tutduğu vəzifəsinə səhlənkar yanaşmış, verilən tapşırıqları vaxtında icra etməmiş, rəhbərlik etdiyi bölmənin fəaliyyətinə zəif nəzarət etmiş, xidmətdən kənar vaxtlarda hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verərək bir neçə mülki şəxslərin etibarından istifadə edərək borc pul almış və geri qaytarmamışdır. Həmin şəxslər dəfələrlə Akademiyanın rəhbərliyinə şikayət formasında müraciət etmişlər. İddiaçıya Akademiyanın rəhbərliyi tərəfindən bir neçə dəfə xəbərdarlıq olunmuş və intizam cəzaları verilmişdir. Verilmiş intizam cəzalarından nəticə çıxarmadığına görə iddiaçının işinə şərəf məhkəməsində baxılmış və onu xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Qeyd olunanlarla əlaqədar iddiaçının izahatı alınmış, daha sonra isə iddiaçının xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə təqdimat verilmişdir. Azərbaycan Respublikası Cavabdeh 19.02.2018-ci il tarixli 0274/ş nömrəli əmrinə əsasən isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə əsasən iddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmr qanuni və əsaslıdır və onun ləğv edilməsi tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-121/2022 saylı 29.03.2022-ci il tarixli qərardadı ilə iddiaçı Allahverdiyev İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “qərarın və əmrin ləğv edilməsi” tələbinə dair iddiası «Azərbaycan Respublikası Cavabdeh Akademiyasının Şərəf Məhkəməsinin qərarının ləğv edilməsi» hissəsində mümkün sayılmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh Akademiyasının Xidmət Vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, Allahverdiyev İddiaçı xidmətə vaxtında çıxmadığına görə 01.12.2017-ci ildə töhmət; öz funksional vəzifələrinin icrasına məsuliyyətsiz yanaşdığına görə 25.12.2017-ci ildə şiddətli töhmət elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 30.03.2018-ci il tarixli və Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun 24.05.2018-ci il tarixli məktublarının surətindən görünür ki, Allahverdiyev İddiaçı barəsində ayrı-ayrı şəxslərin şikayət ərizələri üzrə araşdırmalar aparılır. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğu Bakı Hərbi Prokurorluğu tərəfindən Cavabdeh Akademiyasının rəisinə ünvanlanmış 21.11.2018-ci il tarixli təqdimatdan görünür ki, törətdiyi cinayət əməlinə görə Cavabdeh sabiq hərbi qulluqçusu mayor Allahverdiyev İddiaçı Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə ittiham elan olunaraq barəsində olan cinayət işinin istintanqı tamamlanmaqla baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Akademiyada baş zabitlərin şərəf məhkəməsinin 11.01.2018-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Mayor İddiaçı X2 şöbəsinin Metodiki bölməsinin rəisi vəzifəsinə 2010-cü ildən təyin edilmişdir. Xidməti fəaliyyətinin əvvəlki mərhələsində yüksək səviyyəli peşəkar kadr kimi özünü göstərməmiş, işinə münasibəti nisbətən zəif olmuşdur. Xidmət etdiyi dövrdə Metodiki bölmənin fəaliyyətinə rəhbərlikdə zəiflik göstərmiş, bir çox hallarda bölmənin fəaliyyəti ilə bağlı ona verilən bəzi tapşırıqlar tələb olunan səviyyədə icra olunmadığından, həmin tapşırıqların tamamlanması daha hazırlıqlı digər əməkdaşlara yenidən həvalə olunmuşdur. Fəaliyyətində dönüş yaratması barədə ona bir neçə dəfə irad və xəbərdarlıqlar edilmişdir. Qeyd olunanlardan fərqli olaraq son dövrlərdə isə onun xidmətə münasibəti daha da zəifdir, işinə səhlənkar yanaşır, bir sıra hallarda müxtəlif səbəblər göstərməklə işdən yayınır. Mayor İddiaçı Allahverdiyevin son dövrlərdə xidmətə münasibəti onun gələcəkdə fəaliyyətinin davam etdirməsinə zəmanət verməyə imkan vermir. Həmin qərar ilə Akademiyanın Tədris şöbəsinin Metodiki bölməsinin rəisi mayor İddiaçı Allahverdiyevin xidməti vəzifələrini yerinə yetirməsinə laqeyid yanaşmasını, son zamanlar xidmətə çıxmamasını, Metodiki bölmənin işinin zəif təşkil olunmasını, gələcək perspektivinin olmadığını və özünün şəxsi keyfiyyətlərinin qənaətbəxş olmamasını nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə (xidmət uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatətin qaldırlması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh Akademiyasının rəisinin Allahverdiyev İddiaçı barəsində 15.01.2018-ci il tarixli təqdimatının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Akademiyasının Tədris şöbəsinin Metodiki bölməsinin rəisi mayor İddiaçı Allahverdiyev "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunmuşdur. Mayor İddiaçı Allahverdiyev son zamanlar vəzifə borclarına məsuliyyətsiz yanaşaraq bir neçə dəfə xidmətə çıxmamış, tutduğu vəzifəsinə səhlənkar yanaşmış, verilən tapşırıqları vaxtında icra etməmiş, rəhbərlik etdiyi bölmənin fəaliyyətinə zəif nəzarət etmişdir. Xidmətdən kənar vaxtlarda hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verərək bir neçə mülki şəxslərin etıbarından istifadə edərək borc pul almış və geri qaytarmamışdır. Həmin şəxslər dəfələrlə Akademiyanın rəhbərliyinə şikayət formasında müraciət etmişlər. Mayor İddiaçı Allahverdiyevə Akademiyanın rəhbərliyi tərəfindən bir neçə dəfə xəbərdarlıq olunmuş və intizam cəzaları verilmişdir. Verilmiş intizam cəzalarından nəticə çıxarmadığına görə mayor İddiaçı Allahverdiyevin işinə şərəf məhkəməsində baxılmış və onu xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Göstərilənlər nəzərə alınaraq mayor İddiaçı Allahverdiyevin xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəmüvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Akademiyasının rəisi tərəfindən Azərbaycan Respublikası fövqəladə hallar nazirinə ünvanlanmış 15.01.2018-ci il tarixli 37/01-00034 nömrəli məktubun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Akademiyasının Tədris şöbəsinin Metodiki bölməsinin rəisi mayor İddiaçı Allahverdiyevin xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan xidməti xasiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1977-ci il təvəllüdlü, azərbaycanlı, ali təhsilli, evli, 2010-cu il tarixdən Cavabdeh Akademiyasında Tədris şöbəsinin Metodiki bölməsində xidmət edən mayor İddiaçı X2 şöbəsinin Metodiki bölməsinin rəisi vəzifəsinə 2014-cü ildən təyin edilmişdir. Xidməti fəaliyyətinin əvvəlki mərhələsində yüksək səviyyəli peşəkar kadr kimi özünü göstərməmiş, işinə münasibəti nisbətən zəif olmuşdur. Xidmət etdiyi dövrdə Metodiki bölmənin fəaliyyətinə rəhbərlikdə zəiflik göstərmiş, bir çox hallarda bölmənin fəaliyyəti ilə bağlı ona verilən bəzi tapşırıqlar tələb olunan səviyyədə icra olunmadığından, həmin tapşırıqların tamamlanması daha hazırlıqlı digər əməkdaşlara yenidən həvalə olunmuşdur. Fəaliyyətində dönüş yaratması barədə ona bir neçə dəfə irad və xəbərdarlıqlar edilmişdir. Qeyd olunanlardan fərqli olaraq son dövrlərdə isə onun xidmətə münasibəti daha da zəifdir, işinə səhlənkar yanaşır, bir sıra hallarda müxtəlif səbəblər göstərməklə işdən yayınır. Mayor İddiaçı Allahverdiyevin son dövrlərdə xidmətə münasibəti onun gələcəkdə fəaliyyətinin davam etdirməsinə zəmanət verməyə imkan vermir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh 19.02.2018-ci il tarixli 0274/ş nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə əsasən və “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.6-cı bəndini rəhbər tutaraq, Nazirliyin Akademiyasının Tədris şöbəsinin Metodiki bölməsinin rəisi mayor İddiaçı Allahverdiyevin xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması. qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinə göndərilməsi əmri edilmişdir. Əsas: Akademiyanın rəisi general-mayor Pənah Süleymanovun 15 yanvar 2018-ci il tarixli 37/01-00034 №-li məktubu və təqdimatı. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Allahverdiyev İddiaçı Cavabdeh Akademiyasının Tədris şöbəsinin Metodiki bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. İddiaçı vəzifə borclarına məsuliyyətsiz yanaşaraq bir neçə dəfə xidmətə çıxmamış, tutduğu vəzifəsinə səhlənkar yanaşmış, verilən tapşırıqları vaxtında icra etməmiş, rəhbərlik etdiyi bölmənin fəaliyyətinə zəif nəzarət etmiş, xidmətdən kənar vaxtlarda hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verərək bir neçə mülki şəxsdən borc pul almış və geri qaytarmamışdır, bununla əlaqədar iddiaçıya Akademiyanın rəhbərliyi tərəfindən bir neçə dəfə xəbərdarlıq edilmişdir. İddiaçıya xidmətə vaxtında çıxmadığına görə 01.12.2017-ci ildə töhmət, öz funksional vəzifələrinin icrasına məsuliyyətsiz yanaşdığına görə 25.12.2017-ci ildə şiddətli töhmət elan edilmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçının izahatı alınmış və iddiaçının xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəmüvafiq hesab edilərək Akademiyanın rəisi tərəfindən Azərbaycan Respublikası fövqəladə hallar nazirinə təqdimatla müraciət edilmiş və Azərbaycan Respublikası Cavabdeh 19.02.2018-ci il tarixli 0274/ş nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə əsasən iddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qanunvericiliyin tələblərinə əməl olunmaqla həyata keçirilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-121/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-121/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver