Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-121/2025 21.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X24 İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" İstehsalat Birliyi) qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əbilov küçəsində yerləşən 2”a” saylı fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********77 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, şəhadətnamənin elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğundan “B” yaşayış evi sənədlə sahədən kənarda qalmışdır. Həmçinin, yeni inşa edilmiş yaşayış evi qaz kəmərinin mühafizə zonasında yerləşir. Bu səbəblərdən, ərizənizin icrası mümkün olmamışdır. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən tərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" İstehsalat Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildə 0,04 ha torpaq sahəsi almışdır. Həmin torpağın mülkiyyətə verilməsinə dair fərdi yaşayış evi tikintisi təyinatlı olmaqla xx.xx.2005-ci il tarixli, JN-25759H saylı şəhadətnamə verilmişdir. Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 150 saylı sərəncamı ilə iddiaçının müraciəti əsasında ailənin əlavə mənzilə olan ehtiyacları nəzərə alınmaqla təqdim olunmuş layihəyə uyğun həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Evin təsdiq olunmuş eskiz layihəsi də ərizə ilə birlikdə icra hakimiyyətinə təqdim olunmuşdur. xx.xx.2020-ci il tarixdə cavabdehə evin texniki pasportunun tərtib edilməsi, mülkiyyətə dair dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli bildirişlə hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdehin gətirdiyi birinci dəlil ondan ibarətdir ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğundan “B” yaşayış evi sənədlə sahədən kənarda qalmışdır. Cavabdeh həmin dəlilini sübut edəcək hər hansı sənəd, CPSdən foto çıxarış və ya mütəxəssis rəyi təqdim etməmişdir. Əksinə, evin iddiaçıya məxsus olan torpağın üzərində tikilməsini təsdiq edə biləcək çoxsaylı şahidlər vardır. Belə olmadığını yoxlamaq isə cavabdeh tərəfindən mühəndis qrupu göndərməklə, yerində yoxlamaqla daha asan və dəqiq başa gələrdi. Cavabdeh isə bu tədbirləri görmədən, müraciətə başdansovdu, səhlənkar yanaşmış, əsassız imtina məktubu yazmışdır. Cavabdehin yazdığına görə inşa edilmiş yaşayış evi qaz kəmərinin mühafizə zonasında yerləşir. Cavabdeh imtina məktubunda AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.7, 2.11-ci maddələrinə istinad etmiş, ancaq, imtinaya səbəb olan və həmin qadağaların tələblərinin təsiri altına düşən halları göstərməmişdir, çünki, belə hal mövcud deyildir. İddiaçı cavabdehin bu arqumentinin əsassız olduğunu sübut edən müvafiq sənədin alınması üçün "xxxx"a müraciət etmiş, şifahi olaraq öyrənmişdir ki, ona məxsus torpaq və üzərində tikilmiş fərdi yaşayış evi mühafizə zonasından kənarda yerləşir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, şəhadətnamənin elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Buna görə də “B” yaşayış evi sənəd üzrə sahədən kənarda qalmışdır. Həmçinin, “B” yaşayış sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 304.3 kv.m, faktiki ölçüsü isə 294.7 kv.m-dir. Həmçinin, fərdi yaşayış evi qaz kəmərinin mühafizə zonasında yerləşir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-4578H kod 01000003 nömrəli şəhadətnamədən görünür ki, Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 252 saylı sərəncamı ilə 0,04 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X6 və ailə üzvləri X13, X14, X10, X17, X11, X7, X5, X3, X15, X1 mülkiyyətinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2003-cü il tarixli məktubundan görünür ki, Xətai rayonu, Əhmədli yaşayış massivi Əbilov küçəsində X16 tərəfindən tikilmiş fərdi yaşayış evinə aşağıdakı poçt ünvanı təyin edilir. Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli m-271 nömrəli sərəncamdan çıxarışın sürətindən görünür ki, Əbilov küçəsindəki 2A saylı evin X12 məxsus ümumi torpaq sahəsi 400 kv.m, yaşayış sahəsi 52,48 kv.m köməkçi sahəsi 19,0 kv.m-dən ibarət olan fərdi yaşayış evi istismara qəbul edilmiş və hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 022859 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əbilov küçəsindəki 3 otaqlı 52,5 kv.m. yaşayış sahəsi, 60,2 kv.m ümumi sahəsi olan 2A saylı fərdi yaşayış evi xx.xx.2003-cü il tarixdə X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. AN-İ serialı ******* nömrəli xx.xx.2005-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X18 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 30/3236 nömrəli arayışa əsasən 3 otaqlı, ümumi sahəsi 60,20 kv.m, yaşayış sahəsi 52,50 kv.m, köməkçi sahəsi 7,70 kv.m olan və Bakı şəhəri, Əbilov küçəsi, ev 2A-da yerləşən evini alıcı İddiaçı mülkiyyətinə vermişdir. AN-İ serialı ******* nömrəli xx.xx.2005-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X2 Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli JN-4578H, KOD 01000003 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Xətai rayonu, Əbilov küçəsi, 2 saylı evin yaxınlığında yerləşən 0,04 hektardan ibarət olan torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə vermişdir. Torpağın verilməsinə dair JN-25759H kod 01000003 nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il tarixli 4Ə-05- 891 saylı alqı-satqı müqaviləsi ilə satılmış Xətai rayonu, Əbilov küçəsi 2 saylı evin yaxınlığında yerləşən fərdi yaşayış evi tikintisi üçün 0.04 hektar torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 150 nömrəli sərəncamdan çıxarışın surətindən görünür ki, İddiaçı Əhmədli qəsəbəsi. Əbilov küçəsi, 2 a saylı ünvanda cizgidə göstərilən ərazidə xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində təqdim edilmiş layihəyə uyğun əlavə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2020-ci il tarixli müayinə aktından görünür ki, A tikilisi – 1 mərtəbəli fərdi yaşayış evinin faktiki və sənəd üzrə ümumi sahəsi 60.2 kv.metr, B tikilisi – 2 mərtəbəli+mansard fəri yaşayış evinin sənəd üzrə sahəsi 304,3 kv.metr, faktiki sahəsi 294,7 kv.metr, evlərin yerləşdiyi torpaq sahəsinin faktiki və sənəd üzrə ümumi sahəsi 400 kv.metrdir. Ərazidə icazəsiz tikililər yoxdur. Texniki pasportun baş planında göstərilən bəzi perimetrik ölçülərlə faktiki ölçülər arasında fərq mövcuddur. Baş plan faktiki torpaq sahəsinə tərtib olunmuşdur. İddiaçı hazırda bu sənədlərə istinad edərək, mülkiyyətində olan torpaq sahəsində yerləşən əlavə inşa etdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; İddiaçının mübahisəli fərdi yaşayış evini Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən) inşa etməsi, evin hündürlüyünün 12 metrədək olması və onun razılaşdırılmış layihəsinə əsasən yerli icra hakimiyyəti tərəfindən xx.xx.2014-cü ildə tikintiyə icazə verilməsi, yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması işin mübahisələndirilməyən hallarıdır. Deməli, iddiaçı Qanunun 8.0.10.2-ci maddəsinə əsasən həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən ilk olaraq, şəhadətnamənin elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olmasına, buna görə də “B” yaşayış evinin sənəd üzrə sahədən kənarda qalmasına istinad etmişdir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 400 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində iki mərtəbəli+mansardlə və birmərtəbəli yaşayış evi mövcuddur. Qeyd olunan şəhadətnamənin sənəd üzrə ölçüləri ilə mövcud konfiqurasiyada fərq var. Torpaq sahəsi ilə bağlı koordinatları əks etdirən izahlı sxem əlavə olunmuşdur, torpaq sahəsi ilə bağlı koordinatları əks etdirən izahlı sxem əlavə olunmuşdur, faktiki istifadə edilən 400,0 kv.m torpaq sahəsi ilə üzərindəki tikililər (A,B) barədə koordinatları əks etdirən sxem əlavə olunmuşdur. Qeyd olunan “B” tikilisi şəhadətnamənin sənəd üzrə yerləşməsindən kənarda qalır. Yuxarıda qeyd olunduğu kimi faktiki istifadə edilən 400,0 kv.m torpaq sahəsi ilə üzərindəki tikililər (A, B) barədə koordinatları əks etdirən sxem əlavə olunmuşdur. Qeyd olunan “B” tikilisi şəhadətnamənin sənəd üzrə yerləşməsindən kənarda qalır. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi və üzərində yerləşən bütün tikililər qaz kəmərinin mühafizə zonasında yerləşir. Həmin rəy əsas götürülməklə verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7803 nömrəli ekspert rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 400 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində iki mərtəbəli+mansardlı və birmərtəbəli yaşayış evi mövcuddur. Qeyd olunan şəhadətnamənin sənəd üzrə ölçüləri ilə mövcud konfiqurasiyada fərq var. Torpaq sahəsi ilə bağlı koordinatları əks etdirən izahlı sxem əlavə olunmuşdur, faktiki istifadə edilən 400,0 kv.m torpaq sahəsi ilə üzərindəki tikililər (A,B) barədə koordinatları əks etdirən sxem əlavə olunmuşdur. Qeyd olunan “B” tikilisi şəhadətnamənin sənəd üzrə yerləşməsindən kənarda qalır. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi və üzərində yerləşən bütün tikililər qaz kəmərinin mühafizə zonasında yerləşir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və hesab edir ki, bu hal iddaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyil. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. İstinad olunan normalardan aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə cavabdehin tabeliyində olduğu inzibati orqana tapşırılmışdır ki, hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar aradan qaldırılsın. İşdən görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ölçüsü həmin sənəd üzrə, həm də faktiki olaraq 400 kv.metr olmuş, o fərdi yaşayış evini həmin torpaqda inşa etsə də, şəhadətnamənin elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olduğundan B tikilisi sənəd üzrə sahədən kənarda qalmışdır. İşdən həmin torpaq sahəsinin başqasına məxsus olması, digər şəxsn adına qeydiyyatdan keçməsi müəyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələblərinə uyğun olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə hüquqlarını təsdiq edən sənəddə olan uyğunsuzluğu aradan qaldırmalı və iddiaçının torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüququnu qeydə almalı idi. Çünki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. İnşa edilmiş yaşayış evinin qaz kəmərinin mühafizə zonasından kənarda yerləşməsinə gəldikdə, iş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi həm hazırkı tikili, həm də mülkiyyət hüququ qeydə alınmış A tikilisi baza məlumatlarına əsasən qaz kəmərinin mühafizə zonasında yerləşir. "xxxx" ASC-nin 14-2-2/2-1081/2023 nömrəli xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan da görünür ki, Birliyin Bakı Regional Qaz İsitismarı Departamentinin əməkdaşları tərəfindən ünvan 3 ünvanında inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi əraziyə baxış keçirilmiş. Baxış zamanı həmin fərdi yaşayış evinin 1-ci və 2-ci mərtəbələri arasında L=1 metr enində beton çıxıntının və ona əlavə edilmiş L=1,5 metr enindəki çardağın alt hissəsindən Bakı Regional Qaz İstismarı Departamentinin istismarında və balansında olan diametri 89 mm olan aşağı təzyiqli, yerüstü qaz xəttinin, eləcə də çıxıntının üst hissəsindən isə tikilinin divarına bitişik diametri 108 mm və diametri 57 mm olan orta təzyiqli, yerüstü qaz xətlətinin keçdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən: 3.2. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ərazisindəki, həmçinin sənaye, kənd təsərrüfatı, kommunal və məişət istehlakçılarının qaz kəmərləri, nəql edilən qazın təzyiqindən asılı olaraq: aşağı təzyiqli (0,05 kqq/sm2-ə, yaxud 500 daPa qədər), orta təzyiqli (0,05-dən 3 kqq/sm2-ə qədər, yaxud 500 daPa-dan 0,3 Pa-ya qədər) və yüksək təzyiqli (3 kqq/sm2-dən, yaxud 0,3 Pa-dan artıq) qaz kəmərlərinə ayrılır. 3.4. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir. Məhəllələrarası (həyətlərarası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə). 3.41. Qaz kəməri ilə onun çəkildiyi divar arasındakı məsafə elə olmalıdır ki, qaz kəmərinə və onun üzərində quraşdırılan avadanlığa nəzarət etmək mümkün olsun və təmir işləri aparmağa imkan olsun. İstinad olunan normalardan görünür ki, qanunverici qaz kəmərlərinin yaşayış binalarının xarici divar boyu ilə aparılmasını qadağan etməmiş, əksinə bunu mümkün hesab etmiş, bu zaman yeganə tələb kimi quraşdırılan avadanlığa nəzarət etmək və təmir işləri aparmaq üçün məsafə saxlanılmasını müəyyən etmişdir. Həmçinin Qaydalarda yalnız boru kəmərləri və qazdoldurma stansiyalarına münasibətdə mühafizə zonası müəyyən edilmişdir. İşdən iddiaçının inşa etdiyi evin boru kəmərləri və qazdoldurma stansiyalarının mühafizə zonasında yerləşməsi müəyyən olunmur. Belə olan halda isə, məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsassız olmuşdur. Bu zaman məhkəmə onu da nəzərə alır ki, cavabdeh artıq qazın mühafizə zonasında yerləşdiyini iddia etdiyi digər tikiliyə - A tikilisinə iddiaçının mülkiyyət hüququnu qeydə almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. İddiaçı qanunvericiliklə zəruri olan hüquqmüəyyənedici sənədləri təqdim etdiyindən belə formal əsaslar onun hüquqlarının qeydə alınmasından imtina üçün əsas kimi qiymətləndirilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı ünvan 1 ünvanında yerləşən 400 kv.metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun (hüquq müəyyənedici sənədi faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-121/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-121/2025
21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver