Məhkəmə qərarları › İş №2-1(112)-1210/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1210/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1210/2021 12.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx xxxxxx 2019cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1960-cı il təvəllüdlüdür. O, əmək fəaliyyətinə 1980-ci ildən başlamış, 2016-cı ilədək müxtəlif sahələrdə çalışmışdır. O, ümumilikdə 25 ildən çox sığorta stajına malikdir. Həmçinin işlədiyi illərin 12 il 6 ayından çox hissəsini xüsusilə zərrəli və ağır olan işlərdə işləmişdir. Belə ki, onun əmək kitabçasındakı qeydlərdən də, görünür ki, o, həqiqətən xx xxxxxx 1980-ci iltarixindən xx xxxxxx 1998-ci il tarixinə qədər “Azərnəqliyyattikinti” trestinin 445 saylı tikinti idarəsində aşağıda qeyd olunan müxtəlif peşə və vəzifələr üzrə işləmişdir: xx.xx.1980-ci ildən 1-ci dərəcəli yardımçı fəhlə peşəsində, xx.xx.1983-cü ildən 2-ci dərəcəli bənna, xx.xx.1988-ci ildən usta vəzifəsində, xx.xx.1990-cı ildən iş icraçısı vəzifəsində, xx.xx.1991-ci ildən böyük iş icraçısı vəzifəsinə, xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək iş icraçısı vəzifəsində çalışmışdır. Göstərilən iş şəraitinə uyğun olaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Elə buna görə də, ona xx.xx.2017-ci ildən xüsusi şərtlərlə pensiya təyin edilərək ödənilmiş, lakin xx.xx.2019-cu il tarixdən pensiyanın ödənişi dayandırılmışdır. Bundan sonra, o, pensiyanın əsassız yerə dayandırılması və yenidən pensiya təyin edilməsi üçün DSMF-nun 1 saylı Bakı Ərazi İdarəsinə müraciətlər etmişdir. Onun müraciətlərinə sonuncu tərəfindən xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli məktublarla əsassız və qanunsuz olaraq imtina edilərək bildirilmişdir ki, onun tələb olunan iş stajı olmadığından pensiya ödənişi dayandırılmışdır. Daha sonra o, xüsusi şərtlərlə pensiyanın yenidən təyin edilərək ödənilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2020-ci il tarixli cavabla bildirilmişdir ki, Azərbaycan Respublikası ƏƏSMN Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 nömrəli Qərarı il təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Cavabdeh inzibati orqanını yuxarıda qeyd olunan cavabından sonra iddiaçı tələb olunan sənədləri iş yerinin arayışı ilə birgə İdarəyə təqdim etmişdir. Bundan sonra cavabdeh inzibati orqan xx xxx 2020-ci il tarixli, **********7 saylı məktubla bildirilmişdir ki, idarəyə təqdim edilmiş xx xxxxxx 1980-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasına əsasən “Azərnəqliyyattikinti” Trestinin 445 saylı Tikinti İdarəsində xx.xx.1983-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində bənna və usta, xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində isə baş iş icraçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifələr Siyahıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanlara əsasən güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Hesab edir ki, onun əmək kitabçasında olan qeydlərə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ olduğu üçün cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (29) bölməsində bənna briqadalarında və kompleks briqadaların xüussi bənna manqalarında daim işləyən bənnalar, tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının İdarəyə təqdim etdiyi xx xxxxxx 1980-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən “Azərnəqliyyattikinti” Trestinin 445 saylı tikinti idarəsində xx.xx.1983-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində bənna və usta, xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində isə baş iş icraçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr Siyahıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş edirəm. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə münasibətə (etiraza) uyğun izahat verərək, iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Zaqatala rayonunda anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli notarial qaydada tərcümətəsdiq edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək Sovet Ordusunda xidmət etmiş, xx.xx.1980-ci ildə “Azərbaycantransstroy” trestin SU-445 idarəsinə 31-ci dərəcəli köməkçi fəhlə kimi işə qəbul olunub, xx.xx.1983-cü ildə 2-ci dərəcəli bənna verilib, xx.xx.1988-ci ildə usta keçirilib, xx.xx.1990-cı ildə iş icraçısı keçirilib (ştat cədvəlinə müvafiq əmək haqqı ilə), xx.xx.1991-ci ildən baş iş icraçısı vəzifəsinə keçirilib, xx.xx.1993-cü ildən iş icraçısı keçirilib (ştat cədvəlinə müvafiq əmək haqqı ilə), xx.xx.1998-ci ildən işdən azad edilmiş, xx.xx.2000-ci ildə Bakı Metropoliteni İdarəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2006-cı ildə “X4” MMC-də Tikinti üzrə İş İcraçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə vəzifəsi Takelaj üzrə Supervazyer vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2008-ci ildə “xxxx” MMC-yə Takelaj üzrə Supervazyer vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2009-cu ildə “xxxx” MMCyə Takelaj üzrə Supervazyer vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2010-cu ildə Takelaj üzrə dəstə rəhbəri vəzifəsinə keçirilmiş, xx.xx.2013-cü ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2014-cü ildə “xxxx” MMC-yə Takelaj üzrə dəstə rəhbəri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2016-cı ildə “xxxx” MMC-yə Baş texniki nəzarətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı ildə əmək müqaviləsi ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********1 nömrəli bildirişdən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 9.1 və 9.8-ci maddələrinə uyğun olaraq tənzimlənir. Bu Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Siyahısı üzrə) çalışan sığortaolunan kişilər 57 (xx.xx.2017-ci ildən 60) yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda əmək şəraitinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olurlar. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaları yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Onun xx.xx.2006-cı ilədək tələb olunan azı 25 il ümumi və 12 il 6 ay zərərli iş stajı olmadığından pensiyasının ödənişi dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” imtina məktubunun surətindən görünür ki, iddiaçının xx.xx.2020-ci il tarixində daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (29) bölməsində bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar, tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyi xx xxxxxx 1980-ci il tarixli, ИТ-0581347 nömrəli əmək kitabçasına əsasən “Azərnəqliyyattikinti” Trestinin 445 saylı tikinti idarəsində xx.xx.1983-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində bənna və usta, xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində isə baş iş icraçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr Siyahıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası “xxxx” ASC 445 saylı Tikinti İdarəsi tərəfindən verilmiş 11-A nömrəli, xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən 22.12.198-ci il tarixdən xx xxxxxx 1998-ci il tarixinə qədər “Azərnəqliyyattikinti” trestinin 445 saylı tikinti idarəsində aşağıda qeyd olunan peşə və vəzifələr üzrə işləmişdir: xx.xx.1980-ci ildə bənna briqadasına 1-ci dərəcəli yardımçı fəhlə peşəsinə qəbul edilib, xx.xx.1983-cü ildə bənna briqadasına 2-ci dərəcəli bənna keçirilmiş, xx.xx.1988-ci ildə tikinti işləri üzrə usta vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı ildə tikinti işləri üzrə sahəyə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci ildə tikinti işləri üzrə sahələrə böyük iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə tikinti işləri üzrə sahəyə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Qeyd olunan peşə və vəzifələr (bənna, usta, iş icraçısı, böyük iş icraçısı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan kifayət qədər mötəbər sübutlarla müəyyən edilir ki, İddiaçı xx.xx.1980-ci ildən xx xxxxxx 1998-ci il tarixə qədər “Azərnəqliyyattikinti” trestinin 445 saylı tikinti idarəsində işlədiyi peşə və vəzifələr (bənna, usta, iş icraçısı, böyük iş icraçısı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-cii l 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxildir. Bundan əlavə onun güzəştli şərtlərlə pensiya hüququ yarandığı dövrə qədər, yəni xx.xx.2017-ci il tarixədək xüsusi iş stajı ilə yanaşı, 25 ildən çox sığorta stajı mövcud olmuşdur. Göründüyü kimi, İddiaçı xx.xx.1980-ci ildən xx xxxxxx 1998-ci il tarixə qədər “Azərnəqliyyattikinti” trestinin 445 saylı tikinti idarəsində işlədiyi peşə və vəzifələrin (bənna, usta, iş icraçısı, böyük iş icraçısı) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə və vəzifələr olması iş materialları ilə öz əksini tapdığından, bundan əlavə iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciliərin siyahısı»nda nəzərdə tutulduğu halda, həmçinin iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi əmək stajı olmasına baxmayaraq, cavabdeh əsassız olaraq, xx.xx.2017-ci il tarixdə iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması barədə qərar qəbul etmişdir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci əsasən, Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Lakin, inzibati orqan tərəfindən iddiaçının müraciəti ilə bağlı aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar iddiaçı tərəfindən təqdim edilməsinə baxmayaraq, sübutlar nəzərə alınmamış, inzibati orqan tərəfindən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin, iddiaçıya təyin edilmiş pensiyasının dayandırılması ilə müşaiyət olunan hərəkətləri əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx xxxxxx 2019-cu il tarixdən etibarən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ona xx xxxxxx 2019-cu il tarixdən pensiyanın yenidən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar