Məhkəmə qərarları › İş №2-1(112)-12102/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12102/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12102/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Аzərbаycаn Rеspublikаsı Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlığa mənsubiyyətinin tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə DMX) qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi üçüncü şəxs qismində qeyd olunmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdeh DMX-ya həvalə edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 01 dekabr 2001 -ci ildə Ukrayna dövlətinin Donetsk vilayətinin Starobeşevo rayonunun Vasilevka kəndində doğulmuşdur. 2009-cu ildə Donetsk vilayətinin Starobeşevo rayonunun Novozarevka kəndindəki “Zeoşa” İ-İİİ mərhələli orta ümumtəhsil məktəbinə daxil olaraq İ-V sinif təhsilini orada almışdır. 2014-cü ilin sentyabr ayında isə anası ilə Azərbaycan Respublikasının Bakı şəhərinə gələrək, bu şəhərdəki 221 saylı tam orta məktəbdə təhsilini 6-cı sinifdən davam etdirmişdir və 2020-ci ildə bu məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra Azərbaycan Respublikasından heç bir ölkəyə getməmişdir. Həmin vaxtdan Bakı şəhərində Xətai rayonu, Naximov küçəsi, ev-10, mənzil-26-da qeydiyyata alınmaqla daimi yaşayır. Atası- X8 xx.xx.1979-cu ildə Gürcüstan dövlətinin Mameuli şəhərində doğulub, Azərbaycan Respublikasının Bakı şəhərində Xətai rayonu, Gəncə prospekti, bina 73, mənzil-9-da yaşayıb, Azərbaycan Respublikasının vətəndaşı olub və 26 iyul 2004-cü ildə Bakı şəhərində ölmüşdür. Anası - X9 xx.xx.1984-cü ildə Gürcüstan Respublikasının Dmanisi rayonunun Hamamlı kəndində doğulmuşdur. Ukrayna vətəndaşıdır və hazırda Azərbaycan Respublikasında Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 21/1-də yaşayır. X4 Azərbaycan Respublikasının vətəndaşı olmuş və mövcud qanunvericiliyə və Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olmaq və bu hüququn - vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi hüququ vardır. O, bu məqsədlə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müvafiq ərizə və sənədlərlə müraciət etmiş, lakin həmin xidmətdən ona xx.xx.2022-ci il tarixli ******* №-li arayışla imtina cavabı verilmiş və ona izah edilmişdir ki, X5 atası olması faktı atalığın etiraf olunması faktının müəyyən olunmasına dair məhkəmə qətnaməsi əsasında təsdiq olunmalı və həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra yenidən həmin xidmətə müraciət etməlidir və yalnız bundan sonra onun həmin xahişi müsbət həll oluna bilər. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli 2(011)-3835/2022 №li qətnaməsinə əsasən ərizəsi təmin edilmiş və 26 iyul 2004-cü il tarixdə ölmüş X1 01 dekabr 2001-ci il təvəlüdlü İddiaçı (Habil qızı) atası olmasını etiraf etməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. xx.xx.2022-ci il tarixdə o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sözügedən qətnaməsini də müvafiq sənədlərinə əlavə edərək yenidən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından və müəyyən edilməsindən ötrü DMX-ya müraciət etmişdir. Həmin xidmətdən aldığı xx.xx.2022-ci il tarixli ******* №-li imtina məktubunda ona Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması və vətəndaşlığa mənsubiyyətimə imtina olunaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 94306 /m №-li müraciət əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin araşdırılmış və barəsində xx.xx.2022-ci il tarixli ******* №-li arayış tərtib olunmuşdur.” Yəni, təqdim etdiyi yeni sənədlər araşdırılmadan, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin məlum qətnaməsi və Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinin tələbi nəzərə alınmadan, mütaciətindən imtina olunmuşdur. Hesab edir ki, DMX-nın bu imtinası tam qanunsuz, əsassız olduğundan onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyi cavabdehin üzərinə qoyulmalı və müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə iddiaçının vəsatəti təmin olunmamış, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı DMX-ya müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə müvafiq inzibati akt qəbul edilmişdir (xx.xx.2022-ci il tarixli ******* saylı müvafiq arayış şəxsə təqdim edilmişdir). Hesab edirlər ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 2001-ci ildə Ukraynada doğulmuş və həmin ölkənin vətəndaşlığını əldə etmişdir (bu barədə şəxsin pasport məlumatları etiraza əlavə olunur). Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qeyd olunmalıdır ki, şəxs vətəndaşsızlıq halında olmamış və ölkə ərazisində qanuni əsaslarla beş il daimi yaşadıqdan sonra şəxs vətəndaşlıq əldə etməklə bağlı DMX-ya müraciət edə bilər (bunun üçün sözügedən şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı ASAN Xidmətin miqrasiya şöbəsinə müraciət edir, müvafiq sənədlərin siyahısını həmin Xidmətdən və ya migration.gov.az vebsaytından əldə edə bilər). Nəzərə alınmalıdır ki, şəxs DMX-nın araşdırmasına qədər Ukrayna vətəndaşı olmuş (şəxs vətəndaşsızlıq halında olmamışdır). Bu da onu deməyə əsas verir ki, şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınması məsələsi vətəndaşsızlıq hallarının azaldılması haqqında Konvensiyanın tələblərinə ziddir (Konvensiyanın 4-1-ci hissəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa- verir). Bundan başqa, inzibati icraat zamanı şəxs Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.10-cu bəndində nəzərdə tutulan sənədi (bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti) təqdim etməmişdir. Şəxs əvvəllər Ukrayna pasportu ilə müvəqqəti yaşama icazəsinin əldə edilməsi ilə bağlı DMX-ya müraciət etmiş, onun müraciəti təmin edilərək ona MYİ vəsiqəsi verilmişdir (bununla bağlı müvafiq qərarın surəti etiraza əlavə olunur). DMX-nin yuxarıda qeyd olunan inzibati aktı xx.xx.2022-ci il tarixdə şəxsə DMX tərəfindən təqdim edilmişdir (bununla bağlı müvafiq sənəd etiraza əlavə olunur). Lakin iddia ərizəsi cari ilin sentyabr ayında şəxs tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. Bu da o deməkdir ki, iddiaçı DMX-ya qarşı məhkəməyə müraciət edərkən qanunvericiliklə müəyyən olunmuş iddia qaldırmaq müddətini pozmuşdur. İPM-nin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi göstərilmişdir (İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər). Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. DMX qanunvericiliklə müəyyən edilmiş çərçivədə qeyd olunan şəxsə münasibətdə işin hallarını araşdırmış və müvafiq inzibati akt qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun ayrı-ayrılıqda izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, hazırki iddia inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsi hüququnu verən mübahisələndirmə haqqında iddia növlərinə aiddir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasına əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi DMX tərəfindən həyata keçirilir. 3.11. DMX sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. İş materiallarından göründüyü kimi iddiaçının hazırkı tələbi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt qəbul olunmamış, ilkin olaraq “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” xx.xx.2022-ci il tarixli, ******* №-li arayışla iddiaçının müraciətindən imtina olunmuş, daha sonra yeni əsaslarla edilmiş ikinci müraciətinə isə DMX-nın xx.xx.2022-ci il tarixli, ******* №-li məktubu ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 94306/m nömrəli müraciəti əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin araşdırıldığı və barəsində xx.xx.2022-ci il tarixli ******* nömrəli arayış tərtib edildiyi bildirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin qismən edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olanlar; xx.xx.2020-ci il tarixdə verilmiş xx.xx.2030-cu il tarixədək etibarlılıq müddəti olan Ukrayna Respublikasının vətəndaşının PU seriyalı 453933 №-li pasportun və İ-HO № 259455 saylı “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, atası X10, anası X9 olan İddiaçı xx.xx.2001-ci ildə Ukrayna Respublikası Donetsk vilayətinin Starobeşevo rayonu Vasilyevka kəndində doğulmuş və bu barədə Donetsk vilayəti Starobeşevo rayonu Razdolnoy kənd soveti icraiyyə komitəsinin VVAQ şöbəsi tərəfindən doğum haqqında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabının 2001-ci ilin 12 ayının 10 günündə 34 saylı müvafiq qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AZE seriyalı P ******* №li ümumvətəndaş pasportunun surətindən müəyyən olunur ki, xx.xx.2006-cı il tarixədək etibarlılıq müddəti olan qeyd olunan pasport xx.xx.1979-cu ildə Gürcüstan Respublikası, Marneuli rayonunda doğulmuş X6 Azərbaycan Respublikası vətəndaşı olaraq verilmişdir. xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Xətai rayonu Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilmiş AZ-İ № 097803 №li “Ölüm haqqında şəhadətnamə”nin surətində müəyyən olunur ki, vətəndaş X8 xx.xx.2004-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004-ci ilin avqust ayının 17 günündə 732 №-li qeyd edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3835/2022 №li xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı xüsusi icraat qaydasında ərizə ilə (maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi cəlb edilməklə) məhkəməyə müraciət edərək, onun, yəni xx.xx.2001-ci ildə doğulmuş İddiaçı (Habil qızı) adlı şəxsin atasının X8 olmasına dair atalığın etiraf olunması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmənin qeyd olunan qətnaməsi ilə 26 iyul 2004-cü il tarixdə vəfat etmiş X5 özünün sağlığında 01 dekabr 2001-ci il təvəllüdlü İddiaçı (Habil qızı) atası olmasını etiraf etməsi faktı müəyyən edilməsi qərara alınmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3835/2022 №li xx.xx.2022-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, 2(011)-3835/2022 №li xx.xx.2022-ci il tarixli qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. xx.xx.2018-ci il tarixli, C №159689 saylı Azərbaycan Respublikası Ümumi Orta Təhsil haqqında “Attestat”ın surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri 221 №-li tam orta məktəbi 2018-ci ildə bitirmişdir. xx.xx.2020-ci il tarixli, E №273586 saylı Azərbaycan Respublikası Tam Orta Təhsil haqqında “Attestat”ın surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri 221 №-li tam orta məktəbi 2020-ci ildə bitirmişdir. DMX-nın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə” MOM seriyalı ******* №li xx.xx.2020-ci il tarixli qərarından (surəti) görünür ki, Violetta Aslanovanın Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin xx.xx.2021-ci il tarixədək uzadılması qərara alınmışdır. İddiaçının hazırkı tələblə bağlı müraciətinə (94306/m nömrəli, 19 aprel 2022-ci il tarixli) cavab olaraq cavabdeh inzibati orqan tərəfindən verilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” xx.xx.2022-ci il tarixli, ******* №-li “Arayış”la iddiaçıya onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edildiyi bildirilmişdir. İddiaçı atasının X8 olması faktının müəyyən olunması ilə bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsini əlavə etməklə yenidən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması bağlı müraciət (xx.xx.2022-ci il tarixli 246124/m daxilolma nömrəsi) etmişdir. Qeyd olunan müraciətinə cavab olaraq DMX-nin xx.xx.2022-ci il tarixli, ******* №-li məktubu ilə, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 94306/m nömrəli müraciət əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin araşdırıldığı və barəsində xx.xx.2022-ci il tarixli ******* nömrəli arayış tərtib edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Şəxsin Azərbaycan Respublikası vətəndaşı sayılmasının əsasları 30 sentyabr 1998-ci il tarixli "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunur. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 5-ci maddəsi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət adlanır. Həmin maddənin tələbinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının: 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1.bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2.1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1.doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5.Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Nəzərə alınmalıdır ki, şəxsin Azərbaycan Respublikasınının vətəndaşı olubolmamasının müəyyən edilməsi müvafiq inzibati orqanın səlahiyyətindədir ki, bu zaman inzibati orqan yalnız qanunvericilikdə səciyyələnmiş əsaslar olduğu halda öz səlahiyyətləri çərçivəsində şəxsi Azərbaycan Respublikasının vətəndaşı kimi tanıyır. Hazırki işin faktiki hallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının vətəndaşılığına mənsubiyyətinin tanınmasını istəyir və bunu mərhum X4nun Azərbaycan Respublikasının vətəndaşı olması hal ilə əsaslandırır. İşin faktiki hallarından görünür ki, iddiaçının atası Azərbaycan Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Təkzib olunmaz haldır ki, X5 iddiaçının atası olması faktı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3835/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Lakin, nəzərə alınmalıdır ki, bu iddiaçının doğulduğu anda Azərbaycan Respublikasının vətəndaşlığına hüququnun itirilməsinə səbəb ola bilməz. Göstərilən bütün hallar ona dəlalət edir ki, X8 şəxsiyyətini təsdiq edən sənədə malik olmuşdur ki, bu da iddiaçının doğulduğu anda onun Azərbaycan Respublikası vətəndaşı statutusuna malik olmasını təsdiq edir. Bununla yanaşı, məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ilk dəfə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün cavabdeh inzibati orqana müraciət edərkən araşdırma aparmasına baxmayaraq, yenidən fərqli əsaslarla Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün DMX müraciət edərkən, inzibati araşdırma aparmadan imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilər. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 14.1.İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2.Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hazırki qərardakı hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh DMX-nın üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərardakı hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə iddiaçı xx.xx.2001-ci ildə Ukrayna Respublikası Donetsk vilayətinin Starobeşevo rayonu Vasilyevka kəndində doğulmuş, atası X10, anası X9 olan İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar