Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1211/2021 07.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçının nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: hüquqşünas, Əmanətlərin Sığortalanması Fondunun hüquq şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı dövlət tərəfindən müəyyən edilmiş kompensasiya məbləğinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Bakı İnzibati Məhkəməsində cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, H.Allahverdiyev küçəsi, 43D nömrəli fərdi yaşayış evinin qəzalı olması ilə əlaqədar dövlət tərəfindən müəyyən edilmiş 55000 manat kompensasiya məbləğinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 43D nömrəli fərdi yaşayış evi İddiaçı ASC-yə girov qoyularaq X8 tərəfindən 45.000 ABŞ dolları kredit götürülmüşdür. Suraxanı rayon məhkəməsinin 18.04.2014-cü il tarixli, 2(010)-956/2014 nömrəli qətnaməsi ilə 73.225 (yetmiş üç min iki yüz iyirmi beş) ABŞ dollarının X2 "Atrabank” ASC-nin xeyrinə tutulması və tutulacaq məbləğin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 43D nömrəli fərdi yaşayış evinə və 0.025 ha torpaq sahəsinə yönəldilməsi, həmin yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və onun satışından əldə olunan pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Suraxanı rayon İcra şöbəsi tərəfindən qeyd olunan fərdi yaşayış evi hərraca çıxarılmışdır. Hərrac təşkilatının hərracın nəticələri haqqında yekun protokoluna əsasən sözügedən fərdi yaşayış evi İddiaçı ASC-yə satılmışdır və Bakı şəhəri, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 43D nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin tam mülkiyyətindədir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Planalma Ekspedisiyasının 14.09.2015-ci il tarixli, 143 nömrəli arayışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 43D nömrəli fərdi yaşayış evi qədim sürüşmə sahəsində yerləşir. Tikintinin yerləşdiyi sahədə çökmə - oturma prosesi müşahidə olunur və ərazidə aparılmış monitorinqin nəticələrinə görə son günlər prosesin dinamikasında aktivləşmə müşahidə olunmuşdur. Eyni zamanda bu işlə bağlı Suraxanı rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin yuxarıda qeyd olunan fərdi yaşayış evinin əvvəlki sahibinə ünvanladığı 08.08.2015-ci il tarixli xəbərdarlıq – bildiriş məktubundan da göründüyü kimi fərdi yaşayış evi qəzalı vəziyyətdədir, istismarı yolverilməzdir, ailə üzvləri təhlükəsizliyin təmin edilməsi məqsədi ilə təxliyyə edilməli, giriş – çıxışlar qadağan edilməlidir. Qeyd edilən məsələlər ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə 04.06.2014cü il tarixli, 1317/502 nömrəli və 5/8 nömrəli, 16.02.2017-ci il tarixli, 23.04.2020-ci il tarixli məktublar ünvanlanmış, yuxarıda göstərilən mənzilin mülkiyyət hüququnun İddiaçı ASC-yə keçdiyi və həmin mənzil artıq istifadəyə yararsız hala gəldiyi üçün onun sökülməsi və fərdi yaşayış evi ilə əlaqədar bütün məsələlərin LPO İddiaçıın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə razılaşdırılması, həmin mənzilin sökülməsinə görə ayrılacaq kompensasiya məbləğinin LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi ilə bağlı köməklik göstərilməsi xahiş edilmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı 16.06.2020-ci il tarixli məktubu ilə kompensasiyanın verilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.2018-ci il tarixli, 874 s nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəza vəziyyətinə düşmüş 59 fərdi yaşayış evlərindən köçürülməsi nəzərdə tutulan sakinlərə 55.000 (əlli beş min) manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində qəzalı vəziyyətə düşmüş 59 fərdi yaşayış evində yaşayan sakinlərə, o cümlədən 15 ədəd iki mərtəbəli fərdi yaşayış evlərinin sakinlərinə 55.000 (əlli beş min) manat birdəfəlik maddi yardım edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 20.12.2018-ci il tarixli 874s nömrəli sərəncam verilmişdir və sözügedən sərəncamda qəzalı vəziyyətə düşmüş 59 fərdi yaşayış evinin mülkiyyətçilərinə deyil, sakinlərinə birdəfəlik maddi yardım verilməsi öz əksini tapmışdır. Maddi yardım verilməsi nəzərdə tutulanlardan biri də Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsindəki 43D nömrəli fərdi yaşayış evinin sakini X4r və 55.000 (əlli beş min) manat birdəfəlik maddi yardım onun ərizəsi və ailə üzvlərinin notarial qaydada razılıq ərizələri əsasında müvafiq bank hesablarına köçürülə bilər. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: Ləğv prosesində olan İddiaçı ASC-nin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısına ünvanladığı 5/8 nömrəli, 16 fevral 2017-ci il tarixli məktubuna əsasən İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 43D nömrəli fərdi yaşayış evi sürüşmə sahəsində olduğu üçün həmin ev ilə əlaqədar kompensasiya verilməsi məsələsinin həllində Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fonduna köməklik göstərilməsi xahiş edilmişdir. İddiaçı ASC-nin Suraxanı rayon İcra Hakimiyyətinin Başçısına ünvanladığı 04.06.2014-cü il tarixli məktubuna əsasən, İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 43D nömrəli fərdi yaşayış evi sürüşmə sahəsində olduğu üçün həmin ev ilə əlaqədar bağlı bütün məsələlərin İddiaçı ASC ilə razılaşdırılması xahiş edilmişdir Əmanətlərin Sığortalanması Fondunun Suraxanı rayon İcra Hakimiyyətinin başçısına ünvanladığı 23 aprel 2020-ci il tarixli məktubuna əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli, 2-1(81)-1594/2016 nömrəli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edildiyi üçün ləğv prosesində olan İddiaçı ASCyə məxsus Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən 43D nömrəli fərdi yaşayış evinin sürüşmə zonasında yerləşməsi ilə bağlı kompensasiya məbləğinin ləğv prosesində olan İddiaçı ASC-nin hesabına köçürülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Əmanətlərin Sığortalanması Fondunun direktoruna ünvanladığı 16.06.2020-ci il tarixli, 1/748 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.2018-ci il tarixli 874 s nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəza vəziyyətinə düşmüş 59 fərdi yaşayış evlərindən köçürülməsi nəzərdə tutulan sakinlərə, o cümlədən Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsindəki 43D nömrəli ünvanda yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin sakini X5 55.000 (əlli beş min) manat məbləğində birdəfəlik maddi yardım ayrılması nəzərdə tutulmuşdur. Mülkiyyətçi İddiaçı ASC-nin hesabına, sözügedən birdəfəlik maddi yardımın ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamının icrasına uyğun olaraq həmin ünvanda qeydiyyatda olan sakinlərin notarial qaydada razılıqları alındıqdan və ya vəsaitin ödənilməsinə dair müvafiq məhkəmə qərarı olduqdan sonra RİH tərəfindən müraciəti müsbət həll edilə bilər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsi, ev 43D İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1594/2016 nömrəli, 16 avqust 2016-cı il tarixli Qərardadına əsasən, lisenziyaları ləğv olunmuş və müflis elan olunmuş İddiaçı ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin olunmuşdur. Suraxanı rayon Məhkəməsinin 2(010)-956/2014 nömrəli, 18 aprel 2014-cü il tarixli Qətnaməsinə əsasən, X2 45.000 ABŞ dolları məbləğində əsas, 28.225 ABŞ dolları faiz, ümumilikdə 73.225 ABŞ dolları borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutulacaq məbləğin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsi 43D nömrəli fərdi yaşayış evinə və 0,025 ha torpaq sahəsinə yönəldilməsi, həmin yaşayış evinin və torpaq sahəsinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC-yə ödənilməli olan əsas kredit borcu, kredit faizi və dövlət rüsumu ödənildikdən sonra ipoteka predimetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh X6 qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 17 may 2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən məhkəməyə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2018-ci il tarixli sərəncamının 3-cü hissəsinə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş 59 fərdi yaşayış evində yaşayan sakinlərin köçürülməsi məqsədi ilə birdəfəlik maddi yardıma, bank xidmətləri xərcinə, ev əşyalarının daşınmasına, 3 aylıq kirayə haqqına, həmin fərdi yaşayış evlərinin söküntüsünə və ərazinin abadlıq işlərinə ümumilikdə 2,891,960,0 manat məbləğində vəsait 2018-ci il dövlət büdcəsindən aidiyyəti üzrə Suraxanı rayon İcra Hakimiyyətinə ayrılmışdır. Eyni zamanda, sərəncamın 4.1-ci hissəsinə əsasən birdəfəlik maddi yardımlar və kirayə haqlarının ailə başçıları üçün açılmış bank hesablarına köçürülməsi müvafiq olaraq Suraxanı Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Beləliklə, iş materiallarından məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 43D saylı fərdi yaşayış evi əvvəllər X8 şəxsə məxsus olmuşdur, sonradan həmin ev İddiaçı ASC-nin tam mülkiyyətinə keçmişdir. Həmin ev qəza zonasında yerləşdiyi üçün iddiaçı cavabdehə müraciət edərək Nazirlər Kabinetinin 20 dekabr 2018-ci il tarixli sərəncamının tətbiq edilərək həmin evin qəzalı vəziyətə düşməsi ilə bağlı kompensasiya ödənilməsini tələb etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1 girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3 servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 874 nömrəli, 20 dekabr 2018-ci il tarixli “Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəza vəziyyətinə düşmüş 59 fərdi yaşayış evlərində yaşayan ailələrin köçürülməsi məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyətinə vəsait ayrılması barədə” sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəza vəziyyətinə düşmüş 59 fərdi yaşayış evində yaşayan sakinlərin köçürülməsi məqsədi ilə 44 ədəd bir mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 40.000,0 (qırx min) manat, 15 ədəd iki mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 55.000,0 (əlli beş min) manat olmaqla, birdəfəlik maddi yardım verilməsi üçün 2 585 000,0 (iki milyon beş yüz səksən beş min) manat, həmçinin bank xidmətləri xərci üçün 15.510 (on beş min beş yüz) manat olmaqla, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin X7 Rayon İcra Hakimiyyətinə cəmi 2 600 510,0 (iki milyon altı yüz min beş yüz on) manat məbləğində vəsait ayrılması, zərərçəkmiş 59 ailənin hər birinə ev əşyalarının daşınması üçün 500,0 (beş yüz) manat olmaqla 29.500,0 ( iyirmi doqquz min beş yüz) manat, 3 aylıq kirayə haqlarının ödənilməsi məqsədi ilə hər ay üçün 350,0 (üç yüz əlli) manat olmaqla 61.950,0 (altmış bir min doqquz yüz əlli) manat, həmin fərdi yaşayış evlərinin söküntüsünə və söküntü işləri başa çatdıqdan sonra abadlıq işlərinin aparılması üçün 200.000,0 (iki yüz min) manat olmaqla, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanın 1.14.3.2-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən Suraxanı rayon İcra Hakimiyyətinə 291 450,0 (iki yüz doxsan bir min dörd yüz əlli) manat məbləğində vəsaitin ayrılması qərara alınmışdır. İşin faktiki hallarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, H.Allahverdiyev küçəsi, 43D nömrəli fərdi yaşayış ev iddiaçının mülkiyyətində olsa da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 874 nömrəli, 20 dekabr 2018-ci il tarixli sərəncamının təsiri altına düşmür. Belə ki, iddiaçı əvəzində kompensasiyanın ödənilməsini tələb etdiyi əmlak (ev) onun mülkiyyətində olsa da, həmin qərarda göstərilən ödənişlər fərdi yaşayış evlərinin mülkiyyətçiləri üçün deyil, yalnız sakinləri üçün nəzərdə tutulmuşdur, həmçinin həmin ödənişlərin kompensasiya xarakteri daşımamaqla məhz köçürülmə ilə bağlı – yəni ev əşyalarının daşınması, sakinlərin müvəqqəti yaşamaqları üçün mənzil kirayəsi haqqı, birdəfəlik maddi yardım kimi ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı həmin qərarda göstərilən yaşayış evlərinin sakinləri sırasına aid olmadığı üçün yuxarıda istinad edilən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 874 nömrəli 20 dekabr 2018-ci il tarixli sərəncamı iddiaçıya şamil oluna bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, H.Allahverdiyev küçəsi, 43D nömrəli fərdi yaşayış evinin qəzalı olması ilə əlaqədar dövlət tərəfindən müəyyən edilmiş 55000 manat kompensasiya məbləğinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 68 – 69-cu, 85ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, H.Allahverdiyev küçəsi, 43D nömrəli fərdi yaşayış evinin qəzalı olması ilə əlaqədar dövlət tərəfindən müəyyən edilmiş 55000 manat kompensasiya məbləğinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1211/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1211/2021
07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver