Məhkəmə qərarları › İş №2-1(112)-1211/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1211/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1211/2024 06.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi”tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş , 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99.6 kv.m olan. 4 otaqlı 13 nömrəli mənzilə dair hüququn iddiaçının adına qeydiyyata alınaraq Mənim (İddiaçı) adma daşınmaz əmlakın əmlakın dövlət reyestrindən mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1 ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99.6 kv.m olan 4 otaqlı 13 № li mənzilin pay haqqını 2002 ci ildə tam ödəyərək almışdır. Qeyd olunan mənzilə dair iddiaçının adına, mənzilin dəyərinin tam ödənilməsi və MTK-ya borcunun olmaması barədə 16 sentyabr 2002 ci il tarixli arayış, Bakı şəhər İcra Hakimiyyəti Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın iclasının 04 oktyabr 2002 ci il tarixli 10B saylı protokolu, Bakı şəhər İcra Hakimiyyətindən 11 oktyabr 2002 ci il tarixli 001180 nömrəli Order verilmişdir. Həmin sənədlər əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün xx.xx.2023 cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının müraciəti əsasında cavabdeh təşkilatın nümayəndələri (mühəndisələr) mənzilə gələrək ölçmə işləri aparmışlar. Lakin buna baxmayaraq, cavabdeh təşkilat tərəfindən xx.xx.2023 cü il tarixli 3- 21-3-30/2-13733/**********313733 saylı məktubla cavab verilərək, iddiaçıya məxsus mənzilin yerləşdiyi yaşayış binasının istismara icazə sənədinin 1 saylı Ərazi İdarəsinə təqdim edilmədiyi əsas gətirərək onun adına çıxarış verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mənzil məcəlləsinin 113.1-ci maddəsinə əsasən Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyiınün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020 ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsasnamənin 3.0.18 ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək Xidmətin vəzifəsidir. İddiaçı qeyd etmişdir ki, onlar "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş , 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99.6 kv.m olan, 4 otaqlı 13 № li mənzilin pay haqqını 2002-ci ildə tam ödəməklə, tam qanuni əsaslarla həmin mənzili alaraq, üzərində qanuni əsaslarla tam mülkiyyət hüququ əldə etmişdir və qeyd olunan mənzilə dair adına çıxarış verilməsi üçün tələb olunan bütün zəruri sənədləri vardır. Lakin bütün bunlara baxmayaraq cavabdeh təşkilat əsassız olaraq, həmin mənzilə iddiaçının adına çıxarış verilməsindən imtina etmişdir. Halbuki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində yerləşən 15 № li mənzilə dair X2 adma xx.xx.2020 ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə baxışı iclası xx.xx.2024cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı iddia tələbində dəqiqləşmə apararq “ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99.6 kv.m olan 4 otaqlı 13 nömrəli üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınması və həmin mənzilə dair adına çıxarışın verilməsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini” məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1211/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya qarşı xx.xx.2023-cü il tarixli yazılı etiraz məktubu məhkəməyə təqdim edilmişdir. Etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismara icazə sənədi 1 saylı Bakı Ərazi idarəsinə təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********33 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanunun 8.0.10.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 saylı qərarı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması" təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 74 saylı qərarı ilə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil omaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə forması təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İş materiallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqana hazırkı tələb ilə müraciət etmiş cavabdeh isə iddiaçının müraciətinə cavab olaraq, xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş məktubu ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. - İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən C.Xəndan küçəsi 26/1 saylı məhəllədə tikilən "xxxx" MTK-nın payçısıdır və o 1-ci giriş 8-ci mərtəbə 13 saylı mənzilin dəyərini tam ödəyib borc qalığı yoxdur. (həmin arayışın surəti Bakı şəhəri 10 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş və iş materiallarına əlavə edilmişdir) - İş materiallarından görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən 1-ci giriş 8-ci mərtəbədə yerləşən 99,6 kv.m olan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Aparatı tərəfindən 001180 nömrəli xx.xx.2002-ci il tarixli Order yazılmışdır. (həmin orderin surəti Bakı şəhəri 10 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş və iş materiallarına əlavə edilmişdir) - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvalayaraq, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 26/1 15 saylı mənzilə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş səndlərdən və işin məhkəmə tərəfindən araşdırılmış hallarından da görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş onun müraciətinə cavabdeh xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş” məktubu ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Məhkəmə İPM-in 1.2-ci maddəsinə istinadən MPM-in 217.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, hazırkı məsələ araşdırılarkən cavabdeh inzibati orqanın bu səpkidə göstərdiyi imtina dəlillinə (29 iyun 2004-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun maddi hüquq normalarına) əsaslanması düzgün deyil. Belə ki, qeyd edilən mübahisəli mənzilin yerləşdiyi yaşayış binası 2004-cü il tarixdən daha əvvəlki dövrdə inşa edildiyindən cavabdeh inzibati orqan, imtinasını istinad etdiyi normativ hüquqi akta görə deyil, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin əsasən həll etməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunun geriyə qüvvəsi olmadığından iddiaçıya münasibətdə cavabdehin imtinası 2004-cü ilə qədər yaranmış hüquq münasibətlərinə şamil edilə bilməzdi. Hüquqi qeyri-müəyyənliyin isə vətəndaşın zərərinə təfsir və şərh edilməsi qanuna ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. İş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MTK-nın xx.xx.2001-ci il tarixli 02 saylı ümumi yığıncağının qərarı ilə iddiaçı həmin MTK-ya üzv qəbul edilmiş və C.Xəndan küçəsi 26/1 saylı binada 1 giriş, 8-ci mərtəbə, yaşayış sahəsi 99,6 kv.m olan 13 saylı 4 otaqlı mənzil iddiaçıya verilmişdir. İş materiallarına əsasən İddiaçı C.Xəndan küçəsi 26/1 saylı məhəllədə tikilən "xxxx" MTK-nın payçısı olmuş və mübahisə predmet ilan mənzilin dəyəri iddiaçı tərəfindən MTK-ya tam ödənilmiş və borcu qalmamışdır. Eyni zamanda İddiaçı ünvan 6 ünvanında yerləşən 1-ci giriş 8-ci mərtəbədə yerləşən 99,6 kv.m olan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Aparatı tərəfindən 001180 nömrəli xx.xx.2002-ci il tarixli Order yazılmışdır. Azərdövləttikintikomun 30 dekabr 1999-cu il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş 1 yanvar 2000-ci il tarixdən qüvvəyə münmiş Azərbaycan Respublikası Dövlət Tikinti Normaları “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul” Qaydalarının 6-cı bölməsinin 6.1-ci bəndində tikintinin son mərhələsinin obyektin istismara qəbul edilməsi nəzərdə tutulmuşdur. 6.2-ci bəndində isə qeyd edilmişdir ki, obyekt istismara bütövlükdə və yaxud hissələri ilə qəbul edilə bilər. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 529 nömrəli, xx.xx.2019 tarixli Fərmanı ilə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməs qaydaları müəyyən edilmişdir. 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 9-cu maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tətəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 13.1-ci maddəsinə dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Kooperativ üzvlərinin yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi öhdəliyi daşıyır. Belə ki, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvalayaraq, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 26/1, 15 saylı mənzilə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən də görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 26/1, 15 saylı mənzilə dair digər şəxslərin adlarına eyni sənədlər əsasında çıxarışlar verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi mənzilə dair mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinasını iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması kimi hesab edir. Eyni zamanda hazırkı mübahisəyə münasibətdə cavabdeh Reyestr Xidməti tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Qeyd etmək lazımdır ki, bərabər əsasla əldə edilmiş (iddiaçı ilə bərabər əsaslala əldə edimiş sənədlər əsasında) mənzilə dair digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin icra edilməməsi üçün gətirdiyi imtina səbəbləri əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur ki, bu da “İnzibati icraat haqqında” Qanunun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır. Belə ki, eyni statusda və vəziyyətdə olan şəxslərə qarşı müxtəlif (fərqli) münasibət “bərabərlik prinsipi”nə və “inzibati praktika”ya ziddir. Bununla da cavabdeh inzibati orqan tərəfindən “bərabərlik hüququ” kobud şəkildə pozulmuşdur. Belə ki, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Hazırkı halda isə cavabdeh orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməmiş, iddiaçıya münasibətdə fərqli münasibət bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasında, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda şəxslərin qanun və məhkəmə, qanun və inzibati orqan qarşısında bərabər olduğu təsbit olunmuşdur. Bu prinsip hüquqi dövlətin hamılıqla qəbul olunmuş ən mühüm prinsiplərindəndir. Bu prinsip eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsini qadağan edir və ayrı-seçkiliyə yol verilməməsini tələb edir. Təqdim edilmiş sənədlərə əsasən digər şəxslərə münasibətdə cavabdeh inzibati orqan arasında ayrı-seçkiliyə yol vermişdir. Bu isə inzibati orqan tərəfindən həm “bərabərlik hüququ”nun, həm də “etimad hüququ”nun pozulmasına səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1340/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri, eləcə də cavabdehin analoji işlər üzrə inzibati praktikası baxımından, cavabdeh iddiaçıya münasibətdə də bərabər yanaşma prinsipinə uyğun davranmağa borcludur. Bu həm də ondan irəli gəlir ki, “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə görə, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İstinad olunan həmin Qanunun 13-cü maddəsinə görə, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Məhkəmə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisə predmeti olan yaşayış sahəsinə dair pay haqqı iddiaçı tərəfindən tam ödənildiyindən və həmin yaşayış binasının müxtəlif sakinlərinə cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestri tərəfindən mülkiyyət hüquqları qeydiyyata alınmaqala bu barədə müvafiq çıxarışlar verildiyindən hazırkı iddia əsaslıdır və təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99.6 kv.m olan 4 otaqlı 13 nömrəli üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin mənzilə dair çıxarışın verilməsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş , 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99.6 kv.m olan 4 otaqlı 13 nömrəli üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin mənzilə dair çıxarışın verilməsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar