Məhkəmə qərarları › İş №2-1(112)-12119/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12119/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12119/2022 02.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “uşağın anasının göstərişi üzrə doğum haqqında akt qeydinin aparılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 oktyabr 2021-ci ildə doğulan uşağına doğum haqqında şəhadətnamə verilən zaman uşağın atasının soyadının əvəzinə ananın soyadının yazılması və uşağı atasının adının uşağın anasının göstərişinə əsasən yazılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Əfqanıstan Respublikası vətəndaşı X4 arasında 28 noyabr 2019-cu il tarixində 4843 nömrə ilə nikah qeydə alınmışdır. Onların nikahı formal xarakter daşımış, heç bir ər-arvad münasibətləri olmamışdır. Nikah bağlanan zaman onlara bildirilmişdir ki, Əfqanıstan Respublikası vətəndaşı olan həmin şəxs burada yaşamayacaqsa, nikahları pozulacaqdır. Bir müddət sonra ona bildirilmişdir ki, nikah bağladığı həmin şəxs ölkəsinə getmişdir. Uzun müddət sonra onun uşağı doğulmuşdur. Uşağına doğum haqqında şəhadətnamə almaq istəyəndə ona məlum olmuşdur ki, onun Əfqanıstan Respublikası vətəndaşı ilə olan nikahı pozulmamış və uşağın atası kimi onun adı qeyd olunacaqdır. O, buna razı olmamış və nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Nikah pozulduqdan sonra yenidən qeydiyyat şöbəsinə uşağın doğum haqqında şəhadətnaməsini almağı üçün müraciət etdikdə bildirilmişdir ki, uşağın atası kimi Əfqanıstan Respublikası vətəndaşının adı qeyd olunacaqdır. O, uşağın doğum haqqında şəhadətnaməsində tək ana kimi qeyd olunmasını xahiş etmiş və cavabdeh bundan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İ seriyalı 426434 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 və İddiaçı nikahı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir; Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən təqdim edilmiş sərhədkeçmə məlumatından görünür ki, Əfqanıstan Respublikası vətəndaşı X2 sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumatlar qeydə alınmışdır: xx.xx.2019-giriş, xx.xx.2020- çıxış; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 050/1685/75 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar, 44.2-ci maddəsinə əsasən uşaq aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ər ilə ananın nikahı haqqında qeydlə təsdiq olunur və yalnız 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağı anasının göstərişi üzrə yazılır. X4 ilə xx.xx.2019-cu ildə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində nikah bağlanmışdır, xx.xx.2022-ci ildə Xətai rayon qeydiyyat şöbəsində nikah pozulmuşdur, lakin iddiaçı bildirir ki, xx.xx.2021-ci ildə doğulmuş uşağının atası o deyil Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq 2 saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05Q-1889/75 nömrəli məktubunda qeyd edilmişdir ki, X1 aid doğum haqqında akt qeydi şöbədə aşkar edilməmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı və X4 arasında xx.xx.2019-cu ildə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində nikah bağlanmış, xx.xx.2022-ci ildə Xətai rayon qeydiyyat şöbəsində nikah pozulmuşdur. İddiaçının xx.xx.2021-ci ildə doğulmuş uşağının doğum haqqında şəhadətnaməsində atası kimi X4 qeyd ediləcəyindən, iddiaçı doğum haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Hazırda iddiaçı uşağın soyadının ananın soyadı və uşağı atasının adının uşağın anasının göstərişinə əsasən yazılmaqla doğum haqqında akt qeydinin aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.2-ci maddəsinə əsasən, uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 46.1-ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar; 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın: 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər; 2.8-ci bəndinə əsasən, doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar ...; 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; 2.12-ci bəndinə əsasən, atalıq müəyyən olunmadıqda uşağa ad, ananın göstərişi ilə, ata adı anasının göstərişi üzrə uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. 6.14-cü bəndinə əsasən, doğum haqqında akt qeydində ata haqqında məlumat göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi barədə ərizəni qəbul etməmişdən əvvəl doğum haqqında akt qeydində ata haqqında məlumatın hansı əsasla yazıldığını yoxlamalıdır. Uşağın doğum haqqında akt qeydində ata haqqında məlumat nikahın bağlanması və ya atalığın müəyyən edilməsi haqqında akt qeydlərinə əsasən yazılmışdırsa, doğum haqqında akt qeydində müvafiq dəyişikliyin edilməsi barədə məhkəmənin qərarı olmadan atalığın müəyyən edilməsinin qeydə alınmasından imtina olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nikaha daxil olması və iddiaçının müraciəti olacağı halda atalığın nikah haqqında akt qeydi əsasında müəyyən ediləcəyi işin mübahisəsiz halıdır. İnzibati orqan tərəfindən qeyd edilən hərəkətlərin edilməsində, yəni akt qeydlərinin tərtib edilməsində səhvə yol verməsinə istinad edilməmişdir. Hazırda iddiaçı uşağın həqiqi atasının uşağın doğulduğu vaxt nikahda olduğu şəxsin olmamasına istinad edərək uşağın ata adıının anasının göstərişi üzrə, soyadının isə ananın soyadına görə verilməsini tələb edir. Hazırkı müraciətlə bağlı cavabdeh inzibati orqanın imtinasının qanuniliyinin yoxlanılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 6.14-cü bəndinin ikinci cümləsinə diqqət yetirilməlidir. Həmin müddəaların tələblərin əsasən, uşağın doğum haqqında akt qeydində ata haqqında məlumat nikahın bağlanması və ya atalığın müəyyən edilməsi haqqında akt qeydlərinə əsasən yazılmışdırsa (hazırkı halda iddiaçı bundan imtina etdiyindən, nikahın bağlanması haqqında akt qeydlərinə əsasən yazılmalıdırsa), doğum haqqında akt qeydində müvafiq dəyişikliyin edilməsi barədə məhkəmənin qərarı olmadan atalığın müəyyən edilməsinin qeydə alınmasından imtina olunmalıdır. Yəni valideynlər barədə qeyd haqqında mübahisə məhkəmə yolu ilə həll olunduqdan sonra doğum haqqında akt qeydində müvafiq dəyişiklik edilməlidir. Həmin müddəalarda qeyd olunan məhkəmə qərarı dedikdə, inzibati məhkəmənin qərarı deyil, atalığın mübahisələndirilməsi ilə bağlı mülki məhkəmə icraatının nəticəsində qəbul ediləcək məhkəmə qətnaməsi nəzərdə tutulmuşdur. Belə ki, inzibati orqanın məhkəmə qərarı olmadan hərəkətin edilməsindən imtina etməsi imperativ qaydada nəzərdə tutulduğu halda, inzibati orqanın üzərinə inzibati məhkəmənin qərarı ilə öhdəlik qoyula bilməz. Bu səbəbdən də, həmin “məhkəmə qərarı” ifadəsi atalığın mübahisələndirilməsinə dair məhkəmə qətnaməsini ehtiva edir. Eyni zamanda, iddiaçının uşağı doğulduğu vaxt nikahda olduğu halda, ərinin uşağın həqiqi valideyni olub-olmaması məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Qeyd olunan mövqedən çıxış edərək hesab edilir ki, hazırkı tələb inzibati orqan olan qeydiyyat şöbəsinə qarşı yönəldiyindən, uşağın həqiqi valideyninin kim olub-olmamasını müəyyənləşdirmək və ya şəxs nikahda olduğu halda atalığın müəyyən olunmaması nəticəsinə gələrək iddiaçının yuxarıda qeyd olunan tələbinin icra edilməsi cavabdeh inzibati orqanın hazırkı inzibati icraat çərçivəsində baxıb öz qiymətləndirməsi ilə həll edə biləcəyi məsələ deyildir. Təsadüfi deyildir ki, Ailə Məcəlləsi qeydiyyatı həyata keçirən orqana atalığı müəyyənləşdirmək, bu istiqamətdə hansısa araşdırma aparmaq və sübutları qəbul etmək deyil, yalnız artıq hüquqi mübahisə doğurmayan faktlar əsasında (ana nikahda olmadıqda atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsinin olmaması) doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadının yazılması və uşağın atasının adının uşağın anasının göstərişi üzrə yazılmasını həvalə etmişdir. Bundan əlavə, öz aralarında nikahda olan ata və ananın doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunması barədə Ailə Məcəlləsinin 46.1-ci maddəsinin imperativ tələbi olduğu halda ananın göstərişi ilə bunun dəyişdirilməsi və ya digər formada yazılması mümkün deyildir. Əks yanaşma, ərizə verilməklə bu barədə qeydin dəyişdirilməsi (və ya digər fdormada yazılması) qeyri-müəyyənliyə və nəticədə uşağın hüquq və mənafelərinin pozulmasına gətirib çıxara bilər. Qeyd edilənlər bir daha təsdiq edir ki, uşağın doğum haqqında akt qeydində ata haqqında məlumat nikah haqqında akt qeydinə əsasən yazılmışdırsa (yazılmalıdırsa), atalığa dair mübahisə mülki məhkəmə icraatı qaydasında həll olunmadan həmin qeyd dəyişdirilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının: 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 9.2-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “uşağın anasının göstərişi üzrə doğum haqqında akt qeydinin aparılması” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “uşağın anasının göstərişi üzrə doğum haqqında akt qeydinin aparılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar