Məhkəmə qərarları › İş №2-1(112)-1212/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1212/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1212/2021 09.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının qanuni təmsilçisi X13, iddiaçının nümayəndəsi və vəkili X8, cavabdehin nümayəndəsi X11, üçüncü şəxs X2 nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinə qarşı X6 üçüncü şəxs qismində inzibati icraata cəlb olunmaqla aktın ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri, Xətai rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli aktın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə "xxxx” MTK ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq tikilməmiş 0,4984 ha. hissəsi eyni məqsədlər üçün "İddiaçı" MMC-nin istifadəsinə verilmişdir. Belə ki, qeyd olunan sərəncama uyğun olaraq, tərəflərindən yüksəkmərtəbəli binalar həmin ərazidə tikilir. Lakin bu yaxınlarda cavabdeh Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları onların tikintiyə gələrək bildirmişlər ki, tərəflərindən inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində inşa edilən 515 kv.m. yaşayış sahəsi onlar tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli akt ilə X6 deyilən bir adama təhvil verilmişdir. Belə ki, onlar bunun nə əsasında olduğunu öyrəndikdə onlar bildirmişlər ki, bu barədə məhkəmə qətnaməsi olmuş və həmin qatnamə əsasında icra vərəqəsi verilmişdir. Bundan sonra yenidən akt tərtib olunmuş və həmin akta onlar imza etməkdən imtina etmişlər. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi X21 və iddiaçının nümayəndəsi və vəkili X15 iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər və əlavə olaraq bildirdilər ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində istintaqı aparılan cinayət işinin istintaqına kömək məqsədi ilə “X27” MTK ilə İddiaçı MMC arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən “xxxx” MTK-nın qanuni təmsilçisi Yigitdöl Hikmət Süleyman oğlunun Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satılması nəticəsində aparılan Auditlə müəyyən olunacaq zərərçəkmiş şəxslərin Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli sərəncamına əsasən İddiaçı MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi Qabil Əliyev tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsi, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsi həyata keçirilməli idi. Yigitdöl Hikmət Süleyman oğlunun barəsində olan məhkəmə hökmündə müəyyən edilmiş zərərçəkmiş şəxslərlə bağlı olan problem tərəflərindən həll edilmişdir. Həmin zərərçəkmiş şəxslərin siyahısında X6 olmamışdır. Ona görə də İddiaçı MMC-nin X6 ilə “X27” MMC arasında olan mübahisəyə hər hansı aidiyyatı yoxdur. Mübahisələndirilən aktda qeyd olunan mənzil onlara məxsus olan binada yerləşməklə digər şəxsə satılmışdır. Tərəflərindən mübahisələndirilən akt inzibati akt olmaqla hüquqlarına toxunduğundan ləğv edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X18 iddianı qəbul etməyərək verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-641/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən “xxxx” MTK tərəfindən öhdəliklər icra edilərək Bakı şəhəri, Xocalı prospekti 32 saylı ünvanda yerləşən yüksəkmərtəbəli binanın C blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 515 kv.metr təşkil edən yaşayış sahəsi və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda yerləşən yüksəkmərtəbəli binanın B blokunda 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 36 kv.metr olan qeyri-yaşayış sahəsi X3 təhvil verilməlidir. İcra sənədi icraata qəbul edilmiş və icrası ilə bağlı icra tədbirləri həyata keçirilmişdir. İcra tədbirləri ilə bağlı tərəflərindən borclu və tələbkarın iştirakı ilə xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş, icra sənədində göstərilən ünvanda yerləşən yüksək mərtəbəli binasının C blokunun 9-cu mərtəbəsində yerləşən mənzillərdən ümümlikdə 511 kv.m. ərazi sözügedən binanın C blokunun lahiyə-plan sxeminə əsasən koordinatlar əsasında müəyyən edilmiş və ərazi tələbkar X3 təhvil verilmişdir. Tərəflərindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında üçüncü şəxs X2 nümayəndəsi və vəkili X5 iddianı qəbul etməyərək verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 641/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən “xxxx” MTK tərəfindən öhdəliklər icra edilərək Bakı şəhəri, Xocalı prospekti 32 saylı ünvanda yerləşən yüksəkmərtəbəli binanın C blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 515 kv.metr təşkil edən yaşayış sahəsi və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda yerləşən yüksəkmərtəbəli binanın B blokunda 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 36 kv.metr olan qeyri-yaşayış sahəsi X3 təhvil verilməlidir. Məhkəmə qərarının icrasına iddiaçı tərəfindən süni manelər yaradılır. İcra məmuru tərəfindən hər hansı qanunsuzluğa yol verilməmişdir. Məhkəmə qərarı icra olunmalıdır. İddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 641/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, “xxxx” MTK tərəfindən öhdəliklər icra edilərək Bakı şəhəri, Xocalı prospekti 32 saylı ünvanda yerləşən yüksəkmərtəbəli binanın C blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 515 kv.metr təşkil edən yaşayış sahəsi və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda yerləşən yüksəkmərtəbəli binanın B blokunda 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 36 kv.metr olan qeyri-yaşayış sahəsi X3 təhvil verilməlidir. İşdə olan Bakı şəhəri, Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X19, mütəxəssis X4, icra məmuru X7, tələbkar X6, borclu Yigitdöl Hikmət Süleyman oğlu (MTK-nın direktoru), hal şahidləri X16, X9 tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-641 saylı, xx.xx.2015-ci l tarixi icra sənədi üzrə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən yüksəkmərtəbəli binanın C blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 515 kv.metr olan yaşayış sahəsi və həmin ünvanda yerləşən yüksəkmərtəbəli binanın B blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi (36 kv.metr) X3 təhvil verilməlidir. İcra sənədinin icrasında iştirak edən şəxslərdən mütəxəssis X4 “X28”MTK tərəfindən inşa edilmiş və hal-hazırda inşası davam edən icra sənədində göstərilən ünvanda yerləşən yüksəkmərtəbəli binanın C blokunun (hazırda inşa edilən həmin C bloku A1 bloku adlanır) 9-cu mərtəbəsində yerləşən mənzillərdən ümumilikdə 511 kv.metr ərazi sözügedən binanın C blokunun layihə-plan sxeminə əsasən koordinatlar əsasında müəyyən edildi və həmin müəyyən edilmiş ərazi tələbkar X3 təhvil verildi. Sözügedən koordinatlar icraya dəvət edilmiş mütəxəssis tərəfindən layihə-plan sxeminə əsasən müəyyən edildi. Həmçinin həmin ünvanda olan yuxarıda qeyd olunan C blokunun 9-cu mərtəbəsində yerləşən və mütəxəssis tərəfindən dəqiq koordinatları müəyyən 511 kvm. olan sahədə tələbkar X6 tərəfindən hörgü işləri aparıldı. İcra sənədinin icrası zamanı borclu “X27” MTK-nın direktoru Yigitdöl Hikmət Süleyman oğlu tərəfindən heç bir maneçilik törədilmədi. İddiaçı MMC tərəfindən hal-hazırda qeyd olunan akt məhkəmə qaydasında mübahisələndirilir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbini işin mahiyyətinə aid olma baxımından təfsir etdikdə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13 və 48.1-ci maddələri) söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsində nəzərdə tutulmuş mənada mübahisələndirmə haqqında iddiadan gedir. İddianın məqsədi mübahisələndirilən aktın ləğv olunmasıdır. Lakin xx.xx.2019-cu il tarixli akt “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci və İPM-in 32.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati məhkəmələr qarşısında mübahisələndirilə bilən inzibati akt sayılmır. Başqa sözlə, sözügedən aktda “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin (inzibati aktın mövcudluğu üçün) şərtləndirdiyi inzibati orqan tərəfindən kənara (xaricə) münasibətdə bilavasitə nəticələr yaratmaqla “nizamasalma (həll etmə) ünsürü yoxdur. “İnzibtai icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 №-li Qərarında qeyd olunmuşdur ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qəymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxs üçün müəyyən hüquqi nəticələr yaratsın. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt yuxarıda qeyd olunan qanunvericilikdə nəzərdə tutulmuş mənada inzibati məhkəmələr qarşısında mübahisələndirilə bilən inzibati akt saymadığından və bununla da iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar