Məhkəmə qərarları › İş №2-1(112)-12121/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12121/2022

17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12121/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin Şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin Şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ünvan 1 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına götürülmə öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, X2na yaxın zamanda şifahi alqı-satqı müqviləsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini satmışdır. Həmin fərdi yaşayış evinin ev kitabı vardır və o, həmin evdə qeydiyyatdadır. Bu səbəbdən X1nın həmin ünvana qeydiyyata düşməsinə etiraz etmir. X2 hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşayır. X1 hazırda həmin ünvanda yaşasa da, ona şəxsiyyət vəsiqəsi vermirlər. Şəxsiyyət vəsiqəsinin olmaması ona müəyyən çətinliklər yaradır və bu səbəbdən bütün sənədləşdirmə işləri də yarım qalmışdır. Onun həmin ünvana qeydiyyata alınması üçün Binəqədi Rayon Polis İdarəsinə müraciət etsələr də, bununla bağlı imtina məktubu verilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Doğrudur, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 59.1-ci maddəsində qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslərin başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək hüququnu təsbit etmişdir. Oxşar norma İPM-də olmasa da, ümumi prinsiplər nəzərə alınmaqla inzibati icraat zamanı da üçüncü şəxslərin xeyrinə iddia qaldırılması istisna edilmir. Lakin belə bir iddia qaldırmaq üçün iddia qaldıran şəxs başqa şəxsin xeyrinə iddia qaldırmasındakı hüquqi marağını sübut etməlidir, hansı ki, bu maraq həyati əhəmiyyətə malik olmalıdır. Digər hallarda isə iddianı qəbul edilən inzibati akt (hərəkət və ya hərəkətsizlik) vasitəsilə hüquqlarının ən azı pozulması ehtimalı olan tərəf qaldıra bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı halda iddiaçının müvafiq tələb irəli sürmək üçün subyektiv hüququ olmamış, iddiaçı cavabdehin imtinası ilə onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Belə ki, işdən görünür ki, İddiaçı X5 ünvan 1 ünvanına qeydiyyata alınması barədə ərizə ilə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş, Binəqədi Rayon Polis İdarəsi xx.xx.2022-ci il tarixli məktubla onun tələbini təmin etməkdən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin tələblərinə əsasən X5 ünvan 1 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət edilməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə X5 göstərilən ünvana qeydiyyata alınması qanuna müvafiq deyildir. Deməli, hazırkı iddia iddiaçının deyil, X5 publik hüquqdan irəli gələn və onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi, onun hüquqlarının müdafiəsi ilə bağlıdır. İşdə olan K.Davudovaya məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, xx.xx.1995-ci il tarixdə doğulmuşdur, yetkinlik yaşına çatmaqla tam fəaliyyət qabiliyyətlidir və onun inzibati məhkəmə icraatında tərəf olmasına mane olan hər hansı bir hal yoxdur. Belə olan halda aydın olur ki, hazırkı iş üzrə iddiaçı qismində İddiaçı deyil, yaşadığı mənzilə qeydiyyata alınmasından imtina edilən və bununla da hüquqlarının müdafiəsinə zərurət yaranan X8 çıxış edə bilər. Məsələ ilə bağlı İPM-in 13-cü maddəsinə uyğun olaraq məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, iddia ərizəsində yol verilən çatışmazlığın aradan qaldırılması ilə bağlı müvafiq müddət təyin edilmiş, lakin həmin müddət ərzində iddiaçı hər hansı bir dəqiqləşməni məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar