Məhkəmə qərarları › İş №2-1(112)-12126/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12126/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12126/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi-X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hesablanmış əmək pensiyasında dəqiqləşdirmə apararaq, 1992-2006-cı illər nəzərə alnmaqla əmək pensiyasının yenidən hesablanaraq, yaranmış fərqin birdəfəlik ödənilməsi üzrə öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, 01.11.1992-01.01.2006-cı illərdə işlədiyi dövrlərin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1973-1977-ci illərdə Bakı şəhərində D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda əyani ali təhsil almışdır. Əmək fəaliyyətinə isə birbaşa təyinatla 03 avqust 1977-ci tarixindən “Azərbaycan Meyvə- Tərəvəz Sənaye” Birliyinin Məlumat-Hesablama Mərkəzində ekspeditor kimi başlamışdır. Daha sonra 25.09.1977-02.07.1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Əmək stajının davamı olaraq 02.07.1979-20.02.1990-cı illərdə Azərbaycan X3-Azərbaycan Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsində fasiləsiz olaraq müxtəlif vəzifələrdə çalışmışdır. 21.02.1990-01.07.1996-cı illərdə Yekaterinburq (keçmiş Sverdlovsk) vilayət təsərrüfat hesablı “Qayğı” (Забота) müəssisəsinin "xxxx" (Бодрость) filialında direktor müavini vəzifəsində işləmişdir. 28.10.1996-05.03.2013-cü illərdə "xxxx" Firmasında direktor müavini-icraçı direktor, 05.03.2013-cü ildən hal-hazıradək isə "xxxx" MMC-də baş mühasib vəzifəsində çalışır. "xxxx" MMC "xxxx" firmasının əvəzinə yaranmışdır. Əmək pensiyası hesablanması üçün 1973-2006-cı illərə əmək stajı ümumi 33 il təşkil edir. Lakin cavabdeh əmək pensiyası hesablayan zaman 1992-2006-cı illəri əmək stajına daxil etməmişdir. Həmin illərin nəzərə alınması üçün əmək kitabçasındakı qeydləri təqdim etdikdə cavabdeh qanunsuz olaraq həmin illərə əmək haqqı cədvəllərin tələb etmişdir. Əmək kitabçasında işlədiyi bütün dövrlər qurumların rəsmi möhürləri ilə təsdiqlənmişdir. 1992-2006-cı illərə tələb olunan əmək haqqı cədvəlləri saxlanmasa da "xxxx" MMC-in rəhbərliyi onun həqiqətən (1992- 1996-cı illərdə də "xxxx" (Бодрость)-filialinda, 1996-2013-cü illərdə isə "xxxx" firmasında) işləməyini rəsmən təsdiq edir. Bütün bunlarla bağlı rəsmi müraciətini cavabdeh əsassız olaraq qiymətləndirməmiş və əmək pensiyasını 1992-2006-cı illər (14 il) nəzərə alnmadan hesablamışdır. İPM-45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş 02.12.2021-ci il tarixli **********32 №li iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda.İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı 28.03.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 10.04.2021-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ona 28.03.2021-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 01.11.1992-01.01.2006-cı il tarixlərdə işlədiyi dövrlər də daxil edilməklə yenidən hesablanmasını xahiş etmişdir. İddiaçı müraciətinə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən 15.06.2021-ci il tarixdə imtina cavabı verilmişdir. İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ünvanlanan müraciətinə verilmiş imtina cavabının əsasını iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi illərə dair əmrlər kitabı və əmək haqqı cədvəlləri mövcud olmadığından həmin illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması təşkil edir. Belə ki, iş materiallarında olan İT ******* nömrəli 13.09.1977-ci il tarixli əmək kitabçasının surətindən məlum olur ki, İddiaçı 03.08.1977-28.10.1977, 02.07.1979- 04.01.1980, 04.01.1980-31.01.1986, 31.01.1986-14.09.1988, 14.09.1988- 06.03.1989, 21.02.1990-06.10.1992, 01.11.1992-01.07.1996, 28.10.1996-01.08.2000, 01.08.2002- 20.11.2002, 07.01.2003-05.03.2013-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş 14 iyun 2021-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən İddiaçı 01.11.1992-01.01.2006-cı il tarixlərdə "xxxx" MMC-də işlədiyi dövrlərə dair arxiv sənədləri "xxxx" MMC-də qarşılıqlı yoxlama zamanı aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21.11.2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 5.1- ci bəndinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. İddiaçı 01.11.1992- 01.01.2006-cı il tarixlərdə "xxxx" MMC-də işləməsinə dair əlavə sübutları (işə daxil olma və işdən azad olunma barədə əmr, əmək haqqı cədvəlləri və s.) təqdim edərək iş stajını təsdiq edə bilmədiyi üçün onun müraciətinə cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi- X4 iddianı qəbul etməyərək və məhkəməyə təqdim olunmuş yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İş materiallarında olan: - ASAN 2 tərəfindən 22.04.2021-ci ildə verilmiş AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1956-cı ildə Ağsu rayonu, Qaraqaşlı kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyyatdadır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən 24 noyabr 2021-ci il tarixli məktubla məhkəməyə təqdim olunmuş iddiaçıya aid 952094 №-li “pensiya işi”ndən müəyyən olunur ki, DSMF Xətai rayon şöbəsi tərəfindən İddiaçı 28.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya işinin materiallarına əlavə olunmuş; - ВЧ seriyalı 055501 №li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı 02.11.1977-ci ildən 08.05.1979-cu ilədək həqiqi hərbi xidmətdə olmuşdur. - İT-İ seriyalı 002532 №li əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 03.08.1977-cü ildən 05.03.2013-cü il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. - 952094 №li pensiya işi üzrə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 18.06.2021-ci il tarixli **********0 №li qərarından görünür ki, İddiaçı 28.03.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə 212,48 manat məbləğində pensiya təyin olunmuşdur. Qərarın qeyd hissəsində göstərilmişdir ki, "xxxx" MMC-də işlədiyi dövr (1992- 2006) arxiv sənədləri saxlanmaması səbəbindən yoxlamaq mümkün olmamışdır. Buna görə həmin illər sığorta stajına daxil edilmədi. Yenidən hesablama zamanı məbləğ dəyişmədi. İT-İ seriyalı ******* nömrəli 13.09.1977-ci il tarixli əmək kitabçasının tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı 03.08.1977-cı ildə “Azərmeyvətərəvəzsənaye” birliyinin İnformasiya-hesablama mərkəzində Agent-ekspeditor vəzifəsinə qbul edilmişdir (Əmr № 130, 02.08.1977-ci il); 20.09.1977-ci ildə iqtisadçı vəzifəsinə keçrilmişdir (Əmr № 172, 20.09.1977-ci il); 17.10.1977-ci ildə mühəndistexnoloq vəzifəsinə keçirilmişdir ( Əmr № 198, 17.10.1977-ci il); 25.10.1977-ci ildə Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir ( Əmr № 199, 25.10.1977-ci il); 02.07.1979-cu ildə Sovet Ordusu sıralarından hərbi xidmətdən qayıdan şəxs kimi iqtisadçı vəzifəsinə qəbul edilmişdir ( Əmr № 100/k b2, 02.07.1979-cu il); 04.01.1980-ci ildə Maddi-texniki təchizatı idarəsinə keçirilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir ( Əmr № 3, 03.01.1980-ci il); 04.01.1980-ci ildə “Azmeyvətərəvəzsənaye” Aqrar sənaye birliyi İHM-dən köçürmə yoluu ilə MTTİ-nə baş iqtisadçı vəzifəsinə təyin edilmişdir ( Əmr № 08/k, 04.01.1980-ci il); 22.07.1981-ci ildə MTTİ-nin avtomaşınların, traktorların kənd təsərrüfatı maşınlarının təchizatı şöbəsinə baş mühəndis keçirilmişdir ( Əmr № 683/k, 22.07.1981-ci il); 31.05.1982-ci ildə MTTİ-nin yayma, qara mtallar, borular, metizlərin təchizatı şöbəsinə baş iqtisadçı vəzifəsinə keçirillmişdir ( Əmr № 829/k, 31.05.1982-ci il); 29.11.1982-ci ildə MTTİ-nin avtomaşınların, traktorların, kənd təsərrüftı maşınlarının təchizatı şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir ( Əmr № 2116/k, 29.11.1982-ci il); 31.01.1986-cı ildə Azərbaycan MTT Nazirliyinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan SSR ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq Dövlətaqrarsənayeyə köçürülmə qaydasında tutduğu vəzifədən azad edilmişdir (Əmr № 144/k, 06.03.1986-ci il); 31.01.1986-cı ildə Azərbaycan SSR Dövlətaqrarsənayeyə köçürülmə qaydasında Maddi texniki təchizat Baş idarəsinin ikincili sənaye xammallarının istifadəsi üzrə şöbəyə aparıcı mühəndis vəzifəsinə təyin edilmişdir. (Əmr № 142, 31.01.1986-ci il); 14.09.1988-ci ildə Az SSR ƏM 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq “Azəraqropromtara” İB-nə köçürülməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilib ( Əmr № 905k, 14.09.1988-ci il); 14.09.1988-ci il Azərbaycann SSR Dövlətaqrar sənayenin “Azəraqropromtara” X5 yolu illə meyvə tərəvəz və üzüm tarası və meşə xammalı resursları istehsalı şöbəsinə keyfiiyyət üzrə baş mühəndis vəzifəsinə təyin edilmişdir (Əmr № 7k, 14.09.1988-ci il); 06.02.1989-cu ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 14k, 06.03.1989-ci il); 30.03.1989-cu ildə Azəraycan SSR Aqrar sənaye komitəsi “Resurs” Kooperativi Baş İqtisadçı vəzifəsinə təyin edilmişdir ( Əmr № 02, 30.03.1989-cu il); 20.02.1990-cı ildə vəzifəsindən azad edilmişdir (Əmr № 06k, 20.02.1990-ci il); 21.02.1990-cı ildə Mərhəmət və sağlamlıq X10 vilayət bölməsində Sverdlovsk vilayət təsərrüfat hesablı müəssisəsi-VTHM “Забота” köçürmə yolu ilə "xxxx" filialına direktor müavini vəzifəsinə qəbul edilmişdir ( Əmr № 9, 21.02.1990-ci il); 06.10.1992-ci ildə RF ƏMM-nin 31-ci maddəsinə uyğun olaraq öz istəyi ilə işdən azad edilmişdir ( Əmr № 42, 06.10.1992-ci il); 01.11.1992-ci ildə Sverdlovsk VTHM “Забота” "xxxx" Filialına Ştat cədvəlinə uyğun olaraq filal direktorunun müavini vəzifəsinə təyin edilmişdir ( Əmr № 17, 01.11.1992-ci il); 01.07.1996-ci ildə Bakı şəhər "xxxx" filialının ləğv edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir ( Əmr № 28, 01.07.1996-ci il); 01.08.2002-ci il tarixində "xxxx" firmasına yenidən direktor müavini vəzifəsinə təyin olunmuşdur( Əmr № 10, 01.08.2002-ci il); 20.11.2002-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 19, 20.11.2002-ci il); 07.01.2003-cü ildə "xxxx" firmasına baş mühasib vəzifəsinə qəbul olunmuşdur; 05.01.2011-ci ildə "xxxx" firmasına icraçı direktor vəzifəsinə təyin olunmuşdur ( Əmr № 01, 05.01.2011-ci il); 05.03.2013-cü ildə "xxxx" firması əvəzinə "xxxx" MMC yaranması ilə əlaqədar olaraq MMC-yə baş mühasib vəzifəsinə təyin olunmuşdur ( Əmr № 03, 05.03.2014-ci il); "xxxx" MMC tərəfindən verillmiş 04.11.2021-ci il tarixli 01 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 21 fevral 1990 - 01 iyul 1996-cı illər ərzində Yekaterinburq (keçmiş Sverdlovsk) vilayət təsərrüfat hesablı “Qayğı” (Забота) müəssisəsinin "xxxx" (Бодрость) filialında direktor müavini vəzifəsində işləmişdir. 28 oktyabr 1996-cı ildən - 01 aprel 2006-cı ilədək "xxxx" (Бодрость Filialının bazasında yaranmış "xxxx" firmasında direktor müavini 2003-cü idən isə baş mühasib vəzifəsində işləmişdir. İddiaçı hal - hazırda "xxxx" firmasının bazasında yaranmış (05.03.2013-cü il) "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyir. X1 Qeydiyyatı haqqında 22639 №-li şəhadətnamənin notarial qaydada təsdiq olunuş surətindən müəyyən olunur ki, "xxxx" firması 03 aprel 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, "xxxx" Firması 03.04.1995-ci ildə (VÖEN) ********** dövlət qeydiyyatına alınmışdır (əvvəlki qeydiyyat 22639). Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya X7 Qeydiyyatı İdarəsi tərəfindən edilmiş 11 oktyabr 2010-cu il tarixli dəyişiklikdən müəyyən olunur ki, 03.04.1995-ci il tarixdə 22639 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" firmasının nizamnaməsində dəyişiklik edilmişdir. İddiaçının hazırki tələblə bağlı 14.04.2021-ci il tarixdə etdiyi müraciətə cavab olaraq, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda göstərilmişdir ki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Xətai rayonu xidmət nümayəndəliyindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. Ona avtomatlaşdırılmış qaydada pensiya təyinat edilərkən 25 il 0 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 11.546,29 pensiya sığorta kapitalı nəzərə alınmışdır. "xxxx" MMC-də işlədiyi dövrün (1992- 2006) arxiv sənədləri saxlanmaması səbəbindən yoxlamaq mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq aylıq pensiyanın məbləği dəyişmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə iddiaçıya əmək pensiyası təyin edilmiş, lakin 01.11.1992-ci il tarixdən 01.01.2006-cı ilə qədər "xxxx" (Bodrost) müəssisəsində direktor müavini və mühasib işlədiyi dövr cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmadan pensiya məbləği hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi ( vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 01.11.1992-01.01.2006-cı illərdə "xxxx" (Бодрость) müəssisəsində işləməsinin əmək stajı kimi nəzərə alınaraq, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı olduğundan qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1956-cı ildə Ağsu rayonu, Qaraqaşlı kəndində doğulmuş İddiaçı 01.11.1992-01.01.2006-cı illərdə "xxxx" (Бодрость) müəssisəsində işlədiyi dövrlərin ümumi iş stajı kimi nəzərə alınaraq, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar