Məhkəmə qərarları › İş №2-1(112)-12127/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12127/2021

29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12127/2021 29.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının X4rşı “məktubun ləğv olunması və sair” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 27 saylı test tapşırığının cavab hissəsinin səhv tərtibinə görə iddiaçının test imtahan nəticələrinə 1 balın əlavə edilməsi barədə apellyasiya müraciətinin təmin olunmaması barədə X5 07/xx-xx/2877 nömrəli, 01 noyabr 2021-ci il tarixli məktubunun (inzibatı aktı) ləğv olunması, X5 üzərinə 27 saylı test tapşırığının səhv tərtibinə görə S.Ə.Həsənovun test imtahan nəticələrinə 1 balın əlavə edilməsi, nəticədə yekun 60 bal toplaması barədə sənədin (inzibati aktın) qəbul edilməsi və həmin inzibatı aktın Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı 02 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası X7ndə (DİM) Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv olmaq üçün test imtahanında iştirak etmiş, imtahandan dərhal sonra DİM-in ona təqdim etdiyi məlumata əsasən müəyyən olunmuşdur ki, 59 bal toplamışdır. İddiaçı 04 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına müraciət etmişdir ki, bir neçə şübhə etdiyi test tapşırıqlarına və verdiyi cavablara baxmaq üçün apellyasiyada iştirak etmək istəyir. 15 oktyabr 2021-ci il tarixdə DİM-nin inzibati binasına dəvət olunmuş, bir neçə test tapşırıqları ilə bağlı apellyasiya ərizəsi təqdim etmişdir. İddiaçının fikrincə səhv tərtib edilən (test tapşırığında bütün cavablar doğrudur) və test imtahan nəticələrinin yekun balının azalmasına səbəb olan 27 saylı test tapşırığı barədə ərizədə xüsusi qeyd etmiş, ətraflı tələbini yazmışdır. Apellyasiya ərizəsinə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dərslik kimi təsdiq etdiyi Mülki Hüquq kitabından mübahisəli cavabla (Rekvizisiya) bağlı çıxarışları əlavə etmişdir. 18 oktyabr 2021-ci il tarixdə yenidən DİM-ə dəvət edilmiş və DİM-in ona müstəqil hüquqşunas-ekspert kimi təqdim etdiyi Oktay Məhərrəmovla birlikdə bir neçə test tapşırığı, əsas etibarı ilə 26 və 27 saylı test tapşırığının müzakirəsi aparılmışdır. Bir neçə əsassız mülahizələrlə Oktay Məhərrəmov hesab etmişdir ki, 27 saylı test tapşırığında onun cavablarında yanlışlıq yoxdur, rekvizisiya ilə mülkiyyət hüququ yaranmır. Daha sonra söyləmişdir ki, servitut isimdir, rekvizisiya feldir. İddiaçı hüquqi faktları, mülkiyyət və əmlak hüquqlarını əldə etmək üsullarını qrammatik terminlər ilə qiymətləndirmək üsulunu ilk dəfə eşitdiyini, ona yenilik olduğunu bildirmişdir. Müstəqil ekspert obyektivlikdən uzaq duraraq DİM-i tam müdafiə etmişdir. Buna baxmayaraq ki, iddiaçı ekspert Oktay Məhərrəmova mübahisə yaradan test tapşırığı ilə bağlı mülki qanunvericiliyə söykənən əsaslı mülahizələrini söyləmiş, cavab kimi göstərilən hüquqi faktlara aid müqayisəli cədvəli ona təqdim etmişdir. Lakin ekspert Oktay Məhərrəmovun və ya digər bir ekspertin mübahisəli test tapşırığı barədə yekun rəyi DİM tərəfindən qanunsuz olaraq iddiaçıya təqdim edilməmiş, mənfi rəy verilmişdir. DİM tərəfindən 07/xx-xx/2877 nömrəli 01 noyabr 2021-ci il tarixli müraciətin təmin olunmaması barədə məktub yalnız iddiaçının tələbi ilə ona inzibati binada təqdim edilmişdir. Həmin məktubda ekspertin iddiaçıya müvafiq izahat verməsi qeyd edilmişdir. DİM-in eksperti 27 saylı test tapşırığını ancaq əsaslı arqumentləri olmadan (iddiaçının mülahizələrini isə qəti qəbul etməməklə) məqsədyönlü şəkildə müdafiə etmişdir. DİM-in ekspertinin iddiaçıya əsas izahı bu olmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən dövlətin mülkiyyət hüququ (və əmlak hüququ) əldə etməsi nəzərə alınmamalıdır, çünki bu hal praktik həyata keçməyib, həmçinin MM-nin 158-ci maddəsinə istinad etmişdir. Əvvəla 27 saylı test tapşırığında praktik və ya nəzəri sayılan hüquqi faktları qeyd etmək şərti mövcud deyildir, ikincisi 27 saylı test tapşırığında "AR MM-nin 158-ci maddəsinə əsasən" sözü yazılmamış, "AR MM-nə əsasən" sözü yazılmışdır, bu halda Mülki Məcəllədə sualla bağlı istənilən maddəyə istinad edib sualı cavablandırmaq mümkündür. Bundan əlavə iddiaçının apellyasiya ərizəsində izahatın deyil, yazılı əsaslı rəyin verilməsi xahiş edilmiş, lakin DİM öz məktubuna rəyləri əlavə etməmişdir. Məktubda istifadə edilən ”27 saylı test tapşırığının məzmununda elmi-metodik qüsurlar aşkar edilməməsi" kimi yazılan bu və ya digər ümumi, standart cümlələr isə sübut hesab edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən 27 saylı test tapşırığının cavab hissəsi qüsurludur, qiymətləndirmə üçün qeyd edilən 4 cavab arasında yanlış cavab mövcud deyil. İddiaçının seçdiyi rekvizisya cavabı yanlış deyildir. Bu səbəbdən həmin cavab (B variantı) doğru sayılmalı, yekun topladığı bal 60 təşkil etməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, İmtahan xx.xx.2021ci il tarixdə komputer vasitəsilə elektron qaydada 2 növbədə təşkil olunmuş və namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim edilmişdir. Bundan əlavə imtahan nəticələrindən narazı qalan namizədləri nəzərə alaraq, imtahan nəticəsinə dair şikayətlərini bildirməsi üçün Mərkəzdə 4-7 oktyabr 2021-ci il tarixlərində Apellyasiya komissiyası təşkil edilmişdir. İddiaçı Vəkillər Kolegiyasının üzvlüyünə qəbulla əlaqədar keçirilmiş yazılı test imtahanın nəticəsindən narazı qaldığı üçün Apellyasiya Kommissiyasına müraciət etmiş və nəticəsindən narazı qaldığı test tapşırığı bir daha Mərkəz tərəfindən təhlil edilmişdir. Məkəzin xx.xx.2021-ci il tarixli 07/xx-xx/2877 nömrəli məktubu ilə iddiaçıya izah edilmişdir ki, Apellyasiya şikayətində qeyd etdiyi 27 saylı test tapşırığının məzmunu onun iştirakı təmin edilməklə ekspert tərəfindən ekspertizadan keçirilmiş və bu barədə ona müvafiq izahat verilmişdir. Həmin test tapşırığının məzmunu ilə əlaqədar heç bir elmi-metodik qüsur aşkar edilmədiyi üçün onun müraciəti təmin olunmamışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunan iş materiallarındakı sənədlərdən görünür ki, İddiaçı 02 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak etmiş və yazılı imtahanın yekununa görə 59 bal toplamışdır. İddiaçının Vəkillər Kollegiyasına üzvlüyünə qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi ilə əlaqədar iddiaçının apellyasiya ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.2021-ci ildə Vəkillər Kollegiyasına üzv olmaq üçün test imtahanlarında iştirak etmişdir. İddiaçının 100 ədəd test suallarından 27 saylı sualla bağlı apellyasiya şikayəti var və o hesab edir ki, bu suala cavablar səhv tərtib edilmişdir. Sual belədir: AR Mülki Məcəlləsinə əsasən mülkiyyət hüquqları ilə yanaşı əmlak hüquqları sayılır. Düzgün variantlar 1,2,3,4 sıralamasında göstərilmişdir. (1-Rekvizisiya, 2-Əmlakdan istifadə, 3-servitutlar, 4-girov hüququ). İddiaçı b variantını, yəni Rekvizisiya, Servitut və Girov hüququnu cavab kimi seçmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “xx.xx.2021-ci il tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı keçirilmiş ixtisas imtahanlarının yazılı test mərhələsində iştirak etmiş namizəd X2 verdiyi şikayət üzrə test tapşırıqları ilə bağlı” xx.xx.2021-ci il tarixli rəydə qeyd edilmişdir ki, №27-ci test tapşırığı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsaslanmaqla, onun mətnində “mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılan” institutlardan söhbət gedir ki, bu mülkiyyət hüququnun itirilməsinin əsaslarından biri olan rekvizisiya ilə qarışdırıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ (158.1.1); əmlakdan istifadə hüququ (158.1.2); servitutlar (158.1.3). Göründüyü kimi “rekvizisiya” bu siyahıda yer almır. Əksinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Mülkiyyət hüququnun itirilməsi növləri” adlanan 203-cü maddəsinə əsasən rekvizisiya mülkiyyət hüququnun itirilməsi növlərindən biri kimi təsnifləşdirilmişdir (203.3.5-ci maddə). Beləliklə, test tapşırığında qüsur yoxdur, tapşırıq elmi-metodiki olaraq düzgün tərtib edilməklə bərabər, qanunvericiliyin tələblərinə cavab verir. Göründüyü kimi, şikayətdə qeyd edilənlər öz təsdiqini tapmır.” Məhkəmə qeyd edir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin İİ hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər. Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir ki, bununla bağlı Reyasət Heyətinin 07 iyul 2008-ci il tarixli qərarla təsdiq etdiyi “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”na əsasən: - 4.1. Yazılı test imtahanı X7 tərəfindən müəyyən edilmiş tələblərə uyğun olaraq hazırlanır və keçirilir. - 4.2. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini mütləq imtahana gətirməlidirlər. - 4.3. Yazılı imtahan qabaqcadan təyin olunmuş tarixdə X7 tərəfindən keçirilir. - 4.4. İmtahanların şəffaflığının təmin edilməsi məqsədilə Vəkillər Kollegiyasının Rəyasət Heyəti beynəlxalq, habelə hökumət və qeyri-hökümət təşkilatları, kütləvi informasiya vasitələrini imtahanları müşahidə etməyə dəvət edir. Dəvət olunmuş və ya imtahanları müşahidə etmək təşəbbüsü ilə müraciət etmiş təşkilatlar və kütləvi informasiya vasitələri öz nümayəndələrinin siyahılarını yazılı imtahana ən geci 7 gün qalmış Rəyasət Heyətinə təqdim etməlidirlər. Təqdim edilmiş nümayəndələr Rəyasət Heyəti tərəfindən akkreditə olunurlar. - 4.5. Müşahidəçilər tərəfindən imtahanın gedişinə müdaxilə edilməsi, habelə namizədlərin fikrinin yayındırılması və onların imtahan prosesindən ayrılması yol verilməzdir. - 4.6. Yazılı imtahanın sual vərəqəsi 100 sualdan ibarət olur və imtahan 3 saat müddətində keçirilir. 4.7. Cavab kartlarının yoxlanılmasını X7 həyata keçirir. - 4.8. Hər bir imtahan sualına düzgün cavab 1 (bir) balla qiymətləndirilir (cəmi 100 mümkün bal). Səhv cavablar və ya sualın cavabsız qoyulması “0” bala bərabər tutulur. - 4.9. Yazılı imtahanın yekununa görə 60 (altmış) və ya daha çox bal toplamış namizədlər imtahanın ikinci mərhələsinə - şifahi müsahibəyə buraxılırlar.. İşdən görünür ki, iddiaçı Vəkillər Kollegiyasına üzvlüyə qəbul üçün cavabdeh tərəfindən keçirilən imtahanda iştirak etmiş və keçid balını toplaya bilmədiyindən növbəti mərhələyə buraxılmamışdır. İddia ərizəsindən və iddiaçının məhkəmə iclasında verdiyi cavabdan görünür ki, iddiaçı təqdim edilmiş testin 59-cu sualı ilə razı olmamışdır. Həmin sualın məzmunu belə olmuşdur: Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülkiyyət hüquqları ilə yanaşı əmlak hüquqları sayılır:

1. Rekvizisiya;

2. Əmlakdan istifadə;

3. servitutlar;

4. girov hüququ. a) 2, 3, 4; b) 1, 3, 4; c) 1, 2, 3; d) 1, 2, 4 İddiaçı b variantını, yəni rekvizisiya, servitut və girov hüququnu cavab kimi seçmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Göründüyü kimi, həmin sual Mülki Məcəllənin 158-ci maddəsinə əsasən verilmiş, düzgün cavab da məhz həmin maddədə göstərilən hüquqların sadalandığı bənd olmuşdur. Məhkəmə qeyd edir ki, rekvizisiya latinca “requsitio” – tələb etmə sözündə yaranmışdır və ekspropriasiyanın bir növüdür. Yəni rekvizisiya hüquq, xüsusən də əmlak hüququ deyil, mülkiyyət hüququnun itirilməsi növlərindən, üsullarından biridir. Onun məqsədi mülkiyyətçinin təhlükəsizliyini təmin etməkdən, əmlakı tələf olmaqdan xilas etməkdən və yaxud epidemiya, epizootiya hallarında xəstəliklə yoluxmuş heyvanları (məsələn, quş qripi ilə yoluxmuş ev quşlarını) məhv etməkdən ibarətdir. Belə ki, Mülki Məcəllənin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.5. rekvizisiya; Mülki Məcəllənin 209.1-ci maddəinə əsasən təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə mülkiyyətçidən əmlak qanunla müəyyənləşdirilmiş qaydada və şərtlərlə, dəyəri mülkiyyətçiyə ödənilməklə cəmiyyətin mənafeləri üçün alınması rekvizisiyadır. Həmin Məcəllənin 209.2-ci bəndinə əsasən əmlakı rekvizisiya edilmiş şəxs rekvizisiya üçün əsas götürülmüş halların təsiri qurtardıqda, əmlakından qalanın qaytarılmasını məhkəmə yolu ilə tələb edə bilər. Beləliklə, istnad olunan normalardan müəyyən olunur ki, iddiaçının hazırda mübahisələndirdiyi sualın cavabı a bəndi olmuş, iddiaçının bununla bağlı mübahisələndirməsi əsaslı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı :

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar