Məhkəmə qərarları › İş №2-1(112)-12136/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12136/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12136/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülmə” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.1955-ci il tarixində Oğuz rayonu (keçmiş Vartaşen rayonu), Tərkəş kəndində anadan olmuşdur. 2017-ci ildən daimi olaraq həyat yoldaşı X4 və qız övladı X2 ilə Bakı şəhərində yaşayır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2012-ci il tarixli qərarına əsasən ona ikinci dərəcəli əlillik təyin edilmişdir. 2017-ci il 17 dekabr tarixindən Bakı şəhərində yaşamağına baxmayaraq, 2024cü il 13 iyul tarixindən daimi qeydiyyata düşmüşdür. İddiaçı ailə üzvləri ilə birlikdə mənzil növbəsinə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, onun mövcud mənzil qanunvericiliyinə əsasən son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmaması müraciətin təmin edilməməsi üçün əsas verir. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 159 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1986-cı il tarixdən 01,06.2005-ci il tarixədək ünvan 2 ünvanında, 01,06.2005-ci il tarixdən xx.xx.2019-cu il tarixdək ünvan 3 ünvanında, xx.xx.2019-cu il tarixdən hazıradək ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı (pensiya, sosial müavinət, təqaüd) məlumatlara əsasən xx.xx.1955-ci il təvəllüdlü İddiaçı əlilliyə görə, xx.xx.1954-cü il təvəllüdlü X.A.Abdullayevaya yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.1980-ci il təvəllüdlü A.İddiaçının isə sosial ödəniş almasına dair məlumat mövcud deyil. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən X1 adına Oğuz şəhərində yerləşən 0,0708 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır (sözügedən daşınmaz əmlak əvvəllər qeydiyyata alınmış 0,0108 ha və 0,06 ha torpaq sahələrinin birləşdirilməsi nəticəsində qeydiyyata alınmışdır). İddiaçı adına Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı, X1 və X3 adına Oğuz şəhərində yerləşən 0,93 ha və 0,06 ha torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Həmçinin İddiaçı adına ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi qeydiyyata alınmış, lakin xx.xx.2023-cü il tarixli, 4Ə-77 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Elektron məhkəmə informasiya sisteminə inteqrasiya olunmuş məlumatlardan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsi və 148,20 kv.m sahəsi olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 43cü maddəsinə əsasən -Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə mənzillər növbədənkənar verilir. -Əlillərə verilən mənzillər əlillərin səhhəti nəzərə alınmaqla müəyyən edilən sanitariya texniki tələblərə uyğun gəlməlidir. Əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər ailədə adambaşına 9 kvm və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina edilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, doğrudur ki, əlilliyi olan şəxslər Azərbaycan qanunvericiliyinə görə xüsusi qayğıya ehtiyacı olan təbəqə kimi qəbul edilir və onlara müxtəlif güzəştlər və hüquqlar verilir. Əsasən, bu güzəştlər onların sosial müdafiəsini və cəmiyyətə inteqrasiyasını təmin etmək üçün nəzərdə tutulur. Doğrudur ki, bu güzəştlərdən biri də onların mənzillə təmin olunması ilə bağlıdır. Yuxarıda bəhs olunan qanunvericiliyin müddəalarından da göründüyü kimi əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. Hətta İ qrup əlillərə mənzillər növbədənkənar qaydada verilir. Lakin bu zaman belə onların mənzillə təmin olunmaları məhz Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müəyyən olunmuş meyarları əsasında həyata keçirilir ki, Məcəllənin tələblərinə görə mənzillə təmin olunma mexanizmi şəxsin yaşayış sahəsinə ehtiyacı olan şəxs kriteriyalarına cavab verməsi ilə şərtləndirilir. Şəxsin “Yaşayış sahəsinə ehtiyacı olan şəxs” hesab olunması üçün o, aşağıdaki kriteriyalardan birinə cavab verməlidir: - sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; - sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; - yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; - bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Hazırki işin hallarından isə görünür ki, iddiaçı “yaşayış sahəsinə ehtiyacı olan şəxs” hesab olunması üçün həmin meyarların tələblərinə cavab vermir. Belə ki, doğrudur ki, iddiaçı əlilliyi müəyyən olunmuş şəxsdir. Lakin o, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsi və 148,20 kv.m sahəsi olan fərdi yaşayış evinin mülkiyyətçisidir. Hətta, onun ailə üzvlərinin də adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş əmlak müəyyən olunmuşdur. Hüquq prinsiplərindən irəli çıxaraq Məhkəmə hesab edir ki, cavabdehin imtina əsası iddiaçının Bakı şəhərində 5 il yaşamaması ilə əlaqədar olsa da, hətta, onun ailə üzvləri ilə birlikdə 2017-ci ildən Bakı şəhərində yaşaması müəyyən olunsa da, bu hal hazırki iddianın təmininə əsas vermir. Bir daha da qeyd olunur ki, həm iddiaçının, həm də onun ailə üzvlərinin adına daşınmaz əmlak dövlət reyestrindən qeydiyyatdan keçmiş əmlakları müəyyən olunduğundan, o, “yaşayış sahəsinə ehtiyacı olan şəxs” hesab olunmur. Nəticə etibarı ilə onun ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi istisna olunur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2028/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası şikayətin bu dəlilini də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, iddiaçının həmin əmlaka hər hansı əşya hüququnun olmadığı hazırkı halda əhəmiyyət kəsb etmir. Çünki sözügedən evin mülkiyyətçisi iddiaçının ailə üzvü olduğundan, iddiaçı “vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları”nı müəyyən edən Mənzil Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulmuş “yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar”ın dairəsinə aid edilmir.” İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar