Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12137/2024 12.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı üçüncü şəxslər X2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondu “vəfat etmiş prokurorluq işçisinin ailə üzvünə 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı (üçüncü şəxslər X2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondu) “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək prokurorluq işçisi olmuş X4 onkoloji xəstəlikdən xx.xx.2019-cu il tarixdə ölməsi ilə əlaqədar ona dövlət icbari şəxsi sığorta haqqının verilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu (bundan sonra – cavabdeh) müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “... Baş prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və Azərbaycan Respublikasının Baş prokuroruna rəylə birlikdə məruzə edilmiş toplanmış materiala Azərbaycan Respublikasının Baş X1 Komissiyasının xx.xx.2024-cü il tarixli iclasında baxılaraq İddiaçı sabiq prokurorluq işçisi olmuş həyat yoldaşı X4 “dəqiqləşdirilməmiş ürək çatmamazlığı” xəstəliyindən xx.xx.2019-cu il tarixdə ölməsi xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olmayan hal kimi qiymətləndirilmişdir”. İddia tələbi və tələbin əsaslandırılması, cavabdehin etirazları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 Respublika Prokurorluğunun Sumqayıt şəhər Prokurorluğunda işlədiyi müddətdə ağır xərçəng xəstəliyinə tutulması nəticəsində öz vəzifəsini icra etmək imkanı olmaması nəticəsində 2019-cu ildə vəfat etməsi ilə əlaqədər, prokurorluq işçilərinin dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta ödənişlərinin ödənilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad dedərək iddia tələbi onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı, keçmiş Sumqayıt şəhər Prokurorluğunun müstəntiqi X7 onkoloji xəstəlikdən xx.xx.2019-cu ildə vəfat etmişdir. O zaman o, həyat yoldaşının bütün dəfn və mərasim xərclərini çəkmişdir. Həyat yoldaşının dəfnindən sonra, Əliyev Fuadın bacısı onu əsasız məhkəmə çəkişmələrinə cəlb etdiyindən vaxtında Baş Prokurorluğa müraciət edərək sığorta ödənişlərinin alınmasını tələb edə bilməmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi iddianın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Digər üçüncü şəxs X2 məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə prokurorluq işçisi X7 xx.xx.2019-cu il tarixdə “Dəqiqləşdirilməmiş ürək çatmamazlığı səbəbindən ölmüşdür. İddiaçı X4 onkoloji xəstəlikdən xx.xx.2019-cu il tarixdə ölməsi ilə əlaqədar ona dövlət icbari şəxsi sığorta haqqı ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə X4 “dəqiqləşdirilməmiş ürək çatmamazlığı” xəstəliyindən xx.xx.2019-cu il tarixdə ölməsi xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olmayan hal kimi qiymətləndirilməsini əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız, cavabdehin imtinası əsaslıdır. Belə ki, “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Sığorta Sığorta - sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir. ... Maddə 13. Şəxsi sığorta, əmlak sığortası və mülki məsuliyyət sığortası
1. Şəxsi sığorta fiziki şəxslərin həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı olan əmlak mənafelərinin sığortasıdır. ... “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: .... Maddə 20. Prokurorluq işçilərinin sosial müdafiəsi ... 20.5. Prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. 20.6. Xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidmətin davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış prokurorluq işçilərinə və ya onların ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət verilir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında qanunvericilik
Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası bu Qanunla, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, habelə digər normativ aktlarla tənzimlənir. 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi; .... 2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi; ... Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı 4.1. Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. 4.3. Sığortalının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər.
M a d d ə 5 . Sığorta hadisələri və ödənişləri Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığortaolunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz; c) sığortaolunanın əlilliyi müəyyən edildikdə; orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz ç) sığortaolunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) – 15 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Sadalanan qanunvericilik normalarının tələblərinə əsasən müəyyən edilir ki, iddiaçıya mərhum prokurorluq işçisi olmuş Fuad Əliyevin ölümü ilə əlaqədar birdəfəlik sığorta ödənişinin ödənilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) mərhum Fuad Əliyevin ölümü xidməti vəzifələrinin icrası ilə bağlı olmalıdır; 2) iddiaçının F.Əliyevin ailə üzvü olmalıdır. 1-ci hallar bağlı iş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət” Mərkəz tərəfindn verilmiş xx.xx.2019-cu il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, F.Əliyev dədiqləşməmiş ürək çatışmamzlığındna ölmüşdür. Belə olan halda, onun xidməti vəzifələrinin icrası ilə bağlı ölməsi müəyyən edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Maddə 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Maddə 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Maddə 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 8.4. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Maddə 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Sadalanan normalardan göründüyü kimi, ölüm qeydə alınması tibbi şəhadətnaməyə əsasən, tibbi şəhadətnamə olmadıqda isə ölüm faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinə əsasən aparılır. Həmin şəhadətnamə əsasında isə ölüm haqqında şəhadətnamə verilir. Nəqədərki, F.Əliyevin ölüm haqqında şəhadətnaməsində xidməti vəzifələrinin icrası ilə əlaqədar ölməsi barədə hər hansı qeyd yoxdur məhkəmə hesab edir ki, onun xidməti vəzifələrin icrası ilə əlaqədar ölməsi nəticəsinə gəlmək üçün əsaslar müəyyən edilmir və qanununvericiliyin yuxarıda sadalanan dispozisiya şərti ödənilmir. İkinci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində F.Əliyevin həyat yoldaşı olmasını bildirir. Lakin işin mübahisələndirilməyən halıdır ki, iddiaçının F.Əliyevlə rəsmi nikahı olmamışdır və belə olan halda iddiaçı onun ailə üzvü sayılmır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Maddə 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Maddə 1.5. Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Qeyd edilən normalara əsasən müəyyən edilir ki, ailə üzvü dedikdə ər-arvad, valideynlər və uşaqlar nəzərdə tutulur. Həmçinin dini nikah hüquqi əhəmiyyətə malik deyildir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. İddiaçı mərhum Fuad Əliyevin vəsiyyət üzrə vərəsəsidir. Vəsiyyət üzrə vərəsəlik isə, yalnız vəsiyyətnamədə qeyd edilmiş miras əmlakla məhdudlaşır və vərəsəyə miras qoyanın ailə üzvü olması hüququnu verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1166. Vəsiyyət anlayışı Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1172. Vəsiyyətnamədən kənarda qalmış əmlaka vərəsəlik Əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə qeyd edir ki, mərhum F.Əliyevin ölümü xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadığından və iddiaçı onun ailə üzvü olmadığında, xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) prokurorluq işçilərinin ailə üzvləri üçün nəzərdə tutulmuş 5 illik əmək haqqı məbləğində birəfəlik sığorta ödənişin ödənilməsi barədə tələb təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olduğundan hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmur, buna görə də iddia təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı (üçüncü şəxslər X2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondu) “sığorta ödənişinin ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov