Məhkəmə qərarları › İş №2-1(112)-1214/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1214/2023

13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1214/2023 13.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" kiçik müəssisəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (bundan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Çinar bağçılığın inkişafı ictimai birliyinin” üzvü kimi Bakı şəhər X11 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində ayrılmış torpaq sahəsindən 0,6 ha hissəsinin plan-ölçüsünü tərtib edib onun adına qeydiyyata alaraq xüsusi mülkiyyət hüquqlarına dair çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər X11 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində “Bakıelektrikcihaz” istehsalat birliyinin hazırkı hüquqi varisi “Bakı Çinar Soyuducuları” açıq səhmdar cəmiyyətinə 12,45 hektar bağ sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları sxemi tərtib edilərək, idarə tərəfindən təsdiq edilmişdir. Qərarla ayrılan torpaq sahəsi Birliyin 200 (iki yüz) nəfər işçisi arasında bölünmüş, sonra siyahıda olan köçüb gedən şəxslərin əvəzinə Birliyin digər işçilərinin əlavə edilməsi qərara alınmışdır. Bundan sonra “Çinar bağçılığın inkişafı ictimai birliyi” yaradılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməklə Birliyin 07 oktyabr 1997-ci il tarixli yığıncağının qərarı ilə əvvəlki siyahıda olan şəxslərin respublikanı tərk, etdiyi üçün onların əvəzinə ASC-nin əməkdaşları üzvlüyə qəbul edilmişdir. Siyahıda olan Birliyin üzvlərinin hər birinə 0,6 ha olmaqla, bağ sahəsi 200 nəfər şəxs arasında bölünmüşdür. Bütün üzvlərə bağçının üzvülük kitabçası verilmişdir. Daha sonra isə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lazımi dövlət rüsümları ödənilərək, hər bir şəxsin istifadəsinə ayrılmış 0.0562 ha ölçüdə topraq sahəsi 2018-2019-cu illərdə qeydiyyata alınıb 100 (bir yüz) nəfərdən çox şəxsə çıxarışlar verilmişdir. Lakin o, lazımi sənədləri təqdim etsə də, istifadəsində olan torpaq sahəsi qeydiyyata alınmamışdır. Bundan sonra AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Doviəl Xidmətinə müraciət edərək, ona ayrılmış və istifadəsində olan torpaq sahəsinin plan-ölçüsünü tərtib edərək, qeydiyyata alıb çıxarışın verilməsini bildirsə də, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 may 2022-ci il tarixli məktubla imtina edərək, ərizədə göstərilən faktlara əhəmiyyət verməmişdir. Cavab məktubunda göstərilmişdir ki, arxivdə olan siyahıda onun adı aşkar olunmamış, təqdim olunan protokoldan çıxarış isə İdarənin arxivində mövcud deyil. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək, əsl olmayan cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) ilə əvəz olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən Bakı şəhər X11 İcraiyyə Komitəsinin 10/369 №li xx.xx.1989-cu il tarixli qərarı ilə ona yəni, İddiaçı ayrılmış Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən faktiki sahəsi 0,0562 ha olan 22 saylı bağ sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, onun, yəni İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəməni 2-1(112)-8967/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əsl cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz olunmuş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 16 iyun 2022ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Daha sonra məhkəmənin 2- 1(112)-8967/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" kiçik müəssisəsi (bundan sonra mətndə "xxxx" KM) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli, **********23 №li iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ümumi əraziyə digər şəxsin ("xxxx" KM) müraciəti olmuşdur. Həmçinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Çinar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamış, təqdim edilmiş protokoldan çıxarış isə İdarənin arxivində mövcud deyildir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış bu barədə iddiaçıya **********08 saylı, xx.xx.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmışdır. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, göstərilən əmlakın faktiki ölçüsü 0.0562 ha təşkil edir. "xxxx" KMnin idarəyə müraciəti ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5157/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə bildirişi idarəyə daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı daxil olmamışdır. Belə ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Üçüncü şəxs "xxxx" KM tərəfindən iddaya dair yazılı münasibət məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs "xxxx" KM nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X10 etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı eyni tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu onun müraciətindən imtina etdiyi üçün, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: iddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. “Çinar” bağçılığın inkişafı ictimai birliyinin 07 oktyabr 1997-ci il tarixli yığıncağının 4 №-li protokolundan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri X11 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/369 №-li qərarına əsasən Bakı şəhəri Əzizbəyov rayonu Türkan qəsəbəsi ərazisində əmək kollektivinə bağçılıq yoldaşlığı üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində “Bakıelektrikməişətcihazqayırma” İstehsalat Birliyinin 200 nəfərəlik kollektivinin yoldaşlıq bağçılığı təsərrüfatının üzvü X7 torpaq sahəsi ayrılmışdır. X8 1990-cı ildə respublikanı tərk edərək, getdiyinə görə həmin torpaq sahəsi uzun müddət baxımsız qalmışdır. Bu səbəbdən də həmin sahə kollektivin üzvü İddiaçı sahəsi 562,5 kv. m. olan 22 saylı bağ sahəsi kimi verilmişdir. “Çinar” bağçılığın inkişafı ictimai birliyi tərəfindən verilmiş 151 №-li üzvlük kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.1997-ci il tarxli 4 nömrəli protokola əsasən Əzizbəyov rayonu Türkan qəsəbəsində sahəsi 562,5 kv. metr olan 22 saylı bağ sahəsi ayrılmışdır. Bakı şəhəri XDS İK-nin xx.xx.1989-cu il tarixli 10/369 nömrəli qərarı ilə “Xəzər (Əzizbəyov” Rayonu, Türkan qəsəbəsində “Bakıelektrikməişətcihazqayırma” İB-nin əmək kollektivinə bağçılıq yoldaşlığına ayrılmış 12,45 ha torpaq sahəsinin bölgü sxemi tərtib olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin aşağıda qeyd olunan: xx.xx.2022-ci il tarixli **********12 №li məktubu ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 22 saylı bağ sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2021ci il tarixli baxış aktının surətindən müəyyən olunur ki, Türkan bağ massivində yerləşən 22 saylı bağ sahəsinin hüquqmüəyyən edici sənəd üzrə sahəsi 0,05625 ha, faktiki sahəsi 0,0562 ha olduğu, bağ sahəsinin döngə nöqtələrinə mişar daşları qoyulduğu, döngə nöqtələrinin aralarının şərti olduğu, icazəsiz tikilinin olmadığı qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli **********79 №li məktubu ilə məhkəməyə təqdim olunmuş “Çinar” bağçılıq yoldaşlıq birliyi üzvlərinin siyahısının təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 adı siyahıda 151-ci sırada qeyd olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-278/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, "xxxx" KM (VÖEN: **********) cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin 13 sentyabr 1993-cü il tarixli 629 nömrəli və 30 dekabr 2004-cü il tarixli 953 nömrəli sərəncamları ilə "xxxx" MMC-yə mişar (kubik) daşı istehsal etmək məqsədilə Türkan qəsəbəsində ayrılmış 4,5 hektar torpaq sahəsi ilə bağlı müxtəlif şəxslərə mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Qeyd olunan iş üzrə iddia ərizəsinə əlavə olunmuş Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının "xxxx" KM-yə Türkan qəsəbəsində torpaq sahəsi ayrılması barədə” 629 №-li xx.xx.1993-cü il tarixli sərəncamının surətindən müəyyən olunur ki, qeyd olunan sərəncamla "xxxx" KM-yə mişar (kubik) daşı istehsalı üçün Türkan qəsəbəsinin şimalqərbində 1,5 ha, 953 №-li, xx.xx.1994-cü il tarixli sərəncamı ilə 3,0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 629 №-li sərəncamı ilə Türkan qəsəbəsində "xxxx" KM-yə ayrılan 1,5 ha torpaq sahəsinin və xx.xx.1994-cü il tarixli 953 №-li sərəncamı ilə ayrılmış 3,0 ha torpaq sahəsinin sxemi tərtib olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-103/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının surətindən müəyyən olunur ki, "xxxx" KM-nin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi barədə şəxslərin adına reyestrdən çıxarışların verilməsi hərəkətlərinin qanunsuz sayılması” tələbinə dair iddiası üzrə işə İPM-nin 55-ci maddəsinə əsasən (iddiaçı iddia ərizəi və ona əlavə olubnmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyi üçün) xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/2768 №li ekspert rəyində ekspert belə nəticəyə gəlmişdir ki, mülki iş materiallarında olan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın 1-ci sualı üzrə: Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 22 saylı bağ sahəsi faktiki olaraq hasar daxili 0.0562 ha təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Qərardadın 2-ci sualı üzrə: Sözügedən 0.0562 ha torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatları (X,Y) yazılı formada əlavə olundu. X Y 429451.8411 4469881.1058 429457.4643 4469905.4722 429479.5008 4469900.9288 429473.8776 4469876.5623 Qərardadın 3-cü sualı üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən bağ sahəsi “Çinar” bağçılıqyoldaşlığına ayrılmış 12.45 ha ayrıc aktının hüdudları daxilində yerləşir. Qərardadın 4-cü sualı üzrə: Qeyd olunan ərazi vahid elektron kadastr baza məlumatlarına əsasən “Çinar” bağçılıq - yoldaşlığın ərazisidir. Ərazinin ümumi sahəsi 12.45 ha təşkil edir. “Çinar” bağçılıq - yoldaşlığın bölgü sxeminə əsasən sözügedən ümumi sahə 12.45 ha olan ərazidə 200 vətəndaşa ayrılmış bağ sahəsi yerləşir. İddiaçı müraciətlərinə cavab olaraq ona ünvanlanmış DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin aşağıda qeyd olunan: - xx.xx.2019-cu il tarixli **********89 №-li məktubunda elektron baza məlumatlarına və tərəfindən təqdim edilmiş bağçılıq yoldaşlığının bölgü sxeminə əsasən sözügedən bağ sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada (yerdə) təyin edilərək, ona göndərildiyi, eyni zamanda 22 saylı bağın naturada göstərilmiş sərhədlərinin tələb olunan qaydada tərəfindən tam olaraq hasarlanmasının tövsiyyə edildiyi bildirilmişdir. - xx.xx.2021-ci il tarixli **********08 №li məktubda qeyd olunan ümumi əraziyə digər şəxsin müraciətinin olduğu, həmçinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş "Çinar" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adının aşkar olunmadığı, təqdim olunmuş protokoldan çıxarışın isə İdarənin arxivində mövcud olmadığ, bu səbəblərdən müraciətinin icrası tərəflərindən mümkün olmadığı qeyd olunmuşdur. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********56 №li məktubunda aparılan araşdırma zamanı ‘‘Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Çinar" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının aşkar edilmədiyi və protokoldan çıxarışın arxivdə mövcud olmadığı müəyyən edildiyi üçün müraciətinin icrasını təmin etməyin mümkün olmadığı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlərin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməli olduğu qeyd olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. - 9. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). - 10.2.1. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. - 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təsdiq olunmuş surəti təqdim edilmiş “Çinar” bağçılıq yoldaşlıq birliyi üzvlərinin siyahısında adı 151-ci sırada qeyd olunmuş mübahisəli bağ sahəsinin ayrıldığı şəxs - X8 tərəfindən həmin torpaq sahəsi uzun müddət baxımsız saxlanıldığından “Çinar” bağçılığın inkişafı ictimai birliyinin 07 oktyabr 1997-ci il tarixli yığıncağının 4 №-li protokolu ilə iddiaçıya ayrılmış və buna dair sonuncunun adına “Çinar” bağçılığın inkişafı ictimai birliyi tərəfindən 151 №-li üzvlük kitabçası verilmişdir. İddiaçı tərəfindən iddia olunan bağ torpaq sahəsi həm hüquqi, həm də faktiki cəhətdən mövcud olmaqla, iddiaçının istifadəsindədir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamışdır, cavabdehin imtinası qanunazidd oluş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhər X11 İcraiyyə Komitəsinin 10/369 №li xx.xx.1989-cu il tarixli qərarına əsasən “Çinar” bağçılığın inkişafı ictimai birliyinin 07 oktyabr 1997-ci il tarixli yığıncağının 4 №-li protokolu ilə İddiaçı ayrılmış Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən faktiki sahəsi 0,0562 ha olan 22 saylı bağ sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar