Məhkəmə qərarları › İş №2-1(112)-12142/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12142/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12142/2021 23.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi əsasında inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə olunmasına dair qəbul olunmuş 11.10.2021-ci il tarixli MN ******* nömrəli qərarın əsassız və qeyri-qanuni hesab edilərək ləğv edilməsini, cavabehin ərizəçilərin ərizəsi əsasında iy-qoxu barədə məlumatları araşdırmaq adı ilə guya təsərrüfatında məişət və sənaye tullantılarının yığılıb yandırılması nəticəsində atmosferin çirklənməsi haqqında gedib haralardasa həqiqətə uyğun olmayan yalan məlumatlar uydurmalarında və həmin yalan məlumatlar əsasında saxta sənədlər tərtib etmələrində ifadə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehin əməkdaşları tərəfindən guya təsərrüfatında sənaye və məişət tullantılarının yığılaraq yandırılması nəticəsində atmosferi çirkləndirməsi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar əsasında 13.09.2021-ci il tarixli ******* saylı saxta protokol tərtib olunmasına dair saxtakarlıq faktı üzrə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən onun barəsində guya fəaliyyət göstərdiyi təsərrüfatda sənaye və məişət tullantıları yandıraraq atmosferi çirkləndirdiyi əsası ilə 13.09.2021-ci il tarixli ******* saylı protokol tərtib olunmuş və həmin protokol əsasında 11.10.2021-ci il tarixli MN ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi əsasında inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Cavabdehin hərəkətləri qanunsuz hesab edilməli, mübahisələndirilən qərar əsassız və qanunsuz hesab edilərək ləğv edilməlidir. Belə ki, Bakı şəhəri Suraxanı rayonunun inzibati ərazisinə aid olan Hovsan quşçuluq sovxozunda Abşeron rayon İcra Hakimiyyəti tərəfindən ona 99 illiyinə icarəyə verilmiş 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2019-cu ilin sonlarından torpağın təyinatına uyğun olaraq donuz saxlayır. Təsərrüfatda sanitar-gigiyenik qaydalara tam əməl olunur, təsərrüfatın fəaliyyəti ilə kimisə narahat edə biləcək heç bir qoxu, iy və ya hər hansı digər hal mövcud deyildir. Kimlərinsə təşkilatçılığı, fitvası və təhriki ilə evləri təsərrüfatdan 500- 600 metr, həmçinin 2000-3000 metr aralı məsafədə yerləşən Hövsan kəndi, Məktəbli küçəsində yaşayan bir qrup şəxs guya onun təsərrüfatından ətrafa onları narahat edən iyqoxu yayıldığı barədə həqiqətə uyğun olmayan yalan məlumatlardan ibarət böhtan xarakterli ərizə ilə bir sıra dövlət orqanlarına, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə, Suraxanı Rayon İcra Hakimiyyətinə, Hövsan Bələdiyyəsinə, Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbə inzibati ərazi nümayəndəsinə müraciət etmiş, onun həyətinə göndərdikləri azyaşlı uşaqlar dəfələrlə evini daşa basmış, nalayiq söyüşlərlə ailə üzvlərini, onu təhqir etmiş, həmin şəxslər tərəfindən dəfələrlə başları kəsilmiş pişik, göyərçin, qarğa cəsədləri onun həyətinə atılmış, darvazanın qarşısına nəcis atılmış, həmin şəxslərdən bir çoxları avtomobillə yolla gedərkən ona, ailə üzvlərinə yumruqla hədələyici hərəkətlər və təhqiramiz işarələr göstərilir, söyüş ifadələri işlədilir, qapısına göndərdikləri qadın və uşaqlar həyətinin hasarından həyətinə baxır, söyüş söyür, həyətinin şəklini çəkir və onun tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməsi üçün digər provakasiyon hərəkətlər edilir, 300 metr aralı məsafədən hava elektrik xəttindən evinə gələn faza xəttini kəsmişlər. Bütün bu qanunsuz hərəkətlər barədə aidiyyəti qurumlara, polis-prokurorluq orqanlarına, DİN-nin "102" xidmətinə çoxsaylı şikayətlər etmiş, lakin ondan şəxsən tanımadığı, ad və soyadlarını şəxsən müəyyən etməsinin qeyri-mümkün olduğu həmin şəxslərin qanunsuz hərəkətləri barədə göstərdiyi faktların guya öz təsdiqini tapmaması adı ilə onun şikayəti üzrə heç bir qanunauyğun araşdırma aparılmamış və qanuna müvafiq tədbir görülməmişdir. Halbuki, onun evinə gələn elektrik enerjisi verilişini dayandırmaq üçün ümumi hava elektrik xəttindən fazanı kəsmiş şəxsin kimliyi müəyyən olunsa da, yalnız evinə gələn elektrik xətti bərpa olunmuş, xətti kəsən məlum şəxs barədə isə heç bir qanunamüvafiq tədbir görülməmişdir. 12 sentyabr 2021-ci il tarixdə axşam vaxtı o, evdə olmadığı vaxt bir qrup uşaq və qadın onun həyətini, evini daşa basmış, evdə tək olmuş həyat yoldaşını söyüb-təhqir etmiş və nəticədə həyat yoldaşının əhvalı pisləşmiş, evləri Binə hava limanının yaxınlığında yerləşdiyindən və həmin vaxt Naxçıvandan Bakıya Heydər X6 gəlmiş qaynı X2 vəziyyət barədə məlumat verilmiş və o, evinə yaxınlaşdıqda onun həyətinin ətrafına toplaşmış şəxslər qaçıb getmişlər. Basqınçıların evinə təkrar basqın edəcəklərindən ehtiyat edən Həmzə Ələsgərov həyat yoldaşını Qaraçuxur qəsəbəsində yaşadığı evə aparmış, lakin onlar Qaraçuxur qəsəbəsinə evə çatdıqdan çox keçməmiş həyat yoldaşının əhvalı daha da pisləşmiş, həmin vaxt artıq Qaraçuxur qəsəbəsinə gəlmiş oğlu X1 xəstəxanasından təcili yardım çağırmış və həyat yoldaşı Sabunçu xəstəxanasına aparılmış, lakin xəstəxanada həyat yoldaşının əhvalı daha da pisləşdiyindən özəl Avrasiya Hospitala aparılmış və 12 sentyabrdan 13 sentyabra keçən gecə müəyyən olunmuşdur ki, yüksək qan təzyiqi səbəbindən həyat yoldaşının beyninə qan sızmışdır. 13 sentyabr 2021-ci ildə onun təsərrüfatından çox uzaq məsafədə sənədləri kimin adına olduğunu özləri belə bilmədikləri kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz, özbaşına tikdirdikləri evlərdə yaşayan qeyd etdiyi ona və ailəsinə qarşı yalan, iftira, böhtan, təhqiramiz, xuliqan və digər qanunsuz hərəkətlər törətmiş şəxslərin guya təsərrüfatından onların evlərinə qədər yayılan iy-qoxu ilə əlaqədar həqiqətə uyğun olmayan yalan məlumatlardan ibarət ərizələri əsasında onun təsərrüfatında olmuş cavabdehin əməkdaşları həmin vaxt təsərrüfatda heç bir iy-qoxu olmadığını bildirmiş, ərizəçilərin evlərinin yaxınlığında iy-qoxunu ölçmə adı ilə heç bir sənəd tərtib etmədən, təsərrüfatın fəaliyyətinə dair heç bir irad bildirmədən çıxıb getmişlər. 25 oktyabr 2021-ci ildə isə guya təsərrüfatında yandırılan sənaye və məişət tullantıları ilə atmosferi çirkləndirdiyi əsası ilə qəbul olunmuş hazırkı mübahisələndirilən qərarı almışdır. Birincisi, 25 oktyabr 2021-ci il tarixdə mübahisələndirilən qərarın surətini alana qədər həmin qərarın qəbul olunduğu hərədə, həmin qərarın qəhul olunması üçün əsas olmuş 13.09.2021-ci il tarixli ******* saylı protokolun kim tərəfindən, nə vaxt, hansı əsasla tərtib olunduğu barədə onun heç bir məlumatı olmamış və protokolun surəti bu günə qədər ona verilməmişdir. İkincisi, təsərüfatda heç bir sənaye və məişət tullantısı olmamışdır və bu barədə ümumiyyətlə danışıq olmamışdır. Cavabdehin əməkdaşları təsərrüfatda qoxu-iy olmadığını bildirdikdən sonra, ərəzəçilərin evlərinin yanında qoxu-iyi ölçməyə getdiklərini bildirib bir daha təsərrüfata qayıtmamışlar və guya təsərrüfatda məişət və sənaye tullantılarının yığıldığı və yandırıldığı barədə sonradan uydurduqları "faktlar" həqiqətə uyğun olmayan yalan məlumatlardır. Üçüncüsü, sənaye və məişət tullantılarının konkret nələrdən ibarət olduğu mübahisələndirilən qərarda göstərilməmişdir. Göstərilənlərə əsasən cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi əsasında inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə olunmasına dair qəbul olunmuş 11.10.2021-ci il tarixli MN ******* nömrəli qərarın əsassız və qeyri-qanuni hesab edilərək ləğv edilməsini, cavabehin ərizəçilərin ərizəsi əsasında iy-qoxu barədə məlumatları araşdırmaq adı ilə guya təsərrüfatında məişət və sənaye tullantılarının yığılıb yandırılması nəticəsində atmosferin çirklənməsi haqqında gedib haralardasa həqiqətə uyğun olmayan yalan məlumatlar uydurmalarında və həmin yalan məlumatlar əsasında saxta sənədlər tərtib etmələrində ifadə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehin əməkdaşları tərəfindən guya təsərrüfatında sənaye və məişət tullantılarının yığılaraq yandırılması nəticəsində atmosferi çirkləndirməsi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar əsasında 13.09.2021-ci il tarixli ******* saylı saxta protokol tərtib olunmasına dair saxtakarlıq faktı üzrə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 11.10.2021-ci il tarixli MN seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Rzayeva X3 rayonu, Abşeron quşçuluq sovxozu adlanan ərazidə fəaliyyət göstərən donuzçuluq təsərrüfatında sənaye və məişət tullantılarının toplanması, yandırılması nəticəsində atmosferin çirklənməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün onun barəsində 500 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, iddiaçı inzibati xətanın törədilməsinə görə onun barəsində tərtib edilmiş İnzibati tənbeh vermə haqqında qərarı mübahisləndirir. Həmin işlərə baxılması isə ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir. Bu baxımdan hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini mübahisələndirdiyindən, inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyəti inzibati icraat qaydasında baxılmalı olan işlərin dairəsinə daxil olmadığından, həmçinin səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməli olduğundan, hazırki iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalı və iddiaçıya yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon məhkəməsinə (ümumi məhkəməyə) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar