Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12147/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil iştirakları, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X7, X21 və X16) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 502,9 kv.m ümumi sahədən ibarət ev X22 (İİ mərt.,3 otaq, 49.0 kv.m, k/s-27,4 kv.m), X13 (İİ mərt., 6 otaq, 93,9 kv.m, k/s-52 kv.m) və İddiaçı (torpaq və evdən qalan hissə) paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, X7, X21 və X16 ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı ərizə ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, mülkiyyətindəki evdən orada qeydiyyatda olan X2, X17 və X10 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq Maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İddiaçının mülkiyyətində olan Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi, ev 34 ünvanından X7, X21 və X10 qeydiyyatdan çıxarılması ilə əlaqədar iddiçıya mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2, X17 və X10 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X7, X21 və X16 (bundan sonra üçüncü şəxslər) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, üçüncü şəxslər iddiaçının ailə üzvü deyil, uzun müddətdir ki, bu ünvanda yaşamırlar. Hazırda üçüncü şəxslərin yaşayış yeri iddiaçıya məlum deyil və cavabdeh üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılmasın onun səlahiyyətinə aid olmadığınıbildirmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Üçüncü şəxs X2 vəkili iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə X7 arasında bağlanmış nikah pozulmuşdur. Üçüncü şəxs, xx.xx.1999-cı il tarixdə rəsmi nikaha daxil olmağına baxmayaraq 2000-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi, 34 saylı evə qeydiyyata düşmüşdür. Halhazırda həmin mənzildə yaşamasa da, ona məxsus əşyalar həmin evdədir. Dəfələrlə gedib o, evdə yaşamaq istəsə də, İddiaçı 102 Polisə zəng edib onun barəsində şikayət etmiş və buna görə də İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə. Abdullayev küçəsi, 34 saylı evdə onun yaşamağına imkan vermir. Hazırda birgə nikahdan doğulmuş qızını döydüyünə görə barəsində olan cinayət işi məhkəmənin icraatındadır. X8 iddia tələbini qəbul etmir, İddiaçı ona qarşı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə. Abdullayev küçəsi, 34 saylı mənzilindən qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsinin təmin edilməmisini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan: xx.xx.1998-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.1956-cı il tarixdə vəfat etmiş X20 vərəsəsi X5r. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş Seriya MH № 142235 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən əmlak üzərində xx.xx.1998-ci il tarixdə X3 mülkiyyət hüquqları qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən əmlak üzərində X3 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. xx.xx.2018-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X9 ona məxsus ünvan 3 ünvanında yerləşən əmlakın 2-ci mərtəbəsindən, k/s 27,7 kv.m və sah.49kv.m olan 3 otağı X6. xx.xx.2018-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X9 ona məxsus ünvan 3 ünvanında yerləşən əmlakın k/s 28,8 kv.m və sahələri 19,3 kv.m, 20,9 kv.m və 10,3 kv.m olan 3 yaşayış otağını X1. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X9 ona məxsus ünvan 3 ünvanında yerləşən əmlakın qalan hissəsini və 0,03039 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1712/2022 nömrəli qətnaməsi ilə X8 ilə İddiaçı arasında Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində 22 iyul 1999-cu il tarixdə 307 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanında xx.xx.2003-cü il təvəllüdlü X21 xx.xx.2019-cu ildən, xx.xx.2002-ci il təvəllüdlü X16 29.1.2005-ci ildən yaşayış yeri üzrə qeydiyyatdadırlar. Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 17 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubu ilə 60 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 79 nömrəli arayışı təqdim olunmuşdur. Arayışda qeyd olunmuşdur ki, X7, X21 və X16 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olsalar da, onlar həmin ünvanda yaşamırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş 25 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, X4, X17 və X10 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət, istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Bakı şəhər Yasamal Rayon Polis İdarəsi tərəfindən 15 oktyabr 2024-cü il tarixli məktub ilə X2 fərdi uçot kartoçkasını təqdim etmişdir. Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi iddiaçının paylı mülkiyyətindədir. Üçüncü şəxs X7 iddiaçının keçmiş arvadıdır, digər üçüncü şəxslər isə iddiaçının bacısı övladlarıdır. İddiaçı hazırda onları paylı mülkiyyətində olan yaşayış sahəsindən qeydiyyatdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdançıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Məhkəmə üçüncü şəxs G.Allahverdiyevanın yaşayış sahəsinə istifadə hüququ ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında bu nəticəyə gəlinmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. X19 Məhkəməsi qeyd etmişdir ki, “1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müəyyənləşdirmişdir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Beləliklə, Mülki Məcəllənin göstərilən maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsini vacib saydığı halda, bu qayda Mənzil Məcəlləsinin 123-cü maddəsində nəzərdə tutulmamışdır.” 1982-ci ildən xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qanunun tələbinə görə, bu müddəada göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə qeyd edir ki, işin yuxarıda sadalanan hallarından məlum olur ki, İddiaçı və G.Allahverdiyeva xx.xx.1999-cu ildə rəsmi nikaha daxil olmuş, G.Allahverdiyeva həmin tarixdən mübahisəli evə köçməklə orada yaşamış, G.Allahverdiyevanın yaşayış sahəsinə istifadə hüququ həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmışdır. Hazırda üçüncü şəxsG.Allahverdiyevanın mübahisəli yaşayış sahəsinə həmin hüquqlarının hələ də mövcudluğu, o cümlədən həmin hüquqların qüvvədə olub-olmaması isə mülki məhkəmə icraatının predmeti olduğundan hazırkı icraat üzrə həmin məsələlərin qiymətləndirilməsi, buna uyğun olaraq hazırkı iddianın həll olunması inzibati mühakimə icraatının predmetini təşkil etmir. Çünki üçüncü şəxs G.Allahverdiyevanın fərdi yaşayış evinə hüquqlarının olmaması ilə bağlı hazırkı iddianın faktiki əsasını mülki mübahisə təşkil edir. Belə olan halda aydındır ki, bu halların müəyyən edilməsi həmçinin inzibati orqanın da səlahiyyəti olmamış, buna görə də cavabdehin imtinası həmin hissədə əsaslı olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Digər üçüncü şəxslərə münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə X17 və X10 mübahisəli əmlaka əşya hüququ kimi istifadə hüquqlarının olmaması və hazırda həmin evdə yaşamamaları tam təsdiq olunur. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi həmin şəxslərin qeydiyyatdan çıxarılması hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia qismən təmin olunsun. xx.xx.2003-cü il təvəllüdlü X17 və xx.xx.2002-ciil təvəllüdlü X10 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova