Məhkəmə qərarları › İş №2-1(112)-1215/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1215/2025

08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1215/2025 08.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X5 Kompani S.A” şirkəti üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X5 Kompani S.A” şirkəti üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 08 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bülbülə Bələdiyyəsinin 23 aprel 2003-cü il tarixli 2 nömrəli qərarı ilə İddiaçı ayrılan 0,06 ha torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, vəsatət təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, “X5 Kompani S.A” şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli,534 nömrəli fərmanı ilə həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş DTvə XK-si tərəfindən təsdiq edilmiş torpaqların alqı satqısına dair akt və torpaq sahəsinin yerləşməsi müəyyən etməyə imkan verən sənədin (yerləşmə cizgcisi) təqdim edilməməsini əsas tutmaqla cavab məktubu vermiş və həmin cavab məktubunu iddia ərizəsinə əlavə edilir. İddia ərizəsinə əlavə olunan qəbzdən göründüyü kimi 22 aprel 2003-cü il tarixdə iddiaçı Əzizov X2 Rayonu Bülbülə Bələdiyyəsinə 0,06 ha torpaq sahəsinin satılması məqsədi ilə beş min iki yüz manat məbləğində rüsum ödənilmişdir. İddia ərizəsinə əlavə olunan torpaq alqı satqı aktından göründüyü kimi İddiaçı Taptıq oğluna torpaq sahəsi satılmış və Bülbülə Bələdiyyəsinin 23 aprel 2003-cü il tarixli №2 qərarı ilə iddiaçıya 0,06 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.2024-cü il tarixli 1326/24 saylı cavab məktubundan göründüyü kimi torpaq sahəsi daşınmaz əmlakın dövlət reysterində qeydiyyatdan keçməmişdir. AR ƏN-nin X1 xx.xx.2023-cü il tarixli 1324/24 saylı cavab məktubundan göründüyü kimi Bələdiyyələrin fəaliyyəti inzibati nəzarəti haqqında AR Qanunun xx.xx.2003-cü il tarixdə qəbul olunmuş və bələdiyyə aktları qeyd olunan tarixdən sonra inzibati nəzarət icraatı qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi və qeyd olunan xx.xx.2023-cü il tarixli sorğunun Bələdiyyə iş Mərkəzində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınması qeyd olunmuşdur. Torpaq sahəsinin kadastrının olmaması iddiaçının günahı hesab oluna bilməz. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin qeyd edilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. Bundan başqa həmin ərazilər Yeni Suraxanı qəsəbəsinin inzibati ərazisidir. Yerləşmə cizgisində istinad məsafələr və perimetrik ölçülər qeyd edilməmişdir. İddiaçı eyni tələblə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin sonradan iddia həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(82)-309/2019 saylı qərardadı ilə geri götürülmüşdür. Daha sonra 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-2471/2019 nömrəli qərardadı Dövlət Neft Şirkətinin şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-309/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışıdır. Üçüncü şəxslərin etirazı: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti etirazında göstərmişdir ki, qeyd edilən torpaq sahəsi 1976-cı ildən SOCAR-m daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olmaqla neft-qaz əməliyyatlarının aparılması üçün 20 sentyabr 2005-ci il tarixli 997-İİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş 16 avqust 2005-ci il tarixdə SOCAR, Rafi Oyl EfZeİ ("xxxx") və SOCAR-ın Ortaq Neft Şirkəti arasında imzalanmış "Azərbaycan Respublikasında Suraxanı neft yatağını: blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə (Saziş) əsasən X6 S.A." şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə verilmiş Kontrakt sahəsi hüdudları daxilində yerləşir. Bu səbəbdən həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bülbülə Bələdiyyəsinin 23 aprel 2003-cü il tarixli 2 nömrəli qərarından görünür ki, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsində 0,06 ha ölçüdə torpaq sahəsi İddiaçı satılmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bülbülə Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir; Bülbülə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına bələdiyyənin arxivində heç bir sənəd aşka edilməmişdir; Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, mərkəzin arxivdə aparılmış araşdırma zamanı Suraxanı rayonu Bülbülə bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 2 nömrəli Qərarı ilə İddiaçı 600 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Bundan əlavə göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq hasardaxili 600.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yarımçıq tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Suraxanı Oil). Sahə daxilindən 277 mm-lik orta təzyiqli yerüstü qaz xətti keçir. Sözügedən sahə “Yaşayış məntəqələrinin torpaqları” keteqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Göstərilən torpaq sahəsi sərhəd məlumatlarına əsasən Yeni Suraxanı qəsəbəsinin ərazisidir. Sahəyə dair cizgidə heç bir dəqiq istinad, istinad məsafəsi, perimetrik ölçülər göstərilmədiyindən və konfiqurasiyada ciddi uyğunsuzluq olduğundan sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada): 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; ... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyin alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanı: Bənd. 2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada):

7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İddiaçı Bülbülə Bələdiyyəsinin 23 aprel 2003-cü il tarixli 2 nömrəli qərarına istinad edərək, mübahisə predmeti torpaq sahəsinə dair hüququn dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi tələbini irəli sürmüşdür. Cavabdehin imtinasının (etirazının) əsasını torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşməsi, dövlət mülkiyyəti torpağı olması və Yeni Suraxanı qəsəbəsinin inzibati ərazisi olması təşkil edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müddəalarından da göründüyü kimi, bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində, həm də qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verə bilər. İş materiallarında olan sənədlərdən məlum olur ki, torpaq sahəsi dövlət mülkiyyətindədir. Torpaq sahəsi bələdiyyə mülkiyyətində olsa idi belə, X4 Suraxanı qəsəbəsinin inzibati ərazisinə aid olan torpaq sahəsinə dair qərar verməklə qanunsuz inzibati akt qəbul etmişdir. Digər tərəfdən, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədin mötəbərliliyi şübhə doğurur. Belə ki, həmin sənədin verilməsinə dair səlahiyyətli orqanlarda hər hansı bir məlumat yoxdur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşdiyindən və bələdiyyənin dövlət mülkiyyətində olan torpaq sahəsinə sərəncam vermək hüququ olmadığından, bələdiyyənin həmin qərarı iddia olunan torpaq sahəsinə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X5 Kompani S.A” şirkəti üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar