Məhkəmə qərarları › İş №2-1(112)-1216/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1216/2022

31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1216/2022 31.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Məsxul oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdehndən ona vurulmuş maddi ziyana görə -1.250.000, mənəvi zərərə görə -1.000.000 manat pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona məxsus qeyri-yaşayış obyekti 2007-ci ilin may ayında sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 fevral 2009-cu il tarixli 77 saylı Sərəncamı ilə Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi üçün Cavabdehnə icazə verilmişdir. Bundan sonra cavabdeh 27 fevral 2009-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində, 25 və 35 saylı binaların arasında 360 kv.m torpaq sahəsində iddiaçıya 200 kv.m torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə vermişdir. Bundan sonra yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərar əsasında iddiaçı və digər şəxslərin qismən təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 fevral 2009-cu il tarixli 77 saylı və Cavabdehnə 27 fevral 2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə onun və digər şəxslərin qeyd edilən ünvanlarda ticarət obyektlərin bərpa edilməsi ilə bağlı edilən hər hansı qanunsuz müdaxilələr Cavabdehnə qadağan edilmişdir. Lakin, cavabdeh məhkəmə qərarının məcburiliyini nəzərə almayaraq, hazırki günədək hərəkətsizliyini nümayiş etdirir. Cavabdeh iddiaya münasibətdə bildirir ki, Bakı şəhər İcra Hakimiyyəti 20 fevral 2009-cu il tarixli 77 saylı sərəncam verərək Cavabdehnə aidiyyəti üzrə torpaq sahəsinin ayrılmasını tapşırmışdır. Rayon İcra Hakimiyyəti göstərilən sərəncamın icrasını təmin etmək məqsədilə 27.02.2009-cu il üçün torpaq sahələri ayırmışdır. Sonradan Bakı şəhər İcra Hakimiyyəti başçısı sərəncamını ləğv etmişdir. Həmin sərəncam ləğv edildikdə sonra Bakı şəhər Cavabdeh başçısının 27.02.2009-cu il tarixli 93 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Həmin müddətdə və hazırda torpaq sahələrinin ayrılmasına dair müstəqil sərəncam vermək Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinə aid olmamışdır. Cavabdeh qeyd olunanların nəzərə almasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdehnə qarşı zərərin ödənilməsinə dair iş üzrə məhkəməni 23.04.2021-ci il tarixli qərardadı ilə iddianın müraciətin olmaması əsası ilə mümkün sayılmaması qərara alınmışdır. Bundan sonra, iddiaçı 29.04.2021-ci il tarixdə aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət edərək maddi və mənəvi zərərin ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müaciət edəcəyi barədə məlumat vermişdir.(Müraciətinin göndərilməsini təsdiq edən ərizə və poçt xəbərnamələri iş materiallarına əlavə olunmuşdur.) İcra hakimiyyəti orqanı tərəfindən müraciəti üzrə imtina məktubu aldıqdan sonra iddiaçı yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə, Məhkəmə hesab edir ki iddiaçı məhkəməyə müraciət edərkən mümkünlük şərtlərinə riayət etmişdir. Odur ki, iddia mümkün iddiadır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir:

1. Maddi ziyanın ödənilməsi;

2. Mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının maddi və mənəvi zərərin tələb edilməsinin əsasında duran hal məhkəmə qərarlarının icra edilməməsi və cavabdehin hərəkətsizliyi təşkil edir. Bu istiqamətdə ilkin qiymətləndirmənin aparılması üçün qanunvericiliyin aşağıdaki müddəalarına istinad olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Yuxarıda göstərilən qanunvericiliyin müddəalarının təməl prinsipi odur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Həmçinin normaların mənası ona da əhatə edir ki, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər. Hətta belə, təqsirkar şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi onun məhkəmə aktını icra etmək vəzifəsindən azad etmir. Bundan başqa, İnzibati icraat haqqında Qanunun müddəalarında da inzibati aktın və inzibati aktın icrası ilə əlaqədar inzibati orqan tərəfindən görülməli hərəkətlərin xüsuslara göstərilmişdir. Adı çəkilən Qanunun: -2.0.1.İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; -2.0.2.İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. -64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. -64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. -81.1. İnzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. -81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. -81.5. İnzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. İşin faktiki hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli 77 saylı sərəncamı ilə Əzizbəyov metrosu ətrafında yol qovşağının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış obyektinin əvvəlki ölçülərini saxlamaq şərtilə Nizami rayonu ərazisindəki ayrı-ayrı ünvanlarda yenidən bərpa edlməsinə icazə verilmiş, Cavabdeh Başçısının 27.02.2009-cu il tarxli 93 saylı sərəncamı ilə yuxarıda göstərilən Sərəncamın icrası ilə əlaqədar müvafiq ünvanda iddiaçıya obyektin tikintisinə icazə verilmişdir. Lakin, sonradan Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 20.02.2009-cu il tarixli 77 saylı sərəncamının ləğv edilməsi ilə bağlı Sərəncam qəbul edilmişdir. Sonradan, Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 20.02.2009-cu il tarixli 77 saylı sərəncamının ləğv edilməsi ilə bağlı qəbul edilmiş 12.03.2012-ci il tarixli, 113 saylı Sərəncam iddiaçıya (digər fiziki şəxslərə) münasibətdə ləğv edilmişdir. Bundan sonra, iddiaçı qismində çıxış edən İddiaçı digər fiziki şəxslər ilə birgə müəyyən hərəkətlərin edilməsindən çəkinməyə dair iddia tələbi irəli sürərək Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli 77 saylı və Cavabdeh Başçısının 27.02.2009-cu il tarxli 93 saylı sərəncamları ilə iddiaçıya qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsinə dair edilən hər hansı qanunsuz müdaxilələrin cavabdehə qadağan edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməsə də, apellyasiya instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş və müdaxilələrin edilməsi Cavabdehnə qadağan edilmişdir. Göründüyü kimi, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsinin bərpası ilə bağlı uzun illərdir ki tərəflər arasında məhkəmə çəkişməsi gedir ki, həmin çəkişmə əsasında məhkəmələr öz mövqeyini iddiaçının xeyrinə nümayiş etdirmişdirlər. Belə ki, həm apellyasiya instansiya məhkəməsi, həmçinin də kassasiya instansiya məhkəməsi tərəfindən iddiaçının tələblərinə qiymət verilərkən, Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 20.02.2009-cu il tarixli 77 saylı sərəncamının (fəaliyyət göstərilmiş tikintilərin bərpası edilməsi) ləğv edilməsi ilə bağlı qəbul edilmiş 12.03.2012-ci il tarixli, 113 saylı Sərəncamın iddiaçıya münasibətdə əsassız olması və onun istifadəsində olan qeyriyaşayış sahəsinin bərpası ilə bağlı qəbul edilmiş Sərəncamların imzalandığı vaxtdan icra olunmamasının və tikinti işlərinə qanunsuz müdaxilə olmasına toxunulmuşdur. Qeyd olunmalıdır ki, cavabdehin hazırki vaxtadək sözügedən Sərəncamların, eyni zamanda da məhkəmə qərarlarının icra etməməsi şübhə doğurmur. Belə ki, cavabdehin iddiaçıya ünvanladığı məktubda (25.05.2021-ci il tarixli) Cavabdeh başçısının 27.02.2009cu il tarixli 93 saylı sərəncamının öz qüvvəsini itirmiş hesab edildiyi göstərilmişdir ki, bu da bir mənalı olaraq tikintinin bərpası ilə bağlı icazə tədbirlərini istisna edir. Halbuki, bir da daha da qeyd olunur ki, bu Sərəncamların iddiaçıya münasibətdə qanuniliyinə qiymət verilmişdir. Bundan başqa isə, İnzibati icraat haqqında Qanunun tələbləri baxımından da Sərəncamlar etibarsız hesab edilmədiyindən və ləğv olunmadığından, həmçinin onlar inzibati akt hesab edildiyindən, sərəncamın icrasını təmin etmək inzibati orqan tərəfindən həyata keçirilməli idi. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin hüquqi əsasını təşkil edən əsaslar mövcuddur ki, bunlar məhkəmə qərarının və inzibati orqan tərəfindən uzun illər əvvəl qəbul edilmiş inzibati aktın icrasının təmin edilməməsindən yaranır. Belə ki, iddiaçıya münasibətdə sözügedən Sərəncamların (tikintinin bərpası ilə bağlı) icrasının təmin edilməməsi bilavasitə onun hüquqlarına təsir edir, sarsıntı və iztirab keçirməsinə, həmçinin mənfi psixoloji reaksiyaya səbəb olur. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi təkcə mənəvi ziyanın ödənilməsi deyil, həmçini maddi ziyanın ödənilməsi ilə bağlı olduğundan, məhkəmə hesab edir ki, maddi və mənəvi ziyanın ödənilməsinin əsasları fərqli olduğundan, bu hissədə araşdırmanın aparılması və iddiaya hüquqi qiymət verilməsi aşağıda göstərilmiş qanunvericiliyin müddəaları əsasında həyata keçirilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 6-cı bəndində qeyd edilir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli vəaçıq araşdırılması hüququna malikdir”. Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, eləcə də cinayət prosesində təqsirləndirilən şəxsi məhkəmə prosesindəki həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir...Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin: -21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, sübut olunmur. Başqa sözlə desək, hər nə qədər də məhkəmə qərarlarının və inzibati orqan tərəfindən qəbul edilmiş Sərəncamlarının icrası təmin olunmasa da, bu hal bir başa iddiaçıya maddi zərər vurduğu mənasını kəsb etmir, bu hal iddiaçıya mənəvi zərərin ödənilməsində hüquqi əsas yaradır. Belə ki, yuxarıda bəhs edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən göründüyü kimi, Mülki Məcəllənin 21 və 23-cü maddələri yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur ki, hazırki mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən hərəkət və ya hərəkətsizlik nəticəsində iddiaçıya real zərərin dəyməsi sübüt olunmur. İddiaçı ona vurulmuş maddi zərər barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, beləliklə real zərərin mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2076/2020 saylı, 24.11.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İddia tələbinin maddi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, hazırkı qərarın 26-cı bəndində göstərilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən göründüyü kimi, Mülki Məcəllənin 21 və 23-cü maddələri yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. 39. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı ona vurulmuş maddi zərər və əldən çıxmış fayda barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, beləliklə real zərərin mövcudluğu öz təsdiqini tapmamışdır.” Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2076/2020 saylı, 24.11.2020-ci il tarixli qərarında da göstərilmişdir ki, “Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır.” Məhkəmə diqqətə çatdırır ki, Ali Məhkəmənin formalaşmış təcrübəsindən də göründüyü kimi, qanunvericilik yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur ki, real zərərinin mövcudluğunu sübut etmək zərərin yaranmasını iddia edən şəxsin (iddiaçının) üzərinə düşür. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, bərpası tələb olunan qeyriyaşayış sahəsinin istifadəsi iddiaçının fərdi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə yönəlsə də, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının fəaliyyətinin dayanması, yəni, bu müddət ərzində ümumiyyətlə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması və iddiaçının gəlirdən konkret olraaq hansı məbləğdə məhrum olması təsdiq olunmur. Halbuki, real və əldən çıxmış zərərin sübutu qismində, ilkin müqavilələr, əldə edilən gəliri təsdiq edən sənədlər, əmlakın icarəyə verilməsi və ya icarəyə verilməsinin nəzərdə tutulması, qəbul edilən və edilməsi nəzərdə tutulan məbləğləri təsdiq edən ödəniş sənədləri iddiaçıya dəymiş maddi zərəri təsdiq edilməsini mümkün edə bilərdi. Lakin, həmin sənədlərin təqdim edilməsi mümkün olmadığından, konkret olaraq cavabdehin hərəkəti nəticəsində iddiaçıya 1.250.000 manat və ya daha az və ya daha çox zərərin vurulmasının müəyyənləşdirilməsini mümkünsüz edir. Başqa sözlə məhkəmə konkret zərərin məbləğini müəyyən etmədən iddianın tam, qismən təmin edilməsi nəticəsinə gələ bilməz. Bu səbəbdəndir ki, hazırkı vəziyyətdə dəymiş maddi zərərin konkret məbləği müəyyən edilə bilinmədiyindən (əmlakın sökülməsi, tikilməsi nəzərdə tutulan sahədə obyektlərin olmaması, əmlakdan təsdiqedici sənədlərlə nə qədər gəlir əldə edilməsinin müəyyən edilə bilməməsi və digər obyektiv səbəblərdən) iddianı maddi zərərin ödənilməsi hissəsində məhkəmə iddiaçının xeyrinə yekunlaşdırmır. Beləliklə, iddiaçının real və əldən çıxmış formasında maddi zərərininin məbləği təsdiq edilmədiyindən iddia maddi zərərin ödənilməsi hissəsində rədd edilməlidir. Mənəvi ziyanın ödənilməsi ilə bağlı iddianın ikinci hissəsinə münasibətdə qeyd olunmalıdır ki, yuxarıda tətbiq olunan hüquq normaları əsasında müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının xeyrinə qəbul edilmiş məhkəmə qərarının icra edilməməsi nəticəsində iddiaçı sarsıntı və iztirab keçirmiş, bununla da mənəvi zərərə məruz qalmışdır. Nəzərə alınmalıdır ki, mənəvi zərərin tutulması varlaşma vasitəsi deyil, hazırki mübahisə üzrə cavabdehin hərəkətsizliyinin (sərəncamın və məhkəmə qətnaməsinin icra edilməməsi) nəticəsini əks etdirən simvolik ifadə vasitəsidir. Başqa sözlə desək, mənəvi zərər bilavasitə zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Bu hallarda məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən hər iki tərəfin konstitusiya ilə qorunan hüquq və marağlarını nəzərə alaraq məbləğin ağlabatan olmasını nəzərə almalıdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq tutulacaq pul vəsaitinin məbləği 1.000 manat məbləğində müəyyən edilməlidir ki, həmin məbləğin hər iki tərəf üçün ədalətli olması hüquqi yanaşma prizmasından əsaslıdır. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı məhkəmə qərarları və aidiyyəti inzibati orqanların qərarları ilə də müəyyən edilir ki, əmlakının cavabdehin hərəkətləri nəticəsində məhrum olması baş vermiş və həmin məhrumiyyət bu günədək də davam etməkdədir. İddiaçı uzun illərdir ki, mülkiyyət hüququnun pozuntusuna məruz qalır. Təbii haldır ki, qorunması konstitision və beynəlxalq qanunvericiliklə tələb olunan hüququn pozulması və həmin pozuntunun davam etməsi iddiaçının sarsıntı və iztirab keçirməsini və bununla da mənəvi zərərə məruz qalmasını təsdiq edir. Uzun müddətli məhkəmə çəkişmələri, inzibati orqanlarla yazışmalar iddiaçının mülkiyyət hüququnun bərpasında nə dərəcədə maraqlı olduğununun təsdiqi ilə yanaşı, həmin hüququn reallaşdırıla bilinməməsində də təsirini sübut edir və təsir də təkcə maddi yox, həmçinin psixi təsirdir. Hazırkı halda konkret olaraq obyekti sökülmüş və əvəzi bugünədək nə pul formasında, nə də əmlak formasında edilməmiş şəxsin mənəvi zərərə uğramaması arqumenti inandırıcılıqdan uzaqdır. Mənəvi zərərin məbləği ilə bağlı isə, məhkəmə hesab edir ki, həmin məbləğ 1000 manat məbləğində müəyyən edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 7 nömrəli 3 noyabr 2008-ci il Qərarının 10-cu bəndinə görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə də Plenum Qərarının 10-cu bəndində nəzərdə tutulan fərdi xüsusiyyətlər nəzərə alınmaqla rəhbər tutaraq, hesab edir ki, 1000 manat məbləğ müəyyən edilməlidir. Məhkəmə son olaraq onu da vurğulamağı zəruri hesab edir ki, cavabdeh məhkəməyə ünvanladığı məktubda (iddiaya münasibət) həmin müddət və hazırda torpaq sahələrinin ayrılmasına dair müstəqil sərəncam vermək səlahiyyətinin Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətində deyil də, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid edilməsini göstərsə də bu hal onun xeyrinə şərh edilmir. Belə ki, Azərbaycan Respublikası “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01.08.2018-ci il tarixli 226 nömrəli Fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitekturanın səlahiyyətlərinə aid edilmişdir. Təkzib olunmaz haldır ki, 01.08.2018-ci il tarixdən sonraki dövrlərdə tikinti obyektlərin tikintisinə icazə verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Lakin, nəzərə alınmalıdır ki, tərəflər arasında yaranmış hüquq münasibətləri 01.08.2018-ci ilə qədər yarandığından, bu hüquq münasibətləri zənnində uzun illərdir ki məkməmə çəkişməsi davam etdiyindən, həmçinin Sərəncamların (tikintinin bərpa edilməsinə icazə verilməsi barədə) iddiaçıya münasibətdə əsaslı olduğundan, məhkəmə qərarlarının və cavabdeh inzibati orqanın icrası ilə əlaqədar olaraq tikintinin bərpa edilməsi ilə bağlı torpaq sahəsinin ayrılması və tikintinin bərpa edilməsinə icazə verilməsi məhz cavabdeh tərəfindən təmin olunmalıdır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya dəymiş 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyi Cavabdehnə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı dəymiş 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar