Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12161/2022 02.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05 avqust 2022-ci il tarixli DMX İQ-09/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə onun 06 may 2022-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı Əfqanıstan İslam Respublikasının vətəndaşıdır, etnik mənsubiyyətinə görə hazara, dim mənsubiyyətinə görə Şiədir. İddiaçının anası hazırda Əfqanıstanda yaşayır və atası isə vəfat etmişdir. İddiaçı subaydır, iki qardaşı və dörd bacısı var. Ailə üzvləri Herat şəhərində və Şindan rayonunda yaşayırlar. İddiaçı Taliban tərəfindən təqib ediləcəyi qorxusu ilə öz ölkəsini tərk etmişdir. İddiaçı 2021-ci ilin avqust ayında Əfqanıstan İslam Respublikasında hakimiyyət dəyişdiyinə görə Taliban tərəfindən dəfələrlə hədələnmişdir və həmin vaxtdan Taliban tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxmuşdur. İddiaçı 2022-cu ildən Əfqanıstanı tərk etmiş, Azərbaycana gəlmişdir. İddiaçı 6 may 2022-ci il tarixdə cavabdehə sığınacaq vəsatəti ilə müraciət etmiş, cavabdeh iddiaçının vəsatətini qeydiyyata almış və sonuncu ilə müsahibə aparmışdır. İddiaçı təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmədiyini bildirmişdir. Cavabdeh 05 avqust 2022-ci ildə DMX İQ-09/1 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatətini rədd etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, Əfqanıstan İslam Respublikası vətəndaşı İddiaçı 06 may 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. İddiaçının vəsatəti araşdırılması üçün cavabdeh tərəfindən qeydiyyata alınmış, adına 23-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı iddiaçı Əfqanıstanın Şindan rayonunun Qondiz kəndində anadan olduğunu, milliyyətcə tacik, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 12 illik orta təhsilini Şindan rayonunda “X4” adına liseydə aldığını, orta məktəbi bitirdikdən sonra 2016-cı ildə 1 il Herat Universitetinin riyaziyyat fakültəsində oxuduğunu, hərbi təhsil almaq üçün bu universitetdə təhsilini yarımçıq qoyduğunu, 2018-2019-cu illərdə “marşal X5” adına Əfqanıstan Milli Hərbi Akademiyasında, 2019-cu ildən 10 fevral 2022-ci il tarixədək Azərbaycanda H.Əliyev adına Ali Hərbi Məktəbdə təhsil aldığını, Əfqanıstanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycanda hərbi təhsil aldığına görə ölkəsində ailəsinin taliblər tərəfindən təhdid olunduğunu, bu səbəbdən də təhsilini yarımçıq saxlamağa qərar verdiyini bildirmişdir. İddiaçı həmçinin, ərizəçi subay olduğunu, atasının vəfat etdiyini, 2 qardaşı, 4 bacısının olduğunu, ailə üzvlərinin Herat şəhərində və Şindan rayonunda yaşadıqlarını qeyd etmişdir. İcraat zamanı inandırıcılığın qiymətləndirilməsi üzrə iddiaçının söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, iddiaçının ölkəsinə qayıdacağı təqdirdə əsaslı təqib qorxusunun olub-olmaması ilə bağlı aparılmış araşdırma zamanı isə bu qorxunun tam əsaslı olmadığı qənaətinə gəlinmişdir. İddiaçı müsahibə zamanı onun Əfqanıstanda heç vaxt, heç kim tərəfindən təhdid və ya təqib olunmadığı, ölkəsini Azərbaycanda təhsil almaq üçün tərk etdiyi, Əfqanıstanda hakimiyyət dəyişikliyindən sonra burada təhsil aldığı üçün böyük qardaşının taliblər tərəfindən saxlanıldığını, lakin ailənin ağsaqqalları tərəfindən taliban nümayəndələri ilə görüşdən sonra qardaşının buraxıldığını, hal-hazırda ailə üzvlərinin Şindan rayonunda yaşamaqda olduqlarını bildirmişdir. İddiaçı özünün şəxsən təhdid olunmadığını demiş, lakin Azərbaycanda yaşadığı dövrdə tanımadığı Əfqanıstan nömrələrindən ona zənglərin daxil olduğunu, nömrələri tanımadığı üçün zənglərə cavab vermədiyini bildirsə də bu nömrələri təqdim edə bilməmiş, onları sildiyini qeyd etmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra iddiaçının şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində qaçqına verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 12 saylı protokolu). İddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından cavabdeh tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli İQ-09/1 saylı qərarının surətindən görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Əfqanıstanda hakimiyyət dəyişikliyindən sonra Taliban tərəfindən hədələndiyini, bu səbəbdən də Əfqanıstanı tərk edərək 2022-ci ildən Azərbaycan Respublikasına gəldiyini, ona gərə də cavabdehin qərarı ilə razılaşmayaraq qərarın qanunsuz hesab edilərək, ona qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş qanunsuz hesab edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçı vətəndaşı olduğu ölkədə siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı barəsində əsaslandırılmış təqibin mövcud olmadığı müəyyən edilmişdir. Göstərilən dəlillər «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş İQ-09/1 nömrəli xx.xx.2022ci il tarixli «Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında» qərarı qanuni və əsaslı hesab edir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə qanunsuz hesab edilməsi tələb olunan qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçının həmin qərarın qanunsuz hesab edilməklə qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-12161/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12161/2022
02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver