Məhkəmə qərarları › İş №2-1(112)-12162/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12162/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12162/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qaraj sahəsinə texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsində yerləşən qaraj sahəsinə texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 12 aprel 1994-cü il tarixdən istfadəsində olan qaraj sahəsinə texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 26 avqust 2022-ci il tarixli məktubla imtina verərək, göstərmişdir ki, yerləşmə cizgisinə istinad və məsafələr qeyd edilmədiyindən sənəd üzrə sahənin müəyyənləşdirmək mümkün olmadığından texniki pasportun tərtib olunması mümkün olmamışdır. Bildirir ki, 24 aprel 1994-cü il tarixdən həmin qaraj sahəsi hazırkı dövrə qədər istifadəsindədir. Binəqədi Rayon İcra Hakimiyyətinin 12 aprel 1994-cü il tarixli 617 saylı Sərəncamı ilə onun istifadəsinə qaraj sahəsi verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsinin razılığı ilə qeyd edilən qarajın qurulması ilə bağlı yerləşmənin sxemi razılaşdırılmışdır. Həmin qarajın yerləşməsi ilə bağlı sxem Binəqədi Rayon İHB-nın müavini və baş memarı ilə razılaşdırılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi qeyd edilən dövrə dair sənədlərin doğruluğunu təsdiq etmişdir. Hesab edir ki, imtina əsassızdır və onun konstusion mülkiyyət hüquqlarına ziddir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Binəqədəi rayonu, 8-ci mkr., N.Nərimanov küçəsin 19 saylı binanın qarşısında yerləşən qaraja dair texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş iddia icraata qəbul edilmişdir. Cabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddiaya etiraz təqdim olunaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Etraz onunla əsaslanmışdır ki, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2022-ci il tarixində İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənəd üzrə sahənin dəqiq yerləşməsini müəyyənləşdirmək olmur. Bu səbəbədən, ərizənin icrası tərəflərindən mümükün olmamış və bu barədə vətəndaşa xx.xx.2022-ci il tarixli **********79 saylı cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, qaraj yaşaış binasının önündə, yaşıllıq ağacları olan ərazidə yerləşəir. Bundan başqa iddiaçının adına qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edlməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştrak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli **********79 saylı cavab məktubundan görünür ki, yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənəd üzrə sahənin dəqiq yerləşməsini müəyyənləşdirmək olmur. Bu səbəbədən, texniki pasportun tərtib edilməsi tərəflərindən mümkün olmamışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş Binəqədi Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 617 saylı sərəncamından və həmin sərəncama əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 617 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamına əsasən 8-ci mkr, 19 nömrəli binanın 73cü mənzilində yaşayan İddiaçı əlavə edilmiş cizgi əsasında 6,0x3,0m ölçüdə qaraj yeri ayrılmışdır. Həmin sərəncama əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Binəqədi Rayon İHB-na ünvanladığı 18/02-6/206 nömrəli xx.xx.1994-cü il tarixli məktubundan görünür ki, 8-ci mikrorayon, 19 No-li binada, 73 №-li mənzildə yaşayan vətəndaş İddiaçı üçün yaşadığı binanın yanında qaraj qurulması ilə əlaqədar rayon təşkilatlarının rəyi ilə təqdim edilmiş sxem razılaşdırılmışdır. Razılaşdırlımış sxem sərəncama əlavə olunmuşdur. İşdə olan MKTD Binəqədi rayon MKTB 1 saylı Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 679 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan və qarajla bağlı fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, ev 19, mənzil 73-də yaşayan İddiaçı 8-ci mkr, 19 saylı binanın qarşısında yerləşən daşdan tikilmiş fərdi avtomobil qarajı 1994-cü ildən istifadəsindəir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının istifadəsində olan texniki pasport verilməsini tələb etdiyi qaraj ona qanuni əsaslarla ayrılmış və bununla bağlı hüquqmüəyyənedici sənədlərin bir nüsxəsi Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Eləcə də, cavabdeh imtina məktubunda sözügedən qarajın yaşayış binalarının həyətindəki yaşıllıq olan ərazidə yerləşdiyinə və yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənəd üzrə sahənin dəqiq yerləşməsini müəyyənləşdirmək mümükün olmamasına istinad etsə də, məhkəmə araşdırması zamanı sözügedən qarajın razılaşdırılmış cizgi əsasında 1994-cü ildən iddiaçının yaşadığı Binəqədi rayonu, 8-ci m.r N.Nərimanov küçəsi 19 saylı binanın qarşısında yerləşməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı sözügedən qaraja dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə hüquqmüəyyənedici sənədləri təqdim etmişdir ki, həmin sənədlər də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçının qeyd olunan qaraj üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətsizliyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0cı və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyicı sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cu maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Halbuki, məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırki iş üzrə müəyyən edilməmiş, imtinaya əsas olan hallar əsaslandırılmamışdır. «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., N.Nərimanov küçəsi 19 saylı binanın qarşısında yerləşən qaraja dair texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar