Məhkəmə qərarları › İş №2-1(112)-12164/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12164/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12164/2023 10.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı «inzibati akta dəyişiklik edilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı «inzibati aktın dəyişdirilməsinə» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 2633 nömrəli sərəncamına dəyişiklik edilərək mərhum həyat yoldaşı X6 İİ qrup Çernobıl əlili olduğunu nəzərə alaraq, iddiaçının həmin statusda (İİ qrup Çernobıl əlili kimi) mənzil siyahısına qeydiyyata alınmasını Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 2633 nömrəli sərəncamına əsasən iddiaçının həyat yoldaşı X8 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 qızı) Çernobil iştirakçısı kimi mənzil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 30 iyun 1999-cu il tarixli, 414635 saylı vəsiqəsi ilə İİ qrup Çernobıl əlilliyi müəyyən edilmiş və əlillik üzrə təqaüd almışdır. Həyat yoldaşı X13 İİ qrup əlillik barəsində vəsiqəsinin surətini Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə təqdim etsə də, nədənsə onu güzəştli mənzil siyahısına qeydiyyata almamışlar. X13 xx.xx.2011-ci il tarixdə qaraciyər çatışmamazlığından rəhmətə getmişdir. İddiaçı Bakı Şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək, mərhum həyat yoldaşı X6 mənzil növbəliyinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 03 nömrəli, xx.xx.2022-ci il tarixdə müraciətinə cavab olaraq, "Suraxanı RİHB-nın xx.xx.1993-cü il tarixli 2633 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında" sərəncamı ilə, mərhum X6 mənzil uçot-işi növbəyə götürülmə (xx.xx.1993-cü il) tarixi saxlanılmaqla 4 nəfər ailə tərkibi ilə iddiaçının adına dəyişdirilməsi və ümumi siyahıya daxil edilməsi, RİHB-nin xx.xx.1993-cü il tarixli 2633 nömrəli il tarixli sərəncamının 1-ci bəndinin qüvvədən düşmüş hesab edilməsi və qalan hissəsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 03 nömrəli qərara alınmış sərəncamında mərhum həyat yoldaşı X6 İİ qrup kimi Çernobil əlilliyi olduğu nəzərə alınmamışdır. İddiaçı yenidən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, qərara alınmış sərəncama dəyişiklik edib, mərhum həyat yoldaşı X6 İİ qrup Çernobıl əlili olduğunu nəzərə alaraq, iddiaçının güzəştli mənzil siyahısına qeydiyyata alınmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 21 fevral 2022-ci il tarixli N-14- 068 nömrəli məktubunda bildirilmişdir ki, mənzil növbəliyinə güzəştli siyahıya daxil edilməsi haqqında müraciətinə baxılaraq, mərhum həyat yoldaşı X6 Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 2633 nömrəli sərəncamına əsasən 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 qızı) Çernobıl iştirakçısı kimi mənzil növbəsinə götürülmüş və xx.xx.2011-ci il tarixdə vəfat etdiyindən onun mənzil uçot-işi Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 03 nömrəli sərəncamına əsasən iddiaçının adına dəyişdirilmiş və ümumi siyahıya daxil edilməsi və eyni zamanda, Azərbaycan Respublikasının mənzil Məcəlləsinin 48-ci maddəsində göstərilən kateqoriyalardan birinə (şəhid ailəsi, müharibə əlili və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyalar) malik olmadığından güzəştli siyahıya daxil edilməsinin RİH-nin səlahiyyətləri xaricində olduğu qeyd edilmişdir. “Çernobil qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 5-ci bəndinə əsasən əgər şəxs mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmalıdır. Lakin, Suraxanı Rayon İcra Hakimiyyəti həyat yoldaşı X9 İİ qrup əlili kimi nəzərə almayaraq, güzəştli mənzil siyahısına daxil etməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, Suraxanı RİHB-nin, xx.xx.1993-cü il tarixli 2633 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Suraxanı Rayon İcra Hakimiyyətinin 03 nömrəli, xx.xx.2022-ci il tarixli Sərəncamının 1-ci bəndinin Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış İİ qrup Çernobıl əlili olan X6 növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə ailə üzvü olan həyat yoldaşı X4 ilə dəyişdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12164/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbini dəqiqləşdirməsinə dair ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya dair məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-20/2- 1737/2023 nömrəli məktubuna uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-20/2-1737/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı mərhum həyat yoldaşı X1 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 2633 nömrəli sərəncamına əsasən 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 qızı) Çernobıl iştirakçısı kimi mənzil növbəsinə götürülmüşdür. E.T.Nəhmətov xx.xx.2011-ci il tarixdə vəfat etdiyindən mərhumun mənzil uçot işi növbəyə götürülmə (xx.xx.1993-cü il) tarixi saxlanılmaqla 4 nəfər ailə tərkibi ilə arvadı İddiaçı adına dəyişdirilmiş və ümumi siyahıya daxil edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 322 nömrəli qərarı ilə təsdiq edilmiş “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması” haqqında qaydaların 2.1-ci bəndinə əsasən uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi gündən etibarən ailə üzvləri tərəfindən 3 ay müddətində müraciət edilməlidir. İddiaçı isə ərinin ölümündən 10 ildən çox müddət keçdikdən sonra Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etdiyindən iddia tələbini əsassız hesab edilir və rədd edilməsi məhkəmədən xahiş edilir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısına müraciət edərək, Suraxanı Rayon İcra hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 2633 nömrəli sərəncamına dəyişiklik edilərək, mərhum həyat yoldaşı X6 2-ci qrup Çernobıl əlili olduğunu nəzərə alaraq, iddiaçının güzəştli mənzil siyahısına qeydiyyata alınmasını xahiş etmişdir. - Cavabdeh Suraxanı Rayon İcra Hakimiyytinin xx.xx.2023-cü il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, X6 Çernobıl iştirakçısı kimi mənzil uçot işi xx.xx.1993-cü il tarixli növbəyə götürülmə tarixi saxlanılmaqla İddiaçı adına dəyişdirilmiş və ümumi siyahıya daxil edilmişdir. - Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı həyat yoldaşı X1 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 2033 nömrəli sərəncamına əsasən 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 qızı) Çernobıl iştirakçısı kimi mənzil növbəsinə götürülmüşdür. E.N.Nəhmətov xx.xx.2011-ci il tarixdə vəfat etdiyindən mərhumun mənzil uçot-işi növbəyə götürülmə (xx.xx.1993-cü il) saxlanılmaqla 4 nəfər ailə tərkibi ilə arvadı İddiaçı adına dəyişdirilmiş və ümumi siyahıya daxil edilmişdir. - Suraxanı Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşların siyahısının surətindən görünür ki, Çernobıl AES qəzasının iştirakçısı və əlili X13 1748 sıra nömrəsi ilə mənzil növbəsinə qeydiyyata alınmışdır. - Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 03 nömrəli xx.xx.2022-ci il tarixli Sərəncamın surətindən görünür ki, mərhum X6 mənzil uçot-işi növbəyə götürülmə (xx.xx.1993-cü il) tarixi saxlanılmaqla 4 nəfər ailə tərkibi ilə arvadı İddiaçı adına dəyişdirilmiş və ümumi siyahıya daxil edilmişdir. - AZ-İ 491964 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X13 qaraciyər çatışmazlığı səbəbi ilə xx.xx.2011-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2011-ci ilin 09 ayında 09 günündə 859 nömrəsi ilə qeyd aparılmışdır. - Əzizbəyov-Suraxanı rayonları Çernobıl təşkilatının sədri tərəfindən verilmiş 427 nömrəli Arayışın surətindən görünür ki, X13 həqiqətən Çernobıl AES qəza ləğvinin iştirakçısıdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 03 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filalına təhvil verilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, mübahisələndirmə növündə iddiaların qaldırılması iddia müddətinə bağlıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti 30 gün müəyyən olunmuşdur. Müddətin axımı inzibati aktın ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə təqdim olunduğu və ya bu barədə məlumat verildiyi vaxtdan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan başlanır. Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, hazırkı mübahisə üzrə nəzərə almaq lazımdır ki, iddiaçı mübahisələndirilən inzibati akt barədə məlumatlı olmadığından, həmin sərəncamı mübahisələndirməmişdir.(Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 03 nömrəli xx.xx.2022-ci il tarixli Sərəncamın) Belə ki, mübahisələndirilən həmin sərəncamdan iddiaçının əvvəldən məlumatlı olduğu və iddiaçının mübahisələndirdiyi sərəncam cavabdeh tərəfindən iddiaçıya rəsmi qaydada təqdim edilməsi məhkəmə araşdırılması və iş materiallarında olan sənədlər ilə öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırılması zamanı da inzibati orqan tərəfindən aktın iddiaçıya təqdim edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan iddiaçının istinad etdiyi dəlillər müddətin buraxılmasının və sərəncamın müddət ötürülməklə mübahisələndirilməsinin üzrlü səbəbi kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından əsaslı iddiadır və təmin edilməlidir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır. Məhkəmə qeyd edir ki, Cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli sərəncamı ilə Çernobıl AES qəzasının iştirakçısı və əlili X13 1748 sıra nömrəsi ilə mənzil növbəsinə götürülmüşdür. X6 qaraciyər çatışmazlığı səbəbi ilə xx.xx.2011-ci il tarixdə ölmüş və Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 03 nömrəli xx.xx.2022-ci il tarixli Sərəncamı ilə mərhum X6 mənzil uçot-işi növbəyə götürülmə (xx.xx.1993-cü il) tarixi saxlanılmaqla 4 nəfər ailə tərkibi ilə arvadı İddiaçı adına dəyişdirilmiş və ümumi siyahıya daxil edilmişdir. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən bu Qanun Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş (30 kilometrlik zona daxilində) və həmin qəza nəticəsində yaranmış zərərli təsir zonasında olmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsinə yönəldilmişdir. 5-ci maddəsinə əsasən bu Qanun aşağıdakı vətəndaşlara şamil olunur:

1. Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən: a) köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzindən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş və ya ezam edilmiş), yaxud Çernobıl AES-in istismarında və ya stansiyada digər işlərlə məşğul olmuş şəxslər; b) köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətindən olan şəxslər; v) göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı xüsusi toplanışlara çağrılmış və uzaqlaşdırma zonasında işlərə cəlb edilmiş hərbi qulluqçular (burada və bundan sonra bu kateqoriyaya aiddirlər: zabit heyəti, gizirlər, miçmanlar, müddətindən artıq xidmət hərbi qulluqçuları, qadın hərbi qulluqçular, keçmiş SSRİ silahlı qüvvələrində, keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin qoşunlarında, daxili və dəmiryol qoşunlarında və digər hərbi birləşmələrdə həqiqi hərbi xidmətdə olan çavuşlar, sıravi heyət və hərbi vəzifəlilər); q) zərər çəkmiş vətəndaşların qəza baş verdikdən sonra doğulmuş və Azərbaycan Respublikası vətəndaşları olan övladları... 6.5-ci maddəsinə əsasən 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslər əgər şəxs mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmaq hüququna malikdirlər. 6.17-ci maddəsinə əsasən fərdi mənzil tikintisi üçün növbədənkənar torpaq və bağ sahələri almaq. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2449 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamının 1-ci bəndində göstərilmişdir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin 2021- 2025-i illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması” Qaydalarına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən hazırlanmışdır və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını müəyyən edir. 1.2. Bu Qaydada istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. əlilliyi olan şəxsin uçotunun saxlanılması - yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vəfat etmiş əlilliyi olan şəxsin (bundan sonra - əlilliyi olan şəxs) yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması; 1.2.2. əlilliyi olan şəxsin ailə üzvləri - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər; 1.2.3. uçota alınmanı həyata keçirən orqan - əlilliyi olan şəxsin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı müvafiq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə orqanı. 2.1. Əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (bundan sonra - təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir. 3.1. Vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından aşağıdakı hallarda imtina edilir: 3.1.1. bu Qaydanın 2.2-ci bəndində qeyd edilən sənədlər təqdim edilmədikdə; 3.1.2. əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilmiş uçot normasına əsasən ailə üçün kifayət etdiyi müəyyən edildikdə; 3.1.3. təmsilçi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edildikdə. 3.2. Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərar imtinanın səbəbləri göstərilməklə əsaslandırılmalıdır. 3.3. Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərarın surəti onun qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq təmsilçiyə təqdim edilir və ya göndərilir. Həmin qərardan təmsilçi tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati icraat qaydasında və ya məhkəmə qaydasında şikayət verilə bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir. Maddə 27. Layiqli həyat səviyyəsi və sosial müdafiə 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Maddə 32. Əlilliyi olan şəxslərə sosial xidmət göstərilməsi 32.1. Əlilliyi olan şəxslərə sosial xidmət göstərilməsi qaydası və şərtləri “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 32.2. Əlilliyi olan şəxslərin sosial xidmət müəssisələrində olması onların öz hüquqlarını və azadlıqlarını həyata keçirmək imkanını təmin edir və şəxsiyyətin tələbatının maksimum ödənilməsinə kömək göstərir. 32.3. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanın rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə növbədənkənar mənzil almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 3. Mənzil hüquqlarının məhdudlaşdırılması 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. 3.2. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Maddə 10. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələri 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: ... 10.0.3. sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını müəyyən etmək;. ... 10.0.6. kateqoriyaları qanunvericiliklə müəyyənləşdirilən və yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlara dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək. Maddə 11. Mənzil münasibətləri sahəsində bələdiyyələrin səlahiyyətləri 11.0. Mənzil münasibətləri sahəsində bələdiyyələrin səlahiyyətlərinə aşağıdakılar aiddir: ... 11.0.3. sosial kirayə müqavilələri əsasında təqdim edilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların uçotunu aparmaq; Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: 3.9.6. dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. 4.6.8. ailə başçısını itirmiş ailələrin, çoxuşaqlı ailələrin, evdə qulluğa ehtiyacı olan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, müharibə və əmək veteranlarının, qocaların mənzil və maddi-məişət şəraitinin yaxşılaşdırılmasına kömək göstərmək; 4.9.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək. Məhkəmə yuxarada göstərilən qanunvericiliyin normalarına əsasən qeyd edir ki, “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydaları”nın 1.2.1-ci bəndinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vəfat etmiş əlilliyi olan şəxsin yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanıldığı və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanıldığı qeyd edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı X4 mərhum X6 ailə üzvüdür və cavabdeh inzibati orqan tərəfindən onun həyat yoldaşı kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota almışdır. Lakin cavabdeh inzibati orqan müvafiq Sərəncamın 1-ci bəndində iddiaçı X3 mənzil siyahısına X6 Çernobıl iştirakçısı statusunda onun növbəsinə əlavə etmək əvəzinə iddiaçının adının mərhum həyat yoldaşının növbəyə götürmə tarixi saxlanılmaqla ümumi siyahı üzrə daxil edilməsi qeyd edilmişdir. Sadalanan qanunvericilik normlarından da göründüyü kimi, Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və əlilliyi müəyyən edilmiş şəxslərin mənzil və ya fərdi evlə təmin edilməsi hüququ növbədənkənar olaraq təmin edilir. Həmçinin, mövcud qanunvericilikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Çernobıl əlili olan şəxslərin növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsi onun əvəzinə ailə üzvü ilə əvəz edilməsi nəzərədə tutulmuşdur. Göründüyü kimi, müvafiq qaydada əvəz edilmə onu qeyd etməyə əsas verir ki, mənzil uçot siyahısına alınmış vəfat edənin ailə üzvləri vəfat edənin statusunda da növbəyə alınmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisə predmeti olan inzibati aktı qəbul edilərkən isə qeyd edilən qanunvericiliyin normaları gözlənilməmiş və müvafiq Sərəncamın 1-ci bəndi “mərhum X6 mənzil uçot-işin növbəyə götürülmə (xx.xx.1993-cü il) tarixi saxlanılmaqla 4 nəfər ailə tərkibi ilə arvadı İddiaçı adına dəyişdirilsin və ümumi siyahıya daxil edilsin” kimi göstərilmişdir. Halbuki, qanunvercilik mənzil uçot növbəsində olan, lakin mənzil almadan vəfat edənin ailə üzvlərini, onun növbəlilik sırasında yerinə əlavə etməklə onun ailə üzvlərini mənzil növbəsində olan (vəfat edənin) şəxsin statusunda mənzil uçot siyahısına daxil edilməsini müəyyən etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin inzibati orqan iddiaçının inzibati akta arzuladığı dəyişikliyin edilməsini konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə də, yuxarıda göstərilən qanunvericiliyin normalarına əsasən məhkəmə qeyd edir ki, iddiaçının həyat yoldaşı X2 AES-də qəzanın ləğvində iştirak etmiş və əlilliyi müəyyən edilmiş şəxs kimi mənzillə təmin edilməsi üçün yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığından və qanunvercilik mənzil uçot növbəsində olan, lakin mənzil almadan vəfat edənin ailə üzvlərini, onun növbəlilik sırasında yerinə əlavə etməklə onun ailə üzvlərini mənzil növbəsində olan (vəfat edənin) şəxsin statusunda mənzil uçot siyahısına daxil edilməsini müəyyən etdiyindən Suraxanı RİHB-nin, xx.xx.1993-cü il tarixli 2633 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” Suraxanı Rayon İcra Hakimiyyətinin 03 nömrəli, xx.xx.2022-ci il tarixli Sərəncamının 1-ci bəndi “Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış İİ qrup Çernobıl əlili olan X6 növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsi onun əvəzinə ailə üzvü olan həyat yoldaşı X4 ilə dəyişdirilsin.” kimi dəyişdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Suraxanı RİHB-nin, xx.xx.1993-cü il tarixli 2633 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” Suraxanı Rayon İcra Hakimiyyətinin 03 nömrəli, xx.xx.2022-ci il tarixli Sərəncamının 1-ci bəndi “Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış İİ qrup Çernobıl əlili olan X6 növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsi onun əvəzinə ailə üzvü olan həyat yoldaşı X4 ilə dəyişdirilsin” kimi dəyişdirilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Suraxanı RİHB-nin, xx.xx.1993-cü il tarixli 2633 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” Suraxanı Rayon İcra Hakimiyyətinin 03 nömrəli, xx.xx.2022-ci il tarixli Sərəncamının 1-ci bəndi “Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış İİ qrup Çernobıl əlili olan X6 növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsi onun əvəzinə ailə üzvü olan həyat yoldaşı X4 ilə dəyişdirilsin” kimi dəyişdirilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar