Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12167/2021 17.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “qalıq məbləğin restrukturizasiyası” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı yaranmış restruktruzasiya hüququnun təmin edilməsi-ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 2387,41 (iki min üç yüz səksən yeddi manat qırx bir qəpik) manat borcunun beş il ərzində (bir il güzəşt müddətilə) ödəməyinin təmin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması ilə bağlı qərar çıxarılması məhkəmədən xahiş edilir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 17.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən “DəmirBank" ASC-dən illik 21.5 faizlə 24 ay müddətinə 9400 ABŞ Dolları kredit götürmüşdür. Həmin tarixdə borcun təminatı olaraq X1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edilir ki, 01.08.2017-ci il tarixinədək onun həmin banka 4610.89 ABŞ Dolları əsas borc, 1688.82 ABŞ Dolları faiz borcu və 765.70 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə 7065.41 ABŞ doları məbləğində borcu yaranmışdır. Yaranmış borcla əlaqədar olaraq "xxxx" ASC onu Yasamal Rayon Məhkəməsinə vermiş və məhkəmə iclasları onun iştirakı olmadan həyata keçirilmişdir. Məhkəmənin 30 oktyabr 2017-ci il tarixli 2(004)-8097/2017 nömrəli qətnaməsi ilə iddiaçının tələbi qismən təmin edilmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsi İddiaçı və zamindən müştərək qaydada bankın xeyrinə 17.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4610.89 (dörd min altı yüz on ABŞ dolları 89 sent) ABŞ Dolları əsas borc. 1688.82 (bir min altı yüz səksən səkkiz ABŞ dollar 82 sent) ABŞ Dolları faiz borcu və 65 (altımış beş) ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 6364.71 (altı min üç yüz altımış dörd ABŞ dollar yetmiş bir sent) ABŞ Dolları məbləğində pul tutulması ilə bağlı qətnamə qəbul etmişdir. Bu qətnamə barədə mən yalnız 2019-cu ildə xəbər tutdum. Bildirilir ki, birinci instansiya məhkəməsinin çıxardığı bu qətnamə ilə bağlı İddiaçı Bakı Apellyasiya Məhkəməsinə şikayət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli 2(103)-1407/19 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin bu qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli 2(004)-8097/2017 nömrəli qətnaməsi ləğv edilmişdir. Bundan sonra ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinə kasassiya şikayəti vermişdir, lakin Ali Məhkəmə bu şikayəti təmin etməmiş və Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərarı saxlamışdır. Qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən onun ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcu problemli kreditlərə aid edilir. Problemli kreditlərin kompensasiyası ilə bağlı çıxarışda bu məlumat öz əksini tapmışdır və həmin çıxarış iddia ərizəsinə əlavə edilir. Məhkəmənin sorğusuna cavab olaraq ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən bildirilmişdir ki, ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 17.10.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə ona 30 (otuz) faiz dərəcəsi ilə, 18 ay müddətinə 3180 ABŞ dolları məbləğində kredit verilmişdir. 21.12.2015-ci il tarixinə 17.10.2014-cü il tarixinə 17.10.2014-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan "xxxx" ASC qarşısında İddiaçı 2555,46 ABŞ dolları məbləğində əsas borc öhdəliyi mövcud olub. Məhkəməyə bildirilir ki, o kredit təşkilatına güzəştli şəkildə restrukturizasiya məbləği olan 2387.41 (iki min üç yüz səksən yeddi manat qırx bir qəpik) ödəməli olduğu halda "xxxx" ASC öncədən xəbərdarlıq etmədən ondan əvvəlki borc məbləğinin-6731.52 (altı min yeddi yüz otuz bir manat əlli iki qəpik) manatın ödənilməsini tələb edir. İddiaçı bu əsassız və qanunsuz tələblə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişdir. Bu müraciətinə cavab olaraq Mərkəzi Bank 7 oktyabr 2021-ci il tarixli məktubunda bildirmişdir ki, "xxxx" ASC-yə bank əməliyyatları aparılması üçün verilmiş lisenziya maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə ləğv edilmişdir və ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin olunması qərara alınmışdır. Buna görə də qeyd edilən məsələnin araşdırılması ilə bağlı müraciət həmin fonda göndərilmişdir.
3. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Vətəndaş İddiaçı kredit öhdəliyinin restrukturizasiyası barədə ərizəsi ilə əlaqədar məktubuna ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən baxılmışdır.Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı çərçivəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi" Qaydasına əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Bildiririk ki, sözügedən Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 12.06.2014-cü il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən müqavilənin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən bu müqavilə üzrə 01.03.2019-cu il tarixinə mövcud olan vaxtı keçmiş əsas kredit borcunun Fərman çərçivəsində restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan tarixə 12.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4.316,69 ABŞ dolları (6.731,52 manat) məbləğində vaxtı keçmiş əsas kredit borcu mövcud olduğundan və hesablanmış 4344,12 manat kompensasiyanın Fərmanın 2-ci hissəsinin tələblərinə əsasən bu borca proporsional qaydada yönəldilməsi nəzərə alınaraq müvafiq qaydada restrukturizasiya ediləcək məbləğ 2.387,40 manat müəyyən olunaraq müvafiq siyahıya daxil edilmişdir. Eyni zamanda göstərilən məlumatlar ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir (portaldan çıxarış məktuba əlavə edilir). Göründüyü kimi, iddiaçıya münasibətdə Palata Fərmanla onun üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, sonrakı mərhələdə, yəni kredit müqaviləsi restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması (kredit üzrə hesablanmış faiz və cərimə məbləğləri yalnız kredit borcu restrukturizasiya edildikdə silinir) Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Başqa sözlə, bu hissədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən xahiş edilir ki, hazırki iş üzrə İddiaçı cavabdeh qismində Mərkəzi Banka qarşı “kredit borcunun restrukturizasiya edilməsi”nə dair iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilsin.
5. İşin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
1. İddianın geri götürülmüş sayılması
6. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
8. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarı).
9. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
10. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
11. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
12. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
13. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
14. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
15. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
16. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
17. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
18. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
19. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iş üzrə icraata xitam verilməsinin əsaslarını yoxlamaq zərurəti mövcud deyildir.
20. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
21. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva