Məhkəmə qərarları › İş №2-1(112)-12167/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12167/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12167/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “adın dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının “Nigar”dan “Eva”ya dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı adını “Nigar”dan “Eva”ya dəyişdirmək üçün qanunvericiliklə müəyyən edilmiş bütün zəruri sənədləri toplayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. Ona xx.xx.2022-ci il tarixli № 05/58-22 saylı imtina məktubu verilmişdir. İmtinanın əsası kimi qeyd olunur ki, adının “Nigar”dan “Eva”ya dəyişdirilməsi barədə müraciətlərinə baxılmışdır. Seçdiyi adın mənşəyinə, alındığı dilə, tarixən hansı dilə mənsubluğuna dair Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına müraciətləri əsasında “Eva” adı müzakirə olunmuş və adın Azərbaycan dilində “Eva” deyil, “Həvva” yazılması məqsədəmüvafiq hesab edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, adının “Eva”ya dəyişdirilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh 6 saylı Bakı “ASAN xidmət” X1 məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı münasibətdə göstərmişdir ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə adının “Nigar”dan “Eva”ya dəyişdirilməsi barədə ərizə ilə şöbəyə müraciət etmişdir. Adın mənşəyinin, alındığı dilin, tarixən hansı dilə mənsubluğunun müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına sorğu edilmişdir. Terminologiya Komissiyasında müzakirə zamanı müəyyənləşdirilmişdir ki, “Eva” adı ərəb mənşəli “Həvva” adı ilə eyni diri, canlı, həyat çeşməsi mənasını ifadə edir və “Yeva” adının forması kimi işlənir. Bunları nəzərə alaraq, Azərbaycan dilində “Eva” deyil, “Həvva” kimi yazılması məqsədəuyğun hesab edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Göstərilənlərlə əlaqədar bildirilir ki, vətəndaş İddiaçı seçdiyi ad Qanunun tələblərinə uyğun olmadığından ərizəsinin təmin edilməsi şöbə tərəfindən mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi,,72 ünvanında qeydiyyatdadır; AZ-İV seriyalı 559645 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, doğumu xx.xx.1992-ci il tarixdə 31 nömrəli akt qeydi ilə Bakı şəhəri X2 tərəfindən qeydə alınmışdır; 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli imtina məktubunda iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, adının “Nigar”-dan “Eva”-ya dəyişdirilməsi barədə müraciətinə baxılmışdır. Seçdiyi adın mənşəyinə, alındığı dilə, tarixən hansı dilə mənsubluğuna dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına müraciəti əsasında “Eva” adı müzakirə olunmuş və adın Azərbaycan dilində “Eva” deyil, “Həvva” yazılması məqsədəuyğun hesab edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq adının “Eva”-ya dəyişdirilməsi tərəflərindən mümkün deyildir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 noyabr 2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazisində cinayət təqibi, məhkumluğu və ya axtarışda olması barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. İddiaçı hər hansı xarici ölkədən deportasiya olunub-olunmaması ilə bağlı bildirilir ki, Daxili İşlər Nazirliyində uçotu aparılmadığından qeyd olunan məsələ ilə bağlı məlumat verilməsi imkan xaricindədir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı hər hansı ölkədən deportasiya və sərhədkeçməyə məhdudiyyət siyahısında olması barədə “Giriş-çıxış və qeydiyyat” İAMAS-da, respublika ərazisində cinayət təqibi, məhkumluğu və axtarışda olması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq uçotlarında, eləcə də beynəlxalq axtarışda olması barədə İNTERPOL-un “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı adının “Eva”ya dəyişdirilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh orqan isə seçdiyi adın Azərbaycan dilində “Həvva” yazılmasını məqsədəuyğun hesab etməklə müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə inzibati orqanın imtinasının düzgünlüyünü araşdırarkən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. (İ və İİ hissələr) “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun: 3.1-ci madddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. 3.4-cü maddəsinə əsasən, İinsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. 3.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın ...32-ci... maddələrində göstərilən hüquqlar və azadlıqlar dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün ... məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin: 1.1-ci bəndinə əsasən, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni ədəbi anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarını həyata keçirir; 1.2-ci bəndinə əsasən, Komissiya ictimai əsaslarla fəaliyyət göstərir və öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tutur; 2.1-ci bəndinə əsasən, komissiyanın əsas vəzifələri aşağıdakılardır: ... 2.1.10. müasir qloballaşma şəraitində Azərbaycan dilində müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayının sürətlə çoxalmasını nəzərə alaraq, dilimizin milli köklərinin qorunması, həmçinin zənginləşdirilməsinin davam etdirilməsi məqsədi ilə eyni tarixi-mənəvi kökə malik türk xalqlarının ortaq terminoloji bazasının yaradılması, müvafiq termin yaradıcılığının unifikasiyası normaları və metodoloji prinsiplərinin müəyyənləşdirilməsi; 2.1.11. orfoqrafiya lüğətinin təkmilləşdirilməsi məqsədi ilə yeni terminlərin, coğrafi adların və şəxs adlarının verilmə prinsiplərinin müəyyənləşdirilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın (bundan sonra mətndə – “Qaydalar”): 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016- İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra - konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir; 1.5-ci bəndinə əsasən, adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 6.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Şərh olunan qanunvericiliyin müddəalarına keçməzdən əvvəl, məhkəmə bildirir ki, onomastikanın əsas və ən geniş yayılmış sahəsini antroponimika təşkil edir. Bu termin dilçilikdə “insan adları haqqında” işlənir. Şəxsə ad qoyulan zaman, onomastik leksika müəyyənləşdirilir, adın etimoloji, semasioloji, morfoloji, leksik, fonetik cəhətləri ilə bərabər, onun sintaktik rolu da nəzərə alınmalıdır. Şəxsin adının dəyişirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bu zaman əhəmiyyət kəsb edən hal odur ki, dəyişdirilməsi tələbi irəli sürülən ad müvafiq olaraq Azərbaycan mənşəli adların kateqoriyalarına aid edilməlidir ki, bu kateqoriyalara uyğunluq məhz Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının rəyi əsasında müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyanın rəyinə görə, Eva (Həvva) ilə oxşar deyimi olan Ea, Adapa əfsanəsindəki Tövratın Həvva fiquruna bənzər şəkildə Adapanı istiqamətləndirir. “Eva” adı ərəb mənşəli “Həvva” adı ilə eyni diri, canlı, həyat çeşməsi mənasını ifadə edir və “Yeva” adının forması kimi işlənir. Bunları nəzərə alaraq Azərbaycan dilində “Eva” deyil, “Həvva” kimi yazılması məqsədəuyğun hesab edirilir. Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Oxşar işlər üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən də görünür ki, ad və soyadın seçilməsi hər bir dövlətin özünəməxsus orfoqrafik qaydalarından asılı olduğundan, bu sahədə dövlət orqanlarına müvafiq ad və soyadın qoyulmasına razılıq verilib-verilməməsi istiqamətində geniş səlahiyyətlər verilmişdir. Bununla bağlı AİHM-nin qeyd etdiyi və hazırkı işin hallarına da uyğun olan əsas mövqeyi ondan ibarətdir ki, soyadların və adların verilməsi, tanınması və istifadəsi prosesi, milli xüsusiyyətlərin ən güclü olduğu və Razılığa gələn Dövlətlərin daxili qaydaları arasında praktik olaraq heç bir yaxınlaşma nöqtəsinin olmadığı bir sahədir. Bu sahə, Avropa Şurasına üzv dövlətlər arasındakı böyük müxtəlifliyi əks etdirir. Bu ölkələrin hər birində adların istifadəsi tarixi, dil, dini və mədəni mahiyyətli bir çox amildən təsirlənir ki, ortaq məxrəc tapmaq son dərəcə çətindir, hətta mümkün deyil. Nəticə etibarilə, dövlət orqanlarının bu sahədə istifadə etdikləri səlahiyyətlər həddi xüsusilə genişdir. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, adın qoyulması və ya dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Göstərilənlərin hazırkı işə tətbiqi ilə bağlı olaraq məhkəmə aşağıdakıları qeyd edir. Şəxslərin seçdiyi xarici mənşəli adın və ya soyadın Azərbaycan dilinin lüğət tərkibindəki forması həmin adın orijinal variantından hədsiz fərqlənmirsə, dövlət orqanları tərəfindən həmin adın və ya soyadın Azərbaycan dilindəki formasının qoyulması məqsədəuyğun hesab edilə bilər. Nəzərə alınmalıdır ki, bir dövlətin səlahiyyətli orqanları fərqli bir yazı forması istifadə edən bir ölkədən bir şəxsin adını köçürmək məcburiyyəti qarşısında olduqda əlifbalar arasındakı fərq transliterasiyanı zəruri edə bilər. Adı daşıyan şəxsin ev sahibliyi etdiyi ölkənin bütün sosial münasibətlərinə inteqrasiyasını davam etdirərkən eyni tərcüməni tətbiq etmək üçün müxtəlif metodlardan istifadə edilə bilər. Bununla birlikdə, ən geniş yayılmış metod fonetik transkripsiyadır. Onun məqsədi adın tələffüzünü mümkün qədər onun orijinal formasına uyğunlaşdırmaqdır. Hazırkı işdə isə “Eva” adı ilə onun ənənəvi fonetik prinsipə uyğun olan “Həvva” adı arasında əhəmiyyətli fərq yoxdur. İddiaçının adının “Eva” yox, məhz “Həvva” olması Azərbaycan dilinin milli köklərinin və dilin orfoqrafik qaydalarının qorunması məqsədi daşıyır. Dövlət dilinin qorunması özlüyündə legitim məqsəddir və AİHM-nin və Konvensiyanın yuxarıda əks olunmuş mövqeyindən də göründüyü kimi, müdaxilə legitim məqsədə yönəlmiş olduğu halda hüquq pozuntusu kimi qəbul edilə bilməz. Belə ki, sözügedən legitim məqsədə çatmaq üçün cavabdeh orqan tərəfindən edilmiş müdaxilə iddiaçı üçün müəyyən narahatlıq törətsə də, qeyri-mütənasib hesab ediləcək, yaxud da Konvensiyanın pozulması kimi qiymətləndiriləcək həddə deyil. Odur ki, orqan tərəfindən belə halda müdaxiləyə yol verilməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, şəxsi həyatın toxunulmazlığı iddiaçının konstitusion hüququdur və Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər, məhdudlaşdırma isə Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Ad və soyadın qoyulması və ya dəyişdirilməsi şəxsi və ailə həyatının toxunulmazlığı ilə əlaqədardır ki, bu hüquq da Konstitusiyanın 32-ci maddəsində təsbit olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 32-ci maddəsində göstərilən hüquqlar və azadlıqlar dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Artıq məlum olduğu kimi hazırkı iş üzrə “Eva” adına dəyişdirilməsindən imtina edilməsi Azərbaycan dilinin milli köklərinin və orfoqrafik qaydalarının qorunması məqsədi daşıyır ki, dilin milli köklərinin və orfoqrafik qaydalarının qorunması da birbaşa olaraq dövlət təhlükəsizliyi mənafeləri ilə bağlıdır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının adının “Eva” adına dəyişdirilməsindən imtina edilməklə iddiaçının Konstitusiyada nəzərdə tutulmuş hüquqları məhdudlaşdırılsa da, bu məhdudlaşdırma qanuni məqsədə yönəlmişdir. Eyni zamanda, iddiaçının adını dəyişdirmək istədiyi “Eva” adı ilə onun ənənəvi fonetik prinsipə uyğun olan “Həvva” adı arasında əhəmiyyətli fərq olmadığından cavabdehin imtinası qanuni məqsədə yönəlməklə yanaşı, həm də həmin məqsədə mütənasibdir. Beləliklə, iddiaçının adının “Eva” adına dəyişdirilməsindən imtina edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinə uyğundur və bu zaman iddiaçının hər hansı bir konstitusion hüququnun pozulmasından söhbət gedə bilməz. Odur ki, iddiaçı cavabdeh orqanın imtinasının hüquqi əsasının olmamasına istinad edərək imtinanın qanunsuz olduğunu bildirsə də, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehin imtinası qanunidir və iddiaçının Konstitusiya ilə təsbit edilmiş hüququnun məhdudlaşdırılması qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğundur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “adın dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar