Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12168/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, qeydiyyata alınmasını xahiş etdiyi yaşayış sahəsində yaşayır. İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imitna etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun: Sözügedən Qanunun 2-ci maddəsinə əsasən 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi (1) icarə və kirayə müqaviləsi (2) üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla (3) daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; Qanunun 5-ci maddəsinin 1-ci və 2-ci abzasına əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: -yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd (1); -yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi (2); -yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər (3). Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Sadalanmış maddələrin təhlili nəticəsində müəyyən olunur ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir ki, bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır. İmtinanın məzmunundan isə görünür ki, cavabdeh həmin imtina əsası kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin təqdim edilmədiyinə istinad etmiş, qeyd olunan səbəbdən də iddiaçının qeydiyyata alınmasından imtina etmişdir. Göründüyü kimi iş üzrə müəyyən edilməli olan hal öhdəliyin icrası növündə iddia tələbi üzrə imtinada istinad edən faktiki şərtin, yəni iddiaçının yaşayış sahəsinə qeydiyyata alınma hüququ verən sənədə istinadın qanuni olub-olmamasıdır. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsi,dalan 13, 3 nömrəli ünvanda 2 ədəd mənzil qeydiyyata alınmış, qeyd olunan mənzillərdən başqa eyni ünvanın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, həmin ünvanda 2 ədəd mənzil qeydiyyata alınsa da, iddiaçı mənzillərin mülkiyyətçisi hesab olunmamışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının həmin ünvanda yerləşən mənzillərə deyil də, məhz ünvan 4 nömrəli daşınmaz əmlaka münasibətdə gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında saxlanılan Oktyabr rayonu X1 İcraiyyyə Komitəsinin xx.xx.1968-ci il tarixli Sərəncamın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən əmlakın İddiaçı ayrılması qərara alınmışdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı hazırkı halda yaşayış sahəsinə münasibətdə mülkiyyət hüququna dair qanuni gözləntilərə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanundan irəli gəlir. Həmin Qanunla müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçının daşınmaz əmlaka münasibətdə mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün olar. Məhkəmə qeyd edir ki,mübahisəli yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməməsi, iddiaçının həmin əmlaka dair yaranmış gözlənilən mülkiyyət hüquqlarının mövcudluğu təkzib etmir. Məhkəmə bir daha qeyd edir ki, iddiaçının həmin ünvanda qeydiyyatdan keçmiş mənzillərə münasibətdə hər hansı gözləntisi olmamış, həmin mənzillərə yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı da tələbi olmamışdır. İddiaçı qanuni əsaslara ona ayrılmış fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmasını arzulayır ki, nəticə etibarı ilə, onun fərdi yaşayış evinə münasibətdə gözlənilən mülkiyyət hüquqları yarandığından, onun yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb etmək hüququ yaranır. Eyni zamanda Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, ümumiyyətlə Bakı şəhəri, Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsi,dalan 13, 3 nömrəli ünvanında yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçən 2 ədəd mənzilin mülkiyyətçilərin hazırki məhkəmə mübahisəsinə üçüncü şəxs qismində cəlb edilməsinə də zərurət olmamışdır. Belə ki, iddiaçının və yuxarıda adı çəkilən mənzillərin mülkiyyətçilərin fərqli daşınmaz əmlaklara malik olduğu açıq aşkar aydındır. Hətta, iddiaçının nəvəsi qismində çıxış edən X2 da 2002-ci ildən etibarən iddiaçının qeydiyyata alınmasını arzuladığı fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadır. Göründüyü kimi daşınmaz əmlaklar fərqli olduğundan, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçən 2 ədəd mənzilin mülkiyyətçilərin hazırki məhkəmə mübahisəsinə də cəlb edilməsi zəruri deyildir. Cavabdeh inzibati orqan iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmasını həyata keçirərkən, Bakı şəhəri, Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsi,dalan 13, 3 nömrəli fərdi yaşayış evi ilə həmin ünvanda yerləşən qeydiyyatdan keçmiş mənzilləri fərqləndirməli, iddiaçının yaşayış yeri üzrə qeydiyyatını məhz onun (iddiaçının) gözlənilən mülkiyyət hüquqları yarandığı fərdi yaşayış evinə münasibətdə həyata keçirməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddiaçı əvvəllər də həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olmuş, daha sonra qeydiyyatdan çıxmışdır ki, yenidən qeydiyyata alınmasını qadağa edən hər hansı norma mövcud deyil. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmasına hər hansı maneə olmamışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 4 ünvanında yerləşən sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-12168/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12168/2022
31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver