Məhkəmə qərarları › İş №2-1(112)-12169/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12169/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12169/2025 28.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı “ad və soyadın dəyişdirilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası Zəngibasar rayonu Sarvanlar kəndində anadan olan İddiaçı soyadının “Sadıxzadə”dən “İbrahimova”ya, adının isə “Sarabəyim”dən “Zərxanıma” dəyişdirilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası Zəngibasar rayonu Sarvanlar kəndindən anadan olmuş və hal-hazırda Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr-ti ev 7, mənzil 28-də yaşayır. 1983-cü ildə X4 ilə ailə qurmuş və nikah bağlandıqdan sonra ona İbrahimova soyadı verilmişdir. xx.xx.1994-cü il tarixdə onunla P.İbrahimov arasında bağlanmış nikah ləğv olunandan sonra, Sadıxova soyadı verilmişdir. xx.xx.2013-cü ildə müraciəti əsasında Nizami rayon qeydiyyat şöbəsində adı “Zərxanım”dan “Sarabəyim”ə dəyişdirilmişdir. Bu il ad və soyadının dəyişdirilməsi üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, müraciəti təmin edilməmişdir. xx.xx.2025-ci il tarixli imtina məktubunda bildirilir ki, adın, soyadın növbəti dəfə dəyişdirilməsi ilə bağlı ərizənin təmin edilməsi imkan xaricindədir. Ad və soyadının dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından məhkəməyə müraciət etməyi tövsiyə edilib.

3. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “vətəndaş İddiaçı adına Bakı şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 29 saylı, xx.xx.2013-cü il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən adı “Zərxanım”-dan “Sarabəyim”-ə dəyişdirilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə əsasən “Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 saylı,xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3. bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Göstərilənlərlə bağlı nəzərinizə çatdırırıq ki, sizin adın, soyadın növbəti dəfə dəyişdirilməsi ilə bağlı ərizənizin təmin edilməsi imkan xaricindədir. Vətəndaş İddiaçı ərizəsində qeyd edildiyi kimi onun soyadının da məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi istəyi nəzərə alınaraq həm adının, həm də soyadının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunur.”

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

6. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

8. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

9. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

10. AZE ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Ermənistanda anadan olmuşdur. Vəsiqədə şəxsin tam adı “İddiaçı” kimi göstərilmişdir.

11. AZ-İİİ 127548 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx xxxxxx 1960-cı il tarixdə Ermənistanda anadan olmuşdur. Şəhadətnamə Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmişdir.

12. AZ-İ 024190 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X4 ilə X1 nikahı ləğv edilmiş, qadına Sadıxova soyadı verilmişdir. Şəhadətnamə xx.xx.2003-cü il tarixdə verilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən Ədliyyə Nazirliyi Vətəndaşlıq X6 tərəfindən xx.xx.2025-ci il tarixdə təqdim edilən məktubda bildirilmişdir ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumu, onun Latviya Respublikasında Pənah İbrahimovla bağlanmış nikahının pozulması, X11 ilə bağlanmış nikahı və həmin nikahın pozulması, eləcə də adının dəyişdirilməsi haqqında məlumatlar aşkar edilmişdir. Bununla bağlı müvafiq akt qeydlərinin kserosurətləri təqdim olunur. Həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı övladlarının doğumunun qeydə alınması haqqında hər hansı məlumat aşkar edilmədi. - 09.12.2003-cü il tarixli 206b nömrəli doğum haqqında bərpa akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1960-cı il tarixdə Ermənistanda doğulmuşdur. Cinsi qadındır. Məhkəmə qərarına əsasən xx.xx.2012-ci il tarixdə soyadın sonluğu “zadə” olaraq dəyişdirilmişdir. - Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2013-cü il tarixdə adı İddiaçı kimi dəyişdirilmişdir. Həmin dəyişiklik məhkəmə qərarı əsasında aparılmışdır.

14. Məhkəmənin sorğusuna əsasən DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla soyadı “Sadıxova”, adı “Zərxanım" qeyd edilərək xx.xx.2003-cü il tarixdə AZE-01233186 nömrəli, xx.xx.2010-cu il tarixdə AZE-08610144 nömrəli, xx.xx.2012-ci il tarixdə AZE-09553336 nömrəli, xx.xx.2013-cü il tarixdə soyadı “Sadıxzadə”, adı “Sarabəyim" qeyd edilərək AZE-13845736 nönrəli, xx.xx.2017-ci il tarixdə AZE-16873526 nömrəli, xx.xx.2018-ci il tarixdə AZE-******** nömrəli şəxsiyyət vəsiqələri ilə sənədləşdirilmişdir. Qeyd olunan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olunmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir.

IV. Məhkəmənin mövqeyi

15. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

16. «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır.

18. Məhkəmə tərəfindən tədqiq olunan sübutlar əsasında müəyyən olundu ki, X3 xx.xx.1960-cı il tarixdə Ermənistanda doğulmuşdur. Məhkəmə qərarı ilə Bakı şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 29 saylı, xx.xx.2013-cü il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən adı “Zərxanım”-dan “Sarabəyim”-ə dəyişdirilmişdir.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 190.1. Ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 20.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.

21. Göründüyü kimi, qanunvericilik şəxsin adının, ata adının və soyadının növbəti dəfə dəyişdirilməsinin mümkün hallarını müəyyən etmişdir. Hazırda iddiaçı soyadının və adının dəyişdirilməsini tələb etməsinə baxmayaraq, iş üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndində qeyd edilən istisna haları, 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallardan hər hansı biri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçı isə tələbinin əsası kimi heç bir səbəb göstərməmişdir.

22. Belə olan halda qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

23. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar