Məhkəmə qərarları › İş №2-1(112)-1217/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1217/2022

16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1217/2022 16.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" MTK) “müəyyən hərəktləri etməkdən çəkinmə və dəymiş zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 2480,00 manat məbləğində maddi zərərin (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 10 000,0 manat məbləğində mənəvi zərərin (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçının mübahisələndirilən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıran qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evi mövcud olmuşdur. Daha sonra iddiaçının müraciətinə əsasən Bakı Şəhər İcra Hakmiyyətinin 30 avqust 2001-ci il tarixli 573 nömrəli sərəncamı ilə ona məxsus olan köhnə evin sökülərək yenidən layihələndirilməsinə və tikintisinə icazə verilmiş və yeni 2 mərtəbəli evin tikintisinə 0,045 ha torpaq sahəsi ayrılmışdır. Bununla bağlı iddiaçının yeni fərdi yaşayış evinə dair inşaat pasportu və torpağa dair ayrıc aktı tərtib edilmişdir. Yeni evin layihələndirilməsi və tikintisi ilə bağlı aidiyyəti dövlət qurumlardan razılıqlar alınmışdır. İddiaçıya məxsus olan yeni fərdi yaşayış evinin tikintisi müasir tələblərə uyğun aparılmış və 2007-ci il tarixində tam başa çatdırılaraq qanunvericiliyin tələblərinə uyğun olaraq istismara qəbul edilmişdir. Eyni zamanda, iddiaçı 4,5 sot torpaq sahəsi üzərində ümumi sahəsi 536,40 kv.m olan fərdi yaşayış evinə dair mülkiyyəti hüququnu xx.xx.2019-cu il tarixində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən qeydiyyatdan keçirərək bununla bağlı mülkiyyət hüququna dair müvafiq çıxarış əldə etmişdir. Daha sonra iddiaçı qanuni əsaslarla mülkiyyətində olan fərdi yaşayış evinin xarici görünüşünü yeniləmək və müasir tələblərə uyğun şəkildə dəyişmək üçün evin fasadına aqlay üzləmənin vurulması qərarına gəlmişdir. İddiaçı fərdi yaşayış evinin çöl fasad hissəsinin aqlayla üzlənməsi işlərini başladıqda cavabdeh inzibati orqan 31 mart 2021-ci il tarixli məktubla iddiaçıya müraciət edərək iddiaçı AR Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.7-ci maddəsinin tələblərini pozduğu üçün ona tikinti işlərinin dayandırılmasını və bununla bağlı AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müvafiq icazə sənədinin alınmasını tövsiyə etdi. Halbuki, elə qeyd olunan Məcəllənin 79.1.7-ci maddəsinə əsasən iddiaçının apardığı aqlay üzlənmə işləri fərdi yaşayış evinin fasad qabaritlərini dəyişdirmədiyi üçün bu təmir işlərinin yerinə yetirilməsinə hər hansı icazə alınmasına lüzum yox idi. Buna baxmayaraq, cavabdeh inzibati orqan ilə iddiaçı arasında olan məsələnin qanunvericiliyin düzgün tətbiqi baxımından həll edilməsi məqsədi ilə iddiaçı AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 1 aprel 2021-ci il tarixli sorğu ilə müraciət edərək aqlay üzlənməsinin vurulmasına hər hansı icazənin tələb olunub-olunmamasına münasibət bildirilməsini xahiş etdi. Lakin iddiaçının AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verdiyi sorğuya cavabı gözləmədən və heç bir məhkəmə qərarı olmadan 15 aprel 2021-ci il tarixdə günorta radələrində cavabdeh inzibati orqanın müəyyən vəzifəli şəxsləri həmin ərazidə tikinti işləri aparan "xxxx" MTK-nın işçiləri vasitəsi ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin çöl fasad hissəsinə vurulmuş aqlayı fiziki zor tətbiq etməklə qanunsuz olaraq sökmüşdür. Qeyd olunan qanunsuz hərəkəti təsdiq edən videogörüntülər və foto-şəkillər mövcuddur. Təhlükəsizlik kameraların qeydə aldığı və hadisə yerindən mobil telefonlar ilə çəkilən video-görüntülərdən və foto-şəkillərdən açıq-aşkar görünür ki, cavabdeh inzibati orqanın vəzifəli şəxsləri iddiaçının fərdi yaşayış evinin çöl fasad hissəsinin aqlay üzlənməsinin sökməsi əmrini verir və "xxxx" MTK-nın fəhlələri isə iddiaçıya qarşı fiziki zor tətbiq etməklə aqlayın sökülməsini həyata keçirirlər. Göründüyü kimi cavabdeh inzibati orqan "xxxx" MTK-nın işçiləri vasitəsi ilə qanunsuz olaraq və qəsdən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakına ziyan vurmuşdur ki, bununla da iddiaçının qanunla qorunan mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Qanunvericiliyinin tələblərinə əsasən heç bir kəs mülkiyyətindən mərhum edilə bilməz və hətta qanunsuz tikilmiş bina və qurğular da yalnız məhkəmə qərarı əsasında sökülə bilər. İcra hakimiyyətinin vəzifəli şəxsləri isə tikinti işlərinin dayandırılması və ya vurulmuş aqlayın sökülməsi məqsədi ilə məhkəməyə müraciət etmədən və qanun normalarını kobud surətdə pozmaqla öz vəzifə səlahiyyətlərini aşmışlar ki, bununla da iddiaçıya həm maddi, həm də mənəvi ziyan dəymişdir. Bununla bağlı iddiaçı ziyanın qiymətləndirilməsi ilə bağlı müvafiq mütəxəssisə müraciət etmiş və mütəxəssis tərəfindən təqdim edilən 26 aprel 2021-ci il tarixli rəyə əsasən vurulmuş ziyan 2480,00 manat məbləğində müəyyən edilmişdir. Həmçinin həmin vaxt qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-2579/2021 nömrəli qərardadı ilə iddiaçı məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər iddiaçının ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin önündə çəkilmiş taxta hasarların (ona aid hissədə) sökülməsi və onun mülkiyyət hüquqnun pozulmasının davam etməsindən çəkinməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmuşdur. Lakin nə cavabdeh inzibati orqan, nə də ki MTK öz qanunsuz hərəkətləri həyata keçirdikləri zamanı qüvvədə olan qeyd olunan məhkəmə qərardadı barədə məlumatları olsa da belə, həmin qərardada məhəl belə qoymamışlar. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının daşınmaz əmlakına vurulmuş 2480,00 manat məbləğində ziyan cavabdeh inzibati orqandan tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya həmçinin mənəvi ziyan dəyimişdir ona görə ki, o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Belə ki, cavabdehin yol verdiyi qanunsuz hərəkətləri nəticəsində fərdi yaşayış evinin fasad hissəsinin aqlay üzlənməsinin yenidən tikilməsi və yaranmış digər qüsurların aradan qaldırılmasına müəyyən vaxt tələb edildiyi üçün iddiaçı çox məyus olmuş və belə çıxılmaz hala düşməsi iddiaçı tərəfindən ağır mənəvi sarsıntı və iztirab keçirilməsinə, eyni zamanda, həmin gün iddiaçıya qarşı fiziki zor tətbiq edilməsi onun səhhətinin pisləşməsi ilə nəticələnərək təcili yardımın çağırılmasına səbəb olmuşdur. Eyni zamanda, iddiaçıya qarşı fiziki zor tətbiq edilməsi ilə bağlı onun tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilmiş və hazırda həmin fakt üzrə, yəni iddiaçıya vurulmuş xəsarətlə bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində müvafiq araşdırmalar aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7338/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" MTK inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 2480,00 manat məbləğində maddi zərərin (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 10 000,0 manat məbləğində mənəvi zərərin (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçının mübahisələndirilən fərdi yaşayış evinin fasadına (üzərinə) aqlay üzlənməsinin vurulmasını məhdudlaşdıran hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17 avqust 2021-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İ. iddia ərizəsində 2-ci səhifəsinin axrıncı abzasında qeyd olunmuşdur ki, “...Lakın iddiaçının Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verdiyi sorğuya cavabı gözləmədən və heç bir məhkəmə qərarı olmadan 15 aprel tarixdə günorta radələrində cavabdeh inzibati orqan müəyyən vəzifəli şəxsləri həmin ərazidə tikinti işləri aparan "xxxx" MTK-nın işçiləri vasitəsi ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin çöl fasad hissəsində vurulmuş aqlayı fiziki zor tətbiq etməklə qanunsuz olaraq sökmüşdür. Qeyd olunan qanunsuz hərəkəti təsdiq edən video-görüntülər və foto-şəkillər mövcuddur. Təhlükəsizlik kameraların qeydə aldığı və hadisə yerindən mobil telefonlar ilə çəkilən video-görüntülərdən və fotoşəkillərdən açıqaşkar görünür ki, cavabdeh inzibati orqanın vəzifəli şəxsləri iddiaçının fərdi yaşayış evinin çöl fasad hissəsinin aqlay üzlənməsinin sökməsi əmrini verir və "xxxx" MTK-nın fəhlələri isə iddiaçıya qarşı fiziki zor tətbiq etməklə aqlay sökülməsini həyata keçirirlər. İddiaçının bu dəlilləri əsassızdır və faktiki halları təhrif edir. Belə ki, Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən rayon ərazisində aparılan monitorinqlər zamanı ünvan 3 ünvanda iddiaçıya məxsus fərdi yaşayış evinin çöl fasad hissəsində müvafiq icazə sənədi olmadan əlavə üzlənmə işlərinin aparıldığı məlum olmuşdur. İddiaçı bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən dövlət şəhərsalma nəzarətinin məqsədi şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin şəhərsalma fəaliyyətinin təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinin tələblərinə uyğun həyata keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması və sair ilə bağlı tələblərin yerinə yetirilməsini təmin etməkdir. Yerli səviyyədə şəhərsalma nəzarətinin təmin edilməsi, şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi yerli İcra Hakimiyyəti orqanlarına həvalə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.7-ci maddəsinin (fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin) tələblərinə zidd olaraq aparılan tikinti-quraşdırma işlərinin dayandırılması və ərazinin əvvəlki vəziyyətinin bərpa olunması vətəndaş İddiaçı həvalə olunur. Görülməsi nəzərdə tutulan işlərə dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müvafiq rəyinin əldə olunmasını İddiaçı tövsiyə edilmişdir. Həmin xəbərdarlıq Cavabdeh 3/253 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə İddiaçı həyat yoldaşına Şahin Qasımzadəyə təqdim olunmuş və bu xəbərdardığı qəbul edilmişdir. Tikinti-quraşdırma işlərinin dayandırılması və çöl fasad hissəsində vurulmuş aqlayı sökülməsi arasında ən azı 15 gün keçib və Cavabdeh ilə heç bir əlaqəsi yoxdur. İİ. Mənəvi zərərin ödənilməsi ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür (1-ci bənd); Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə olunsun ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində digər qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin müdafiəsini müəyyən etsin (2-ci bənd); Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır (3-cü bənd). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq, İddiaçı Cavabdehnə qarşı “1. iddiaçıya cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 2.480 manat məbləğində maddi zərərin (kompensasiyanın) cavabdehdən tutaraq iddiaçıya ödənilməsi barədə; 2. iddiaçıya cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 10000 manat məbləğində mənəvi zərərin (kompensasiyanın) cavabdehdən tutaraq iddiaçıya ödənilməsi barədə; 3. iddiaçının mübahisələndirilən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıran qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi” barədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 536.40 kv.m ölçüdə fərdi yaşayış evi və 0.045620 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Ekspert Mərkəzinin xx.xx.2021-ci il tarixli, ƏEM/A 114-435/21 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı məxsus ünvan 5 ünvanının xarici yan divarının fasad örtüyünün sökülməsi nəticəsində dəymiş ziyanın həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 2480,0 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 3/253 nömrəli məktubda bildirilmişdir ki, Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən rayon ərazisində aparılan monitorinqlər zamanı, ünvan 3 ünvanda sizə məxsus fərdi yaşayış evinin çöl fasad hissəsində müvafiq icazə sənədi olmadan əlavə üzlənmə işlərinin aparıldığı məlum olmuşdur. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən dövlət şəhərsalma nəzarətinin məqsədi şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin şəhərsalma fəaliyyətinin təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinin tələblərinə uyğun həyata keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması və sair İlə bağlı tələblərin yerinə yetirilməsini təmin etməkdir. Yerli səviyyədə şəhərsalma nəzarətinin təmin edilməsi, şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi yerli İcra Hakimiyyəti orqanlarına həvalə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.7-ci maddəsinin (fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin) tələblərinə zidd olaraq aparılan tikinti-quraşdırma işlərinin dayandırılması və ərazinin əvvəlki vəziyyətinin bərpa olunması sizə həvalə olunur. Görülməsi nəzərdə tutulan işlərə dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müvafiq rəyinin əldə olunması sizə tövsiyə edilir. Əks təqdirdə, aparılan tikınti-quraşdırma işləri şəhərsalma normalarına zidd olduğundan müvafiq məsuliyyət öhdəçiliyi sizin üzərinizə düşür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, XO-02-03-İ-15-2021-01015 nömrəli məktubda bildirilmişdir ki, yaşadığınız fərdi yaşayış evinin fasadında aqlay daşı ilə üzlənmə işlərinin aparılması üçün hər hansı icazənin tələb olunub-olunmaması ilə bağlı sizin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli, VM-01-İ-15-2021-00438 nömrəli müraciətinizə Bakı Şəhər Memarlıq Şəhərsalma Baş İdarəsində baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.7-ci maddəsinə uyğun olaraq fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinə icazə tələb olunmur. Nəzərinizə çatdırılır ki, qeyd etdiyiniz ünvanda mütəxəssislər tərəfindən baxış keçirilmiş və müəyyən olunmuşdur ki, binanın fasad hissəsində aqlay daşı ilə üzlənmə işlərinin aparılması zamanı, binanın mövcud qabaritləri dəyişdikdən, həmin maddənin istifadə olunması sizə şamil olunmur Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7338/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. ünvan 8 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin çöl fasad hissəsində üzərində hazırda mövcud olan aqlay daşı nümunəsi ilə, üzərində aqlay daşı nümunəsi olmadığı təqdirdə isə iddiaçı tərəfindən təqdim edilən aqlay daşı nümunəsi ilə aparılan üzlənmə işləri Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikintiyə icazə tələb edən tikinti-quraşdırma işləridirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/6806 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilən bəndlərin tələblərini, eləcə də tədqiq olunan yaşayış evinin fasad divarlarındakı “ağlay” üzlük plitələrinin binanın xarici görünüşünün müasir tələblərə uyğun olması, binanın uzunömürlüyünü, möhkəmliyini artırmaq, həmçinin atmosfer çöküntülərinin təsirinə qarşı izolyasiyanı təmin etmək məqsədilə vurulduğunu, eləcə də üzlük plitələrin vurulması zamanı binanın mövcud fasadının qabaritlərinin dəyişdirilmədiyini nəzərə alaraq, ünvan 8 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin çöl fasad hissəsində aqlay daşları ilə aparılan üzlənmə işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikintiyə icazə tələb edən tikinti-quraşdırma işlərinə aid olmadığı müəyyən edilir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 214-xid-22 nömrəli məktubunda bildirilmişdir ki, Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası 221.1-ci maddəsi ilə istintaq olunan icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsi ilə xitam verilmiş ********* nömrəli cinayət işindən Cavabdeh əməkdaşlarının qanunsuz hərəkətləri barədə müvafiq material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmişdir. Nəsimi rayon prokurorluğunda qeyd olunan xüsusat ilə bağlı rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Aytən Ramazanlı tərəfindən araşdırma aparılmış, İddiaçı Cavabdeh nümayəndəsi Ələskər Rüstəmovun qanunsuz hərəkətləri barədə müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından 23 may 2022-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Material tərəfindən nəzarət qaydasında öyrənilmiş və 27 iyun 2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilməsi barədə qərar ləğv olunmuşdur. Hazırda İddiaçı müraciəti əsasında Nəsimi rayon prokurorluğunda araşdırma davam etdirilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının tələbi iki hissədən ibarətdir: -cavabdehin üzərinə iddiaçıya məxsus fərdi yaşayış evinin fasadına (üzərinə) aqlay üzlənməsinin vurulmasını məhdudlaşdıran hərəkətlərin edilməsindən çəkinməsi vəzifəsinin qoyulması; -2480,00 manat məbləğində maddi zərərin və 10 000,0 manat məbləğində mənəvi zərərin (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi. İnzibati Prosessual Məcəllənin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia inzibati orqanın müəyyən hərəkətləri etməkdən çəkinməyə dair və inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. Vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İş materiallarından görünür ki, iddiaçı Bakı şəhəri Cavabdehnə xx.xx.2021-ci il tarixli ərizəylə müraciət edərək icra hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 2480,00 manat məbləğində maddi və 10 000,0 manat məbləğində mənəvi ziyanın 7 gün ərzində ona ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Sözügedən ərizə xx.xx.2021-ci il tarixdə qəbzə imza edilməklə Bakı şəhəri Cavabdeh tərəfindən qəbul edilmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə qismən əsaslıdır. İddia tələbinin ilk növbədə iddiaçıya məxsus fərdi yaşayış evinin çöl fasadına aqlay üzlənməsinin vurulmasını məhdudlaşdıran hərəkətləri etməkdən çəkinməyə dair hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İşin hallarından müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 536.40 kv.m ölçüdə fərdi yaşayış evi və 0.045620 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin çöl fasad hissəsinə aqlay üzlənmənin vurulmasına başlamış, Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 3/253 nömrəli məktubunda fərdi yaşayış evinin çöl fasad hissəsində müvafiq icazə sənədi olmadan əlavə üzlənmə işlərinin aparıldığı, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.7-ci maddəsinin (fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin) tələblərinə zidd olaraq aparılan tikinti-quraşdırma işlərinin dayandırılması və əvvəlki vəziyyətinin bərpa olunması iddiaçıya həvalə olunmuş, eyni zamanda AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müvafiq rəyinin əldə olunması tövsiyə edilmişdir. Hazırda iddiaçının fərdi yaşayış evinin çöl fasad hissəsinə vurmuş olduğu ağlay üzlüklərin bir hissəsi sökülmüş vəziyyətdədir. İddiaçı cavabdehin onun fərdi yaşayış evinin çöl fasad hissəsinə aqlay üzlənmənin həyata keçirilməsinə mane olduğunu iddia edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Şəhərsalma və Tikinti Məcəlləsinin: -74.1-ci maddəsinə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. -75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. -79.1-ci maddəsinə mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Göründüyü kimi Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin konkret olaraq siyahısı sadalanmış və həmin siyahıda yalnız fasadının mövcud qabaritləri dəyişdirildiyi halda təmir edilən tikinti obyektlərinin tikintisinə icazə tələb olunduğu təsbiq olunmuşdur. İş üzrə əldə edilmiş məhkəmə ekspertizası tədqiqatı ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus mübahisəli yaşayış evinin çöl fasad divarlarındakı “ağlay” üzlük plitələri binanın xarici görünüşünün müasir tələblərə uyğun olması, binanın uzunömürlüyünü, möhkəmliyini artırmaq, həmçinin atmosfer çöküntülərinin təsirinə qarşı izolyasiyanı təmin etmək məqsədinə xidmət edir və üzlük plitələr binanın mövcud fasadının qabaritlərini dəyişdirməsinə gətirib çıxarmır. Bununla da evin çöl fasad hissəsində aqlay daşları ilə aparılan üzlənmə işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikintiyə icazə tələb edən tikinti-quraşdırma işlərinə aid olmadığı müəyyən edilmir. Göründüyü kimi iş üzrə cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundakı xəbərdarlığa əsas olan hal- Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.7-ci maddəsinə uyğun olaraq fasadın mövcud qabaritləri dəyişməsi səbəbi ilə üzlənmə işlərinin aparılması üçün icazə tələb olunması halı mövcud olmadığından cavabdehin iddiaçını tikinti-quraşdırma işlərinin dayandırılması və ərazinin əvvəlki vəziyyətinin bərpa olunmasını tələb etməsi, müvafiq icazə sənədinin əldə etməsini tövsiyə etməsi əsassız olmuşdur. Məhkəmə qeyd edir ki, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia inzibati orqanın inzibati akt olmayan əlverişsiz hərəkətlərini aradan qaldırmaq və ya onların qarşısını almaq məqsədi daşıyır. Hazırkı halda cavabdeh xx.xx.2021-ci il tarixli məktubunda, eləcə də iddiaya etirazında nümayiş etdirdiyi hüquqi mövqeyində iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin çöl fasad hissəsində aqlay üzlənməsi kimi tikinti-quraşdırma işlərinin aparılmasını dayandırması tələbi, həmin tikinti işləri üçün icazə tələb etməsi qanunsuz və əlverişsiz hərəkətlər hesab olunur ki, bu halda iddiaçının cavabdehin qeyd edilən hərəkətlərindən müdafiə hüququ yaranır. Odur ki, məhkəmə iddianın bu hissədə təmin edilməsi, cavabdehdən mübahisələndirilən fərdi yaşayış evinin çöl fasadının üzərinə aqlay üzlənməsinin vurulmasını məhdudlaşdıran hərəkətləri etməkdən çəkinməsinin tələb edilməsi nəticəsinə gəlir. İddia tələbinin ikinci hissəsi-maddi və mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. İnzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur. İİQ-nun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, inzibati orqanların ən mühüm vəzifələri qanuni davranış və inzibati fəaliyyətin həyata keçirilməsi zamanı vətəndaşların maraqlarının qorunmasıdır. Bu məqsədlə İİQ-nin 89.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan özünün qanunsuz hərəkətinə görə məsuliyyət daşıyır. Davranışın inzibati orqana aid edilməli olan hərəkət qismində qiymətləndirilməsi üçün isə hər hansı bir dövlət qulluqçusuna, yaxud inzibati orqanın müqavilə əsasında fəaliyyət göstərən işçisinə hakimiyyət tədbiri həyata keçirmək səlahiyyəti verilmiş olmalı, həmin şəxslərin fəaliyyəti publik hüquq sahəsinə aid olmalı, həmin şəxslərin hərəkəti edən (və ya hərəkətsizlik edən) dövlət qulluqçusu daşıdığı vəzifələrdən birini pozmuş olmalıdır. Vəzifə daşıma isə qanunlardan, xidməti və ya inzibati müddəalardan irəli gəlməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, inzibati hüququn ümumi prinsiplərinə əsasən, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddialarda sübutetmə vəzifəsinə dair ümumi qaydalardan istifadə olunur. Bu halda iddiaçı inzibati orqanın daşıdığı vəzifə borcunu qanunsuz olaraq pozduğunu və ona həmin pozuntu ilə səbəbli əlaqədə olan zərər vurulduğunu sübut etməlidir. İnzibati orqan isə, öz növbəsində, onun tərəfindən qanunsuz hərəkət edilmədiyini sübut etməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin əsasən yerli icra hakimiyyəti başçıları: -3.11.2. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir; -3.11.3. rayon planlaşdırma sxemlərini və layihələrini, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planlarını, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrini (ərazinin tikintiplanlaşdırma layihələri) təsdiq edir; -3.11.5. tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları (bundan sonra - Qaydalar) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndinə görə dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli səviyyədə yerli icra hakimiyyəti orqanları bu Qaydalara uyğun olaraq həyata keçirirlər. Qaydaların 4.1-ci bəndinə görə yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti (bundan sonra - yerli səviyyədə dövlət şəhərsalma nəzarəti) mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində (Agentliyin sərəncamındakı torpaq sahələri istisna olmaqla) həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. Qaydaların 4.3-cü bəndinə görə yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın: -1.1-ci bəndinə görə bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 95.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Məcəllədə nəzərdə tutulmuş hallarda tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) və ya onun hissəsinin sökülməsi mexanizmini tənzimləyir və bununla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir -1.3-cü bəndinə görə Nazirlik bu Qaydalara uyğun olaraq öz səlahiyyətlərini Nazirliyin Tikintidə Təhlükəsizliyə X3 (bundan sonra - Agentlik) və Tikintidə Təhlükəsizliyə X3nin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirir. -1.5-ci bəndinə əsasən Məcəllənin 95.5-ci maddəsinə uyğun olaraq, tikinti obyektlərinin sökülməsi (bu Qaydaların 5-ci hissəsində və 6.2-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) obyektin sifarişçisi tərəfindən icra olunmadığı halda, bu işi Agentlik həyata keçirir. Hazırkı iş üzrə iddiaçının iddiasına görə cavabdeh inzibati orqanın vəzifəli şəxsləri iddiaçının fərdi yaşayış evinin çöl fasad hissəsinin aqlay üzlənməsinin sökülməsi əmrini vermiş və "xxxx" MTK-nın fəhlələri isə iddiaçıya qarşı fiziki zor tətbiq etməklə aqlayın sökülməsini həyata keçirmiş, bununla da onun daşınmaz əmlakına maddi ziyan dəymiş, eləcə də cavabdehin bu hərəkətləri nəticəsində o mənəvi sarsıntı və iztirab keçirməklə mənəvi ziyan çəkmişdir. Belə ki, iddiaya əsasən təqdim edilən foto və video görüntülərdə hadisə günü icra hakimiyyəti nümayəndəsinin ərazidə müəyyən şəxslərlə söhbət zamanı fərdi yaşayış evinin çöl fasad hissəsinə vurulan aqlayın sökülməsi baş vermişdir ki, bu hal da həmin aqlayın sökülməsi əmrinin bilavasitə icra hakimiyyəti nümayəndəsinin verdiyinə dəlalət edir. İcra hakimiyyəti nümayəndəsinin bu hərəkəti ilə Cavabdeh tərəfindən ona maddi və mənəvi zərər vurulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın aqlayın sökülməsi ilə bağlı məsuliyyətinin yarandığını iddia etmək üçün ilk növbədə yerli icra hakimiyyəti orqanlarının qanunla hər hansı tikilini və ya tikinti quraşdırma işlərini sökməkdə səlahiyyətli olması, həmin səlahiyyətin qanuni əsas olmadan icra edilməsi və ya qanunla verilmiş səlahiyyətdən çıxış edərək bu barədə cavabdeh inzibati orqanın əməkdaşının hər hansı göstəriş verməsi tələb olunur ki, yuxarıda sadalanan normalarda cavabdeh qismində qoyulmuş inzibati orqanın belə bir səlahiyyətə malik olduğu müəyyən olunmur. Belə ki, yuxarıda sadalanan normalardan da görünür ki, şəhərsalma norma və qaydalarına nəzarəti yerli səviyyədə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli icra hakimiyyəti orqanı tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini və ya hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə tikinti işlərinin dayandırılmasını yazılı qaydada tövsiyə edir və müvafiq tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat verir. Şəhərsalma Tikinti Məcəlləsinin 92, 95-ci maddələri və “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 2.1-ci bəndi ilə nəzərdə tutulmuş qaydada tikinti quraşdırma işlərinin sökülməsi ilə bağlı səlahiyyətlər FHN-nə aid edilmişdir. Başqa sözlə, cavabdeh inzibati orqanın hər hansı işçisinin qanunvericilikdən irəli gələn söküntü işlərini icra etmə və ya bununla bağlı göstəriş vermək kimi səlahiyyəti olmadığından belə göstərişi vermiş olması güman edilsə belə bu hərəkət cavabdeh inzibati orqanın publik səlahiyyətinə aid edilməklə bilavasitə onun hərəkəti kimi qiymətləndirilə bilməz. Bununla yanaşı qeyd etmək lazımdır ki, cavabdeh yerli icra hakimiyyətinin öz işçisinə xidməti vəzifə olaraq iddiaçıya məxsus fərdi yaşayış evinin fasadına vurulmuş aqlayın sökülməsi işlərini yerinə yetirmək kimi səlahiyyət verməsi barədə xidməti tapşırıq, əmr, sərəncam və s. kimi hər hansı normativ sənəd iş üzrə müəyyən olunmadığından iddiaçının iddia etdiyi şəkildə icra nümayəndəsinin hər hansı göstəriş verməsi inzibati orqanın publik sahədəki fəaliyyəti hesab edilə və buna görə inzibati orqan inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu baxımdan iddiaçının icra hakimiyyəti nümayəndəsi olduğunu iddia etdiyi şəxsin həmin günü hadisə yerində ümumi qaydada şəhərsalma norma və qaydalarına nəzarəti həyata keçirmək üçün yerli icra hakimiyyətinin nümayəndəsi qismində və yaxud hər hansı sıradan vətəndaş (fiziki şəxs) kimi ümumi istifadədə olan yerdə dayanıb-dayanmaması, eləcə də söküntü ilə bağlı hər hansı şəxsə hər hansı göstəriş verib-verməməsi, iddiaçıya zərərin vurulmasında onunla səbəbli əlaqənin mövcud olub-olmaması inzibati məhkəmə icraatında baxılan iş üzrə cavabdeh inzibati orqanla inzibati mübahisənin halları hesab olunmur. Cavabdeh nümayəndəsinin hərəkətləri barədə material üzrə cinayət məsuliyyətinin olub-olmadığı cinayət prosesini həyata keçirən orqan tərəfindən həmin şəxsə münasibətdə yoxlanılır ki, həmin şəxsin hərəkətləri (yaxud hərəkətsizliyi) yuxarıda şərh olunan əsaslara görə inzibati orqanın inzibati fəaliyyəti kimi qiymətləndirilmir və qeyd edilən hərəkətlərə veriləcək hüquqi qiymət də inzibati məhkəmə icraatının predmetinə aid deyildir. Beləliklə, cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulması halı sübut olunmadığından, iddia tələbi maddi və mənəvi zərərin ödənilməsi hissəsində təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 8 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin çöl fasad hissəsinə aqlay üzlənməsinin vurulmasını məhdudlaşdıran hərəkətlərin edilməsindən çəkinmək vəzifəsi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalı, iddia tələbi maddi və mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməli, ekspert tədqiqatının dəyəri olan 100 manat xərc bərabər bölünməklə iddiaçı və cavabdehə aid edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68, 75, 85, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi qismən təmin edilsin. ünvan 8 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin çöl fasad hissəsinə aqlay üzlənməsinin vurulmasını məhdudlaşdıran hərəkətlərin edilməsindən çəkinmək vəzifəsi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. İddia tələbi maddi və mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməsin. Ekspert tədqiqatının dəyəri olan 100 manat xərcdən 50 manat İddiaçı, 50 manat Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar