Məhkəmə qərarları › İş №2-1(112)-12179/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12179/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12179/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin xx.xx.2022-ci il tarixdən əvvəlki ötən 3 illik müddəti həddində ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, Birinci Qarabağ döyüşlərində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş və Qarabağ müharibəsinin veteranı statusunu qazanmışdır. Bununla bağlı ona 10 may 2022-ci il tarixdə 036690 nömrəli vəsiqə verilmişdir və həmin tarixdən də veteranlar üçün nəzərdə tutulmuş müavinəti alır. Müharibə veteranı vəsiqəsi ona dövlət orqanlarına çoxsaylı müraciətlərindən sonra verimişdir. O, müharibə veteranı vəsiqəsini əldə etdiyi xx.xx.2022ci il tarixdən əvvəlki ötən 3 illik müddət həddində də müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsini tələb etsə də, cavabdeh tərəfindən bu müraciətimin təmin edilməsindən imtina edilmiş və ona bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. Halbuki o, müharibə veteranı statusunu 2022-ci ildə deyil, Qarabağ döyüşlərində iştirak etdiyi vaxtda qazanmışdır və müharibə veteranı vəsiqəsinin və adının gec verilməsi dövlət orqanlarının təqsirindən baş vermişdir. Onunla eyni vaxtda döyüşən vətəndaşlara əvvəllər müharibə veteranı adı verildiyi üçün vəsiqəni aldıqları dövrdən əvvəlki 3 il üçün müavinəti almışlar və qanunvericiliklə nəzərdə tutulmuş müavinətdən yararlana bilmişlər. O da həmin şəxslərlə eyni vaxtda vuruşmuşdur, onun onlardan heç bir fərqi olmadığı halda ona 2022-ci ilə qədər olan müddət üçün başqa müharibə veteranlarının aldıqları müavinətin ödənilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, İddiaçı 10 may 2022-ci il tarixində 036690 nömrəli veteran vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin - Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.33-cü bəndinə görə, müharibə veteranlarına təqaüdün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüdü almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrali Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat va digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər aylıq müavinətlərlə, 2019-cu ilin aprel ayından isə təqaüdlə əvəz olunmuşdur. Məhz bu vəsiqənin verildiyi tarix həmin təqaüdü almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Ölkə Başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı vəsiqəsi” 06 oktyabr 2021-ci il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası nəzərdə tutulmadığından iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququnu istisna edir. Göründüyü kimi, iddiaçıya 10 may 2022-ci il tarixində 036690 nömrəli veteran vəsiqəsi verildiyindən və eyni zamanda sözügedən müavinət ləğv edildiyindən iddiaçıya xx.xx.2022-ci il tarixdən 3 il əvvəlki dövr üçün müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 036690 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixindən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Bildiririk ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Sizə müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2022-ci il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir (veteran vəsiqəsinin verildiyi tarixdən). Əlavə olaraq bildiririk ki, “Veteran vəsiqəsi” xx.xx.2022-ci il tarixində verildiyindən, eyni zamanda sözügedən müavinət ləğv edildiyindən Sizə ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə təqaüdün (və ya müavinətin) təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbayan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: vətəndaş İddiaçı Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyanın xx.xx.2022-ci il tarixli 149 nömrəli protokoluna əsasən müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İş materiallarında olan İddiaçı müavinət işində olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz aylıq 80 (səksən) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü (müharibə veteranlarına) təyin edilmişdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir; 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər; 4.0.1.6-cı maddəsinə əsasən bu Qanunla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir; 6.1-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir; 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadığı hallarda təyin edilir; 9.1, 9.1.5-ci maddələrinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il Fərmanının 2.1-ci bəndinə əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı, 4.0.1.8-ci, 7.0.6-cı, 7.0.7-ci, 7.0.8-ci (hər iki halda), 8-ci, 9.1.5-ci, 9.1.6-cı, 9.1.7ci, 11.1.5-ci, və 11.1.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001ci il tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə - 55,0 min manat müavinət müəyyən edilmişdir (Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2007-ci il tarixli 514 nömrəli Fərmanı ilə 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzası qüvvədən düşmüş hesab edilmişdir). «Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanının 1.1.7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə 55 manat aylıq sosial müavinət müəyyən edilmişdir (xx.xx.2019-cu ilədək qüvvədə olmuşdur). “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Həmin Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında» Azərbaycan Pespublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə İddiaçı “Müharibə veteranı” statusu və vəsiqəsi verilmişdir. İddiaçıya cavabdeh tərəfindən həmin tarixdən aylıq 80 manat məbləğində (ömürlük) müharibə veteranları üçün təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və ödənilir. Hazırda iddiaçı müavinətin və təqaüdün ona əvvəlki dövr üçün ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə sosial müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə əvvəlki üç il üçün ödəmələrin aparılmasını nəzərdə tutan “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq edilə bilməz. Qeyd olunan təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda da təqaüdün onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya müharibə veteranı statusunun verildiyi xx.xx.2022-ci il tarixdən həmin dövrdə qüvvədə olan “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında» Azərbaycan Pespublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən təsis edilmiş müharibə veteranları üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və ödənilir. Qeyd olunan Fərmanda həmin ödənişin təyin edilməsi, ödənilməsi müddətləri və qaydası konkret olaraq müəyyən edilmişdir və təqaüdün onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi nəzərdə tutulmamışdır. Beləliklə, xx.xx.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar