Məhkəmə qərarları › İş №2-1(112)-12179/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12179/2023

11.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12179/2023 11.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdrəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Dövlət Vergi Xidməti X10 üzrə Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X7 cavabdehlər Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Dövlət Vergi Xidməti X10 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş idarəsinin xx.xx.2022-ci il tarixli, **********664900 nömrəli “Tələbin icraya yönəldilməsi barədə” qərarının və Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********321700 nömrəli “Tələbin icraya yönəldilməsi barədə” qərarının ləğv edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X10 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********664900 nömrəli “Tələbin icraya yönəldilməsi barədə” qərarına əsasən "xxxx" MMC-nin (VÖEN:**********) 11854,92 manat məbləğində borcu yarandığından xx.xx.2021ci il tarixli, **********684000 nömrəli və xx.xx.2020-ci il tarixli, **********926700 nömrəli qərarlarının xx.xx.2022-ci il tarixindən icraya yönəldilməsi qərara alınmışdır. Həmçinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2021-ci il tarixli, **********321700 nömrəli “Tələbin icraya yönəldilməsi barədə" qərarına əsasən "xxxx" MMC-nin (VÖEN:**********) 10161,24 manat əsas, 701,13 manat faiz borcu olmaqla ümumilikdə 10862,37 manat məbləğində borcu yarandığından xx.xx.2020-ci il tarixli, **********613500 nömrəli və xx.xx.2020-ci il tarixli, **********6484400 nömrəli qərarlarının xx.xx.2021-ci il tarixindən icraya yönəldilməsi qərara alınmışdır. Hazırda Bakı şəhəri Nizami rayon İcra Şöbəsində icra məmuru Zaur Həmzəyevin icraatında İddiaçı barəsində "xxxx" MMC (VÖEN:**********), "xxxx" MMC (VÖEN:**********) və digər MMC-lərlə bağlı icra işi vardır. Həmçinin İddiaçı tanımadığı şəxslər tərəfindən aldadılaraq adına "xxxx" MMC (VÖEN:**********), "xxxx" MMC (VÖEN:**********), "xxxx" MMC (VÖEN:**********), "xxxx" MMC (VÖEN:**********), "xxxx" MMC (VÖEN:**********) və "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ MMC (VÖEN:**********) şirkətləri qeydiyyatdan keçirilmişdir. Qeyd edilən şirkətlərin isə hazırda ümumulikdə cəmi 218299,15 manat vergi borcu yaranmışdır. Eyni zamanda yuxarıda adları qeyd edilən "xxxx" MMC (VÖEN:**********) və "xxxx" MMC (VÖEN:**********) barəsində hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 1-ci şöbəsində ********* nömrəli cinayəti işi vardır və istintaq aparılır. Qeyd edilən cinayət işinin ilkin istintaqı zamanı müəyyən edilmişdir ki, sözügedən MMC-lər İddiaçı aldadılaraq adına təsis edilməsinə baxmayaraq həmin MMC-lərə faktiki rəhbərliyi və sahibliyi X5 həyata keçirmişdir. Eyni zamanda İddiaçı aldadaraq adına MMC təsis edən digər şəxslər isə X8 və X3 adlı şəxslərdir. Bundan başqa qeyd edilən cinayət işinin istintaqı zamanı məlum olmuşdur ki, "xxxx" MMC və digər qeyd edilən şirkətlər üçün İddiaçı adından X6 xx.xx.2019-cu il tarixində reyestrdə 7E-2880 nömrəli saxta etibarnamə hazırlanmışdır. Hazırda həmin iş üzrə istintaq davam edir. Buna görə də cavabdehlər Bakı şəhəri X10 üzrə Baş İdarəsi və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ərizə ünvanlandırılaraq Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 1-ci şöbəsində ********* nömrəli cinayəti işi üzrə yekun qərar qəbul edilənə qədər Bakı şəhəri X10 üzrə Baş idarəsinin xx.xx.2022-ci il tarixli, **********664900 nömrəli “Tələbin icraya yönəldilməsi barədə” qərarının və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********321700 nömrəli “Tələbin icraya yönəldilməsi barədə” qərarının ləğv edilməsini xahiş etmişdilər. xx.xx.2023-cü il tarixində daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş idarəsinin xx.xx.2023-cü il tarixli, 233P**********00 nömrəli məktubu ilə cavab verilərək “Qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə yaranmış borcun vergi ödəyicisindən tutulması istiqamətində zəruri tədbirlər görüləcəkdir.” göstərilərək imtina edilmişdir. Həmçinin yuxarıda göstərilən qərarın ləğvi ilə bağlı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı məktuba bu günə qədər heç bir rəsmi cavab verilməmişdir. Cavabdeh Lokal Gəlirlər Baş İdarəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsindən göründüyü kimi ləğv edilməsi tələb olunan borc məbləği "xxxx" MMC-nin (VÖEN **********) kameral vergi yoxlaması nəticəsində yaranmış borcudur. Mübahisələndirilən məbləğ "xxxx" MMC-nin kameral vergi yoxlaması nəticəsində yarandığına görə İddiaçı həmin borcun ləğv edilməsi üçün öz adından iddiaçı kimi iddia qaldırmaq səlahiyyətinə malik deyil və bu qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh X10 üzrə Baş İdarəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC (VÖEN: **********) barəsində tətbiq edilmiş qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, qeyd edilən iş üzrə tərəf qismində "xxxx" MMC iştirak edə bilərdi. Lakin hazırkı vəziyyətdə İddiaçı heç bir hüququ olmadığı halda, eləcə də onun hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadan yuxarıda qeyd edilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı “Tələbin icraya yönəldilməsi” barədə qərarın ləğv edilməsini xahiş etməklə prosessual pozuntuya yol vermişdir. Belə ki, borcu yaradan hüquqi sənədlər (borcun yaranmasına hüquqi əsas) xx.xx.2021-ci il tarixli **********684000 nömrəli və xx.xx.2020-ci il tarixli **********926700 nömrəli qərarlar olmuşdur. Vergi ödəyicisinin xx.xx.2022-ci il tarixli, **********171900 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərarı mübahisələndirməsi mümkünsüzdür. İddiaçının nümayəndəsi və vəkili iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılması və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi iddia tələbinə qarşı verilmiş yazılı vəsatəti müdafiə edərək iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Digər cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin emtəmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə görə işə cavabdeh X10 üzrə Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının mübahisələndirdiyi qərarlar "xxxx" MMC-nin və "xxxx" MMC-nin vergi borcuna görə tələbin icraya yönəldilməsi barədədir. İddiaçı hazırkı iddianı həmin hüquqi şəxslərin qanuni təmsilçisi (nümayəndəsi) kimi deyil, öz adından qaldırmışdır. İddiaçının isə öz adından həmin qərarları mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Belə ki, qeyd edildiyi kimi həmin qərarlar hüquqi şəxslərin borcu üzrə tələbin icraya yönəldilməsi ilə bağlıdır. Mülki Məcəllənin 24.1-ci maddəsinə görə, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. İPM-in 25.0. və 25.0.1-ci maddələrinə görə, fiziki və ya hüquqi şəxslər inzibati məhkəmə icraatında iştirak etmək hüququna malikdirlər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. 26.2. Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. Normalardan göründüyü kimi, hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Hazırkı işdə isə iddiaçı iddia tələbini hüquqi şəxsin səlahiyyətli şəxsi kimi deyil, öz adından qaldırmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı həmçinin hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ olmaması əsası ilə iddia mümkün sayılmamalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa işdən göründüyü kimi, iddia tələbi tələbin icraya yönəldilməsi haqqında qərarların ləğv edilməsindən ibarətdir. Həmin qərarlardan da göründüyü kimi mübahisələndirilən qərarlar cavabdehin xx.xx.2021-ci il tarixli **********684000 nömrəli, xx.xx.2020-ci il tarixli **********926700 nömrəli, xx.xx.2020-ci il tarixli, **********6484400 nömrəli qərarlarının icraya yönəldilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi “tələbin icraya yönəldilməsi haqqında qərarlar müstəqil olaraq hüquqi nəticə yaratmadığından, yəni iddiaçı tərəfindən mübahisələndirilən vergi borcunun yaranmasının əsası kimi çıxış etmədiyindən onun inzibati akt kimi inzibati məhkəmə icraatında mübahisələndirilməsi yolverilməzdir. Nəzərə alınmalıdır ki, “tələbin icraya yönəldilməsi haqqında” qərarlar yuxarıda sadalanan, iddiaçı tərəfindən mübahisələndirilən vergi borcunun yaranmasının əsası olan qərarların icraya yönəlilməsi barədə olduğundan, nəticə etibarilə “tələbin icraya yönəldilməsi haqqında” akt ləğv edilsə belə iddiaçının vergi borcu onun yaranmasına əsas olan qərarlar mübahisələndirilmədiyi təqdirdə mövcud olmaqda davam edəcəkdir. Eyni zamanda, məhkəmə onun da nəzərə alınmasını zəruri hesab edir ki, analoji tələblə bağlı yuxarı instansiya məhkəməsi kimi Bakı Apellyasiya Məhkəməsi 2-1(103)- 2982/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında analoji mövqedən çıxış etmiş və hesab etmişdir ki, iddiaçının tələbindən göründüyü kimi, cavabdehin “tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********511600 №-li qərarının ləğv edilməsini tələb etmişdir. Lakin həmin qərarın ləğv edilməsi iddiaçını həmin qərarla tutulmalı olan vergi məbləğinin ödənilməsindən azad etmir, onun şəxsi hesab vərəqəsində təsbit olunan vergi öhdəliyi yerində qalmış olur. Başqa sözlə, onun vəziyyətində heç bir müsbət dəyişiklik yaranmır. Mübahisələndirilən “Tələbin icraya yönəldilməsi haqqında” qərar “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, hazırkı günə qədər qüvvədə olan iddiaçını vergi məsuliyyətinə cəlb edən - xx.xx.2018-ci il tarixli, **********220800 saylı, xx.xx.2018-ci il tarixli, **********386900 saylı, xx.xx.2017-ci il tarixli, **********250800 saylı, xx.xx.2017-ci il tarixli, **********252200 saylı, xx.xx.2018-ci il tarixli **********199500 saylı, xx.xx.2018-ci il tarixli, **********137900 saylı, xx.xx.2017-ci il tarixli, **********251500 saylı və xx.xx.2020- ci il tarixli, **********714600 saylı qərarlar əsasında yaranmış vergi borcunun tutulmasının təmin edilməsi, yəni həmin qərarların icrasının təşkil olunması və həyata keçirilməsi məqsədilə qəbul edilmişdir. Analoji mövqedən çıxış edən məhkəmə hesab edir ki, hazırkı qərar «İnzibati icraat haqqında» 2.0.9-cu maddəsinə uyğun olaraq konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt aralıq inzibati akt hesab olunur. İPM-in 32.2-ci maddəsinin tələblərindən isə görünür ki, öhdəlik yaradan inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmetini təşkil edə bilər. İnzibati akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Qeyd olunmalıdır ki, tələbin icraya yönəldilməsi barədə qərarla bağlı olmasa da, əslində hüquqi nəticə baxımından oxşar qərarların inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2212/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında vergi borcu ilə bağlı əmlakın siyahıya alınması barədə qərarın ayrıca mübahisələndirilməsinin mümkün olmaması barədə mövqe nümayiş edirilmiş və qərarda qeyd edilmişdir ki, əmlakın siyahıya alınması barədə cavabdehin 19 dekabr 2019-cu il tarixli qərarı və həmin qərar əsasında mübahisələndirilən 20 dekabr 2019-cu il tarixli protokol inzibati akt hesab edilə və inzibati məhkəmə icraatı qaydasında ayrıca mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. 19 dekabr 2019-cu il tarixli qərar və 20 dekabr 2019-cu il tarixli əmlakın siyahıya alınmasına dair protokol yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Sözügedən inzibati orqan tərəfindən tərtib olunan akt, yəni səyyar vergi yoxlaması haqqında akt iddiaçı üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Eyni zamanda Ali Məhkəmə 2-1(102)-1851/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Əmlakın siyahıya alınması müstəqil bir prosessual hərəkət olmadığından inzibati akt sayıla bilməz və nəticə etibarı ilə də iddiaçının hüquqlarını poza bilməz. Həmçinin qeyd edilməlidir ki, vergi ödəyicisinə vergilər düzgün hesablanmadığı halda, onun bu məsələni məhkəmədə mübahisələndirmək hüququ vardır. Mübahisələndirilən tələbin icraya yönəldilməsi barədə qərarlar da əmlakın siyahıya alınması barədə qərarla oxşar məqsədə xidmət edən vergi borcunun ödənilməsinin təmininə yönələn qərar hesab olunur. Həmin qərarlar üçün oxşar cəhət ondan ibarətdir ki, göstərilən qərarlar məhz vergi borcunun ödənilməsinə yönəlir və vergi borcunun yaranmasına əsas olan qərarların icrası xarakteri daşıyır. Həmin qərarlar ləğv olunacağı təqdirdə də hazırkı qərar öz hüquqi əhəmiyyətini itirir. Lakin vergi ödəyicisi barədə əsas qərarların ləğv edilməməsi vergi orqanına vergi borcunun ödənilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi səlahiyyəti verir ki, həmin səlahiyyətin həyata keçirilməməsi isə inzibati məhkəmə icraatı qaydasında məhz bu tipli münasibətlərin tənzimlənməsinə xidmət edən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin verilməsi ilə həyata keçirilir ki, əmlakın siyahıya alınması, tələbin icraya yönəldilməsinin qadağan edilməsi formasında müvəqqəti xarakterli müdafiə tədbirləri barədə ərizənin əsas qərarlar verildiyi iş üzrə verilməsi də məhz həmin qərarların ayrıca iddianın predmeti olmaması ilə bağlıdır. İddiaçı isə həmin qərarın da ayrıca mübahisələndirilməsini həyata keçirmişdir ki, həmin qərarın vergi borcunun ödənilməsinin təmini məqsədi ilə aralıq inzibati akt formasında qəbulu nəzərə alındığından məhkəmə iddianın mümkün olmaması qənaətindədir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 cavabdehlər Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Dövlət Vergi Xidmətinin X10 üzrə Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar