Məhkəmə qərarları › İş №2-1(112)-12182/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12182/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12182/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:

1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 52 saylı evin 89 saylı mənzilinə qeydiyyata alınmasının Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 52 saylı evin 89 saylı mənzilinin ümumi sahəsi 29,45 kv.m olan iki otağı iddiaçının mülkiyyətindədir. O, ərizə ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsinə müraciət edərək X1nı mülkiyyətində olan mənzilə qeydiyyata götürülməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Xətai rayon Polis İdarəsi ona məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. X1 2021-ci ilin aprel ayından iddiaçının mülkiyyətində olan yaşayış sahəsində yaşasa da, qeydiyyata alınmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).

5. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

6. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

7. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

8. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

9. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

10. Doğrudur, Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 59.1-ci maddəsində qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslərin başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək hüququnu təsbit etmişdir.

11. Oxşar norma İPM-də olmasa da, ümumi prinsiplər nəzərə alınmaqla inzibati icraat zamanı da üçüncü şəxslərin xeyrinə iddia qaldırılması istisna edilmir. Lakin belə bir iddia qaldırmaq üçün iddia qaldıran şəxs başqa şəxsin xeyrinə iddia qaldırmasındakı hüquqi marağını sübut etməlidir, hansı ki, bu maraq həyati əhəmiyyətə malik olmalıdır.

12. Digər hallarda isə iddianı qəbul edilən inzibati akt vasitəsilə hüquqlarının ən azı pozulması ehtimalı olan tərəf qaldıra bilər.

13. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı halda İddiaçının müvafiq tələb irəli sürmək üçün subyektiv hüququ olmamış, İddiaçı cavabdehin imtinası ilə onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.

14. Belə ki, işdən görünür ki, iddiaçı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət edərək gəlini X3 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 52 saylı evin 89 saylı mənzilinə qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh bu müraciəti təmin etmədiyindən iddiaçı hazırkı iddianı öz adından qaldırmaqla X5 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 52 saylı evin 89 saylı mənzilinə qeydiyyata alınmasını xahiş etmişdir.

15. Deməli, hazırkı iddia iddiaçının deyil, onun ailə üzvü olan X5 publik hüquqdan irəli gələn və onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi, onun hüquqlarının müdafiəsi ilə bağlıdır.

16. İşdə olan G.Əzizovaya məxsus AA2586596 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1999-cu il tarixdə doğulmuşdur, yetkinlik yaşına çatmaqla tam fəaliyyət qabiliyyətlidir və onun inzibati məhkəmə icraatında tərəf olmasına mane olan hər hansı bir hal yoxdur.

17. Belə olan halda aydın olur ki, hazırkı iş üzrə iddiaçı qismində İddiaçı deyil, yaşadığı mənzilə qeydiyyata alınmasından imtina edilən və bununla da hüquqlarının müdafiəsinə zərurət yaranan X7 çıxış edə bilər.

18. Məsələ ilə bağlı İPM-in 13-cü maddəsinə uyğun olaraq məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, iddia ərizəsində yol verilən çatışmazlığın aradan qaldırılması ilə bağlı müvafiq müddət təyin edilmiş, lakin həmin müddət ərzində iddiaçı hər hansı bir dəqiqləşməni məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır.

19. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar