Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1219/2020 17.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri,N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənədin –çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının mərhum X3 adına hüquqi qeydiyyata alınmaqla, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (arayışın) və texniki pasportun verilməsi vəzifəsinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən ev 1956-cı ildə inşa edilmiş və həmin evə dair oktyabr 1978-ci ildə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmiş, atası X3 adına rəsmiləşdirilmişdir. Qeyd olunan ərazi böyük yaşayış massividir. Atası 30.03.1993-cü ildə ölmüşdür. Atasından qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 35 saylı notarit kontoruna müraciət etmiş, ərizəsi əsasında vərəsəlik işi açılaraq, vərəsələrin dairəsi müəyyən olunmuş, notarius isə öz növbəsində notariat hərəkətlərinə başlamış və 15.03.2018-ci il tarixli müraciətlə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsindən evə dair çıxarış və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışın verilməsini xahiş etmişdir. Lakin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi **********82 saylı 19.03.2018-ci il taixli imtina ilə bildirmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi 6 (keçmiş 52) ünvanında yerləşən evin X3 adına dövlət qeydiyyatından keçməsi və evə dair sonuncunun adına texniki pasportun tərtib olunması haqqında idarənin arxivində məlumat (sənəd) aşkar edilməmişdir. Sonradan fərdi yaşayış evinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, cavabdeh orqan tərəfindən verilmiş cavab məktubunda göstərilmişdir ki, İdarəyə poçt vasitəsilə daxil olmuş sənədlər surətdir, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və torpaq sahəsi Hövsan Zeytunçuluq sovxozuna aid olduğundan Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilməmişdir. Həmçinin ünvanda yerləşən fərdi yaşayış evinə aid arxivdə heç bir məlumat aşkarlanmadı və tikililərdən bəzisi (“D” saylı tövlə sökülmüş, torpaqda 28,4 kv. metr qaraj tikilmişdir) sökülmüşdür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin cavabı qanunsuz və əsassızıdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim etdiyi 16.03.2020ci il tarixli etirazında göstərmişdir ki, İdarəyə poçt vasitəsi ilə daxil olmuş sənədlər surətdir, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və torpaq sahəsi Hövsan Zeytunçuluq sovxozuna aid olduğundan Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqları əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilməmişdir. Həmçinin ünvanda yerləşən fərdi yaşayış evinə aid arxivdə heç bir məlumat aşkarlanmamışdır və tikililərdən bəzisi (“D” saylı tövlə sökülmüş, torpaqda 28,4 kv. metr qaraj tikilmişdir) sökülmüşdür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmənin 12 fevral 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiklərinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbinə dair yazılı etirazını məhkəməyə təqdim etdiyini bildirərək və etirazda qeyd olunanların nəzərə alınmaqla iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; 29.01.2011-ci ildə Bakı şəhər Yasamal rayon polis idarəsi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuşdur. X2 Bürosu tərəfindən 1978-ci ildə ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka dair tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan X1 məxsus ümumi tikinti sahəsi 290.5 kv metr təşkil edən yaşayış sahəsinə dair tərtib olunmuşdur. 12 aprel 1993-cü ildə verilmiş İV-JQ seriyalı 370298 №li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X5 30 mart 1993-cü ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1993-cü ilin aprel ayının 12-ci günündə 40 nömrə ilə qeyd edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 27.02.2019-cu il tarixli 460 №li məktubda göstərilmişdir ki, Filialda sənədlər müvafiq icra hakimiyyətlərinin qərar və sərəncamlarına uyğun saxlanılır. Vətəndaşların ad, soyadlarına görə Filialda hər hansı bir məlumatın əldə olunması imkan xaricindədir. Şəxi əmlaklara dair verilmiş texniki pasportlar Filialda saxlanılmır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2019-cu il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, 6 ünvanında yerləşən evin X3 adına dövlət reyestrində qeydiyyata alınmasına, habelə onun adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1978-ci il tarixli texniki pasportun tərtib olunması ilə bağlı məlumat (sənəd) İdarənin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29.11.2019-cu il tarixli 12234 saylı ekspert rəyindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi üzrə baxış zamanı müəyyən edilmiş məlumatlarla, həmin evə dair tərtib edilmiş texniki pasportda qeyd olunan məlumatlar müqayisə edilərkən, 2-ci mərtəbədə yerləşən sahəsi 22,3 kv. metr olan açıq eyvanın və sahəsi 8,7 kv. metr olan yardımçı tikilinin texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 17 sentyabr 2019-cu il tarixli **********88 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı iddia etdiyi və göstərdiyi naturada koordinatları müəyyən edilmiş torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahələrinə aid olduğu müəyyən edilmişdir. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********57 №li 13.11.2019-cu il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə poçt vasitəsilə daxil olmuş sənədlər surətdir, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və torpaq sahəsi Hövsan Zeytunçuluq sovxozuna aid olduğundan Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilməmişdir. Ünvanda yerləşən fərdi yaşayış evinə aid arxivdə heç bir məlumat aşkarlanmadı və tikililərdən bəzisi (“D” saylı tövlə sökülmüş, torpaqda 28,4 kv.m. qaraj tikilmişdir) sökülmüşdür. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.-ci maddəsinə əsasən dövlət obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində saxlanılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tələb olunan tikilinin yerləşdiyi torpaq sahəsinə dair məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahələrinə aid olduğu müəyyən edilmişdir. ünvan 6 ünvanında yerləşən evə dair X3 adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1978-ci il tarixdə tərtib olunmuş texniki pasporta gəldikdə isə, məhkəmə bununla bağlı qeyd edir ki, daşınmaz əmlaka dair tərtib olunmuş texniki pasport hüquqmüəyyənedici sənəd deyil, texniki sənəd olmaqla texniki göstəriciləri əks etdirən sənəddir, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmır və belə olan halda hazırki iddianın qaldırılması üçün səbəb ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************); 240 (iki yüz qırx) manat 50 (əlli) qəpik məbləğində pul alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (VÖEN: ********** Hesab AZ23AİİB********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər 1 saylı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1219/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1219/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver