Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1219/2021 13.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" ASC 3-cü şəxs qismində göstərilməklə “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" açıq səhmdar cəmiyyəti ilə bağladığı 08 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hesablanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh qismində, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə “"xxxx" ASC 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 08 avqust 2014-cü il tarixdə kredit müqaviləsi bağlayaraq illik faiz dərəcəsi 27 faiz olmaqla 36 ay müddətinə 11.800 ABŞ dolları məbləğində kredit almışdır. Göyçay rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli 2(046)-241/2017 saylı məhkəmə əmrinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış kredit müqaviləsi ləğv edilmiş, iddiaçıdan və zaminlərdən müştərək qaydada 6.891,98 ABŞ dolları kreditin əsas məbləği, 1.450,80 ABŞ dolları faiz borcu olmaqla, 8.342,78 ABŞ dolları manat ekvivalenti ilə pulun alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, iddiaçının və zaminlərin əmək haqqından tutulmalar aparılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülmüşdür. Lakin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası zamanı iddiaçıya kompensasiya hesablanmamışdır. Maliyyə Bazarlarına Nəzarət Palatasına dəfələrlə müraciət etməsinə baxmayaraq iddiaçının kreditinə kompensasiya ödənilməmiş, əsas kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kreditlərin uçotunun düzgün aparmamasını göstərmişdir. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, iddiaçıya problemli kredit ödəmiş şəxs kimi kompensasiya hesablanmalıdır. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixində bağlanmış 11.800 ABŞ dolları dəyərində kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Sözügedən kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixinə qalıq qalan 10.548,64 ABŞ dolları məbləğində əsas kredit borcuna münasibətdə Fərmanın 1-ci hissəsinin tələbləri nəzərə alınmaqla kompensasiya məbləği hesablanmasa da, xx.xx.2015-ci il tarixinə qalıq qalan əsas kredit borcu 9.611,17 ABŞ dolları təşkil etdiyindən Fərmanın 1.2-ci bəndinə uyğun olaraq bu hissədə 5.766,70 manat kompensasiya hesablanmışdır. Bundan başqa, Fərmanın qüvvəyə mindiyi günə - xx.xx.2019-cu il tarixinə həmin kredit müqaviləsi üzrə vaxtı keçmiş kredit borcu mövcud olduğundan yuxarıda qeyd edilmiş kompensasiya məbləği Fərmanın 2-ci hissəsinə uyğun olaraq kredit borcunun ödənilməsinə yönəldilmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərarın çıxarılması xahiş olunmuşdur. Üçüncü şəxs "xxxx" ASC tərəfindən iddiaya dair etiraz (münasibət) məhkəmə təqdim edilməmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X5 məhkəməyə təqdim edilmiş etiraza uyğun izahat verərək, iddiaçıya hesablanaraq ödənilmiş kompensasiyadan əlavə olaraq ekspertiza rəyinə əsasən 92 manat məbləğində kompensasiyanın ödənilməsinə etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, 3cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddiasını müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli 020CASA********** saylı kredit müqaviləsi bağlanmış və iddiaçı həmin bankdan illik faiz dərəcəsi 27 faiz olmaqla 36 ay müddətinə 11.800 ABŞ dolları məbləğində kredit almışdır. - "xxxx" ASC tərəfindən Mərkəzi Banka ünvanlanmış 11 mart 2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən “Bank Respublika" ASC tərəfindən müştəri İddiaçı 36 ay müddətinə, illik 27% faiz dərəcəsi ilə 11.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edilmədiyindən, məhkəmə orqanına müraciət olunmuş və məhkəmə tərəfindən xx.xx.2017ci il tarixində qətnamə qəbul olunmuşdur. İddiaçı "xxxx" ASC-də olan kredit üzrə 21 fevral 2015-ci il tarixinə əsas borcu 10.548,64 ABŞ dolları, 21 dekabr 2015-ci il tarixinə 9611.17 ABŞ dolları, xx.xx.2019-cu il tarixinə 8.725.86 ABŞ dolları (gecikmə günü 1224) təşkil etmişdir və bu barədə məlumatlar müvafiq siyahılar üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına (ARMBNP) təqdim edilmişdir. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmana əsasən, sözügedən şəxsin kredit borcu üzrə hesablanmış 4.666,09 AZN məbləğində kompensasiya həmin borcun ödənilməsinə yönəldilmişdir. Müştərinin krediti üzrə qalıq borcunun müvafiq fərmana əsasən restrukturizasiya edilməsi üçün ARMBNP-dan daxil olan siyahılarda məlumat mövcud olmamışdır. - Göyçay rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli 2(046)-241/2017 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 08 avqust 2014-cü il tarixli, 020CASA142200003 saylı kredit müqaviləsinin ləğv edilməsi, 08 avqust 2014-cü il tarixli, 020CASA142200003 saylı kredit müqaviləsi üzrə cavabdehlər İddiaçı, X3 və X2 müştərək qaydada 6.891,98 (altı min səkkiz doxsan bir ABŞ dolları doxsan səkkiz sent) ABŞ dolları kreditin əsas məbləği, 1450.80 dörd ( bir min dörd yüz əlli ABŞ dolları səksən sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 8.342,78 (səkkiz min üç yüz qırx iki ABŞ dolları yetmiş səkkiz sent, ABŞ dolları manat ekvivalenti ilə və dövlət rüsumu kimi ödənilmiş 20,69 (iyirmi manat altmış doqquz qəpik) manat pulun tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. - Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2017-ci il tarixli 2(107)- 1031/2017 saylı qətnaməsindən görünür ki, Göyçay rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli 2(046)-241/2017 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Göyçay rayon Məhkəməsinin icraatında olmuş iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, X6 və X4 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi üzrə 2(046)-241/2017 saylı mülki işə əlavə edilmiş 28 noyabr 2016-cı il tarixli 4692 saylı ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 08.08 2014-cü il tarixli 020CASA********** saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə İddiaçı verilmiş 11.800,00 ABŞ dolları məbləğində kredit üzrə xx.xx.2015-ci il tarixə (maliyyə arayışlarında göstərilən tarixə) 9.026,77 ABŞ dolları, xx.xx.2016-cı il tarixədək (ekspertiza mərkəzinə sənədlərin daxil olma tarixini) 9.554,01 ABŞ dolları banka olan borcu müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixə əsas borc üzrə – 6.891,98 ABŞ dolları, faiz borcu üzrə - 2 134,79 ABŞ dolları, xx.xx.2016-cı il tarixə əsas borc üzrə – 6.891,98 ABŞ dolları, faiz borcu üzrə - 2 134,79 ABŞ dolları. İddiaçı ilə “Bank Respublika" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 020CASA********** saylı kredit müqaviləsi üzrə cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilmiş sənədlərdə cərimə hesablanmamışdır. Buna görə də hazırkı ekspertiza tədqiqatı zamanı İddiaçı 08 avqust 2014-cü il tarixli 020CASA********** saylı kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. - Problemli kreditlərin kompensasiyası haqqında məlumatdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixinə qalıq qalan əsas kredit borcu 9.611,17 ABŞ dolları təşkil etdiyindən ona bu hissədə 5.766,70 manat kompensasiya hesablanmışdır. - İddiaçı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli ərizələrindən görünür ki, iddiaçı ona verilən kompensasiyanın düzgün hesablanmadığını, buna görə də onun yenidən hesablanması xahiş etmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 №-li, xx.xx.2019-cu il tarixli Fərman qəbul edilmişdir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməsi; 3.2-ci bəndinə əsasən isə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi; 7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Palataya tapşırılmışdır.
8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: - 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Həmin tapşırığın icra edilməsi nəticəsində cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 27 mart 2019-cu il tarixli, ********** nömrəli qərarı hazırlanmışdır. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydanın 3.1-ci bəndində göstərilmişdir: Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Həmin Qaydanın 3.2-ci hissəsinə əsasən kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: 3.2.1. bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. 3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir. 3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən Kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən Palatanın bu Qaydanın 4.1-ci bəndinə əsasən müəyyənləşdirdiyi siyahı üzrə, Fərmanın 2-ci hissəsinə uyğun olaraq, kompensasiyanın ödənilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir:4.3.1. kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir; 4.3.2. bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019-cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. 6.2. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. 6.3. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. 6.6. Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. 6.7. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. 6.8. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. 6.9. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. 6.15. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. 6.16. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixində bağlanmış 11.800 ABŞ dolları dəyərində kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Sözügedən kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixinə qalıq qalan 10.548,64 ABŞ dolları məbləğində əsas kredit borcuna münasibətdə Fərmanın 1-ci hissəsinin tələbləri nəzərə alınmaqla kompensasiya məbləği hesablanmasa da, xx.xx.2015ci il tarixinə qalıq qalan əsas kredit borcu 9.611,17 ABŞ dolları təşkil etdiyindən Fərmanın 1.2-ci bəndinə uyğun olaraq bu hissədə 5.766,70 manat kompensasiya hesablanmışdır. Bundan başqa, Fərmanın qüvvəyə mindiyi günə - xx.xx.2019-cu il tarixinə həmin kredit müqaviləsi üzrə vaxtı keçmiş kredit borcu mövcud olduğundan yuxarıda qeyd edilmiş kompensasiya məbləği Fərmanın 2-ci hissəsinə uyğun olaraq kredit borcunun ödənilməsinə yönəldilmişdir. Lakin cavabdeh tərəfindən kompensasiyanın məbləğinin hesablanması zamanı 5.858 manat məbləğində hesablanmalı olduğu halda, 5.766,70 manat məbləğində hesablanmışdır. Belə ki, iş materiallarında olan Göyçay rayon Məhkəməsinin icraatında olmuş iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, X6 və X4 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi üzrə 2(046)-241/2017 saylı mülki işə əlavə edilmiş 28 noyabr 2016-cı il tarixli 4692 saylı ekspert rəyindən əsasən İddiaçı verilmiş 11.800,00 ABŞ dolları məbləğində kredit üzrə xx.xx.2015-ci il tarixə (maliyyə arayışlarında göstərilən tarixə) 9.026,77 ABŞ dolları, xx.xx.2016-cı il tarixədək (ekspertiza mərkəzinə sənədlərin daxil olma tarixini) 9.554,01 ABŞ dolları banka olan borcu müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixə əsas borc üzrə – 6.891,98 ABŞ dolları, faiz borcu üzrə - 2 134,79 ABŞ dolları, xx.xx.2016-cı il tarixə əsas borc üzrə – 6.891,98 ABŞ dolları, faiz borcu üzrə - 2 134,79 ABŞ dolları olduğu müəyyən edilmişdir. Belə olan halda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq, xx.xx.2015-ci il tarixə əsas borc üzrə, yəni 6.891,98 ABŞ dolları məbləğindəki borc üçün 1.722,995 manat məbləğində (6.891,98 ABŞ dolları x 0.25 AZN = 1.722,995 AZN), xx.xx.2016-cı il tarixə əsas borc üzrə, yəni 6.891,98 ABŞ dolları məbləğindəki borc üçün isə 4.135,188 manat məbləğində (6.891,98 ABŞ dolları x 0.6 AZN = 4.135,188 AZN), ümumilikdə 5.858,18 manat məbləğində kompensasiya hesablanmalı idi. Buna baxmayaraq cavahdeh tərəfindən kompensasiya 91,48 manat az hesablanmışdır (5.858,18 - 5.766,70 = 91,48). Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kompensasiyanın hesablanması barədə iddiasında haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 08 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində əlavə olaraq 91,48 manat məbləğində kompensasiyanın hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 08 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində əlavə olaraq 91,48 manat məbləğində kompensasiyanın hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Mehriban Qarayeva