Məhkəmə qərarları › İş №2-1(112)-1219/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1219/2025

03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1219/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 3 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüququ qeydiyyata alınmışdır. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasənünvan 1 ünvanında yerləşən ümumi sahəsi 116, 8 kv/m olan fərdi yaşayış evi qanun üzrə vərəsə X6 keçmişdir. xx.xx.2021-ci il tarixdə X8 vəfat etmişdir. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin fərdi yaşayış evi qanun üzrə vərəsə İddiaçı keçmiş və onun adına mülkiyyət hüququna dair dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd olunan fərdi yaşayış evi yenidən inşa edilmiş və evin layihəsi hazırlanaraq iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Xəzər rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı yeni layihəyə uyğun olaraq fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...idarənin arxivində mövcud olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin siyahısında müvafiq daşınmaz əmlakın ilkin mülkiyyətçisinin adı aşkar olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi M.Namazov küçəsi, döngə 16, 35E saylı evin yeni ölçüləri nəzərə alınmaqla reyestrdə qeydə alınması, həmin evin yerləşdiyi 1000 kv.metr ölçüdə torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınmasının, bu barədə reyestrdə müvafiq qeydlərin aparılması, həmin sahəyə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün, Çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi,M.namazov küçəsi 16cı döngə , ev 35 e vərəsəlik qaydasında mərhum anası X1 mərhum atası X6, atasından isə vərəsəlik qaydasında ona keçmişdir. Qeyd edilən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı mərhum anası 12 mart 2021-ci il tarixdə ********** nömrəli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmiş, lakin imtina verilmişdir. 17 mart 2021-ci il tarixli, **********94 nömrəli imtina məktubunda idarənin arxivində mövcud olan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən verilmiş sənədlərə əsasən sözügedən fərdi yaşayış evinin qeydiyyatdan keçdiyinin aşkar edildiyi qeyd olunmuşdur. Bundan sonra idarəyə müraciət edilmiş, evin çıxarışı verilmişdir (reyestr nömrəsi **********03-10301, qeydiyyat nömrəsi **********qeydiyyat tarixi-xx.xx.2021). Anası vəfat etdikdən sonra isə həmin ev yuxarıda qeyd etdiyi kimi vərəsəlik qaydasında atasına, atası vəfat edəndən sonra isə vərəsəlik qaydasında ona keçmişdir. Məsələ ondan ibarətdir ki, həmin evin ölçülərində dəyişiklik olmuş, evdə artırmalar olmuşdur (evin yeni layihəsi təqdim olunmuşdur). Bu barədə rayon İcra Hakimmiyyətinə tərəfindən rəsmi ərizə ilə məlumat verilmişdir. İmtinada idarənin arxivində mövcud olan Azərbaycan Respublikası Prezidentinin işlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin siyahısında müvafiq daşınmaz əmlakın ilkin mülkiyyətçisinin adının aşkar olunmadığı qeyd edilmişdir. Hansı ki 17 mart 2021-ci il tarixli, **********94 nömrəli imtina məktubunda idarənin arxivində mövcud olan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən verilmiş sənədlərə əsasən sözügedən fərdi yaşayış evinin qeydiyyatdan keçdiyinin aşkar edildiyi qeyd olunmuşdur. Lakin indi ilkin mülkiyyətçinin adının aşkar olunmadığı qeyd olunur. İmtinada eyni zamanda elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi qeyd olunmuşdur. Elektrik xətti qonşu evlərə daha yaxın yerləşir. Hansı ki həmin evlər xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu səbəbdən cavabdeh orqanın imtinasını əsassız hesab edir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Əlavə olaraq qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evi bütövlükdə torpaq sahəsinin isə 173 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ölçüsü 1000 kv.m qeyd edilsə də, faktiki 1144 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, ünvan 1 ünvanda fərdi yaşayış evi ididaçının mülkiyyətindədir. İddiaçı həmin evdə yenidən tikinti işləri aparılması ilə bağlı layihə hazırlayaraq Xəzər rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı fərdi yaşayış evi və torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtina əsası kimi ona istinad edir ki, idarənin arxivində mövcud olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin siyahısında müvafiq daşınmaz əmlakın ilkin mülkiyyətçisinin adı aşkar olunmamışdır. Həmçinin siyahıda iddiaçının adı yoxdur. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin cavabdeh etirazında fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ölçüsü 1000 kv.m qeyd edilsə də, faktiki 1144 kv.m təşkil etdiyini bildirmişdir. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsassız hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Cavabdehin birinci imtina dəlili ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı verilmiş sorğu əsasında cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla fərdi yaşayış evinə dair inzibati icraat materiallarının və arxiv qovluğunun təsdiqlənmiş surəti təqdim edilmişdir. Həmin icraat materiallarından müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin ilkin mülkiyyətçisi, yəni mərhum X3 Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 28 №-li 21 may 2003-cü il tarixli “Vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması haqqında” Əmrdən çıxarışa əsasən (X10 Müəssisəsinin xx.xx.1999-cu il tarixli, 096 № li əmri) 0,10 hektar hesabı ilə torpaq sahəsi ayrılmışdır. Qeyd edilən sənədlər cavabdeh tərəfindən təqdim edilmiş İdarənin arxiv qovluğunda mövcuddur. Qeyd edilən sənədlər İdarənin arxivində olduğuna görə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin siyahısında müvafiq daşınmaz əmlakın ilkin mülkiyyətçisinin adı aşkar olunmaması barədə cavabdehin dəlilini məhkəmə əsaslı hesab etmir. Göründüyü kimi cavabdehin imtinasının əsası kimi istinad etdiyi birinci hal əsassızdır. Cavabdehin ikinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, bu hal torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün əsas deyildir. İlk növbədə ona görə, fərdi yaşayış evinə bir neçə dəfə hüququnun qeydiyaatı cavabdeh tərəfindən aprıldığına görə, iddiaçının etimad hüququ qorunmalıdır. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 2-ci bəndində qeyd edilmişdir ki, müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: - bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - bənd 7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. - bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Məhkəmə cavabdehin etirazının dəlili kimi qeyd etdiyi halla bağlı bildirir ki, torpaq sahəsinin faktiki sahəsinin 1144 kv.m olması iddia tələbinin təmin edilməsinə mane deyildir. Çünki iddiaçı 1144 kv.metr torpaq sahəsinə deyil, hüquqmüəyyənedici sənəd 1000 kv.metr torpaq sahəsinə iddia edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi M.Namazov küçəsi, döngə 16, 35E saylı fərdi yaşayış evinin yeni ölçüləri nəzərə alınmaqla və evin yerləşdiyi 1000 kv.metr ölçüdə torpaq sahəsinə İddiaçı mülkiyyət hüquuqunun dövlət qeydiyyatına alınmasının, həmin sahəyə dair “Torpaq sahəsinin planı və ölçüsü”nun və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar