Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12193/2022 02.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üçün əlilliyə görə sosial müavinətin və Prezident təqaüdünün ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi 15 (on beş) ay nəzərdə ödənilməmiş üçüncü dərəcə Qarabağ müharibəsi əlili kimi sosial müavinətin və üçüncü dərəcə mühairbə əlili kimi Prezident təqaüdünün birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində xx.xx.2022-ci il tarixində erməni silahlı qüvvələrinə qarşı əkshücum əməliyyatlarının keçirilməsi və Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. O, xx.xx.2020ci il tarixində döyüş tapşırığını yerinə yetirən zaman partlayış nəticəsində ağır travma almışdır. Travma nəticəsində diaqnoz aşağıdakı kimi qiymətləndirilmişdir. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Partlayış yaralanması (xx.xx.2020), sol əlin kor, sol bud, baldır nahiyyələrinin dəlib keçən qəlpə yaralanması. Sol aşağı ətrafın əzələlərin atrofiyası. Çapıq əzələ və artrogen kəskin açıcı, bükücü kontrakturası. Sol diz oynağının osteoartrozu. Sol bud sümüyünün distal, sol baldır sümüklərinin proksimal metaepifizlərinin açıq, oynaqdaxili, qapalı, yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, Q.A.İllizarov üsulu ilə osteosintezi və Q.A.İllizarov aparatının demintajından, sol aşağı ətrafın standart ortrezlə immobilzasiyasindan sonrakı zəif konsolidasiya edən sümük döyənəyi. Ağrı sindromu. Sol bud sinirinin posttravmatik neyropatiyası, ətraf funksiyasının mühüm dərəcədə pozulması ilə. Burun çəpərinin əyriliyi. Beləliklə, travma nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar qiymətləndirilərək təyinat verilmiş və üçüncü dərəcə əlillik təyin edilmişdir. Halbuki travmanı o, xx.xx.2020-ci il tarixində almışdır. Belə ki, ƏƏSMN yanında TSEK-də qiymətləndirmə tarixinin yaralandığı gündən deyil, xx.xx.2022ci ildən hesablanması mövcud qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Bununla bağlı cavabdehə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi nəzərdə tutulmuş və ödənilməmiş üçüncü dərəcə Qarabağ müharibəsi əlili kimi sosial müavinətin və üçüncü dərəcə mühairbə əlili kimi Prezident təqaüdünün birdəfəlik hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh nəzərdə tutulmuş, lakin ödənilməmiş sosial müavinətin və Prezident təqaüdünün birdəfəlik ödənilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona təyin edilmiş Prezident təqaüdünün əvvəlki dövr üçün hesablanaraq ödənilməsini tələb etmişdir. Mərkəzi Filial vətəndaşa **********9 nömrəli xx.xx.2022-ci il tarixli imtina məktubu ilə müharibə əlili statusunu aldığı tarixdən təqaüd təyin edildiyini, əvvəlki dövr üçün təqaüd ödəməkdən imtina edildiyini bildirmişdir. İddiaçı qeyd etmişdir ki, 2020-ci il 44 günlük Vətən Müharibəsində (İİ Qarabağ müharibəsi) döyüş tapşırığını yerinə yetirən zaman xəsarət almışdır. Lakin ona aldığı xəsarətlə əlaqədar əlillik dərəcəsi xx.xx.2022-ci il tarixdə verilmişdir. Müharibədə iştirakla əlaqədar əlilliyi olan şəxslərin təqaüd almaq hüququnu onların əlillik statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Əlillik statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüdü almaq hüququ birbaşa statusun alınması ilə yaranır. İddiaçı əlillik statusunu xx.xx.2022-ci il tarixdə aldığı üçün ona həmin tarixdən Prezident təqaüdü təyin olunmuşdur. Ona görə də bu qəbildən olan mübahisələlərin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. İddiaçının əlilliyi xx.xx.2022-ci il tarixindən müəyyən edildiyi üçün ona müharibə əlillərinə verilən Prezident təqaüdünün iddia ərizəsində qeyd edilən dövrlər üzrə təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının əlillik statusunu hansı tarixdən alması isə inzibati orqanın səlahiyyətlərinə aid deyildir. Buna görə mübahisə predmeti olan iddia tələbi DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı deyil, bu işə səlahiyyətli olan inzibati orqana qarşı qaldırılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixindən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. X1 Sisteminin Əlillik altsisteminə əsasən iddiaçının xx.xx.2022-ci il tarixindən xx.xx.2027-ci il tarixinədək ilkin olaraq İİİ dərəcə əlilliyi müəyyən olunmuş və müvafiq olaraq ona həmin tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Hazırda 300 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Qeyd olunanları nəzərə alaraq əlilliyi xx.xx.2022-ci il tarixindən müəyyən edildiyi üçün iddiaçıya müharibə əlillərinə verilən Prezident təqaüdünün ərizəsində qeyd etdiyi dövrlər üzrə təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir; Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2022-ci il tarixli məktubla X3 dair tibbi-sosial ekspertiza sənədləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əsasən, X4 xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və həmin tarixdən 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İşin faktiki hallarından görünür ki, ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əllillik təyin edilmişdir. İddiaçıya həmin tarixdən sosial müavinət və Prezident təqaüdü təyin edilmişdir. İddiaçı ona xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi ödənilməmiş müharibə əlili kimi sosial müavinətin və Prezident təqaüdünün hesablanıb ödənilməsini mübahisələndirir. Cavabdeh isə iddiaçının əlilliyinin müəyyən edildiyi tarixdən Prezident təqaüdünün təyin edildiyini bildirərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir; 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər; 4.0, 4.0.1 və 4.0.1.3-cü maddələrinə əsasən, əlilliyə görə müavinət aylıq müavinətlərin növlərindən biridir. 7.0 və 7.0.3-cü maddələrinə əsasən, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir; 9.1 və 9.1.2-ci maddələrinə əsasən, əlilliyə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən əlillik müddətinə təyin edilir; Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixindən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır; 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir; 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir; 2.6-cı bəndinə əsasən, Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Məhkəmə qanunvericiliyin sadalanan normalarını nəzərə alaraq qeyd edir ki, iddiaçının əlilliyi tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə müəyyən edildiyi üçün ona əlilliyə görə ödənilməli olan sosial müavinət və Prezident təqaüdü də həmin tarixdən ödənilməlidir. İddiaçıya xx.xx.2022-ci il tarixdən əvvəlki dövrlər üçün sosial müavinət və Prezident təqaüdü hesablana bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “əvvəlki dövr üçün əlilliyə görə sosial müavinətin və Prezident təqaüdünün ödənilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üçün əlilliyə görə sosial müavinətin və Prezident təqaüdünün ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-12193/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12193/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver