Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12195/2025 02.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə (üçüncü şəxs: X5) qarşı “ölkədən getmə hüququnun bərpa edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı ağıyev Kamalis Saqif oğlunun cavabdeh Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ölkədən getmək hüququnun bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X3 Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixdə "Nafta-Oil Group'’ MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Qeyd edilən müəssisənin bu zamana qədər dövlət büdcəsinə borcu mövcuddur. Belə ki, onun həmin müəssisə ilə hər hansı əlaqəm mövcud deyildir. Lakin artıq uzun müddətdir əlaqəsinin olmamasına baxmayaraq onun ölkədən getmək hüququ hələ də məhdudlaşdırılmış olaraq qalmaqdadır. Qeyd edilən hal ilə bağlı tərəfindən yazılı qaydada müraciətlər edilməsinə baxmyaraq müraciətləri cavabsız qalmışdır. (Müraciətlər qoşma olaraq əlavə edilir.) Qeyd edilənlərdən aydın olur ki, İddiaçı həmin müəssisənin hazır ki direktoru vəzifəsində fəaliyyət göstərmir. Hazırda İqtisadiyyat nazirliyinin e-taxes.gov.az internet səhifəsində yoxlanılan zaman cari direktorun X5 olduğu aydın olur. O həmin müəssisənin direktoru vəzifəsindən azad edildikdən sonra Kamran Nağıyev tərfındən bütün öhdəliklər qəbul edilmiş və müəssisənin direktoru vəzifəsində fəaliyyət göstərir. Tərəfindən dəfələrlə işin faktiki halları barədə vergi orqanına şikayət və mraciətlər ünvanlanmasma baxmayaraq müraciətləri cavabsız saxlanılmışdır. Tərəfindən verilmiş şikayət və müraciətlər üzrə sonuncu icraçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi vanında X3 Baş İdarəsi olmuşdur. Bu səbəbdən tərəfindən cavabdeh qismində həmin idarə qeyd edilmişdir. Tərəfindən ünvanlanmış ilkin müraciət xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Lakin həmin müddətdən 35 gündən artıq ötdüyü üçün tərəfindən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Formalaşmış vahid məhkəmə təcrübəsinə istinad edərək deyə bilərik ki, “...MMC-nin qanuni təmsilçisi olmamasına baxmayaraq MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir.” Belə ki, o direktor vəzifəsindən artıq uzun müddətdir kənarlaşdırılmağıma baxmayaraq onun hələdə ölkədən getmək hüququ məhdudlaşdırılmış olaraq qalmaqdadır. Bunun isə qanunamüvafıq olmadığı məlumdur. Çünki onun hazırda həmin borcu ödəmək kimi bir məsuliyyətim mövcud deyil. Digər yandan isə qeyd edilən müəssisə məndə olan məlumata görə uzun illərdir fəaliyyət göstərmir. Bu kimi hallara nəzər yetirdikdə onun həmin müəssisənin mövcud olan borcu üzrə ölkədən getmək hüququnun məhdudlaşdırılması qanuni hesab edilməməlidir. Cavabdeh iddiaçının ölkədən getmək hüququna qoyulan məhdudiyyətə səbəb olmuş əsaslardan birinin- iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması əsasının aradan qalxmasına baxmayaraq, həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı hər hansı tədbir görməmiş və bununla da birbaşa iddiaçını ölkədən getmək hüququndan məhrum etmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarına görə, iddiaçı sözügedən hüquqi şəxsin icra orqanının rəhbəri olmuş, sonradan həmin vəzifədən azad edilmişdir. Bu hallar da cavabdehə məlum olmuşdur. Ona görə də, iddiaçının hazırda sözügedən hüquqi şəxsin icra orqanının rəhbəri olmadığı halda, onun həmin hüquqi şəxsin dövlət büdcəsinə olan vergi borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, vergi öhdəliyi olan hüquqi şəxs tərəfindən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etməyin üsulu kimi ölkədən getmək hüququna müvəqqəti məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1 -ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair" 2013-cü il 9 sentyabr tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarına görə iddiaçı hüququ şəxsin əvvəlki rəhbəri olmuş, sonradan MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Bu hallar da məhz cavabdehə məlum olmuşdur. Ona görə də iddiaçının MMCnin qanuni təmsilçisi olmamasına baxmayaraq MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir. “....Kollegiya bir daha qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarına görə iddiaçı hüququ şəxsin əvvəlki rəhbəri olmuş, sonradan MMC nin direktoru vəzifəsindən azad edilmişdir.Bu hallar da məhz cavabdehə məlum olmuşdur.Ona görə də iddiaçının MMC-nin qanuni təmsilçisi olmamasına baxmayaraq MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir. Ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair işlərə baxarkən məhkəmələr hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib- verməməsini araşdırmalı, sadəcə borcun mövcud olması faktının bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət etmədiyi nəzərə alınmalıdır.” Bundan əlavə qoşma olaraq tərəfimizdən daha əvvəl eyni mübhaisə üzrə Azərbaycan Repsublikası dövlət vergi xidməti tərəfindən qəbul edilmiş 16 fevral 2024-cli il tarixli **********970100 saylı qərarı diqqətinizə çatdırılır. Qeyd edilən məsələ ilə bağlı daha əvvəl praktika mövcud olmuş və eyni situasiya olduğu üçün qeyd edilən praktikanın mənə də şamil edilməli olduğunu hesab edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(112)-12195/2025 saylı qərardadı ilə X5 iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehin yazılı etirazından görünür ki, İddiaçı ölkədən getmək hüququnun bərpa edilməsi öhdəliyini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) rəhbəri olan İddiaçı ölkədən getmək hüququ Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2556/2024 nömrəli qərarına əsasən məhdudlaşdırılmışdır. Bundan əlavə olaraq, İddiaçı xx.xx.2018-ci il tarixli, **********796800 nömrəli ərizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək, özünün təsisçi və qanuni təmsilçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini (VÖEN: **********) təsis etmişdir. Bu səbəbdən "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olaraq hüquqi şəxsi dövlət qeydiyyatından keçirərkən, artıq İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) ilə bağlı məsuliyyəti öz üzərinə götürmüş hesab olunur. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Məcəllə) 91.1-ci bəndinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Həmçinin, Cəmiyyətin Nizamnaməsinin 5.2-ci bəndinə əsasən direktorun səlahiyyətləri təsdiq edilmişdir. Belə ki, direktor Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edərək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış edir, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir; Öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr verir (o cümlədən başqasına etibar etmək hüququ ilə), müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açır və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam verir. Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən edir, onlarla əmək müqavilələri bağlayır, şərtlərini dəyişdirir və qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv edir. Qeyd edilənlərə əsasən, Cəmiyyətin adından çıxış edən İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmadığı üçün dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək mümkün olmamışdır. Belə olan halda isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən digər vergi ödəyicisinin hüquqları və qanuni maraqları vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin edilməsi prinsipinin və dolayısı ilə digər Vergi ödəyicilərinin hüquqlarının və qanuni maraqlarının lazımınca təmin olunmaması gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Bildirmək istərdik ki, "xxxx" MMC-nin (VÖEN: **********) əvvəlki rəhbəri olan İddiaçı ölkədən getmək hüququ 12482 manat borc məbləğinə görə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-2556/2024 nömrəli qərarına əsasən məhdudlaşdırılmışdır. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırılmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifələrinə aid edilmiş, lakin müraciətdə qeyd olunan hal üzrə əsaslar aradan qalxmamışdır. Belə ki, qətnamə üzrə təmin edilmiş 12482,14 manat borc məbləğindən hələ də heç bir ödəniş aparılmamışdır. Əlavə olaraq bildirilir ki, xüsusi mülkiyyətli hüquqi şəxsin icra orqanının rəhbəri dəyişdikdə borcun alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər (bildiriş, sərəncam, əmlakın siyahıya alınması, yeni təyin olunmuş rəhbərə məhdudiyyətin tətbiqi, cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi və s.) görüldükdən sonra əvvəlki rəhbərin məhdudiyyəti aradan qaldırılır (əsas vergi borcu 50 000 manatdan yuxarı olan, barəsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət işi başlanan və riskli vergi ödəyiciləri istisna). Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018-ci il tarixli **********094700 nömrəli çıxarışından görünür ki, "Nafta-Oil Group'’ MMC xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2- 20/2-49614/2025 nömrəli çıxarışından görünür ki, "Nafta-Oil Group'’ MMC xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır. Dövlət Vergi Xidmətinin **********970100 nömrəli xx.xx.2024-cü il tarixli ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərarından görünür ki, X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdınlması götürülmüşdür. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2556/2024 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, 28 avqust 1983-cü il tarixdə Ağstafa rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA350037) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması, dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. "Nafta-Oil Group'’ MMC-nin rəhbərinin dəyişməsi barədə xx.xx.2025-ci il tarixli qərarından görünür ki, "Nafta-Oil Group'’ MMC-nin rəhbəri İddiaçı tutduğu vəzifədən azad edilmiş, "Nafta-Oil Group'’ MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X5 təyin edilmişdir. Azərbaycan Respublikasının "Nafta-Oil Group'’ MMC-nin xx.xx.2025-ci il tarixli 001 nömrəli məktubundan görünür ki, X1-Oil Grup MMC-nin faktiki rəhbəri və qanuni təmsilçisi olaraq müəssisənin bu gun olan bütün öhdəliklərini qəbul edir və müəssisənin bu zamana qədər olan bütün fəaliyyəti onun tərəfindən həyata keçirilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü İddiaçı onun ölkədən getmək hüququnun bərpa edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (yuxarı inzibati orqan) müraciət etmişdir. İddiaçı hazırda onun ölkədən getmək hüququnun bərpa edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin üzərinə qoyulmasını tələb edir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququna aid edilmişdir. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 13 yanvar 2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin Əsasnaməsindən: 1.1.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) X3 Baş İdarəsi (bundan sonra – Baş idarə) hesablanmış vergilər, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları (bundan sonra – sığorta haqları), nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqları (bundan sonra – torpaq icarə haqları), faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr, həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlər üzrə dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra – aidiyyəti fondlar) yaranmış borcların (bundan sonra – ismin müvafiq hallarında “borc”) alınması və təqdim edilməmiş bəyannamələrin (hesabatların) təqdim edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən (bu Əsasnamənin 1.4-cü bəndinin xüsusiyyətləri nəzərə alınmaqla) Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. 3.0. Baş idarə bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.11. Borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsini təmin etmək; Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 4688.13 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 7457.87 manat, İşsizlikdən sığorta fonduna olan 336.14 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan İddiaçı barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2556/2024 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, 28 avqust 1983-cü il tarixdə Ağstafa rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA350037) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə qeyd edir ki, "Nafta-Oil Group'’ MMC rəhbərinin dəyişməsi barədə xx.xx.2025-ci il tarixli qərarı ilə "Nafta-Oil Group'’ MMC-nin rəhbəri İddiaçı tutduğu vəzifədən azad edilməsini, "Nafta-Oil Group'’ MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X5 təyin edilməsini qərara almışdır. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. İddiaçı barəsində məhdudiyyətin tətbiqi istinad edilən normanın digər dispozisiya şərtləri ilə yanaşı, iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması şərtindən irəli gəlmişdir. İşdən göründüyü kimi, həmin şərt sonradan aradan qalxmışdır. Lakin cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindən irəli gələn (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vəzifəsini icra etməkdən imtina etmiş, imtinanın əsası kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan halın aradan qalxmadığına əsaslanmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən normanın məzmununa görə, məhdudiyyətin tətbiqi üçün 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) vergi borcu vaxtında ödənilməməlidir; 3) hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri olmalıdır. Normada nəzərdə tutulan əsaslardan vergi orqanının imtina məktubunda istinad etdiyi şərt – vergi borcunun olması şərti aradan qalxmasa da, məhdudiyyətin tətbiq edilməli olduğu şəxs (hüquqi şəxsin icra orqanının rəhbəri) barədə şərt aradan qalxmışdır. Vergi Məcəlləsinin 24.0.2-1ci maddəsində təsbit olunmuş tələb (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vergi orqanın diskresion səlahiyyəti yox, borcudur. Başqa sözlə, həmin normada nəzərdə tutulmuş şərtin baş verdiyi hər bir halda, vergi orqanı məhdudiyyətin götürülməsi barədə qərar qəbul etməlidir. Qüvvədə olan məhkəmə qərarına əsasən iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmış olması vəziyyəti iddiaçının zərərinə dəyişmir və cavabdehi Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində təsbit olunmuş şərtin baş verdiyi halda iddiaçının xeyrinə əlverişli akt qəbul etmək vəzifəsindən azad etmir. Belə ki, iddiaçının tələbi hazırkı iş üzrə tərəflər arasında yaranan və davam edən inzibati hüquq münasibətlərindən irəli gəlir. İnzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-12195/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12195/2025
02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver