Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12197/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsə qarşı “diplomun tanınması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli 76405 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması ilə bağlı şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2019-2023-cü illərdə Türkiyə Respublikasının Atatürk Universitetində “Biznes” ixtisası üzrə bakalavr təhsili almışdır. Ali təhsil müəssisəsini bitirdikdən sonra ona 07 iyun 2023-cü il tarixində 76405 nömrəli bakalavr diplomu təqdim edilmişdir. Universitet təhsilindən əvvəl 2011-2012-ci illərdə Bakı Dövlət Sosial İqtisad Kollecində “Hüquq mühafizə fəaliyyəti” ixtisası üzrə orta ixtisas təhsili üzrə sub-bakalavr təhsilini başa vurmuşdur. Əldə etdiyi kvalifikasiyanın tanınması məqsədi ilə xx.xx.2024-cü ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. 2 ay icraat apardıqdan sonra kvalifikasiyanın tanınmasından imtina edilmiş və buna dair 05 iyul 2024-cü il tarixli NA00029947 nömrəli Qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Prezidentinin 2023- cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aiddir. Bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ənənəvi təlim metodlarına əsaslanan təhsilalma forması olaraq “əyani” və “qiyabi” təhsilalma formaları müəyyən edilmişdir”. Göründüyü kimi Qərarda imtinanın konkret əsası göstərilməmiş, formal olaraq imtina edilmiş və qanunvericiliyin normaları sadalanmışdır. O, 2019-2023-ü illərdə təhsil almış və təhsil aldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” qüvvədə olmuşdur. Sözügedən Qaydalara əsasən onun ali təhsili üzrə kvalifikasiyanın tanınmasından imtina üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2024-cü il tarixində elektron sistem vasitəsilə müraciət etmiş, onun ərizəsi əsasında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra-Qaydalar) uyğun olmaqla icraat aparılmış, Qaydaların 3.10.1-ci və 4.1.5-cü təhsil forması üzrə uyğunsuzluq təşkil etdiyi üçün ona tanınma haqqında şəhadətnamənin verilməsindən 05 iyul 2024-cü il tarixdə imtina edilmişdir. İcraat nəticəsində İddiaçı tədris dövrü olaraq onun diplom əlavəsində “açıköğretim” təhsil formasında qeyri- ənənəvi formada təhsil aldığı təsdiqlənmişdir. Bununla bağlı qeyd edilmişdir ki, Qaydaların 4.1.5-ci yarımbəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına (əyani və ya qiyabi) əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblər arasında əks olunmuşdur. Qaydalar, Azərbaycan Respublikası Təhsil haqqında Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda əks olunmuş distant texnologiyaların tətbiqi ilə tədrisin təşkili prosesinin xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyalara nisbətdə çərçivəsini müəyyən etmişdir. Bu baxımdan da, Qaydalar oxşar hallara nisbətdə yüngülləşdirici normativ akt kimi dəyərləndirilməlidir. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, “açıköğretim” təhsil forması qeyri-ənənəvi təhsil formasıdır. Türkiyə Cümhuriyyətinin "açık yükseköğretim yönetmeliği” haqqında qanunun 8-ci maddəsinə əsasən imkanlar daxilində a) ali təhsildə çap edilmiş tədris alətləri, kasetlər, videolar, lentlər, lentlər və filmlər, b) Radio və televiziya c) oxşar avadanlıq və sistemlərdən istifadə olunur. Qeyd olununan maddəyə əsasən məlum olur ki, tələbə tədris zamanı hər hansı dərs ixtisas dərsi tədris edilmədən, göndərilmiş materillar əsasında diplom əldə edir. “Açıköğretim” təhsil forması beynəlxalaq təcrübədə modul tipli təhsil formasına uyğundur. Sözügedən təhsil Azərbaycan Respublikası qanunvericilik sistemində mövcud deyildir. Həmçinin bu hal özünü iddiaçının təhsil aldığı müəssisənin agentliyə ünvanlamış olduğu məktubda “açıköğretim” və “distant” təhsilin fərqli anlayışlar olduğu qeyd etməsi ilə də özünü təsdiqləyir. Yuxarıda göstərilənlərə əsasən cavabdeh inzibati orqan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia tələbinə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-cü maddəsinə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia)inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçı tərəfndən X2 Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 76405 №-li bakalavr diplomu (lisans diploması), apostil, məzun tələbə transkripti və diplom əlavəsi məhkəməyə təqdim edilmişdir. -Təhsildə Keyfiyyət Təminatı Agetliyinin xx.xx.2024-cü il tarixli NA00029947 nömrəli “xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi barədə” qərarından görünür ki, İddiaçı bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə etmədiyi müəyyən edilmişdir. Belə ki, onun bütün təlim müddəti ərzində vasitəsilə təhsil aldığı “açık öğretim” təhsilalma forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.5-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aiddir. Bakalavriat səviyyəsinə uyöun kvalifikasalara münasibətdə ənənəvi təlim metodlarına əsaslanan təhsilalma forması olaraq “əyani” və “qiyabi” təhsilalma formaları müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən qərara alınmışdır: 1. Ərizəçinin (İddiaçı) xarici ali təhsilə dair kvalifikasının tanınmasından imtina edilsin... -Cavabdeh tərəfindən etiraza qoşma kimi əlavə edilmiş iddiaçının məlumatlarından (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə Elektron Ərazi Sisteminndən əldə edilmiş) görünür ki, İddiaçı təhsil forması “açıköğretim”, təhsil səviyyəsi “bakalavriat”, təhsil müddəti 2019-2023-cü illər olmuşdur. Sərhədkeçmə məlumatları: 2019/2020 – 8 gün/İİ semestr pandemiya dövrü, 2020/2021 – getməyib/pandemiya dövrü, 2021/2022 – 3 gün/pandemiya dövrü, 2022/2023 – 4 gün. Aposril var, universitetin akkreditasiyası mövcuddur. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddiaçı Türkiyə Respublikasının Atatürk Universitetində “Biznes” ixtisasına dair aldığı bakalavr təhsili üzrə ali təhsilə aid kvalifikasiyasının tanınmasına nail olmaq istəyir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməməsi barədə qərar qəbul etmiş və gəldiyi nəticəni “açık öğretim” təhsilalma formasının ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına uyğun olmaması ilə əlaqələndirmişdir. İddiaçı hazırda cavabdehin imtinası ilə razılaşmır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2.AzərbaycanRespublikasındamüəyyənedilmiştəhsilalmaformalarıçərçivəsində evdə təhsil,fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icrahakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Maddə 27. Təhsil haqqında dövlət sənədi ... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri ... 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarınımüəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin vəvətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin vəvətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarına əsasən: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmunununuyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqındaŞəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisasalmaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: -1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; -1.5.6. kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi; -1.5.8. tanınma şəhadətnaməsi – “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəd; -1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; - 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Məhkəmə qeyd edir ki, iddiaçının əldə etdiyi təhsil haqqında diplomun tanınmamasının əsasını onun tədris forması, daha dəqiq desək “açık öğretim” adlanan tədris formasının Azərbaycan Respublikasında mövcud qanunvericiliklə nəzərdə tutulmaması təşkil edir. Bununla əaqədar olaraq vurğulanmalıdır ki, hər bir dövlətin milli təhsil sistemi və bu sistemdə tətbiq olunan tədris formaları öz spesifik xüsusiyyətləri ilə fərqlənir. Mövcud təhsil qanunvericiliyinə əsasən, ölkədə “açık öğrətim” təhsil formasına uyğun olan hər hansı bir formanın hüquqi çərçivəsi təsbit olunmamışdır. Doğrudur ki, distant təhsil forması mövcuddur, lakin qeyd edilməlidir ki, “açık öğrətim” tədris forması ilə distant təhsil arasında nəzərəçarpaçaq qədər fərqlər mövcuddur. Belə ki, açık öğrətim ali təhsil qurumlarında üz-üzrə və distant təhsil istisna olmaqla, tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır. Tələbə tədris zamanı hər hansı dərs, ixtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir. “Distant (məsafədən)” təhsil isə ali təhsil müəssisələrində təlim-tədris prosesinin informasiya və kommunikasiya texnologiyaları əsasında planlaşdırıldığı və həyata keçirildiyi, tələbə ilə müəllimin və tələbələrin öz aralarında qarşılıqlı ünsiyyəti/əlaqəsi əsasında dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçirildiyi təlim-tədris formasıdır. Açıq öyrətim distant təhsilalma formasından fərqli olaraq özündə təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətini ehtiva etmir. Elə bu səbəbdən həm də açıq öyrətim distant təhsilin xüsusi forması kimi də qəbul edilə bilməz. Göründüyü kimi, “açık öğrətim” təhsil “distant (məsafədən)” təhsil ilə eyni olmamaqla fərqli təhsilalma formalarıdır. Məhkəmə bildirir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə “açıqöyrətim” formasında xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Bir daha qeyd olunur ki, “Təhsil haqqında” Qanunun 13-cü maddəsində əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma forması müəyyən edilmişdir, yəni təhsil qanunvericiliyində “açıq öyrətim” təhsilalma forması nəzərdə tutmamışdır. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanunun diplomların tanınması və ekvivalentliyi adlanan 12-ci maddəsində qeyd edilir ki, azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq,...həyata keçirilir. İddiaçı təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ının 2.2-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda iddiaçının Türkiyə Respublikasında təhsil aldığı “açıq öyrətim” təhsil forması nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, distant təhsil və açıq öyrətim təhsil fərqli təhsilalma formaları olduğundan və Azərbaycan Respublikasının təhsil qanunvericiliyində açıq öyrətim təhsilalma forması nəzərdə tutulmadığından iddiaçının açıq öyrətim təhsil formasında aldığı diplomun tanınması və ekvivalentliyi haqqında iddiası təmin edilə bilməz. Oxşar iş üzrə formalaşmış məhkəmə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında əks olunmuşdur. «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-12197/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12197/2024
13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver