Məhkəmə qərarları › İş №2-1(112)-12198/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12198/2023

07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12198/2023 07.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri siyahısından çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri siyahısından çıxarılma” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2022ci il tarixli **********617100 saylı qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfındən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********617100 saylı qərara əsasən İddiaçı riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qeyd etmək istəyirlər ki, qəbul edilmiş qərarda riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: Aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü yarımbəndin əsasən vergi ödəyicisi riskli hesab olunur. İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) yuxarıda göstərilənlər barəsində tərəflərindən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və riskli vergi ödəyiciləri siyahısından çıxarılması xahiş edilmişdir. Qeyd etmək istəyirlər ki, 2022 ci il ərzində 4 sifarişçi ilə çalışmışdır. Əlavə olunmuş fayla nəzər yetirdikdə 2022-ci ilin bank çıxarışında hamsı qeyd olunub. Təqdim etdikləri malları yalnız elektron qaimə ilə təqdim etmiş və ödənişləri yalnız bank vasitəsi ilə qəbul etmişdir. 265 saylı 28 iyul 2020-ci il tarixli qərarın meyarlarını təmin etmək üçün tərəflərindən anbar icarəyə götürülmüşdür. Əlavə olaraq qeyd etmək istəyir ki, alınan mallar kənd əsərüfat malları olduğuna görə alış sənədlərini təqdim edə bilmir. Alınan mallar keyfiyyətinə və qiymətinə əsasən müxtəlif insanlardan alınır və hər gün bu insanlar fərqli olur. Heç kəs öz şəxsiyyət vəsiqəsini bölüşmək istəmədiyinə görə alış aktı belə ala bilmir. Belə ki, o, İddiaçı müxtəlif sifarişçilərdən gələn sifariş əsasında şəhərlərində mövcud olan kənd təsərufat bazarlarından məyvə tərəvəz alır. Sifarişlər tez xarab olan, çox çeşidli lakin, az miqdarda olduğu üçün həmin gün sifarişçiyə çatdırır. 1. Anbar tələbi - tez xarab olan və günlük sifarişlər olduğu səbəbdən bu malların saxlanılmasına ehtiyacı olmadığına görə anbar saxlamağına ehtiyacı yoxdur. Alınan mallar bir - iki saat ərzində sifarişçiyə çatdırılır. 2. Alınan mallar kənd təsərüfat malları olduğuna görə alış sənədlərini təqdim edə bilmir. Alınan mallar keyfiyyətinə və qiymətinə əsasən müxtəlif insanlardan alınır və hər gün bu insanlar fərqli olur. Heç kəs öz şəxsiyyət vəsiqəsini bölüşmək istəmədiyinə görə alış aktı belə ala bilmir. Təqdim etdiyi bütün mallar üzrə sifariçilərə qaimə təqdim edir və sonradan elektron qaimə göndərir. Bütün ödənişlərini Bank vasitəsi ilə daxil olur. Alınan malları rəsmi qaimə ilə ala bilsə idi ödədiyi vergiləri belə azalda bilərdi. Bu səbəbdən vergi öhdəliyi də, artıq olur. Qərarında fəaliyyəti düzgün təhlil edilməmiş və nəticədə onu və himayəsində olan ailə üzvülərini işsiz və günlük məvacibsiz qoymuşdur. Bildirir ki, eyni məzmunlu məktublar bir neçə dəfə tərəflərindən vergi orqanına ünvanlanmışdır. Vergi orqanı tərəfindən göstərilənlər nəzərə alınmamış və riskli vergi ödəyicisi siyahısından çıxarılmaması barədə məktub onlara ünvanlanmışdır. Hesab edirlər ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərar tamamilə əsassız olduğundan ləğv edilməli və riskli vergi ödəyiciləri siyahısından çıxarılmam təmin edilməlidir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, ilk növbədə bildirmək istəyirlər ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 -ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1 -ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən “İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisinin əsas fəaliyyət növü obyektin olmasını tələb etsə də, təsərrüfat subyektinin (obyektinin) vergi orqanında qeydiyyata alınmadığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********460800 nömrəli “Fəaliyyət növü təsərrüfat subyektinin (obyektinin) olmasını tələb edən vergi ödəyiciləri barədə” və xx.xx.2022-ci il tarixli **********873800 nömrəli “Təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınması haqqında” bildirişxəbərdarlıqlar göndərilmiş, təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınması üçün vergi orqanına müraciət etməsi bildirilmişdir. Vergi ödəyicisi tərəfindən bu məktublara hər hansı münasibət bildirilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3cü müddəasına əsasən xx.xx.2023-cü il tarixli **********617100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Təhlil zamanı, həmçinin vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 116.9 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Quzu budu, Portağal və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin fəaliyyətinin araşdırılması zamanı vergi ödəyicisinin fəaliyyətinin aktiv olmasına və əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaq, vergi orqanında qeydiyyata alınmış təsərrüfat subyektinin (obyektinin) bağlı olduğu müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən təqdim edilmiş 392 ədəd riskli elektron qaimə-fakturanın ləğv edilmədiyi, həmçinin təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatlar aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə görə vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Həmin Məcəllənin 13.2.70-ci maddəsinə görə vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və idida tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********617100 nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü yarımbəndinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) meyarına cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur.

9. İddiaçı ilə "xxxx" ASC arasında 12 dekabr 2022-ci il tarixli 05/22 nömrəli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdən 12 dekabr 2023-cü il tarixədək 1 (bir) il müddətinə "xxxx" ASCyə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ünvanında yerləşən ümumi sahəsi 12 (on iki) kv.m olan qeyri-yaşayış sahəsini (anbarı) icarəyə götürmüşdür.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında ********** nömrəli arayışa əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən verilmiş bu arayış İddiaçı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ev.-m.- ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Uçota alınma tarixi xx.xx.2022.

11. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş “Riskli vergi ödəyicisi siyahısından çıxarılmaması barədə” məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı iə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən risk əməliyyatların Meyarları”nın 2.1.3-cü müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı ( o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən onun uçot-baza məlumatları araşdırılmışdır. Araşdırma zamanı əsas fəaliyyət növünün təsərrüfat subyektinin (obyektin) olmasını tələb etsə də, təsərrüfat subyektinin (obyektin) qeydə alınmadığı müəyyən edilmişdir. Uçot baza məlumatları üzrə kənarlaşmalar aradan qaldırılmadığı üçün riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

18. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır.

19. Azərbaycan Respublikası Vergi Məcəlləsinə 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. - 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: - 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; - 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; - 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); - 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; - 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; - 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; - 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; - 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur. - 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; - 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

21. Göründüyü kimi, qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmişdir

22. Cavabdehin xx.xx.2022-ci il tarixli **********617100 nömrəli qərarından görünür ki, cavabdeh iddiaçının Meyarların 2.1.3-cü bəndində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək Meyarların 2.1.3-cü bəndinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir.

23. İşdən görünür ki, iddiaçı bu qərarla razılaşmış və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 1 il müddətində anbar sahəsi icarəyə götürərək xx.xx.2022-ci il tarixdə vergi oqanında adına qeydiyyata aldırmışdır.

24. Məhkəmə qeyd edir ki, yuxarıda göstərildiyi kimi, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması hallarını (meyarlarını) tənzimləməsə də, bu, müvafiq qərarın qəbul edilməməsi üçün əsas ola bilməz. Çünki müvafiq tənzimləməni təmin etmək üçün zəruri tədbirlərin görülməsi vergi sahəsində dövlət siyasətini həyata keçirən cavabdeh orqanın vəzifəsidir və qanunvericilikdəki bu boşluq vergi ödəyicisinin hüquqlarının pozulmasına səbəb ola bilməz.

25. İşin hazırkı halında iddiaçı tərəfindən barəsində müvafiq qərarın qəbul edilməsindən sonra həmin qərarın qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldığından, məhkəmə hesab edir ki, bu, onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi üçün əsasıdır.

26. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən həmçinin uçot baza məlumatları üzrə kənarlaşmaların aradan qaldırılmadığına istinad etmişdir ki, bu hallar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsi üçün əsas təşkil etməmiş, həmin qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraatın predmeti olmamışdır. Əgər cavabdeh həmin əsaslarda iddiaçının apardığı əməliyyatı riskli əməliyyatlara aid edirsə, onda, bununla bağlı yeni qərar qəbul etməlidir.

27. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan görünür ki, riskli vergi ödəyicisi ilə bağlı vergi orqanı iki növ qərar qəbul deə bilər:

1. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə;

2. Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə.

28. Göründüyü kimi, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün onun barəsində qəbul edilmiş riskli vergi ödəyicisi olma barədə qərarın ləğvini nəzərdə tutmamışdır. Belə ki, şəxs barəsində qəbul edilən riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə qərar artıq əvvəlki qərarın hüquqi nəticəsini aradan qaldırır.

29. Vergi ödəyicisi onun riskli vergi ödəyicisi olması barədə qərarın o zaman ləğv edilməsini tələb edə bilər ki, həmin qərarda göstərilənlərlə razılaşmasın və onun barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın qanunsuz olduğunu iddia etməklə onu mübahisələndirsin. Bununla şəxs həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına nail olur.

30. İşin hazırkı hallarından görünür ki, iddiaçı onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********617100 saylı qərarın qanunsuz olduğundan deyil, qərarda göstərilənlərin nəzərə alınaraq müvafiq tədbirlər görülməklə həmin hallar aradan qaldırıldığından ləğv edilməsini xahiş edir, hansı ki, bununla da həmin qərarın qanuni olduğunu qəbul edərək, onunla razılaşır.

31. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməlidir.

32. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.

33. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.

34. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.

35. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

38. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

39. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar