Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-122/2021 18.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçı Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi və vəkili-Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili X4, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi-X1 iştirakları ilə, iddiaçı Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun ümidsiz borc kimi silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (bundan sonra mətndə Suraxanı rayon MKTB) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müəssisəyə hesablanmış 1.219.060,86 manat məbləğində vergi borcunun ləğv edilməsi barədə qərar çıxarılmasını etmişdir. Sonradan iddiaçı xx.xx.2019-cu il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Suraxanı rayon MKTB-nin şəxsi hesab vərəqəsinə hesablanmış 1.219.060,86 manat məbləğində vergi borcunun ümidsiz borc kimi silinməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayon MKTB xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyatdan keçərək D-1219 saylı şəhadətnamə almışdır. Birlik vergi ödəyicisi kimi xx.xx.2004-cü ildə tarixdə qeydiyyatda duraraq ********** saylı VÖEN almışdır. Müəssisə fəaliyyətə başladığı dövrdən vergi ödəyicisi kimi öhdəliklərində yaranmış vergiləri tam və zamanında ödəyərək fəaliyyət göstərmişdir və onların dövlət büdcəsinə heç bir vergi borcu yoxdur. Bakı şəhəri LGBİ tərəfindən Birliyə mütamadi olaraq borc bildirişləri göndərilərək, 1.219.060.86 manat vergi borcunun olması bildirilsə də, həmin borcun yaranma mənbəyi onlara məlum deyil. Bank hesablarına borcla bağlı sərəncamlar qoyulduğunu öyrəndikdən sonra, borcla bağlı cavabdeh inzibati orqana müraciət olunsa da, sonuncu tərəfindən bununla bağlı heç bir cavab (açıqlama) verilməmişdir. MKTB tərəfindən son illərdə ödənilmiş vergilər cavabdeh inzibati orqan tərəfindən əvvəlki illərin vergi borclarına və onlara hesablanmış faizlərə silinmişdir. Cavabdeh Bakı şəhəri LGBİ məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair xx.xx.2019-cu il tarixli **********651100 №li etirazda göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 93-cü maddəsinin tələblərinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə bu Məcəllədə müəyyən ediımiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda və bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə həmin borc ümidsiz borc hesab edilir. Hazırki iş üzrə iddia tələbinin əsaslı olması üçün Vergi Məcəlləsində iki şərt müəyyən edilib: - birincisi vergi öhdəliyinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş yerinə yetirilmə müddətinin bitməsi; - ikincisi Vergi Məcəlləsində müəyyən olunmuş əsaslar üzrə vergi öhdəliklərinin qüvvədən düşməsi. Hazırki iş üzrə iddiaçı belə hesab edir ki, mübahisələndirdiyi 1.219.060,86 manat vergi borcuna münasibətdə Vergi Məcəlləsinin 93-cü maddəsi ilə müəyyən edilmiş şərtlərdən biri, yəni vergi öhdəliyinin həmin Məcəllə ilə müəyyən edilmiş yerinə yetirilməsi müddətinin bitməsi şərti ödənilmişdir. İddiaçının bildirdiyi kimi vergi öhdəliyinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş yerinə yetirilməsi müddətinin bitməsini aydınlaşdırmaq məqsədi ilə Məcəllədə həmin müddətlərin necə müəyyən edildiyinə nəzər salınmalıdır. Bu baxımdan Vergi Məcəlləsinin 85-ci maddəsinin müddəaları əsas götürülməlidir. Belə ki, Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Məcəllənin tələbindən göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən vergi borcunun Məcəllənin 93-cü maddəsinin tələblərinə cavab verməsi üçün ilk öncə 85-ci maddənin şərtləri ödənməlidir. Yəni iddiaçının mübahisələndirdiyi 1.219.060,86 manat vergi borcundan hesabat dövrü qurtardıqdan sonra 5 ildən artıq müddət ötməlidir. Hazırki iş üzrə mübahisələndirilən 1.219.060,86 manat vergi borcu isə Vergi Məcəlləsinin yuxarıda sadalanan heç bir tələb ödənmədiyindən ümidsiz hesab edilərək silinə bilməz. Qeyd olunanların daha aydın olması üçün iddiaçının şəxsi hesab vərəqəsi sadə təhlil edilməlidir. Belə ki, iddiaçının iddia tələbini dəqiqləşdirdiyi xx.xx.2019-cu il tarixə şəxsi hesab vərəqəsində olan göstəricilərə görə xx.xx.2006-xx.xx.2019-cu illəri əhatə edən dövrdə ümumi hesablanmış vergi məbləğinin 4.548.165,94 manat olduğu müəyyən edilmişdir. Həmçinin şəxsi hesab vərəqəsindən qeyd olunan dövrdə hesablanmış 4.548.165,94 manat məbləğdən 2.253.900,33 manat ödəniş aydın olur. İddiaçının şəxsi hesab vərəqəsinin xx.xx.2019-cu il tarixədək son beş il üzrə göstəricilərinə nəzər yetirdikdə iddiaçının hesablanmış vergi məbləğinin 1.620.256,78 manat olduğu görünür. Aydın olduğu kimi xx.xx.2019-cu il tarixdək son beş il üzrə hesablanmış 1.620.256,78 manat vergi məbləğinin tərkibində olan və iddiaçı tərəfindən mübahisələndirilən 1.219.060,86 manat müddəti ötmüş ümidsiz borc hesab edilməməlidir. Qeyd olunan dövrdə şəxsi hesab vərəqəsindən iddiaçı tərəfndən 1.411.199,77 manat ödəniş edildiyi aydın olur. Bu halda Vergi Məcəlləsində vergilər üzrə yaranmış borcların ödənilməsi ardıcıllığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq vergilər üzrə yaranmış borc yaranma tarixi ardıcıllığı ilə ödənilir. Məhkəmə iclasında iştirak edən iddiaçı Suraxanı rayon MKTB-nin nümayəndəsi və vəkili X6 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X2 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarında olan; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx xxxx 1996-cı il tarixdə D- 1219 №li şəhadətnamə ilə qeydə alınmış Suraxanı rayon MKTB-nin Əsasnaməsindən grünür ki, Suraxani MKTB Bakı şəhər İcra hakimiyyəti Başçısının x xxxxxx 1996-cı il tarixli 200 saylı sərəncamına və Suraxanı rayon İcra hakimiyyəti Başçısının xx xxxxx 1996-cı il tarixli 406 saylı sərəncamına müvafiq olaraq yaradılmışdır və öz fəaliyyəti üzrə rayon İcra hakimiyyəti Başçısına və Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Baş İstehsalat idarəsinə tabedir (bənd 1). MKTB onun tabeliyində olan mənzil-kommunal obyektlərinə, təmir-tikinti idarələrinə, sahələrinə və digər təşkilat və müəssisələrə rəhbərlik edir və rayon təsərrüfatına məxsus olan ərazidə yerləşən əhaliyə və digər hüquqi şəxslərə (müəssisələrə, təşkilatlara, idarələr və s.) mənzil kommunal xidməti göstərir və eləcə də rayon İcra hakimiyyəti Başçısının və Mənzil Kommunal Təsərrüfatı Baş İstehsalat idarəsinin əmr və sərəncamını həyata keçirir (bənd 2). Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Suraxanı MKTB ********** VÖEN-lə vergi ödəyicisi kimi xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. Əlavə dəyər vergisi ödəyicisinin **********39 №li Bildirişinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Suraxanı MKTB (VÖEN **********) Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. Qeydiyyatın qüvvəyə minmə tarixi: xx.xx.2003; qeydiyyata alınma tarixi: xx.xx.2004. İddiaçı Suraxanı rayon MKTB müddəti keçmiş (ümidsiz) vergi borclarının silinməsi ilə bağlı rəsmi qaydada cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən həmin borcların silinməsi təmin olunmamışdır. Bakı şəhəri LGBİ tərəfindən xx.xx.2019-cu il tarixli **********109600 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş iddiaçının şəxsi hesab vərəqəsindəki məlumatlara əsasən vergi borcunun tərkibinə dair arayışa əsasən Suraxanı MKTB-nin xx.xx.2019-cu il tarixə şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ümumilikdə 1.213.832,12 manat borcu vardır. Əsas vergi borcunun məbləği 977.964,64 manat, maliyyə sanksiyasının məbləği 9.489,32 manatdır. Əsas vergi borcuna hesablanmış faiz borcunun məbləği 225.401,67 manat, inzibati cərimə üzrə 976,49 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 28962 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim olunmuş iş materiallarında olan şəxsi hesab vərəqəsinin (bax cild. 1. İş vərəqə 273 və s.) məlumatlarına əsasən vergi ödəyicisi Suraxanı rayon MKTB-nin xx.xx.2019-cu il tarixə (ekspertiza təyini haqqında qərarda göstərilən tarixə yəni) vergi borcu 1.266.174,52 manat olmuşdur. Həmçinin qeyd edilir ki, şəxsi hesab vərəqəsində bütün illər üzrə borc öz əksini tapmışdır. 2014-2018-ci illər üzrə isə şəxsi hesab vərəqəsi məlumatlarına əsasən vergi ödəyicisinin dövlət büdcəsinə xx.xx.2014-cü il tarixinə borcu 779.988,37 mant təşkil etmiş, həmin dövr ərzində ödəmə 1.436.250,67 manat məbləğində olmuşdur. Göstərilən 1.436.250,67 manat məbləği 2014-2018-ci illər üzrə vergi ödəyicisi Suraxanı rayon MKTBnin həmin illərə görə dövlət büdcəsinə hesabladığı vergilərin ödənilməsinə yönəldilmişdir. Eyni zamanda təqdim edilmiş şəxsi hesab vərəqəsi məlumatlarına əsasən bildirilir ki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 88.1 və 85.4-cü maddəsinin tələbləri gözlənilməmişdir. Belə ki, vergi orqanı tərəfindən vaxtı keçmiş 5 illik vergi borcu, həmçinin vergilərin silinmə ardıcıllığı Vergi Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələblərinə əsasən müəyyən edilməmişdir. Hazırki ekspertiza zamanı vaxtı keçmiş borcun hesablanması və silinmə ardıcıllığının düzgün aparılıb-aparılmamasının müəyyən edilməsi sualı qoyulmadığından göstərilənlər üzrə konkret təqiqat aparılmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/3562 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim olunmuş iş materiallarında olan şəxsi hesab vərəqəsinin (bax 1-ci cild iş vərəqi 272 və s.) məlumatlarına əsasən vergi ödəyicisi olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixə, yəni iddia ərizəsinə dəqiqləşmə verilən tarixə olan vergi borcu 1.227.400,98 manat məbləğində olmuşdur. Həmçinin qeyd edilir ki, şəxsi hesab vərəqəsində bütün illər üzrə borc öz əksini tapmışdır. İş materiallarında olan şəxsi hesab hesab vərəqəsi məlumatlarına əsasən vergi ödəyicisi olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin dövlət büdcəsinə xx.xx.2014-cü il tarixinə olan borcu 1.142.987,14 manat təşkil etmiş, xx.xx.2014-xx.xx.2019 dövrü ərzində dövlət büdcəsinə 1.355.264,73 manat məbləğində ödəmə olmuşdur. Göstərilən 1.355.264,73 manat məbləği vergi ödəyicisi olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin həmin dövr üzrə dövlət büdcəsinə hesabladığı cari vergilərin təyinatı üzrə ödənilməsinə yönəldilmişdir. Göstərildiyi kimi Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2014-cü il tarixinə qalıq borcu 1.142.987,14 manat olmuş, yəni iddia verilən tarixə 5 il ötmüş qalıq borcu 1.142.987,14 manat olmuşdur. Dövlət büdcəsinə vergilərin ödənilməsi və silinməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 88, 85.4, 93-cü maddələri ilə tənzimlənir. Qeyd edilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.2-ci maddəsinin tələblərindən göründüyü kimi, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.1-ci maddəsinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda (93.1.1.); bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə (93.1.2.); qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə (93.1.3.). Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.[ Həmin Məcəllənin 85.4-cü maddəsinə görə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği (88.1.1.); hesablanmış faizlərin məbləği (88.1.2.); tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği (88.1.3.). “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Beləliklə məhkəmə araşdırması zamanı iş materiallarından, o cümlədən ekspertiza rəylərindən müəyyən olunmuşdur ki, iddiaçı Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2014-cü il tarixinə qalıq borcu 1.142.987,14 manat olmuş, yəni iddia verilən tarixə 5 il ötmüş qalıq borcu 1.142.987,14 manat olmuş, iddiaçı tərəfindən ümidsiz vergi borclarının silinməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət olunsa da, sonuncu tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozularaq, həmin borcların iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi təmin olunmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Suraxanı rayon MKTB-nin şəxsi vərəqəsindən 1.142.987,14 mnat vergi borcunun müddəti keçmiş (ümidsiz) borc kimi silinməsi öhdəliyi cavabdeh Bakı şəhəri LGBİ-nin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq iddiaçı Suraxanı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyindən 400 (dörd yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin şəxsi hesab vərəqəsindən 1.142.987 (bir milyon bir yüz qırx iki min doqquz yüz səksən yeddi) manat 14 (on dörd) qəpik məbləğində vergi borcunun müddəti keçmiş (ümidsiz) borc kimi silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq iddiaçı Suraxanı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyindən 400 (dörd yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-122/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-122/2021
18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver