Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-122/2023 30.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı1 və İddiaçı2 cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı kirayə müqaviləsinin bağlanılması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 oğu və İddiaçı2 cavabdeh "xxxx" ASC-nin B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə ASC-yə qarşı (üçüncü şəxs: Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçılara məxsus onun maaşından 27 il mənzil -kommunal haqqı tutulmuş, (yaşadığı əvvəl 70- ci (otaq), mənzil olub) mənzilə dair onunla cavabdeh arasında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, yataqxana ev 9, 3-cü mərtəbədə yerləşən (faktiki nömrəsi 305 olmuş) həmin mənzilə mənzil-kirayə müqaviləsi bağlanması (Order verilməsi) vəzifəsinin cavabdeh təşkilata həvalə olunması, eyni zamanda həmin mənzilə dair sənəd almış vətəndaş - qanunsuz olduğu üçün sərəncamın etibarsız hesab edilməsi, qeydiyyat vəsiqələrinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi, ona mülkiyyət hüququnun tanınması və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi, mənzildən oranı qanunsuz tutmuş vətəndaşların çıxarılması, onun qeyd edilən 305-li mənzilə köçürülməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 1978-ci ilin Dekabr ayından Bünyad Sərdarov adına zavodda "Qanunda nəzərdə tutulan qaydada və müddətdə "fasiləsiz olaraq 27 il işləmişdir. Həmin ötən müddət ərzində o usta, fəhlə, mühafizəçi və briqadir vəzifələrində işləmişdir. 2006-cı ildə səhhətində baş vermiş xəstəliklə bağlı o müvəqqəti işləmir, tam sağalıb işləmək niyyətindədir və yəni əmək kitabçasını zavoddan götürməmişdir. Qeyd edir ki, o, 20 yaşından həmin Bünyad Sərdarov adına zavodda işləyir və həmin zavodun bütün işçilərinə və əməkdaşlarına böyük hörmətim vardır həmçinin onların da mənə böyük hörməti var. Yəni həmin zavodda 1978ci ilin dekabr ayından işləyir və 30 yanvar 1979-cu il tarixdə həmin zavodun yuxarıda qeyd edilən ünvandakı yataqxanasına pasport qeydiyyatına alınmaqla həmin tarixdən etibarən həmin 9 saylı yataqxana evin 70- ci(otaq), mənzilində yaşamağa başlamışdır. Həmin 70- ci (otaq) mənzil hazırda iddia ərizəsinə fotoşəkili əlavə edilmiş yəni faktiki nömrəsi 305 olmuş mənzildir. Həmin vaxtdan həmin 70-ci(otaq), mənzilin mənzil-kommunal xərcləri onun maaşından tutulub 27 il ödənilmişdir və yəni artıq 41 ildən çoxdur ki, o həmin 9 saylı evin həmin yəni faktiki nömrəsi 305 olmuş mənzilinin sahibi, kirayəçisidir. Məlumat üçün bildirir ki, xx.xx.1982-ci il tarixdə o, İddiaçı2 ilə nigahları rəsmiləşdirməklə ailə qurmuş və onların birgə nigahlarından üç uşaqları var. Bu barədə ilk dəfə aldığı pasportda qeyd olunub. İddiaçı2 həmin zavodda və həmin yataqxanada xadiməçi işləmişdir və bununla həmin mənzili həmişəlik əldə etmişdir və həmişəlik əldə etdiyi üçün həmin evə birbaşa daimi pasport qeydiyyatına alınmaqla həmin mənzildə 1978-ci ildən etibarən 1993-cü ilədək yəni, həmin mənzilin içinə qaçqın girənədək 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Bu, iş yerindən verilmiş arayışda, forma 2 tipli xx.xx.1990-cı il tarixli və həmin mənzildəki ağır yaşayış vəziyyətini yoxlatmaq və həmin yaşayış sahəsinin genişləndirilməsini tələb etmək üçün ona yaşadığı otaq nömrəsi dəqiq göstərilərək verilmiş xx.xx.1990-cı il tarixli arayış da vardır. Bu hal işin kötüyüdür. Odur ki, onun və ya onun adına həmin evə dair hökmən order verilməli idi və yəni bu qaçqına görə ona vaxtında verilməmişdir. Həmin müddətdə 3 uşağı anadan olmuşdur və bu səbəbdən onun uşaqlarının doğum haqqında şəhadətnamələri həmin rayondan ona verilmişdir. Bunu şahidlər də aktla təsdiq ediblər. Həmin mənzilə qaçqın girdiyi üçün order məsələsi indiyədək qalıb və sonradan isə 2 saylı birliyə təhvil verilmişdir. Bu hal onun müraciətinə həmin zavoddan rəsmi qaydada verilmiş 10 İyul 2019 tarixli cavabla təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçıların “İddiaçılar İddiaçı1 oğu və İddiaçı2 ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi 9 saylı yataqxana evin 70-ci otaq mənzilinə dair (hazırkı nömrəsi 305) mənzil kirayə müqaviləsinin bağlanılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilməsi, "xxxx" ASC-nin B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə ASC-nin əsl cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi ilə əvəz edilməsi, "xxxx" ASC-nin B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə ASC-nin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə S.Yusifov, xx.xx.2021-ci il tarixli qərardadı ilə K.Yusifova qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3107/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-355/2022 saylı, 10 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş, nzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən cavabdehin əsl cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz edilmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İş materiallarında olan: İddiaçının təqdim etdiyi 1200 nömrəli, 12 avqust 1990-cu il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı mübahisəli yataqxana binasının 70 nömrəli mənzilində qeydiyyatdadır və orada yaşayır. 07 may 2014-cü il tarixli aktdan görünür ki, adıçəkilən yataqxana zavodun balansından çıxarılaraq cavabdehin balansına verilmiş və həmin yataqxana ilə bağlı sənədlər, o cümlədən 31 ədəd orderin əsli də təqdim edilmişdir. Cavabdehin tabeliyində olan Birlik tərəfindən iddiaçıya ünvanlanmış 04 sentyabr 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı 12 oktyabr 1984-cü il tarixdən yaşayış yeri üzrə həmin yataqxanada qeydiyyatdadır, lakin qeydiyyat zamanı hər hansı otaq göstərilməmişdir. Eyni zamanda, iddiaçı həmin yataqxanada bina təhvil verilərkən yaşamamış, həmin sahəyə dair onun adına order mövcud olmamışdır. Ümumiyyətlə yataqxana balansa götürüləndə 70 saylı mənzil olmamışdır. Birliyin 24 sentyabr 2020-ci il tarixli məktubunda qeyd edilir ki, bina 1 girişli, 5 mərtəbəli, 96 saylı mənzildən ibarətdir. 37/6 saylı 01 iyun 2018-ci il tarixli sərəncamdan görünür ki, adıçəkilən yataqxanada yerləşən 1 otaqlı 305 nömrəli mənzillə bağlı X3 ilə onun həmin mənzildə yaşaması nəzərə alınmaqla kirayə müqaviləsi bağlanılmışdır. 78 saylı MKİS-nin 13 mart 2019-cu il tarixli arayışdan görünür ki, K.Yusifova həmin mənzildə 2008-ci il arixdən, X1 1999-cu il tarixdən qeydiyyatdadırlar və yaşayırlar. orderdən görünür ki, həmin mənzil 15 yanvar 2003-cü il tarixdən M.Quliyev və onun ailə üzvləri, eləcə də oğlu S.Yusifov nəzərə alınmaqla ayrılmışdır. 78 saylı MKİS-nin tərəfindən Departamentə ünvanlanmış və həmin Deprtament tərəfindən 24 sentyabr 2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş sənəddən görünür ki, bina balansa qəbul edilərkən otaq nömrələri 1-ci mərtəbə üzrə 100-119, 2-ci mərtəbə üzrə 201-224, 3-cü mərtəbə üzrə 301-319, 4-cü mərtəbə üzrə 401-416, 5-ci mərtəbə üzrə 501-519 kimi olmuşdur. Həmin sənəddə göstərilir ki, 31 ədəd order yataqxanada faktiki yaşayan mənzil sahiblərinə qaytarıldığından əsli İstismar Sahəsində mövcud deyil. Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 27 dekabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, 305 nömrəli mənzildə üçüncü şəxs K.Yusifova öz ailə üzvləri ilə birgə yaşayır. Həmin yataqxana məcburi köçkünlərin sıx məskunlaşma yeridir və məskunlaşılan otaq nömrələri dəqiq olmadığından məlumatın verilməsi mümkün deyildir. Mənzil İstismar Sahəsinin 13 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, 305 saylı mənzildə məcburi köçkün məskunlaşmamış, bina balansa qəbul edilərkən üçüncü şəxslər orada yaşamış, mənzillər balansa qəbul edilərkən 3 rəqəmli nömrələnmə həmin mənzillər üçün xarakterik olmuş, 70 saylı mənzil nömrəsi balansa qəbul edilərkən olmamışdır. Məhkəməyə daxil olmuş X2 tərəfindən göndərildiyi qeyd edilmiş 12 dekabr 2022-ci il tarixli ərizədə göstərilmişdir ki, həmin şəxs adıçəkilən yataqxanada 70 saylı mənzildə yaşamışdır və iddiaçılar sonradan məhz həmin mənzildə yaşamışdır ki, hazırkı ərizə ilə buna şahidlikd edir. Lakin, X2 ilə ona məxsus mobil nömrə ilə əlaqə saxlanılmış və həmin şəxs, ümumiyyətlə həmin yataqxanada yaşamadığını, iddiaçıları şəxsən tanımadığını, iddiaçılara sadəcə ərizələrin yazılmağında kömək etdiyini, məhkəməyə ünvanlanan şahid qismində dəvət edilmə barədə ərizənin onun tərəfindən imzalanmadığını qeyd etmişdir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçılar üçüncü şəxslər K.Yusifova və S.Yusifovun yaşadığı yataqxanada yerləşən 305 saylı mənzilin onun adına keçirilməsində maraqlıdır. Onlar iddia edir ki, həmin mənzil əslində 70 nömrəli mənzil olmuşdur, iddiaçılar həmin mənzildə yaşamış, daha sonra məcburi köçkünlər tərəfindən həmin mənzildə məskunlaşma olmuş, sonradan isə onlara məlum olmuşdur ki, iddiaçıların adına mənzilin ayrılması barədə order olmasına baxmayaraq yenidən həmin mənzilə dair order verilmiş, həmin order əsasında sərəncam verilərək kirayə müqaviləsi bağlanılmış, nəticədə də isə onlar mülkiyyət hüquqlarından məhrum olmuşdur. Lakin, işə birinci instansiya məhkəməsində baxılarkən iş materialları kifayət qədər araşdırılmış, iş materiallarına əlavə edilmiş sənədlərlə də müəyyən edilmişdir ki, 305 saylı mənzil barəsində iddiaçıların hər hansı subyektiv hüquqlarının mövcudluğundan söhbət gedə bilməz. Bununla əlaqədar ilkin olaraq qeyd edilməlidir ki, yuxarıda işin sadalanan hallarından da görünür ki, iddiaçıların 70 saylı mənzilin 305 saylı mənzil olması barədə hər hansı təsdiqedici sənəd mövcud olmamışdır. Belə ki, həmin binada yerləşən mənzillərə dair bina təhvil alınarkən, ümumiyyətlə nömrələnmə 3 rəqəmli aparılmışdır. Məhkəmə sorğusuna əsasən əldə edilən digər mənzillərə dair orderlərin surəti də həmin halı təsdiq etməkdədir. Ümumiyyətlə, iddiaçılar məhz 70 saylı mənzilə qeydiyyatının olmaları barədə mövqe bildirsə də, işin hallarından da görünür ki, həmin şəxslər binaya qeydiyyatda olmuş, 70 saylı mənzillə bağlı hər hansı qeydiyyat məlumatı daxil olmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, 70 saylı mənzil olub-olmaması, 70 saylı mənzil mövcud olmuşdursa həmin mənzilin üçüncü şəxslərin yaşadığı 305 saylı mənzil olubolmaması barədə əlavə araşdırmanın aparılması ilə bağlı yerli baxış da həyata keçirilmişdir. Bina sakinlərinin iştirakı ilə yerli baxış zamanı isə məlum olmuşdur ki, istər iddiaçıların orada yaşadığını qeyd etdiyi dövr sakinlərindən, istərsə də sonrakı dövrdə orada yaşayan sakinlərdən heç biri iddiaçıları tanımamışdır. Eyni zamanda, iddiaçılardan sonra iddiaçıların iddia etdiyi 305 saylı mənzildə məcburi köçkünlərin yaşaması halı da həmin mərtəbədə uzun müddətdir ki, yaşayan qonşular tərəfindən təkzib edilmiş, üçüncü şəxslərdən əvvəl belə həmin mənzildə hər hansı məcburi köçkünün yaşamaması barədə məlumat verilmişdir. İddiaçı ilə birgə yerli baxışda iştirak etmək istəyən şəxs belə zavodda iddiaçı ilə birgə işlədiyini təsdiq etsə də, göstərilən binada yerləşən mənzildə onların yaşayışyaşamaması barədə məlumat verə bilməmişdir. Baxışda iştirak etmiş 78 saylı MKİS-nin nümayəndəsi K.Alıyev zavodda işləyənlərin binalara qeydiyyata alındıqları hallarda bir sıra hallarda onların həmin binada ümumiyyətlə yaşamadıqları barədə məlumat vermişdir. Eyni zamanda, qeyd edilməlidir ki, üçüncü şəxsin məhkəmədə vermiş olduğu izahata oxşar izahatda yerli baxış zamanı verilərək iddiaçının əvvəlcə həmin binaya gələrkən iddia etdiyi mənzillərin fərqli-fərqli olduğunu, müxtəlif mənzilləri göstərdiyini, daha sonra polis vasitəsi ilə oradan uzaqlaşdırdığını qeyd etmişdir. Üçüncü şəxs də də həmin izahatdan öncə keçirilmiş məhkəmə iclasında oxşar məzmunlu izahat verərək iddiaçı tərəfindən fərqli mənzillər göstərildikdən sonra ən son nəticədə onların mülkiyyətində olan mənzildə qərarlaşması barədə məlumat vermişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı məhkəmə iclasında X2 adlı şəxsin 70 nömrəli iddiaçıların yaşadığı mənzilin əvvəlki sakini olduğunu qeyd etmiş, məhkəmənin həmin şəxsin şahid qismində iştirakının cəlb edilməsi barədə təklifindən sonra isə həmin şəxsin adı qeyd edilmiş ərizə məhkəməyə daxil olmuş və həmin ərizədə həmin şəxsin guya həmin mənzildə əvvəllər yaşaması, sonradan iddiaçıların yaşaması qeyd edilsə də, həmin şəxsin məhkəmə iclasına şahid qismində cəlb edilməsi barədə tədbirlərin həyata keçirilməsi zamanı məhkəməyə verdiyi məlumatla müəyyən edilmişdir ki, həmin şəxs ümumiyyətlə həmin binada heç bir mənzildə yaşamamış, həmin mənzillə heç bir əlaqəsi olmamış, şəxsin işi iddiaçılara ərizələrin yazılmasında köməklə bağlı olmuşdur ki, qeyd olunan hallar iddiaçıların heç bir əsas olmadan, düzgün olmayan sənəd və məlumatlar təqdim etməklə iddia irəli sürdüyünü, reallıqda isə həmin 305 saylı mənzillə onları bağlayan heç bir halın olmadığını bir daha təsdiq etmişdir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin istər Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi 9 saylı yataqxana evin 70-ci otaq mənzilinə dair (hazırkı nömrəsi 305) mənzil kirayə müqaviləsinin bağlanılması formasında olması, istərsə də məhkəməyə ünvanlanan çoxsaylı ərizələrdə və ilkin iddia ərizələrində olduğu kimi orderin əslinin verilməsi, orderin əslinin təqdim edilməsi, 305 saylı mənzillə bağlı bütün sənədləşmənin etibarsız hesab edilməsi, yeni orderin verilməsi formasında olmasına münasibətdə dəqiqləşdirmənin aparılması barədə tərəflərin iştirakı ilə müzakirələr aparılmış və müəyyən edilmişdir ki, iddiaçı məhz 70 saylı mənzilin, yəni indiki halda iddia etdiyi 305 mənzilin onun sərəncamına verilməsini arzulayır. Lakin istər 70 saylı mənzilə dair sənədin mövcud olmaması, 70 saylı mənzilin məhz 305 saylı mənzillə eyni olmaması, ümumiyyətlə 70 saylı mənzilin mövcud olmaması nəzərə alındıqda iddiaçı subyektiv hüququn mövcudluğu ilə bağlı heç bir sənəd təqdim edə bilməmişdir. 70 saylı mənzilin adının çəkildiyi 1200 saylı 1990-cu il tarixli arayışın isə hazırkı mərhələdə işin digər halları və iş materiallarında olan sənədlərlə ziddiyyət təşkil etməsi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, adıçəkilən mənzilin hansı mənzil olması, mənzil nömrələnməsinin 3 rəqəmli həyata keçirilməsinə baxmayaraq həmin mənzilin 2 rəqəmli nömrələnməsi barədə heç bir sənəd sübut aşkar edilə bilməmişdir ki, həmin sənədin mötəbərliyindən, məhkəməyə şahidliklə bağlı təqdim edilmiş ərizənin mötəbərliyi kimi məhkəmə hesab edir ki, söhbət gedə bilməz. Beləliklə, mübahisəli 305 nömrəli mənzilin 70 saylı mənzil olmadığı, ümumiyyətlə həmin binada 70 saylı mənzilin olmadığı, iddiaçıların adına hər hansı orderin mövcud olmadığı, iddiaçıların zavod işçiləri olması, həmin binada qeydiyyatda olmasına baxmayaraq həmin binada heç bir mənzildə yaşamadığı, iddia etdikləri mənzildə nə özlərinin, nə də üçüncü şəxslər yaşayana kimi hər hansı məcburi köçkünün yaşamadığını, əksinə üçüncü şəxslər və ailə üzvlərinin həmin mənzillərin sakini olduğu, arayış və qonşuların izahatları ilə də həmin halların təsdiq edildiyi, iddiaçının təqdim etdiyi sənəd və sübutların nəinki həqiqəti müəyyən etmədiyini, başqa şəxsin adından ərizənin verildiyi, həmin şəxsin isə ərizədə qeyd olunan məlumatları, yəni iddiaçıların iddia etdiyi məlumatları təsdiq etmədiyini, yerli baxışda iştirak edən şəxs və üçüncü şəxsin izahatı ilə desək iddiaçının binada ilkin olaraq mənzil seçimi etdiyini, mənzil seçimi nəticəsində 305 saylı mənzildə qərarlaşdığı, dediyi heç bir arqumentin reallıqda öz təsdiqini tapmadığı nəzərə alındıqda hazırkı iddianın mahiyyəti üzrə baxılması imkanından söhbət gedə bilməz. Belə ki, hər hansı şəxs 305 saylı mənzil hüququ ilə iddiaçıların adıçəkilən mənzilə hüquqları hazırda eynidir. Daha doğrusu hüquqlarının olmamasına münasibətdə eynilik mövcuddur ki, həmin eynilik, yuxarıda da qeyd edildiyi kimi iddiaçıların adıçəkilən mənzilə heç bir hüquqlarının, o cümlədən mülkiyyət və istifadə hüquqlarının olmamasında özünü göstərir. Həmin hüquqların mövcud olmadığı halda, hər hansı subyektiv hüququn mövcudluğundan, beləliklə də iddianın qaldırılmasında mümkünlük şərtinin ödənildiyindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-122/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-122/2023
30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver