Məhkəmə qərarları › İş №2-1(112)-122/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-122/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-122/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqaüdünün qanunauyğun hesablanması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, 2015-ci il 24 iyul tarixində İİ qrup əllilliyə görə təqaüdə çıxmışdır. Əmək stajı 1970-ci ildən 2006-cı ilə qədər - 33il 5 ay, 2006-cı ildən 2014-cü ilə qədər - 8 il, kapital yığımı 2006-cı ilə qədər 10251 manat, 2006-cı ildən 2015-ci ilə qədər 23854 manat 19 qəpik olmuşdur. Faktiki olaraq 2015-ci il 24 iyul tarixinə 143 manat 13 qəpik təqaüd təyin olunub, İİ qrup əllilliyə görə 100 manat əlavə olunub. Cəmi 243 manat 13 qəpik olub. Təqaüdünün qərəzli və qanuna uyğun hesablanmadığını qeyd edir. İddiaçı tərəfindən təqaüdü yenidən hesablanması tələbi ilə müraciətləri olsa da lakin obyektiv qanuna uyğun cavab verilməmişdir. Təqaüdün məbləğinin düzgün hesablandığı bildirilmiş, lakin bu heç bir sübutla əsaslandırılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-na müraciətinə əsasən 2015-ci il 24 iyul tarixdən pensiyasının yenidən hesablanaraq qanuna uyğun rəsmi məlumat verilməsini xahiş etmişdir. Cavab məktubunda göstərilən 447,75 manat düzgün göstərilməmişdir. xx.xx.2021-ci il tarixindən bu günə kimi 410 manat almışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim edilən sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı (təhsil aldığı illər daxil olmaqla) 33 il, 5 ay, 18 gün nəzərə alınmaqla əmək pensiyası məbləği yenidən hesablanaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 289,86 manat, 01.01,2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 306,38 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 315,57 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 367,95 manat təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 03 iyun 2021-ci il tarixli **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, müraciəti əsasında pensiyası yenidən hesablanaraq 352,02 manatdan 367,95 manata çatdırılmış və keçmiş dövr üçün yaranmış fərq məbləğinin ödənişi 2020-ci ilin oktyabr və noyabr aylarında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə uyğun olaraq aylıq pensiya məbləğinizin üzərinə əlavə edilərək ödənilmişdir. “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2021-ci il tarixli Sərəncamına müvafiq olaraq xx.xx.2021-ci il tarixindən pensiyasının məbləği 447,75 manata çatdırılmışdır və hər ay müvafiq kart hesabına köçürülür. Məhkəmənin 2-1(112)-1953/2024 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı inzibati məhkəmə icraatı üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cavabdehin 23 dekabr 2021-ci il tarixli **********3 nömrəli etiraz məktubunda qeyd olunur ki, iddiaçının xx.xx.2016-ci il tarixində müraciətinə əsasən hüququ yaranan tarixdən yəni xx.xx.2015-ci ildən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 718440 nömrəli pensiya işinin surətindən görünür ki, iddiaçıya pensiya təyin edilərkən 2006-cı il tarixədək 28 il 8 ay sosial sığorta stajı 2006-cı ildən sonra fərdi hesabın sığorta hissəsində mövcud 11121,89 manat pensiya kapitalı nəzərə alınmış, 143,12 manat sığorta hissəsi, 100 manat baza hissəsi olmaqla şəxsə 243,12 manat pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən iddiaçının pensiya məbləği orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılmışdır. xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 289,86 manat, xx.xx.2018-ci tarixdən xx.xx.2019-cu il tarixədək 306,38 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 315,57 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 367,95 manat təyin edilmişdir. Daha sonra iddiaçının müraciətinə əsasən, təhsil illəri sosial sığorta stajına daxil edilərək pensiya yenidən hesablanmış 409,9 manat məbləğində pensiya təyin edilmişdir. Hal-hazırda İddiaçı xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitdiyi üçün ona xx.xx.2021-ci il tarixdən 447.96 manat yaşa görə əmək pensiyası təyin edilmiş, keçmiş dövr üçün də (xx.xx.2021-xx.xx.2021) 447,96 manat pensiya hesablanaraq cəmi 447,96 manat ödənilir. X1 X5 Sistemindən (PAS) görünür ki, şəxsə pensiya təyinatı aparılarkən 1992-ci il tarixədək 19 il 9 ay, 1992-2006-cı illər üzrə 13 il 8 ay, 2006-cı ildən bugünədək 7 il 9 ay sosial sığorta stajı olmaqla ümumilikdə 41 il 2 ay sosial sığorta stajı, 2006-cı ildən sonra fərdi hesabın sığorta hissəsində 33144,81 manat pensiya kapitalı nəzərə alınmışdır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. İşdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1954-cü ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 29 oktyabr 2021-ci il tarixli **********6 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ 2018-ci ilin 2 iyun tarixində yaranmışdır. İddiaçı əlilliyə görə təyin edilmiş əmək pensiyasının müddəti 24 iyul 2021-ci il tarixində əlillik müddətinin bitməsi səbəbindən dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-71605/2023-cü il tarixli sorğunun cavablandırılması haqqında xidməti məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixində əlilliyə görə əmək pensiyası təyin edilərkən xx.xx.1970-ci il tarixindən xx.xx.1971-ci il tarixinədək, xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək 28 il 8 ay 14 gün sığorta stajı və Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş üzrə Departamentin xx.xx.2015-ci il tarixli arayışına əsasən xx.xx.2006cı il tarixindən xx.xx.2013-cü il tarixinədək olan dövr üzrə qeydə alınmış 11121,89 manat pensiya kapitalı (xx.xx.2015-ci il tarixinə indeksləşdirilmiş məbləği) nəzərə alınmışdır. İddiaçı xx.xx.2006-cı il tarixinədək 28 il 8 ay 14 gün sığorta stajına əsasən həmin tarixə qeydə alınan pensiya kapitalının məbləği aşağıdakı qaydada müəyyən edilmişdir: 28 il+8/12 ay)x170 manat=4873,33 manat. İddiaçının pensiya işinin tərkibində və X2 sltsistemində vətəndaşın xx.xx.2021-ci il tarixli müraciəti aşkar edilməmişdir. İddiaçı xx.xx.2006-cı il tarixinədək 28 il 8 ay 14 gün sığorta stajına əsasən hesablanan 4873,33 manat pensiya kapitalı illər üzrə indeskləşdirilmişdir. Əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün vətəndaşın ümumilikdə 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. Belə olan halda İddiaçı münasibətdə xx.xx.2015-ci il tarixində vətəndaşın yaşı olduğu nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 180 ay sığorta stajı tələb olunur ((60-15)x4=180). Sözügedən qanuna əsasən xx.xx.2017-ci il tarixinədək sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir. İddiaçı əlilliyə görə əmək pensiyasının sığorta hissəsi xx.xx.2006-cı il tarixinədək il 8 ay 14 gün sığorta stajına əsasən hesablanan 4873,33 manat pensiya kapitalının xx.xx.2015-ci il tarixinə indeksləşdirilmiş məbləği və xx.xx.2006cı il tarixindən xx.xx.2013-cü il tarixinədək olan dövr üzrə qeydə alınmış 11.121,89 manat pensiya kapitalına əsasən 3,12 manat təşkil edir: SH- (9041+11121,89)7140,87=143,12 manat xx.xx.2015 - 143,12 (sığorta hissə) + 100 (baza hissə) = 243,12 manat, xx.xx.2016 - 143,12+143,12x4%+ 100 (baza hissə) = 248,84 manat, xx.xx.2016 - 148,84 +110 (baza hissə) = 258,84 manat, xx.xx.2017 - 148,84+148,84x12,4%+ 100 (baza hissə) = 277,30 manat, xx.xx.2018 - 277,30 +277,30x5,7% = 293,11 manat, xx.xx.2019-293,11 +293,11x3% = 301,9 manat, xx.xx.2020-301,9 +301,9x16,6% = 352,02 manat. Buna müvafiq olaraq vətəndaşın xx.xx.2020-ci il tarixli müraciətinə əsasən xx.xx.2006-cı il tarixinədək 28 il 8 ay sığorta stajına 4 il 9 ay 18 gün təhsil illəri əlavə edilməklə ümumilikdə 33 il 5 ay 18 gün sığorta stajına əsasən pensiyanın məbləği 3 il geriyə hesablanmışdır. İddiaçı xx.xx.2006-cı il tarixinədək 4 il 9 ay 18 gün təhsil illərinə əsasən həmin tarixə qeydə alınan pensiya kapitalının məbləği aşağıdakı qaydada müəyyən edilmişdir: (4 il+(9+18/30 gün)/12 ay)x170 manat=816 manat. Həmin kapitalın xx.xx.2017-ci il tarixinə (2020-ci il tarixindən 3 il geriyə-2017) indeksləşdirilmiş məbləği 1769,73 manat təşkil edir. 1769,73 manat kapitala görə əmək pensiyasının sığorta hissəsi: SH=PSK/KT=1769/140,87=12,56 manat. Qeyd olunanlara əsasən pensiyanın illər üzrə məbləği 3 il geriyə yenidən hesablanmış və ötən dövr üzrə fərq məbləği ödənilmişdir: xx.xx.2017- 277,30+12,56=289,86 manat, xx.xx.2018-289,86+289,86x5,7%=306,38 manat, xx.xx.2019-306,38+306,38x3%=315,57 manat, xx.xx.2020-315,57+315,57 x16,6%=367,95 manat, xx.xx.2021 - 367,95+367,95 x11,4% = 409,9 manat. İddiaçı əlillik müddəti bitdiyi xx.xx.2021-ci il tarixindən əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. Pensiya ödənildiyi müddət ərzində (xx.xx.2015-xx.xx.2021) vətəndaş işləyən əmək pensiyaçısı kateqoriyasına aid olmadığından Qanunun 37.3.2-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-13894/2022 nömrəli qərarı ilə (sədrlik edən hakim Miminat Hacıbəyova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixdən etibarən ömürlük təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmiş, cavabdehin üzərinə İddiaçı əlilliyə görə əmək pensiyasının 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixdən etibarən ömürlük təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-13894/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-2103/2023 nömrəli qərarı ilə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 13894/2022 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixdən etibarən ömürlük təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiası təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1953/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 oktyabr 2022-ci il tarixli 9/5675 nömrəli məktubuna əsasən məhkəmə mühasibat ekspertizasının aparılmasından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1953/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2023-cü il tarixli 9/719 nömrəli məktubuna əsasən məhkəmə mühasibat ekspertizasının aparılmasından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə “ABAK-Az Crowe LTD” məhdud məsuliyyətli cəmiyyətindən mütəxəssiz rəyi alınmışdır. Məhkəmə qərardadının icrası ilə əlaqədar “ABAK-Az Crowe LTD” tərəfindən məhkəməyə ünvanlanmış 05 fevral 2024-cü il tarixli 01/02-24 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı 2006-cı ilədək indeksasiya olunmaqla pensiya kapitalı 26728,68 manat təşkil edir. E-sosial portalına əsasən yığılmış pensiy kapitalı 32657,68 manat təşkil edir. İddiaçı hesablanmış aylıq pensiya məbləği 448,27 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi iş materiallarına əlavə edilmiş sənədlər aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı şəkildə təhlil edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Sözügedən normanın xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş mətninə əsasən göstərilən məbləğ 240 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən: 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. xx.xx.1954-cü il təvəllüdlü iddiaçıya münasibətdə əlilliyə görə əmək pensiyası xx.xx.2015-ci il tarixdən təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitdiyi üçün xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya münasibətdə əmək pensiyasının təyin edilməsi və hesablanması zamanı cavabdeh tərəfindən pensiya təyinatı aparılarkən 1992-ci il tarixədək 19 il 9 ay, 1992- 2006-cı illər üzrə 13 il 8 ay, 2006-cı ildən bugünədək 7 il 9 ay sosial sığorta stajı olmaqla ümumilikdə 41 il 2 ay sosial sığorta stajı və 2006-cı ildən sonra fərdi hesabın sığorta hissəsində 33144,81 manat pensiya kapitalı nəzərə alınmışdır. Ötən dövr üzrə, pensiyanın illər üzrə məbləği 3 il geriyə yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərq məbləği hesablanaraq iddiaçıya ödənilməkdədir. Bundan əlavə məhkəmə qərardadının icrası ilə əlaqədar təqdim olunmuş mütəxəssis rəyindən də müəyyən olunur ki, İddiaçın 61 yaşında 2-ci qrup əlilliyə görə təqaüdə çıxması, 2006-cı iə qədər 33 il 5 ay stajı və pensiya kapitalında olan 32657,68 manat məbləği nəzərə alınaraq yenidən hesablanmış və ümumi pensiya kaptalı 59386,36 manat müəyyənləşdirilmişdir. SH=PSK/(TxK)-59386.36/(144x0.92)=448.27 pensiya məbləği hesablanmışdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən göstərilən dövrlər əmək pensiyasının hesablanması, indeksasiyası və yenidən hesablanması zamanı nəzərə alınmışdır. Hazırda iddiaçı daha artıq məbləğdə əmək pensiyası almaqdadır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasından ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış, iddiaçının hüquqlarını pozmamışdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar